Məhərrəmova
T.
Üzeyir bəyin ümidlərini qıran
sevimli tələbəsi
Ruqiyyə Rzayeva: "O dahi insana qulaq
asmamaqla çox şeyi itirdim"
"Üzeyir bəy olmasaydı,
mən də olmazdım..." İndi çoxları bu
sözləri özünün yaradıcılıq
epiqrafı sayır. Bu dəyərli fikri Üzeyir bəyin
tələbələrinin - zəmanəmizin görkəmli
sənətkarları - Hacı Xanməmmədovun,
Ədilə Hüseynzadənin, Şəfiqə
Axundovanın, Ruqiyyə Rzayevanın dilindən
eşitmişəm və
təəccüblənməmişəm. Ona
görə təəccüblənməmişəm ki,
müxtəlif yazılı mənbələr və Üzeyir
bəylə təmasda olan, əfsuslar ki, hal-hazırda barmaqla
sayılacaq insanların xatirələri sayəsində bu dahi
insanın həyat və yaradıcılıq yoluna yaxından
bələd olmuşam.
Üzeyir
Hacıbəyovun ilk və bəlkə də ən sevimli
tələbəsi, ömrünün 91-ci ilini yaşayan
Ruqiyyə Rzayeva dahi bəstəkarla yaradıcılıq
ünsiyyətində olduğu illəri həyatının
ən mənalı dövrü adlandırır.
- Oxumağa
həvəsim lap uşaq yaşlarımda yaranmışdı.
5 yaşım olanda "məni məktəbə
aparın", - deyə üç gün dayanmadan
ağladım. Keçmiş Kamo (indiki S.Rəhimov)
küçəsində yaşayırdıq. Nəhayət,
nənəm atama dedi ki, sən Allah, bu uşağı apar
məktəbə, ağlamaqdan özünü də həlak
elədi, bizi də. Məktəbi görüb, onsuz da qorxub
qaçacaq. Atam da məni məktəbə gətirdi.
Məktəbin direktoru Rəhilə Terequlova atamı
yaxşı tanıyırdı. Atam onların mühasibat
işlərini görürdü. Rəhilə xanım bizi
görən kimi: "Xeyir olsun?" - deyə soruşdu. Atam
məsələni ona danışanda, - "Axı bu körpədir",
- deyə başıma tumar çəkdi. Mən bu
sözü eşidən kimi daha da bərkdən
ağlamağa başladım. Atam ona yalandan qaş-göz
edəndə o, başa düşdü və
müəllimlərdən Ruqiyyə xanım adlı birini
çağırıb - "Apar bu uşağı birinci
sinfə qoy", - dedi. Ruqiyyə xanım qız
məktəbində dərs deyən ilk
müəllimlərdən idi. Sinifdə 17-18 və 8-11
yaşlı qızlar oturmuşdu. O vaxt qızları
oxumağa qoymurdular. Rəhilə xanım evbəev
gəzərək qızları məktəbə cəlb
edirdi. Bizə Mələknisa Qafarova dərs deməyə
başladı. O, bir-bir sinifdə olan əşyaları
sadaladı. Sonra da, - "Kim mən deyənləri
təkrarlaya bilər?", - deyə soruşanda hamı
başını aşağı saldı. Qızların
çoxu utanırmış kimi əllərini
üzlərinə tutdular. Mən əlimi qaldıranda
sinifdən gülüşmə qopdu. Onların
güldüyünü görüb yenidən ağlamağa
başladım. Müəllimə mənə
yaxınlaşıb əlini başıma qoydu: "Ağlama,
sən hamıdan ağıllısan. Heç kəs cavab
verə bilmədi, sən isə deyəcəksən, dur
görüm ayağa, mənim dediklərimi sadala".
Ayağa qalxıb müəllim deyənləri
əzbərdən təkrar elədim. Müəllim və
şagirdlər məəttəl qaldılar. O gündən
məktəbi buraxmadım. Qarda, yağışda, soyuq və
şaxtalı havalarda da məktəbdən qalmadım. Soyuq havalarda
bacım Ağabacı dərsə getmirdi. Məni isə
evdə saxlaya bilmirdilər. Beləcə, məktəbi
başa vurdum.
- Elə çətin bir
dövrdə, qızların hələm-hələm
sənət aləminə gələ bilmədiyi vaxtda,
necə oldu ki, musiqini seçdiniz?
- Biz
İçərişəhərdə yaşayırdıq.
Babam Mirzə Fərəc Əhməd Bakıxanovun anası
ilə toylara gedir və nağara çalırdı. Sonra
babam tar çalmağa başladı. Babam İrana
gedərək muğamları öyrənib qayıtdı. Onu
Orta Asiya, Şimali Qafqaz və İran toylarına
çağırırdılar. Xüsusən İranda
Mirzə Fərəcsiz toy eləmirdilər. Babamın
çox şagirdi vardı. Ancaq o, ən çox Mirzə
Mansuru sevirdi. Babam bütün muğamları özü
bildiyi kimi onlara öyrətdi və ilk dəfə Mirzə
Mansurun əlinə tar verdi. Babamın bəstəkarlıq
qabiliyyəti də vardı. O, gözümün
qabağında "Bənövşə" rəqs
havasını bəstələyib. Babam bundan qabaq da
adını bilmədiyim oyun havaları bəstələyib.
Mirzə
Fərəc dünyasını dəyişən
ərəfədə atamı çağırıb musiqi
ilə məşğul olmamasını
tapşırmışdı. Atam mühasib olsa da,
Balaxanıda və başqa kəndlərdə
dərnəklərdə müəllimlik edirdi. Babam atama
deyirdi ki, mühasibsən, elə mühasibliyini də elə.
Atam isə çalıb-oxumağı sevən,
xoşqılıq adam idi. O, ömrünün axırına
qədər tarını yerə qoymadı.
1975-ci il idi. Bir
gün televizorda tar konserti gedirmiş. Atam da
televizorun qabağında oturub çalmağa başlayır.
Kiçik bacım Aliyə də evdə
imiş. Atam o qədər çalır
ki, bu gərginlikdən insult olur. O, bir il belə
yaşadıqdan sonra vəfat etdi.
Üzeyir
bəy babamla çox yaxın idi. O, babamı Konservatoriyada
muğam dərsləri aparmağa
çağırmışdı. Atam da operanın
orkestrində çalırdı. Demək olar ki, bütün
ailəmiz musiqi ilə məşğul idi. Bir gün
Üzeyir atama: "Qızları yanıma gətir, mən
Konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi
açmaq istəyirəm. Ancaq 3-4 nəfər oğlan
yığılıb. Bircə nəfər də qız
yoxdur. Hətta qohum-qardaş da qızını vermir. Kimə
deyirəmsə, "qız nədir, çalıb-oxumaq
nədir?" cavabını verir. Sən qızlarını
gətir, mən onları qəbul edim. Onları görüb
həvəsə düşənlər çox olacaq".
Səhəri
gün atam bizi məktəbə gətirdi. Üzeyir bəy,
Mirzə Mansur, tarçalan Ağası
Məşədibəyov və başqa sənətkarlar
oturmuşdu. Biz kiçik zalda səhnəyə
çıxıb çaldıq. Ağabacı tarda
"Kürdi-Şahnaz", "Bayatı-Şiraz"ı
çaldı. Üzeyir bəy, "Sən çal, qoy
Ruqiyyə oxusun", - deyə atama müraciət elədi.
Atam çaldı, mən "Aman ovçu, vurma məni"
mahnısını oxudum. O vaxtlar təzə
səslənən bu mahnı Üzeyir bəyin xoşuna
gəldi. Daha sonra "Kürdi Şahnaz"ı oxuyub lap
zilə çıxdım. Məni vokal sinfinə
götürdülər. Ağabacını isə Mirzə
Mansurun tar sinfinə verdilər. Beləcə Ağabacı
ilə mən musiqi aləminə daxil olduq. Sinifdə
bizdən başqa qız yox idi. Üzeyir bəy bizə musiqi
nəzəriyyəsindən dərs verirdi. Sinifdə 6-7
uşaq idik. Bir dəfə müəllimlərdən biri
məni oxutduranda yaşımı soruşdu. Deyəndə ki,
16 yaşım var, əlimdən tutub Üzeyir bəyin
yanına apardı, "bu, çox kiçikdir, səs
telləri korlana bilər", - dedi. Mənə isə, -
"nə vaxt 19 yaşın olar, onda oxumağa
gələrsən", - söylədi. Məni tar sinfinə
keçirdilər. Mən də Mirzə Mansurdan dərs
almağa başladım. Az sonra kamança sinfi
açıldı. Asatur Sarkisov orkestrdə yaxşı kamançaçalan
sayılırdı. O, hətta üçlüklə babamla
toylara da gedirdi. O mənə muğamdan, Qılman Salahov və
Üzeyir bəy notdan dərs keçdi.
- Siz Moskvada ilk Azərbaycan
mədəniyyəti ongünlüyünün
iştirakçısı olmusunuz. Tarixə çevrilən o
günlər yaddaşınızda necə qalıb?
- 1938-ci ildə Moskvada birinci dekada
keçirildi. Dekadaya demək olar ki, iki il
qabaqdan hazırlıq gedirdi. Çünki
ansambllarda çalanlar yox idi. Onları
tapmaq üçün Üzeyir bəy çox əziyyət
çəkdi. O, rayonlara adamlar göndərirdi. Beləcə, Üzeyir bəy çox çətinliklə
dekadaya hazırlıq gördü. Dahi
bəstəkarın "Arşın mal alan"ı
da dekadaya getməli idi. Ovanesyan Üzeyir
bəyin birinci düşməni idi. O, hətta Mir
Cəfər Bağırovun yanına qədər gedib
çıxdı ki, filarmoniyadakı orkestri dekadaya gedirsə,
Üzeyir bəyin orkestr nəyə lazımdır? Üzeyir bəyin təşkil elədiyi xalq
çalğı alətləri orkestri notla idi. Biz radioda konsertlər verirdik. "Arşın
mal alan"ı da bizim orkestr
çalırdı. Üzeyir bəy deyirdi: "Mən onu
göstərmək istəyirəm ki, bizim milli
alətlərimiz o qədər yüksəlib ki, Qərb musiqi
alətlərini belə əvəz edə bilir". Ovanesyan istəyirdi Moskvada elə bilsinlər ki,
Azərbaycanda təkcə bir orkestr fəaliyyət
göstərir, onu da erməni təşkil edib.
M.C.Bağırov
bizi dekadadan qabaq yığıb böyük bir məruzə
oxudu. Mən onun bildiklərinə
məəttəl qalmışdım - incəsənətin
bütün sahələri haqqında ətraflı
danışırdı. Səhəri gün bizi yola salmaq
üçün vağzalda çox gözəl
hazırlıq görülmüşdü. Hər yerə
xalçalar döşənmişdi. Bizimçün
üstündə "Dekada" yazılan ayrıca vaqonlar
ayrılmışdı. 800 nəfər dekada
iştirakçısı həmin vaqonlarda
yerləşdirildi.
Dekada
günləri heç vaxt yadımdan çıxmır.
Azərbaycan mədəniyyət ongünlüyü
bütün dünyaya səs salmışdı.
"Arşın mal alan"ı iki dəfə Kremlin
Sütunlu salonunda, bir dəfə də xahişlə
Böyük Teatrda oynadıq. Tamaşa çox böyük
müvəffəqiyyət qazandı. Stalin iki dəfə
baxmağa gəldi. Bizə çox böyük hörmət
elədilər. Stalinlə bir süfrədə oturduq. 38-ci il
dekadasını Azərbaycan üçün musiqi inqilabı
saymaq olar. Bizi Moskva küçələrində
görənlər barmaqla göstərirdilər.
Dekadanın
müvəffəqiyyəti barədə bütün
qəzetlər yazırdı.
- Dekadadan sonra
sizə münasibət necə, dəyişdimi?
- Bu dekadadan sonra adamlar sanki
ayıldılar. Vaxtilə bizə gülən,
- "İsmayılın qızlarına bax,
əllərində tar-kamança gəlirlər", -
deyə şəbədə qoşanlar evimizin
qapısından əl çəkmirdilər. Hamı
gəlib, "Ay İsmayıl, mənim qızımı,
oğlumu musiqi məktəbinə düzəlt", - deyirdi. Onda adamlar bildilər ki, incəsənət nədir.
Beləcə, musiqiyə axın başladı.
Musiqi məktəbləri, texnikum, Konservatoriya
açıldı. Üzeyir bəy kimi
gələcəyi görən ikinci bir adam
olmayıb. O, çəkdiyi əziyyətlərin
müqabilində istəyinə nail oldu. Bizim
uğurumuzdan sonra Ovanesyan da pis vəziyyətdə qaldı.
- Bəs niyə
musiqidən ayrıldınız?
- Dekadadan qayıdandan sonra musiqi
məktəbini qurtardım. Paralel olaraq diş həkimliyi
ixtisası üzrə oxuyurdum. Bu, anamın
istəyi idi. O deyirdi ki, iki qızımın da
musiqiçi olmasını istəmirəm, sən həkim ol.
İnstitutu qurtarandan sonra diş həkimi
işləməyə başladım. Daha musiqi
ixtisasımı davam etdirə bilmədim. Üzeyir
bəy də məndən küsdü. Bir
gün Ziyalılar Evində orkestrin konserti zamanı Üzeyir
bəyin loyada oturduğunu gördüm. O,
həmişə mənə deyirdi ki, səndən çox
şey gözləyirəm. Sən əsl musiqiçisən,
çox şeyə nail ola bilərsən.
İçəri girəndə Üzeyir bəy
məni gördü və əli ilə
çağırdı. Ayaqlarım
dolaşa-dolaşa, utana-utana ona yaxınlaşdım. Əllə görüşüb məni yanında
oturtdu. Ağabacı onda orkestr
üçün yaxşı bir əsər
yazmışdı. Özü də
diriyorluq edəcəkdi. Ağabacının
adını elan elədilər və konsert başladı.
Konsert başa çatandan sonra Üzeyir bəy mənə
tərəf döndü: "Bax, gördün bacın nə
oldu? Bəs sən nə oldun? Çürük, qurdlu dişləri
qurdalayırsan. Budur sənin
sənətin? Hansı ki, mən
Ağabacıdan da çox sənin istedadına
inanırdım. Sən neylədin?"
İndi də dahi bəstəkarın o
sözləri yadıma düşəndə özümü
qınayıram ki, niyə ona qulaq asmadım. Mən musiqidən ayrılmaqla çox şey
itirdim.
- Üzeyir
bəysiz musiqi aləmimiz bu gün sizə necə
görünür?
- Çox pis... Üzeyir
bəy dünyasını dəyişəndən sonra biz
tələbələri onun işini davam etdirdik. Üzeyir bəydən sonra musiqi aləmində
qarışıqlıq əmələ gəldi. Hər sahədə rəhbər lazımdır.
O qarışıqlıq bu gün də davam edir. Bu qarışıqlığı aradan
götürmək üçün Üzeyir bəy kimi bir
dahi insan lazımdır. Ancaq təəssüf ki,
belə bir insan olmayıb və olmayacaq!
Kaspi.-2007.-20 iyul.-S.16.