Kamiloğlu V.
Azərin: Səhnədə kimin daha güclü
olduğunu tamaşaçı deməlidir
Anaxanım
Tağıyeva - bəlkə o, bu imza ilə özünü
geniş tamaşaçı auditoriyasına tanıtsaydı,
günümüzün reallığında bu qədər
sevilib, belə bir məşhurluğa nail ola bilməzdi.
Çünki vətəninə olan bağlılıq və
ən əsası Azərbaycanımızın adını
özünə səhnə ismi götürməsindən
sonra bu xanımın istedadı, nəyə qadir olması
hər birimizə gün kimi bəlli oldu. İndi onu nəinki
məmləkətimizdə, hətta yaxın və uzaq,
bütün Türk dövlətlərinin
sənətçisi kimi qəbul edirlər. Amma özü
əsla torpağına olan sevgisini unutmadan
qatıldığı bütün qastrol
səfərlərində “Mən Azərbaycanlıyam” deyib
bayrağımızın ucaldığı konsert
saraylarında minlərlə dinləyicisinin zövqünü
bənzərsiz səsilə oxşamaqda davam edir.
Onunla səmimi söhbətimiz o qədər isti ab-havada
keçdi ki, zamanın necə gəlib-keçməsindən
heç xəbərimiz də olmadı.
- Azərin xanım, uşaqlıq illəriniz sizdə necə
təəssürat buraxıb?
- Mən 5 yaşımdan oxumağa başlamışam.
Məktəb illərindən musiqi ilə məşğul
olmuşam. Ona görə də məktəbdə
dərslərimi zəif oxumuşam. Bir çox
ölkələrdə qastrol səfərlərində
olmuşam. “Cücələrim” ansamblının, sonra “Bənövşə”
Uşaq Xorunun solisti olmuşam və (1980-90-cı ilə
qədər bu ansamblda fəaliyyət
göstərmişəm) vətənimi müxtəlif
ölkələrdə təmsil etmişəm. Amma bəlli
bir fənlər olub ki, onları çox sevmişəm. Bu,
ədəbiyyat, rus dili, idman və nəğmədir. Bu
fənlərə özəl məhəbbətim olub. Uşaqlıqda
fərqlənən cəhətim bir də ondadır ki,
başqaları kimi oynamağa və s. vaxtım olmayıb. Bir
az böyük kimi yaşamışam.
-Ailədə neçə uşaqsınız?
Ailədə 3 uşağıq. Atamı 1996-cı ildə
itirmişəm. Mən ailənin böyüyüyəm.
Böyük olduğuma görə də çiynimdə
həmişə yük olub. Açığını deyim
ki, fəhlə ailəsində anadan olmuşam, yəni
varlı-dövlətli ailədə
böyüməmişəm. Həyatın ağır
tərəflərini də görmüşəm.
Gördüyüm bu tərəflər məni heç vaxt
sındırmayıb, həmişə Allaha şükür
etməyi bacarmışam. İnsanın başının
üstündə balaca bir damı, bir çörək
almağa imkanı varsa, şükür etməlidir.
Valideynlərimə ona görə minnətdaram. Mənə
həmişə inanıb, əllərindən gələni
ediblər ki, yaxşı təhsil alım. Onlar məni
yüksək səviyyəli musiqi ilə
böyüdüblər. Atam da, anam da musiqini seviblər. Anam
İncəsənət İnstitutunu bitirib. Səhnəyə
çıxmağı arzulayıb. Sadəcə olaraq,
ailə qurub, biz anadan olmuşuq, sənətin arxasınca
getməyib. Həmişə arzulayıb ki, məni
səhnədə görsün. Anamın arzusunu həyata
keçirmişəm. Yaxşı övlad olmaq gözəl
şeydir.
- Bir müddət Türkiyədə yaşadınız...
- Bəli. 1994-cü ildə mənə Türkiyəyə
səfər etmək təklif olundu. Orada 6 il yaşadım. Bu
6 ildə müəllim kimi fəaliyyət göstərdim.
Məktəbdə dərs deyirdim. Dərs dediyim
uşaqların çoxusu yeniyetmə idi. Onlar bilikli insanlara
çox önəm verirlər. Hətta 40 yaşında olan
insanlar belə, məndən dərs almağa
gəlirdilər. Müxtəlif restoranlarda oxuyanlar gəlib
dərs alırdılar. Həm müəllim, həm də
xeyriyyə konsertlərində müğənni kimi
çıxış edirdim. 2-3 dəfə qan xəstəliyi
olan uşaqlar üçün konsertlər vermişəm.
İstanbuldan müxtəlif təkliflər alırdım.
İbrahim Tatlısəs öz proqramına dəvət
etmişdi. Sadəcə getmədim. O vaxt müəllim
işləyəndə başa düşdüm ki,
türkiyəlilər işləməyə çox
meyillidirlər. Bu, 1994-95-ci illərə təsadüf edir,
onda biz musiqi sahəsində daha irəlidəydik. Onlarda
həmin vaxt fortepianoya o qədər də maraq yox idi.
Bizdə isə hər ikinci ailədə uşaqlar musiqi məktəbinə
gedirdilər, orada isə bu təzə dəbə
düşürdü. Mən onların musiqiyə,
ümumiyyətlə bütün sahələrə,
eləcə də baletə olan həvəslərindən
başa düşdüm ki, çox
çəkməyəcək, onlar musiqi sahəsində
irəli gedəcəklər. Sonradan gördüm ki, düz
fikirləşmişəm.
- Əsl musiqi axşamlarını xatırladan
konsertləriniz barədə nə deyə bilərsiniz?
- Deyim ki, düz dörd il bundan öncə Heydər Əliyev
adına Sarayda birinci solo konsertim olub. İkinci solo konsertim 2005-ci ildə oldu. Sevinirdim ki, zal dolu idi. İnsanlar indi də məndən
konsert istəyirlər.
Demək,
zövqlərini bir balaca da olsa
oxşaya bilmişəm.
Konsertlərimdə yüksək səviyyəli
musiqiyə yer verməyə çalışmışam.
İşlədiyim komandaya
- prodüserim Cavidə,
musiqiçi yoldaşlarıma,
Q.Qarayev adına
Kamera Orkestrinin rəhbərinə minnətdaram.
Heydər Əliyev adına Sarayın
rəhbəri Fərhad
Babayevə minnətdaram
ki, o özü bizi dəvət etdi və dedi,
istəyirəm, Azərin
burada konsert versin. İkinci konsertim “Hunday sanata”nın sporsorluğu ilə keçdi. Bir müğənni kimi özümdən razı deyiləm. Fikirləşirəm ki, gələcəkdə
konsertlərimdə daha
yaxşı ifa edə, daha çətin əsərlər
oxuya bilərəm.
-Yəqin musiqi albomunuz da az çıxıb?
-Üç albomum işıq üzü görüb. Birinci albomum “Azərin”,
ikincisi “Çırpınırdı
Qara dəniz”, 3-cü
isə yenə “Azərin” adı ilə çıxıb.
Axırıncı iki albomumda
“Çırpınırdı Qara dəniz” əsər kimi təkrarən yer alıb.
-Sizi həm də tez-tez xarici ölkələrdə
düzənlənən qastrol
səfərlərində görürük.
-Almaniyanın müxtəlif
şəhərlərində, Hollandiyada, Amerikada çıxışlarımız olub. Türkiyədə dəfələrlə çıxış etmişəm.
Diaspor xətti ilə, eləcə də mənim özümə gələn təkliflərlə.
Rusiyada, Kiprdə olmuşuq. Kiprə Türkiyə iş adamlarının təklifi ilə getmişdik.
- Nə səbəbdən
xarici dildə albom hazırlamağı düşünmürsüz?
-Albomlarımda italyan,
fransız dillərində
əsərlər var. Sadəcə
olaraq bütün əsərlərin xarici dildə olması barədə düşünməmişik.
Ümumiyyətlə, Azərbaycan dilinə
daha çox üstünlük verirəm.
Hətta
repertuarımdakı bəzi
nümunələr italyan,
ingilis dilində olan əsərlərdir ki, onları Azərbaycan dilinə tərcümə etdirib oxuyuram. Bu da
daha çox dilin təbliğinə doğru yönəlib.
Çünki bizm dilimiz bir çox dillərdən daha gözəldir. Ona görə
də niyə öz dilimizdə oxumayaq?
- Klassik bəstəkarların
əsərlərinə üstünlük
verməyiniz nə ilə əlaqədardır?
-Proqramımda klassik bəstəkarlardan Üzeyir
Hacıbəyov, Cahangir
Cahangirovun çox əsərləri var. Türkiyədə
konsert verəndə Emin Sabitoğlu, Ələkbər Tağıyev,
Ramiz Mirişlinin əsərlərinə yer
vermişəm. Müasir
bəstəkarlardan Eldar
Mansurov, Vaqif Gərayzadə, Yeganə Axundova ilə iş birliyimiz olub. İndi Nadir Əzimov, Aygün
Səmədzadə ilə
işləyirik. Dünyəvi bəstəkarlara gəlincə,
klassik musiqiyə yer verirəm. Mosartın əsəri var. Kompozisiya şəklindədir. Lara Fabiyanın sənətinə
hörmətim var. İfa
etdiyi əsərlər
xoşuma gəlir.
Amma onları Azərbaycan dilində ifa etməyə daha çox üstünlük
verirəm. Bir də
italyan-neopolitan əsərlərini
çox sevirəm.
Ona görə də hər dəfə bu repertuara müraciət
edirəm.
- Sizcə səhnədə
kim daha
güclüdür? Kişilər, yoxsa qadınlar? Başqa sözlə, qadın və kişi sənətçinin
nəyi ortaq ola bilər?
- Səhnədə kimin
daha güclü olduğunu tamaşaçı
deməlidir. O ki, qaldı ortaq nəyinsə olmağına,
məncə kişi
ilə qadının bir ortaq tərəfi
var, o da Allahın həm kişi, həm qadını yanaşı
yaratmasıdır. Allahın kitabını
oxuyan insan bilir ki, Allah-Təala qadını da, kişini də bərabər hüquqlu yaradıb.
Hətta
qadınlara bir çox şeylərdə
üstünlük verib,
kişiyə də tövsiyə olunub ki, qadına hörmət etsin.
-Dostlarınız arasında
qadınlar, yoxsa kişilər çoxluq təşkil edir?
-Kişilər. Rəfiqələrim olmayıb. Daha çox oğlanlarla
oturub-durmuşam. Ona görə
də oğlansayağı
böyümüşəm.
-Deyəsən həm
də dindar xanımsınız?
-İbadət edirəm. Özümə dindar deyə
bilmərəm. Çalışıram ki, Tanrı məni necə yaradıb, hansı qanunları qoyubsa, o qanunlarla yaşayım.
-Özünüzü xoşbəxt
hesab edirsiniz...
-Bəli, mən xoşbəxtəm. Çünki, maşallah olsun, Allah-Təala mənə hər şey verib, əlim var, ayağım var, gözlərim görür. Ağlım var. Ən azından, düşündüyümü dilimə gətirib danışa bilirəm.
Allahın verdiyi hər
şeyə şükür
edirəm.
İki sahil.-2007.-5 iyul.-S.6.