Hüseynova S.

 

Azərklassika Şəki kamera ansamblı

 

Bu ansambl 2000-ci ildə Norveç Humanitar Müəssisəsinin təşkilatçılığı ilə yaradılıb. Əvvəl trio, sonra kvartet, kvintet, daha sonra isə septet formatında çıxış edən qrup musiqi məktəbinin istedadlı uşaqlarını ansambla cəlb etməklə formalaşıb. İndi həmin uşaqlar Musiqi Akademiyasının tələbələridirlər.
Ansamblın əsas məqsədi bölgələrdə klassik musiqimizi təbliğ etmək professional musiqiçilərin yetişdirilməsinə kömək etməkdir. Bir məktəb kimi altı ildir bu ansambl bölgə ilə Musiqi Akademiyası arasında körpü rolunu oynayır. Musiqiçilər Azərbaycanın bir çox bölgələrində- Bakı, Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala, Balakən, Ağdaş, Göyçay, Mingəçevir, İsmayıllı, Bərdə, Yevlax, Ucarda konsertlər veriblər. Səfərlər zamanı ansamblın bütün maliyyə xərclərini Norveç Humanitar Müəssisəsi çəkmişdir. Bir çox şəhərlərdə skripka sinifləri artıb. Əgər 2000-ci ildə Şəkidəki skripka sinfində 30 şagird bu alətin sirlərinə yiyələnirdisə, ötən il onların sayı 90-a çatmışdır.
Müəssisə ansambla altı alət hədiyyə etmişdir. Şəki şəhər rəhbərliyi öz növbəsində violonçel pyupiter bağışlamışdır. 2006-ci ildə Avstriyadan məşhur incəsənət xadimi skripkaçısı professor Konstantin Vaytse Şəkiyə "master klass" dərsləri keçirtmək üçün dəvət olunmuşdu. Vaytse bir həftə ərzində ansamblla məşğul olduqdan sonra birlikdə konsert vermişdir.
Norveç Humanitar Müəssisəsinin təşkilatçılığı ilə yaradılmış ansamblın müəyyən nailiyyətləri var. Ötən il bəstəkar Xəyyam Mirzəzadə ansamblla məşğul olmuşdur. Ansambl bir qayda olaraq Şəkiyə təşrif buyuran qonaqların qarşısında konsertlər verir. Kollektivin 4 üzvü Musiqi Akademiyasında təhsil alır. Fuad Nəsibov 2000-ci ildə, 11 yaşlı Fərrux Cəfərov isə bu il keçirilmiş respublika müsabiqəsinin laureatı olub.
Ansambl başqa bölgələrdən olan musiqi məktəblərindən köməyini əsirgəmir. Mingəçevir musiqi məktəbinin direktoru bu ansambla müraciət etdi "Azər" klassika ansamblı məktəbin xor kollektivi ilə respublika müsabiqəsində iştirak edərək birinci yeri tutdu. İlk dəfə idi ki, bölgə xor kollektivi bu cür fəxri yerə layiq görülürdü. Bu uğurdan Norveç Humanitar Müəssisəsinin dəstəyilə yaradılmış Azəmr Klassika ansamblının üzvlərinə pay düşür.

Azərbaycan.-2007.-13 iyul.-S.6.