Kərimli
S.
Ustad
xanəndə
Cəsarətlə deyə bilərik ki, Ağakərim
Nafiz bu gün hər muğamın tarixini gözəl
bilən, uğurlu mətn
seçmək bacarığı olan, qeyri-adi ifa tərzinə
və dəqiq tələffüz qabiliyyətinə malik
tək-tük ifaçılardandır
Axşamçağı idi. çayxanada oturmuşdum.
Qonşu stolda iki nəfər söhbət edirdi.
Söhbətləri də Füzuli qəzəlləri
haqqındaydı. Növbəti gün yenə də onları
çayxanada gördüm. Olduqca maraqlı
söhbətlər edirdilər. Bu zaman yaxınlıqdakı
dükandan muğam sədaları eşidilməyə
başladı.. Diqqətim bu iki şəxsə
yönəlmişdi. İfanın bir yerində
həmsöhbətlər təbəssümlə bir-birinə
baxdılar. Maraq məni götürmüşdü.
Görəsən xanəndənin ifasında onları
narazı salan nə idi? Yaxınlaşmağa cürət
etmədim. Danışıqlarından aydınca eşitdim ki,
xanəndə muğamda istifadə etdiyi qəzəli
təhriflə oxuyur.
Neçə gün keçdi. Həmin çayxanaya
gələn bu iki maraqlı insanın muğam və poeziya
haqqında heç vaxt eşitmədiyim
söhbətlərinə kənardan qulaq asmaqdan ləzzət
alırdım. Deyəsən onlar da mənim bu
söhbətlərə olan marağımı duymuşdular.
Bir gün məni oturduqları stola dəvət etdilər.
Beləcə tanış olduq.
Sonralar mənə bəlli oldu ki, təzə
tanışlarımdan biri mahir muğam bilicisi və
ifaçısı Ağakərim Nafiz, dostu isə Milli
Elmlər Akademiyasının əməkdaşı Hafiz
Abıyevdir. Ustadın həyat və yaradıcılığı
ilə yaxından tanış olmağa başlayandan sonra
məlum oldu ki, onun ən böyük mənəvi
dayağı da elə dostu Hafiz müəllimdir. Onlar,
demək olar ki, hər gün bir yerdədilər və
söhbətlərinin də mövzusu qəzəl, muğam
və ifaçılıq sənəti haqqında olur.
ölkəmizdə muğama diqqət artıb...
Son vaxtlar dövlətin qayğısı sayəsində
ölkəmizdə muğama maraq artmışdır. Xüsusilə YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Beynəlxalq
"Qızıl ürək" mükafatının sahibi,
millət vəkili, xeyirxah insan, milli dəyərlərə
böyük önəm verən Mehriban xanım
Əliyevanın qayğısı və dəstəyi ilə
Space televiziyasında keçirilən muğam
müsabiqəsi dediklərimizə parlaq sübutdur. Baxmayaraq
ki, bu müsabiqə gənc müğam
ifaçılarının meydana çıxmasında və
muğamın inkişaf etməsində böyük rol oynadı,
lakin bu sahədə görüləcək işlər
hələ çoxdur.
***
Məşhur
muğam ifaçılarımızın çoxları,
nədənsə, öz tələbələrinə eyni
muğam üstündə eyni qəzəli oxumağı,
hətta eyni boğazlar etməyi məsləhət
görürlər. Muğam sənəti ilə maraqlananlar
yaxşı bilirlər ki, Azərbaycanın zəngin
poeziyası eyni muğam üstündə yüzlərlə
qəzəli oxumağa imkan verir. Bəlkə bəzi
ifaçılarımız gəncləri məhz onlar kimi
oxumağa məcbur etməklə elə bilirlər ki,
adlarını Azərbaycan muğam sənəti tarixinə
yazdıracaqlar? Belə düşünənlər
yanılırlar. Gənc musiqiçilərimizin çoxu
elə bilir ki, hər muğamın, bəstəkar
mahnılarında olduğu kimi, öz qəzəli var və
ifa zamanı onları bir-birindən ayırmaq olmaz.
Bundan başqa, muğam konsertlərində oxunan
qəzəllərin tələffüzündə buraxılan
səhvlər adi hal alıb. Musiqişunasların
söylədiklərinə görə muğam
üstündə heca vəznində yazılmış
şerlərin ifa edilməsi də bu sənətə ziyan
gətirir. Muğamın qayəsinə uyğun şer
mətnlərinin seçilməsində meyarlar
gözlənilmir. Bütün bunların nəticəsidir ki,
son illərdə Azərbaycanda muğam
ifaçılarının bacarıqları
qiymətləndirilərkən onların yalnız
səsləri əsas götürülür. Belə
yalnış yanaşmalar Azərbaycanda muğam
sənətinin yerində saymasına gətirib çıxara
bilər. Bu sahədə müvafiq təhsil ocaqlarında
güclü muğam müəllimlərinin
çatışmazlığı göz
qabağındadır.
Cəsarətlə deyə bilərik ki,
Ağakərim Nafiz bu gün hər muğamın tarixini
gözəl bilən, uğurlu mətn seçmək
bacarığı olan, qeyri-adi ifa tərzinə və
dəqiq tələffüz qabiliyyətinə malik
tək-tük ifaçılardandır. Onu
diqqətlə izləyənlər təsdiq edərlər ki,
ustad heç vaxt eyni muğam üstündə eyni
qəzəli ifa etmir, hətta eyni boğazları belə
təkrarlamır.
Ustad dəfələrlə müxtəlif
tədbirlərdə heca vəznində yazılmış
şerlərin oxunmasından imtina edib, nəticədə
ehtiyacı olduğu yüksək qanorarlardan əl
çəkib...
Ağakərim müəllimin ən böyük
arzularından biri İran tamaşaçıları
qarşısında çıxış etmək idi. Ona görə ki, bu ölkədə muğam
sənəti söz və musiqinin vəhdəti kimi başa
düşülür. Əslində İslam dininin və
muğam sənətinin olduğu kimi qorunub
saxlanılmasında və bu günümüzə
gətirilib çıxarılmasında İranın da
müstəsna xidmətləri vardır.
2003-cü ildə ustadın İrana qastrol səfəri
reallaşmaq üzrə idi. Artıq İranın bir
neçə şəhərində onun afişaları
asılmış, biletlərin çoxu
satılmışdı. Ustad bu səfərə xüsusi
hazırlaşmışdı. Lakin konsertlərə iki
gün qalmış onun bu ölkəyə gedişi əngəlləndi.
Səfərin baş tutmaması Ustada böyük
mənəvi zərbə oldu. Sonralar məlum oldu ki,
səfər hökumət tərəfindən deyil, onun
istedadına qısqanclıqla yanaşan sənət
yoldaşları tərəfindən pozulmuşdur.
Maraqlı burasıdır ki, bəzi xanəndələr
A.Nafizin bəstələdiyi onlarla təsnifi və
yazdığı qəzəlləri İrana qastrol
səfərlərində öz adlarına çıxaraq ifa
edirlər.
Lakin İran İslam Respublikasının Bakıdakı
Mədəniyyət Mərkəzi ötən il ustadın
İrana səfərinə kömək etdi. Onun
nəhayət, İran tamaşaçıları
qarşısında Tehran və Zəncan
şəhərlərində konsertləri böyük
uğurla keçdi.
Yaşasın İctimai
TV!
Ustadı tanıyanlar yaxşı bilirlər ki, o,
təvazökar bir insandır. özünü gözə
soxmağı bacarmır. Hər tədbirə, toya getmir.
Mənəvi nemətləri maddi nemətlərdən
həmişə üstün tutur. Elə ona görə
də gündəlik məişət problemlərinə daha
çox vaxt ayırmalı olur. Lakin uzun illər
özünə və sənətinə qarşı
gördüyü haqsızlıqlar da onu həvəsdən
salmır.
Az TV-də, Space TV-də nadir
hallarda verilişlərə dəvət edilir. 18 il əvvəl keçirilmiş muğam
festivalının qalibi olmuş, İtaliya, İspaniya, Fransa,
İran və s. ölkələrdə verdiyi
konsertlərdə minlərlə insanın ürəyinə
yol tapmış ustad nədənsə, həmişə
diqqət və qayğıdan kənarda qalmışdır.
Mərhum rejisor Nazim Abbasın yüksək
səviyyədə çəkdiyi təxminən 50
dəqiqəlik "Naməlum səs" sənədli filmi
hələlik Ustadın sənətinə
göstərilən ən böyük diqqətdir.
Fəaliyyətə başladığı ilk
günlərdən hər tərəfdən təzyiq və
tənqidlərə məruz qalan İctimai TV bu gün
Azərbaycanda milli-mənəvi dəyərlərin
təbliğində şəksiz liderdir. "Muğam
albomu", "Ovqat", "Ekspromt" İTV-nin ən
uğurlu layihələrindəndir. Bir
neçə gün öncə "Muğam albomu"nda
Ağakərim Nafizin təkrarolunmaz ifasının şahidi
olduq. Həmin axşam Ustadın kirayədə
yaşadığı mənzilinə olan telefon
zəngləri ara vermirdi. O,
özünü dünyanın ən xoşbəxt adamı
sanırdı. Ustad eyni hissləri ötən ilin
qışında reklamsız-filansız Şəhriyar adına klubun geniş salonunda pərəstişkarlarının
səngiməyən alqışlarını
eşidəndə keçirmişdi.
Böyük xanəndələrimiz ona
hörmətlə yanaşır
Rəsmi və qeyri rəsmi məclislərdə Ustadı
gördükdə sənətlərinə hörmət
bəslədiyimiz Arif Babayev, Canəli Əkbərov, Teymur
Mustafayev, Ağaxan Abdullayev, Alim Qasımov, Zabit
Nəbizadə, Mənsum İbrahimov, Qəndab Quliyeva,
Mələkxanım Əyyubova, Feyruz Səxavət və
başqaları yüksək hörmət və ehtiram
nümayiş etdirərək onu gözəl muğam bilicisi
kimi qarşılayırlar. Lakin elələri
də var ki, A.Nafizin bəstələdiyi təsnifləri oxuyur,
ancaq müəllifini tanımadıqlarını
söyləyirlər.
Kimdir ustad?
Ustadı heç vaxt bədbin görmək
mümkün deyil. Azərbaycan muğam
sənətinin tarixini, dünyasını dəyişmiş
ustad sənətkarların həyat və
yaradıcılığını araşdırmaqda, yeni-yeni
təsniflər, qəzəllər yazmaqda davam edir. Lakin lentə alınmadığından
bəstələdiyi 200-dən çox təsniflərin
bəziləri illər ötdükcə ustadın yadından
çıxır. Heç kimin
qarşısında əyilməyən ustad ən
çətin anlarında belə qürurunu itirmir. O,
əsl sənətkar və əsl kişidir. Tərifdən
qaçan, öz ifalarından heç vaxt razı qalmayan,
muğam sənətinə bütün varlığı
ilə bağlı olan Ustad həyatda çox sadə bir
insandır. Haqsızlığa,
ədalətsizliyə qarşı çox
dözümsüzdür. Başqalarına
qarşı haqsızlıq gördükdə dərhal
mübarizəyə qalxan Ustad, özünə qarşı
olan pislikləri sükutla qarşılayır. Onun səbr və təmkini sonsuzdur.
Ustad çox kövrək insandır. Yanında qəmli mövzuda söhbət olduqda
gözləri dolur. Nikbinliyini də
heç vaxt itirmir.
***
Muğamın tədrisi ilə
məşğul olanlara, Azərbaycan muğamında
sözünü demiş musiqiçilərə və
ifaçılara, muğamşunaslara, mədəniyyət
və incəsənətimizə rəhbərlik edən
məmurlara, musiqimizi qəlbən sevən iş adamlarına,
televiziya kanallarının məsullarına müraciət
edirik:
Muğam sahəsində yüksək ifa tərzinə və
biliyə malik olan Ustadın öz bilik və
bacarığını gənc nəslə
çatdırması üçün nə etməliyik?
Ustadın heç kimə
bənzəməyən muğam ifalarının,
təsniflərinin itib-batmadan gələcək
nəsillərə çatdırılması
üçün hansı tədbirləri görməliyik?
P.S. Tək olan Allah şahiddir ki, Ustadın bu yazıdan xəbəri
yoxdur. Onu da bilirəm ki, oxuyandan sonra məni möhkəm
danlayacaq...
Təzadlar.-2007.-24-31 iyul.-S.15.