Mehdizadə İ.

 

Şəmsi İmanovun oxuyan barmaqları

 

-Heç olmazsa oğlunuz Bəxtiyara sənətinizi yoluxdura bildinizmi ki, xatircəm olasınız?
   -Musiqiçi olmaq halva yemək deyil. Kənardan baxana elə gəlir bizdən xoşbəxti yoxdur. Amma elə deyil. Əsil sənətkar üçün musiqiylə yaşamaq həm də zülümdür. Bir məsəl var, deyir, nə yardan doyur, nə əldən qoyur. Neçə dəfə istəmişəm tüpürüm hər şeyə, gedib bir başqa sənətin qulpundan yapışım, barmaqlarım razı olmayıb, üzümə durublar ki, yox, sən çalmalısan. Elə olub gecənin bir aləmi evdəkilər məni yuxudan oyadıblar ki, sən neynəyirsən? Demişəm heç nə. Deyiblər a kimi, sən şirin-şirin yatdığın yerdə barmaqların durmadan döyünür, çırpınır, yatmır, dincəlmir. İndi deyirsiz bu bəlanı övladıma da keçirim? Yox e!.. Cabbar Qaryağdı deyirdi çalıb-oxuyanın canı onun-bunun evində çıxır. Gedirsən toy evinə, çatan kimi yatmağa bir bucaq axtarırsan. Hamı yeyib-içir, sən yatırsan. Çünki bir azdan toy hay-həşiri başlayacaq, düz gecədən xeyli keçənə, bəzən lap sabahacan. Toyun şirin vaxtı gəlib düşür yuxunun şirin vaxtına. İndi gəl döz görüm necə dözürsən. Yox, mən bu yolda itin əzabın çəkmişəm, övladıma rəva görmərəm. Burası belə. Bir də bilirsənmi, bu vergi deyilən şey var e, bu hər adama qismət olmur axı. Ola bilər ki, o göydəki kişi sənə səxavətini göstərsin, övladından əsirgəsin. Sonra gəl quyuya nə qədər su tökürsən tök, ay doldu ha!.. Ona görə də istəmədim Bəxtiyar bu yolla gedə. Amma, musiqi duyumuna söz ola bilməz. Bu da bir istedaddır də.
   -Repertuarınıza diqqət eləyəndə daha çox xalq havacatına, bir də Azərbaycan bəstəkarlarının mahnılarına üz tutduğunuzun şahidi oluruq. Bəs, özünüzün necə, icad elədiyiniz havacat varmı?
   -Var, niyə yoxdur. Məsələn, "Bəxtiyar", "Şəbnəmi", "Mərdəkanı", "Sabirabadı", "Həcəri", "Arifi"... Özü də "Arifi"ni rəhmətlik qardaşıma həsr eləmişdim. Ona olan məhəbbətimin nişanəsidi. Toylarda tez-tez onu sifariş verirdilər. Mən də həvəslə çalırdım. Oynayırdılar, daha bilmirdilər ki, çaldıqca ürəyimdən qara qanlar axır.
   -Ustad, siz dünyanı görüb-götürmüş, pisindən də, yaxşısından da dadmış bir insansız. Yaxşı bilirsiz ki, ölüm haqdır. Elə bu söhbətimizin əvvəlində də bir söz işlətdiniz ki, gündə neçə kərə ölüb-dirilirsiz. Dünyanı tutub dayanmayacağıq ki, vaxtı çatanda hamımız bu dünyanın köçünə qoşulacağıq. Məsələn mən dünyamı dəyişməzdən bir an öncə son arzumun nə olacağını lap çoxdan özümçün müəyyənləşdirmişəm. Əlbəttə ki, əyər o arzumu da bəyan eləməyə uca Tanrı fürsət verərsə. Bəs siz necə, heç bu barədə düşünmüsüz? Bilsəniz ki, ürəyinizin son vurğusu yaxınlaşır, neylərdiniz?
   -Hə-ə-ə... Bu yaman sual oldu. Özü də sənə deyim ki, bu sual səndən əvvəl də mənə bir-neçə dəfə verilib. Yuxularımda. Ha istəmişəm bu sualın sahibinin üzünü görəm, görəmməmişəm. Amma hər dəfə də cavabım hazır olub. İndi həmin sualı sənin dilindən eşitdim. Bilirsən, İntiqam, bir var yalançı çalan olasan, bir də var haqdan veprgin ola. Mən axı, gərək bu kökə düşməyəydim. Durub-otura bilmirəm, arada dolaşa bilmirəm, barmaqlarım da belə. Evdə tək olanda, oturub saatlarla fikrə gedirəm, barmaqlarımı gözlərim bərabərinə qaldırıb danışıram onlarla. Deyirəm neylədiz, bu nə işdi gətirdiz başıma? İnanın ki, için-için ağladıqlarını hiss edirəm. Bir həssas səs yazan aparat olsa, səslərini də eşitmək olar. Sonra başlayıram onlara ürək-dirək verməyə. Deyirəm darıxmayın, min dərd varsa, min bir də dərmanı var. Onda görürəm eynləri açılır, gülür, oynaşırlar. Bir az da ürək-dirək verirəm, başlayırlar əməlli-başla oxumağa, indiyənəcən eşidilməyən havacatlar ötməyə. Elə ki, otağımın qapısı açılır, içəri girən olur, lapdan səslərin kəsirlər, öz yerlərinə çəkilir, yazıq-yazıq üzümə baxırlar... Hə, sənin sualına gəlirdim axı. Əyər o son vurğunun yaxınlaşdığını bilsəm, bizi yaradandan xahiş edərdim, heç olmazsa beş-on dəqiqəliyə barmaqlarımı öz yerinə qoya. Onda bilirsən nəyi çalardım?
   -Nəyi, ustad?
   -...Əvvəlcə "Vağzalı"nı. Məndən sonra toyu olacaq cavanlara hədiyyəm kimi. Sonra da bir mahnı var e, Zeynəb də zor oxuyub onu: "Tut ağacı boyunca, tut yemədim doyunca...
Mənim balam ay balam..." Elə mən də yaman çalmışam o havanı... Bir də Qədiri çağırtdırardım yanıma.
   -Hansı Qədiri?
   -Rüstəmovu.
   -Onu niyə, oxutdurmağa?
   -Yox e...Qohumuq axı onunla.
Şuşa tərəfdən. Hələ bir o qədər üzə çıxmamışdı, radio, televiziya da ondan xəbərsizdi. Bir gün gəlib məni tapdı, dedi qohum məni də toylara apar. Apar apar də. Bir dəfə, iki dəfə. Gördüm yox e, mənimki bununla tutmaz. Mən deyirəm həmnən həmə, bu deyir bəmnən bəmə. Məndə səbr hardaydı bunun nazıyla oynayaydım. Mənim özümün nazımı çəkən lazımdı. Dedim qohum, bilirsən nə var, səninki səndə, mənimki məndə. Xoş getdin. Bir az da sərt dedim. O gedən, bu gedən. Bilirəm ki, bu vaxtacan incikdi məndən. Başa düşürdüm ki, xətrinə dəymişəm. Hər dəfə yadıma salanda ürəyim ağrıyır. Sonralar nə yaxşı ki, Əhsən Dadaşova tuş gəldi. Əhsən də daha mən təki kəmfürsət olmadı, hər "kaprizinə" dözdü onun, məşhurlaşdırdı. Dediyim odur ki, o son nəfəs deyirsən ha, bax onda Qədiri də çağırardım üstümə. Ürəyimdə bir-iki söz qalıb ona yetdik, deyib rahat olardım.
   -Nə sözlərdi onlar?
   -Əvvəla deyərdim ki, Qədir, o "Laçın" mahnısını ki, o cür yanğıyla oxumusan e, mənim çaldığım "Laçın"la elə bil dost-doğmaca bacı-qardaşdılar. Bir də onu deyərdim ki...Yox, bu sizlik deyil... qoy qalsın o özü gələnə...
   Bax, bunları yerinə yetirəndən sonra sevgili qaraneyimə baxıb-baxıb gözlərimi yumardım...
   POLAD HƏKİM
   Şəmsi İmanova həsr elədiyim "Çərxi-Fələk" adlı radio-filmim 1996-cı ilin dekabrında, yeni il ərəfəsi efirdə səsləndi və görünməmiş dinləyici sayğısıyla qarşılandı. Həyrətə gəlmişdim, uzun illər səsi-sorağı eşidilməyən, toylardan ayağı kəsilən Şəmsi müəllimin nə qədər pərəstişkarı, gözləyəni varmış. Təşəkkür dolu telefon zəngləri ara vermirdi. Nə yaxşı ki, Şəmsi müəllimi yada salmaq xatirinə həm də Teleradionun "Ekran-efir" qəzetində verilişin anonsunu, bir də səhifədə gördüyünüz şəkli də vermişdim ki, dinləyicilər verilişin vaxtını ötürməsin. Daha çox sənətkarlar razılığın bildirirdi. Amma bir telefon zəngi barədə yerli-yataqlı danışmasam olmaz. Danışan həkim idi. Dedi o veriliş münasibətiylə sənlə görüşmək istərdim. Adını soruşdum, demədi. Getdim görüşünə. Ay səni! Bu ki, Polad həkimdir. Polad Məmmədov. Orta məktəb yoldaşım. İsmayıllı məktəbini qızıl medalla bitirib yüksək qiymətlərlə Tibb İnstitutuna daxil olmuş, oranı da yüksək ixtisaslı, istedadlı həkim kimi başa vurmuşdu. Musa Nağıyev adına xəstəxanada işləyirdi. Veriliş barədə, xüsusən də Şəmsinin sənətkarlığı barədə əsil musiqi mütəxəssisi kimi elə danışdı ki, onun həkimliyini unutdum sanki. Dedi mən onu daha çox toylarda çaldığı havacata görə sevmişəm. Təəssüf ki, onların çoxu geniş dinləyici kütləsinə məlum deyil. Sonra da xahiş elədi ki, onları görüşdürüm. Şəmsi müəllimə deyəndə qayıtdı ki, onsuz da mənə bir həkim lazımdı, axır vaxtlar ürəyim heç sözümə baxmır, şəkərim də bir yannan. Löyünnən düşürəm yavaş-yavaş.
   Onların görüşünü heç zaman unutmaram. Əsil ata-oğul kimi. Polad o klinikada adlı-sanlı həkimlərdən idi. İşin avandlığından onun köməkçisi Şəhla xanım da
tanış çıxdı. Jurnalist həmkarımız Cahan Vəzirovanın qızı, bu gün Polşada Azərbaycan respublikasının səfiri, dostumuz Vilayət Quliyevin həyat yoldaşı. Özü də əslən şuşalı. Elə yanımdaca müayinə elədilər kişini. Poladın üzündəki şən-şaqraq ifadədən mənim də keyfim kökəlmişdi. Şəmsi müəllimsə uçmağa qanad axtarırdı. Polad həkim onu inandırmışdı ki, bir balaca soyuq dəyməsi var, ağrıları o səbəbdəndi. Deyirdi səni elə sağaldacam ki, hətta bir müddətdən sonra çala da bələcəksən. Amma həmin günün axşamı Polad mənə zəng eləyəndə bildim ki, günüzkü sevincimiz əbəsmiş. Dedi, dostumuzun işi əngəldi, ürəyi əldən düşüb, kara gələn deyil, nə qədər çalışsaq da ömrünə bir-neçə ay qalıb. Amma mən əlimdə olan imkanlardan maksimum istifadə eləyib qoymayacam ki, heç olmazsa ömrünün sonlarını ağrıyla yaşasın. Doğrudan da Şəmsi müəllim ta ölənəcən Polad həkimdən razılığını bildirdi. Bir gileyim onnan yanadı ki, deyərdi, nə qədər pul verirəm, götürmür.
   Polad dostumun danışdıqlarından bir məqam yaddaşımda ilişib qalmışdı. Demişdi ki, hayıf Şəmsinin toy çalğılarından çoxunun xəbəri yoxdur. O veriliş efirə gedəndən bir qədər sonra görüşümüz vaxtı Şəmsi müəllimdən bu barədə xəbər aldım. Dedim, nə əcəb toylardakı çalğılarınızı bir lentə-filana yazdırmamısız? Qayıtdı ki, mənim vaxtımda texnika indiki kimi deyildi. Axır vaxtlarda hə, bəzi toylarımı məndən xəbərsiz lentə alır, sonradan surətini çıxarıb özümə verirdilər. Soruşdum ki, bəs hanı onlar? Bu yerdə əvvəlcə fikrə getdi, sonra fəhmlə üzümə baxıb dedi ki, yox, gərək sənə deyəm, sirr saxlayana oxşayırsan. Şəhərdə filan küçədə, filan ünvanda bir nəfər var. L. adında. Mənim çoxdankı fanatımdı. Əli çatan nə qədər toy kassetlərim var, hamısını yığıb-toplayıb evinə. Gecəsi-gündüzü onlarla keçir. Başqa heç nəyə qulaq asmır. Başını kəssələr də heç kimə verməz o kassetləri. Amma, ağzı nədir, zəng eləyib deyərəm, verər sənə. Qulaq asıb yenə qaytararsan özünə...
   Artıq yaşlaşmışdı.
Mənə elə gəldi ki, tək-tənha yaşayır. Bu barədə soruşanda dedi, yox, tənha niyə oluram ki, bu evdə mənim Şəmsinin çalğıları kimi dostlarım var. Onlarla bir dam altında yaşamaqdan gözəl nə ola bilər. Sonra o çalğılar yazılan audio kassetləri mənə göstərdi. Göstərmək bir yana, qoydu maqnitafona, düyməni basdı. İlahi, sən demə əsil Şəmsi İmanov toylardakı Şəmsiymiş! Sanki bu havacat insan beynindən, bəni-adəm dodaqlarından süzülüb gəlmir, sonsuz göylərdən səpələnirdi. Ancaq çox təəssüf ki, toy mağarlarından, məclis əhlinin səs-küyünün içindən lentə alındığına görə çoxusunu ortaya çıxarmaq mümkün deyil. Bununla belə Şəmsi məktəbinin, Şəmsinin varlığının ən parlaq göstəricisi kimi o lentləri özümlə götürüb Azərbaycan radiosuna gətirdim, operatorların köməyi ilə əyər-əskiyini düzəldib radiomuzun fonduna daxil elədik. Deməli, bu gün Azərbaycan radiosunun qızıl fondunda Şəmsi İmanovun nə zamansa məxsusi olaraq fondumuz üçün lentə aldırdığı beş-on havacatdan savayı, toy çalğılarından ibarət 220 dəqiqə həcmində beş qutu lent də qorunur ki, buna görə Şəmsi müəllimin adını gizlin saxlamağı xahiş elədiyi o qadına minnətdar olmalıyıq.
   VƏ SONDA
   Sonra...1997-ci ilin iyul ayının 3-də Şəmsi müəllim vəfat elədi.
Üçü günü xəbər tutduq. Bu xəbərdən əməlli-başlı sarsılmış Polad həkimlə qəbrinin üstünə getdik. Poladı güclə kiridə bildim. Sanki, ən qiymətli əzizini itirmişdi...
   Şəmsinin ömür-gün yoldaşı Sara xanım deyir ki, axıracan zarafatından qalmadı.
Tez-tez özünü ölülüyə vurub urəyimi salırdı ayağımın altına. Sonra öyrəşdim bu zarafatına. Sən demə məni o günçün hazırlayırmış ki, qorxub-eləməyim. İyulun 2-də anadan olan günü idi. Çoxlu dost-aşnasını çağırmışdı. Dedim, ay Şəmsi, bu nə yubileydi keçirirsən, nə 65-dı, nə yetmiş. Üç il də gözlə 70 olsun də. Qayıtdı ki, ürəyim istəyir. Bir tanışımız vardı, yubileydən bir gün sonra gəlib çıxdı arvadıyla. Bir xeyli oturdular. Gördüm ürəyim narahatdır. Şəmsinin rəngi-ruhu xoşuma gəlmirdi. Ürəyimdə deyirdim nə ola qonaqlar tez gedələr, yerini hazırlayım, dincələ. Arada Şəmsi həyətə çıxdı, pəncərədən baxdım ki, əyilib qızılgül kolunun üstünə, gülü iyləyir. İçəri girib üzünə sərin su vurdu, dedi məni bağışlayın, otağıma keçib bir az dincəlmək istəyirəm. Bu əsnada qonaqlar da ayağa qalxdılar, Şəmsinin 67 yaşını təbrik eləyib həyətə çıxdılar. Onları yola salıb otağa döndüm. Bayaqdan qonaqların maqnitafona qoyub qulaq asdıqları Şəmsinin qaraneydə çaldığı havalar fəğan eləyirdi. Onun otağına keçdim ki, görüm vəziyyəti necədi... Hövlnak geri qayıdıb maqnitafonu söndürdüm. Doğrudan da qorxmadım, özümü itirmədim, qonşuları çağırdım. Şəmsi artıq yox idi...
   Sonra...üstündən bir-iki il keçməmişdi ki, Şəmsi İmanovun ömrünü bacardığı qədər uzadan, onun fanatiklərindən biri Polad həkim də özünü bu dünyada qoruya bilmədi, dəyişdi dünyasını. Onunsa 50 yaşı təzəcə tamam olmuşdu...
   Sonra...
   Daha nə sonra.
Deyirlər uca Allah sevimli bəndələrini çox tez öz dərgahına aparır. Ancaq o gözəgörünməz, Şəmsi İsmanovu Şəmsi eləyən o ecazkar barmaqları çox erkən, sənətinin ən uca zirvəsindəykən bizlərdən ayırıb dərgahına aparsa da özünü, yəni quruca cismini bir müddət yerdəki bəndələri arasında saxladı. Saxladı ki, çala bilmədiklərini sözlə bəyan eləsin, ürəyindəkiləri dilinə gətirsin. Sonra cismini də dərgahına çəkib apardı və orda iki ruh birləşib qucaqlaşdılar- Şəmsi İmanovla onun şəhid barmaqları. Şəmsinin ürəyi fərəhdən köksünə sığmırdı. Çünki onun barmaqları cavan çağlarındakı kimi saf-sağlamdılar.
   Barmaqlar çoxdan yadırğadıqları mahnıları şövqlə oxuyurdular.
   11 iyun-12 iyul 2007
   

525-ci qəzet.-2007.-7 iyul.-S.22.