Qaliboğlu E.
Duyğu
ansamblı gözdən əlillərdən təşkil
olunub
Murtuz
Mehdiyev: "Bədii rəhbərin nəfəsini
alıb-buraxması ilə hamının ifaya başlaması
indi də adamları təəccübləndirir"`
Beş yaşından gözdən
əlilliyə düçar olan tarzən Murtuz Mehdiyev
dünya işığından məhrum olanlar arasında ilk
ali təhsilli musiqiçidir. Başına çox
çətinliklər gəlib. Amma fitri həyat, yaşamaq
eşqi onu daim məğlub olmamağa, irəliyə
getməyə onu sövq edib. Bu yaxınlarda
"Əməkdar mədəniyyət işçisi"
adına layiq görülüb. Sifətində demək olar,
həmişə fərəh və mübarizə eşqini
görmək olur. Adətən deyirlər ki, insanın
duyğu üzvlərindən biri fəallıqdan qaldıqda
bu keyfiyyət digər üzvlərə keçir.
M.Mehdiyevlə söhbətimizdə onun təkcə musiqi
ilə bağlı təəssüratlarını yox, həm
də gözdən əlillərin timsalında müxtəlif
məişət problemlərinin öhdəsindən
gəlmələri ilə bağlı
söhbətləşdik.
- Həyat hər
birimizə yaşamaq, özümüzü aşkarlamaq
imkanı kimi verilsə də, eyni zamanda başımıza
gələcək qəfil fəlakətlərdən də
sığortalanmamışıq. Həyatın
özünəməxsus qaydası, əzabı, ən
əsası isə insanın həyatdan fərəh almaq
imkanı var. Yalnız çətinliyə dov
gələnlər fərəhə yetirlər.
- 1943-cü ildə Tərtər rayonunun
Düyərli kəndində kolxozçu ailəsində anadan
olmuşam. Uşaqlığım ağır müharibə
illərinə təsadüf edib. Məndə gözdən
əlillik anadangəlmə deyil. Beş yaşımda
olarkən başıma bu fəlakət gəlib. Atam
müharibəyə gedib, qayıtmayıb, deyilənə
görə, itkin düşüb. Qızılca
xəstəliyini ağır keçirmişəm, bundan
qurtulmuşam. Amma sonradan "qulaqdibi" - "svinka"
deyilən xəstəliyə tutulmuşam. Bəlkə bundan
da bəlasız qurtulacaqmışam; anam avam arvad olub,
qonşuda bir kişinin gözünə tökdüyü
dərmandan mənim də gözümə töküb.
Həmin dərman gözümə ziyan verib. Deyilənə
görə, gözlərimin tutulmasının başqa bir
səbəbi də bağda oynayarkən gözümə
qəfildən budağın girməsi olub. Huşumu
itirmişəm, dilim batıb. Hətta qonşulardan biri deyib
ki, bu uşaq yaşamayacaq. Nə isə, elə bir
çətin zamanda başıma bu fəlakət gəldi. On
beş yaşıma kimi korlar məktəbi barədə
məlumatım olmayıb. O vaxta kimi evdə-bacada dolandım.
Nəsə, daxilimdəki fitri halı duyurdum. Amma
həyatın dolanbaclarında məni nə gözlədiyini
bilmirdim. Bakıda yaşayan kənddəki qonşumuz
təsadüfən korlar məktəbi barədə
qəzetdə oxumuşdu, mənə bu barədə
dedilər. O zaman bu məktəb Buzovnada yerləşirdi.
Məni Bakıya gətirdilər. Elə söz vaxtına
çəkər, iyul ayı idi. Yaşım
keçmişdi, bir ay ərzində korlar əlifbasını
öyrəndim. Buna "Brayl sistemi" deyirlər.
Nəticədə birbaşa ikinci sinifdən təhsil
almağa başladım. 12 illik məktəbi 8 ilə
qurtardım. Üç il ümumiyyətlə, kəndə
getmədim. Özümə söz verdim ki, öldü var,
döndü yoxdur; inadımdan əl çəkmək
istəmirdim.
- Şübhəsiz ki,
kənd mühitində gördüyünüz
çətiniklərin sizə xeyiri olub.
- Bunu məktəbdə çətin
təhsil illərində bir daha anladım. Uşaq vaxtı
heç nə görməyə-görməyə
bütün uşaq oyunlarını, hətta
gizlənpaçı da oynayırdım. Bu, fəhmimin daim
güclənməsinə çox kömək etdi. Səsi
tanımaq, duymaq, müxtəlif səsləri biri-birindən
ayırd etmək keyfiyyətim o vaxt formalaşdı.
Qardaşım idmanla məşğul olmağıma çox
kömək etdi.
Uşaq vaxtı qarğıdan tütək
düzəltməyimi xatırlayıram. Çətini
insanın hər hansı bir işi görməyə
həvəsi olsun, əsas odur ki, nəyisə bacaracağına
inanasan, ruhdan düşməyəsən, təslim olmayasan.
Tütək çalmağı kənddə
öyrənmişəm. Bakıya musiqi məktəbinə
gələndə Lətifov Bahadır adlı birisi vardı,
çox gözəl tar çalırdı. Onun çox
fəlakətli taleyi vardı. Valideynləri
küçəyə atmışdılar. Bunu bir yəhudi dəllək
tapmış, oğulluğa götürmüşdü. Sonra
da həmin məktəbə vermişdi. Təsəvvür
edin ki, radioda tar çalınırdı, onu
bütünlüklə yadında saxlayır,
çalırdı.
-
Yəqin bu zamanlar sizin
- Bəli, kim
tar çalırdısa, əks-sədası beynimdə
yaşayırdı. Öz-özümə
deyirdim ki, mən də onlar kimi çala biləcəyəm.
Arzulayırdım ki, kimsə tarını verəydi, bir az çalaydım. Bakıya
gəlişimdən az keçmişdi, bir
dəfə bu tarçalan oğlan acdı, utancaq olduğundan
xahiş etdi ki, onun üçün yeməkxanadan
çörək alım, əvəzində mənə tar çalmağı
öyrədəcək. Yeməkxanaya baxan
erməni arvadından bir neçə tikə
çörək aldım. Beləliklə,
ilk tar öyrənməyim o vaxtdan başladı. İlk vaxtlar tarı iki barmaqla çalırdım,
sonra mükəmməl öyrəndim. Tar
çalmağa yalnız öz üzərimdə
ardıcıl işləməklə nail oldum.
1962-ci ildə xalq
konservatoriyası açıldı, Qara şəhərdə
yerləşirdi. Təsəvvür edin ki,
axşamtərəfi gedirdim, iki marşrut dəyişirdim,
əlimə ağac da götürmürdüm. Evə də qayıdanda çox gec olurdu.
- İndi şəhərə necə
çıxırsınız?
- Həmişə
yanımda köməkçim olur. Məktəbdə
özüm tam sərbəst hərəkət edirəm.
Məktəb Nərmanov rayonunda yerləşir,
mən isə təzə Günəşlidə
yaşayıram. Hər gün işə
gedib-gəlirəm.
Həyatımda
borclu olduğum insanlardan biri də Səid Rüstəmovdur. Bəstəkar,
tarzən Adil Gərayı da sayğı ilə
xatırlayıram. O, gözdən əlillərin klubunda
dərnək aparırdı. Cəmiyyətin
istedadlı adamlarını ansamblına seçirdi. O
zaman məni az maaşla ştata
götürdülər. Bu, mənim
üçün göydəndüşmə oldu. Yavaş-yavaş ictimaiyyət arasında
tanınmağa başladım. İlk
dəfə "Xaric Segah"ı çalarkən
rəğbətlə qarşılanmağım
yadımdadır.
Məktəbi
qurtardıqdan sonra çətinliklə də olsa,
konservatoriyaya qəbul olundum. Çünki o vaxta kimi
gözdən əlilin bu sahə üzrə ali
təhsil alması ənənəsi yox idi. Səid
Rüstəmov əvvəlcə mənə dərs
keçmək istəmirdi, amma onu əmin etdim ki, notdan
başım çıxdığından məndən
asılı olan nə varsa, ona kömək edəcəyəm
ki, dərs keçə bilsin.
- Siz "Duyğu" ansamblını da
yaratmısınız.
- Bu ansambl gözdən
əlillərdən təşkil olunub, indi də
fəaliyyət göstərir. Eyni vaxtda
bədii rəhbərin nəfəsini alıb-buraxması
ilə hamının çalmağa başlaması indi də
adamları təəccübləndirir. Biz
bu mərhələyə gələnə kimi çox
məşq etmişik. Azərbaycan
televiziyasında, radiosunda xeyli
çıxışlarımız olub.
-
Qısaca ailəniz haqqında danışaydınız.
- Dörd övladım var.
Oğlumun biri sintezator çalır. O birilərinin də
musiqiyə meyli var.
- Tez-tez
küçədə gözdən əlillərin
dilənməsini müşahidə etmək olur. Belə hallar sizə necə təsir edir?
- Ümumiyyətlə,
sağlam adamlar arasında olduğu kimi, gözdən
əlillər arasında da müxtəlif xarakterli adamlara
şübhəsiz, rast gəlmək olur. Demək
olmaz ki, görməyənlərin hamısı normal
adamlardır. Onların da içərisində
əsəbiləri, özündən tez çıxanlar az deyil. Məsələn, tutaq
ki, biri xeyirxahlıq əlaməti olaraq görməyənin
qolundan tutur ki, onu küçədən keçirsin,
belədə acılanır. İnsanın
davranışından çox şey asılıdır.
Mən həmişə təmizkarlığa
riayət etmişəm. Çünki
adətən, bizim tipli insanların başqaları ilə
təmasları fərqli olur. Gözdən
əlillərin natəmiz olması başqalarında
istər-istəməz ikrah duyğusu yaradır.
-
Hazırda gözdən əlillərin hansı problemləri
var?
- Əsasən bunların ev problemi var. Deyirlər ki, onlar
üçün bina tikirlər, gələn il
istifadəyə verilməlidir.
Qobustan UNESCO-nun mədəni irs
siyahısına daxil edilib
Əbülfəs Qarayev:
"Bu, Azərbaycan üçün çox böyük bir
hadisədir"
"Qobustanın UNESCO-nun,
dünyanın, bəşəriyyətin mədəni irs
siyahısına daxil edilməsi Azərbaycan üçün
çox böyük bir hadisədir". APA-nın
xəbərinə görə, bu sözləri
jurnalistlərə açıqlamasında
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
deyib. Nazir bildirib ki, Qobustan Dövlət Qoruğunun
yaradılması ilə bağlı prezidentin
sərəncamı və UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın göndərdiyi məktub
bütün vəziyyəti dəyişib: "Bu gün
Qobustan qoruğunun prezidentin artıq şəxsi
nəzarəti altında olması komissiya üzvlərinə
öz təsirini göstərdi və yekdil bir qərarla bu
qərar qəbul olundu. Prezidentin
sərəncamı onlara zəmanət verir ki, bir il
ərzində bütün işlər
görüləcək". Qobustan
qoruğunun mühafizəsinə görə artıq
bəşəriyyətin cavabdeh olduğunu deyən
Ə.Qarayev komissiyanın müntəzəm olaraq qoruğun
vəziyyəti ilə maraqlanacağını bildirib.
APA-nın "Daha hansı abidələrimizin UNESCO
siyahısına daxil edilməsi üçün təqdimat
hazırlanır?" sualını nazir belə
cavablandırıb: "Bizim ilkin siyahımızda
Naxçıvan, Şəki və Bakının bir
neçə abidəsi var. Amma UNESCO-ya qəbul qaydası bir az mürəkkəbdir. Hansı
abidənin sənədləri daha tez tərtib olunsa,
siyahıya birinci o düşəcək".
Xalq cəbhəsi.-2007.-5 iyul.-S.15.