Qocayeva A.
Xalqımızın milli
sərvəti - muğam
Bu sənətə dövlət səviyyəsində
göstərilən
qayğı xalqımızın ürəyincədir
Muğam xalqımızın
milli-mədəni sərvəti olub bu xalqın bütün
hiss və həyəcanlarını özündə
yaşadan mükəmməl bir sənətdir. Bu
əvəzsiz sənət əsərinin yaranma tarixi çox
qədimdir, nə vaxt, kimlər tərəfindən
yarandığı və ilk ifaçılarının kimlər
olduğu heç kəsə bəlli deyil. Lakin
Keçəçioğlu Məhəmmədin vaxtından
götürülən muğam ifaçılığı
sənətində öz misilsiz ifaları ilə adları
xalqımızın musiqi mədəniyyəti tarixinə
qızıl hərflərlə yazılan böyük
sənətkarlarımız çox olub və bu gün də
var. Seyid Şuşinski, Zülfü Adıgözəlov,
Mütəllim Mütəllimov, Qulu Əsgərov, Yaqub
Məmmədov, müasirlərimiz olan İslam Rzayev, Canəli
Əkbərov, Arif Babayev, Səkinə İsmayılova,
Ağaxan Abdullayev, Alim Qasımov, Mənsum İbrahimov. Bu
xanəndələrin hər biri muğamlarımızın
ruhuna toxunmadan onlara özlərinə məxsus rəngarəng
xallar vurmaqla daha da zənginləşdirmiş,
gözəlləşdirmiş, yaşadaraq bu
günümüzə gətirib çatdırmışlar. Muğam
haqqında görkəmli xanəndələrimiz çox
dəyərli fikirlər söyləmişlər. Operamızın
əvəzsiz xanəndəsi Qulu Əsgərov deyirdi ki,
muğam çətin sənətdir. Hər gün bir
neçə mahnı yarana bilər, tez də solub gedər. Amma
muğamın bircə hissəsini bundan sonra yaratmaq olmaz.
Təəssüf hissi ilə deməliyik ki, bu
əvəzsiz milli sərvətimiz, onun mahir
ifaçıları, bir müddət diqqət və
qayğıdan kənarda qalaraq gözdən salınmışdı.
Belə bir vaxtda mədəniyyətimizin himayədarı,
Prezident İlham Əliyev “Muğam Mərkəzi”nin
yaradılması haqqında sərəncam imzaladı. Bu
sərəncama uyğun olaraq YUNESKO və İSESKO-nun
xoşməramlı səfıri, Heydər Əliyev Fondunun
prezidenti və Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva “Muğam
Mərkəz”nin yaradılması ilə bağlı layihəni
musiqiçilərin müzakirəsinə verdi. Bununla muğam
sənətimizin və onun ifaçılarının
üzerinə günəş doğdu. Qısa bir
müddətdə Mehriban xanımın
təşəbbüsü və rəhbərliyi ilə
"Qarabağ xanəndələri" adlı ilk
mükəmməl toplu işıq üzü
görərək muğam ifaçılarına
ərməğan olundu.
Muğama dövlət
səviyyəsində göstərilən diqqət və qayğıdan
sonra bu sənət yenidən inkişaf etməyə
başlayıb. Bu gün istedadlı xanəndələr
yetişməkdədir. Onlar bu sənətlə bütün
dünyanı dolaşaraq bənzərsizliyi və zənginliyi
ilə dünya tamaşaçılarını mat qoyurlar.
Mehriban xanımın bu
sahədəki ilk layihəsindən sonra muğam
sənətimizin inkişafı və sənət
adamlarının əməyinin qiymətləndirilməsi
istiqamətində bir sıra planlar həyata keçirildi. Tanınmış
xanəndələrimiz Prezident təqaüdünə,
fəxri adlara və bir sıra mükafatlara layiq
görüldülər. Bu dəyərləndirmə bu
gün də davam etməkdədir. Hazırda
paytaxtımızın ən gözəl yerlərindən
birində, Dənizkənarı parkda inşa edilən
“Muğam Mərkəzi”nin 2008-ci ildə istifadəyə
verilməsi nəinki xanəndələrimizə, eyni zamanda
bütün xalqımıza ən dəyərli töhfə
olacaqdır.
Bu günlərdə
Mehriban xanımın təşəbbüsü ilə
Heydər Əliyev Fondunda “Muğam” jurnalının ilk
sayının və “Muğam-antologiya” layihəsi
çərçivəsində çap olunmuş
nəşrlərin təqdimat mərasimi keçirildi. Mərasimdə
“Muğam-antologiya” layihəsi çərçivəsində
çap olunmuş Sefiyəddin Urməvinin (1217-1294),
“Şərəfiyyə risaləsi” və
“Kitabül-ədvar”, eyni zamanda Fətullah Şirvaninin
(1417-1486) “Musiqi məcəlləsi” əsərləri
sənətkarlarımıza təqdim olundu.
Xüsusilə son
illər muğam sənətinə dövlət
səviyyəsində göstərilən diqqət və
qayğıdan sonra gənclər arasında bu sahəyə
maraq xeyli artmış, istedadlı və bacarıqlı
muğam ifaçıları yetişmişdir. Azərbaycan
Dövlət Filarmoniyasında tamaşaçılar tez-tez
tanınmış muğam ifaçılarının
sənət işığına toplaşır, onların
ifalarını dinləməkdən doymurlar. Televiziya
proqramlarında müxtəlif saatlar muğam sənətimizin
işıqlandırılmasına və təbliğinə
həsr olunub. Mətbuat səhifələrində
ardıcıl olaraq muğam və onun ifaçıları ilə
bağlı yazılar dərc edilir. Bütün bunlar
muğam sənətimizin inkişafına və təbliğinə
xidmət edir.
Tanınan və sevilən muğam ifaçımız Mənsum
İbrahimov deyir ki, muğamlarımız Allahın dilidir. Bu dildə oxuyan
xalq isə ölməzdir, əbədidir.
İki sahil.- 2007.- 6 iyul.- S. 6.