Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti Mehriban Əliyevanın
çıxışı
İyulun 2-də Heydər Əliyev Fondunda
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis
etdiyi "Muğam" jurnalının ilk nömrəsinin
və "Muğam-antologiya" layihəsi
çərçivəsində çap olunmuş
Səfiyəddin Urməvinin (1217-1294)
"Şərəfiyyə risaləsi" və
"Kitabül-ədvar", habelə Fətullah Şirvaninin
(1417-1486) "Musiqi məcəlləsi"
əsərlərinin təqdimat mərasimi
keçirilmişdir.
"Muğam" jurnalının baş redaktoru Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun (AMDF) prezidenti Mehriban
xanım Əliyevadır. AMDF nəzdindəki
"Muğam mərkəzi"ndə tərtib edilmiş
və "Şərq-Qərb" mətbəəsində
Azərbaycan, ingilis və rus dillərində çap olunmuş
jurnalın birinci nömrəsinin oxuculara ünvanlanmış
ön sözdə Mehriban xanım Əliyeva nəşrin
konsepsiyası haqqında məlumat verir.
Oxucular Heydər Əliyev Fondunun və Azərbaycan
Mədəniyyətinin Dostları Fondunun muğamla
bağlı keçirdiyi müxtəlif
tədbirlərdən, YUNESKO-nun Beynəlxalq
Muğam Mərkəzinin təməlinin qoyulması
mərasimindən, ümummilli liderimiz Heydər Əliyevin
görkəmli musiqiçilərlə
görüşündə çəkilmiş
fotoşəkillərin də verildiyi jurnalda Cəmilə
Həsənovanın görkəmli bəstəkar Fikrət
Əmirovun simfonik muğamları haqqında məqaləsi, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Heyətinin sədri, xalq artisti, professor Firəngiz
Əlizadə, qədim xalq çalğı alətləri
ansamblının bədii rəhbəri Məcnun Kərimovla
müsahibələrlə, xalq artisti Alim Qasımov, zəmanəmizin
görkəmli violonçel ustalarından biri Yo-Yo-Ma
haqqında məqalələrlə tanış ola
biləcəklər. Bundan əlavə, klassik
muğamların məzmunu və strukturuna da ayrıca
məqalənin yer aldığı jurnalın "Tarixin
səhifələri" bölməsində müxtəlif
illərə təsadüf edən və muğamla
bağlı olan hadisələr haqqında xülasə
verilir, "Qədim dövrlərdən xəbər
verən musiqi" məqaləsində Şərq vokal
məktəbindən bəhs olunur. Jurnalda milli musiqi
alətlərimiz tar və qaval, xalq şairi Bəxtiyar
Vahabzadənin "Muğam" poemasından parçalar da
verilmişdir.
Səfiyəddin Urməvinin
"Kitabül-ədvar" və "Şərəfiyyə
risaləsi", Fətullah Şirvaninin "Musiqi məcəlləsi"
kitabları haqqında da qısa xülasələrin verildiyi
jurnalın ilk nömrəsinin son səhifələrində
"Biz muğam haqqında nə bilirik və onun gələcəyi
varmı?"- sorğusuna müxtəlif peşə
sahiblərinin cavabları da dərc olunmuşdur.
Nəşrin baş redaktoru Mehriban xanım Əliyeva
mərasimdə çıxış etmişdir.
- Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən sizi Heydər Əliyev Fondunda salamlayıram, sizi bu
gün burada görməyə çox şadam. İlk
növbədə, mən bizim hamımızı
Azərbaycanın iki böyük qələbəsi
münasibətilə təbrik etmək istərdim.
Bildiyiniz kimi, bədii gimnastika üzrə 23-cü Avropa
çempionatı paytaxtımızda çox uğurla
keçmişdir və bizim idmançılarımız bu
yarışlarda çox yüksək nailiyyətlər
əldə ediblər. Yığma komandamız bürünc
medal qazanıb, gimnastımız Aliyə Qarayeva isə
qızıl medala layiq görülərək, Avropa
çempionu olmuşdur.
Əlbəttə bu, Azərbaycan idmanının çox
böyük qələbəsidir. Bu gün bizim ölkəmiz
bədii gimnastika üzrə dünyanın beş
aparıcı dövləti arasındadır və bu
münasibətlə mən sizi ürəkdən təbrik
edirəm.
Eyni zamanda, Azərbaycanın mədəni həyatında da
çox əlamətdar bir hadisə baş veribdir. Bildiyiniz
kimi, Qobustan dövlət tarixi-bədii qoruğu YUNESKO-nun
Dünya Mədəni İrs siyahısına
salınmışdır. Bu qərar YUNESKO-nun
ümumdünya İrs Komissiyasının Yeni Zelandiyada keçirilən
31-ci sessiyasında qəbul olunub və hesab edirəm ki, bu da
bizim çox böyük qələbəmizdir. Çünki
bu, o deməkdir ki, Qobustan təkcə Azərbaycan üçün
yox, bütün bəşəriyyət üçün
çox əhəmiyyətli, çox dəyərli
tarixi və mədəni abidədir. Çox namizədlər
arasında məhz bizim tarixi abidəmiz seçilib və bu
münasibətlə də mən sizi ürəkdən
təbrik edirəm.
Əziz qonaqlar!
Bu gün biz "Muğam" jurnalını sizin
diqqətinizə təqdim edirik. Bu muğamın
çoxəsrlik tarixində bütövlükdə muğama
həsr olunmuş ilk jurnaldır və əlbəttə ki,
bütün muğamsevərlər üçün
böyük bir hədiyyədir. Jurnal 3 dildə -
Azərbaycan, ingilis və rus dillərində çap olunubdur.
Bu da jurnalın yayılma dairəsini xeyli genişləndirib
və mən əminəm ki, o, təkcə
ölkəmizdə yox, dünyanın bir neçə
ölkəsində öz oxucusunu tapa biləcəkdir.
Bildiyiniz kimi, Heydər Əliyev Fondu muğama dəstək
olan bir sıra layihələr həyata keçirir. Bunlar
"Muğam-İrs", "Muğam dünyası",
"Muğam ensiklopediyası", "Muğam-internet",
"Muğam-dəstgah", "Muğam-antologiya"
layihələridir. Bütün bu layihələr
barəsində ətraflı məlumatı siz bu jurnalın
səhifələrində tapa biləcəksiniz.
Son illər ölkəmizdə muğama
çox böyük maraq, çox böyük dəstək
var. Çox sevindirici haldır ki, bizim gənclərimiz də
muğam sənətini əsrlərin sınağından
keçmiş bir sərvət kimi
dəyərləndirirlər. Biz gərək bu
sərvəti həm qoruyaq, həm də gələcək
nəsillərə çatdıraq. Bizim bu jurnal məhz bunun
üçün təsis olunub və buna xidmət edəcəkdir.
Eyni zamanda, bu gün sizin diqqətinizə üç yeni kitab
təqdim olunur. Bunların nəşri Heydər Əliyev Fondu
ilə Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar
İnstitutunun birgə fəaliyyətinin nəticəsidir. Bu nəşrlər həm kitab, həm də disk
şəklində hazırlanıb və muğamın
tədqiqi ilə məşğul olan musiqişünaslar
üçün böyük bir töhfədir. Əlyazmalar
İnstitutu ilə əməkdaşlığımız davam
edir və mən inanıram ki, yaxın
gələcəkdə yeni-yeni nəşrlər
hazırlanacaq və oxuculara çatdırılacaqdır.
Bu gün mən böyük sevinc hissi ilə demək
istərdim ki, paytaxtımızda Beynəlxalq Muğam
Mərkəzinin tikintisi davam edir. Siz yəqin ki, yaxşı
xatırlayırsınız, biz bu layihəni birgə
müzakirə edirdik. Memarlıq baxımından birgə
layihə seçmişdik. Çox gözəl binadır,
həm müasirdir, həm gözəldir, həm də bizim
ənənələrimizə uyğundur. Muğam
Mərkəzi 2008-ci ilin əvvəllərində
istifadəyə veriləcəkdir. Mən əminəm ki, bu
mərkəz həm sənət evinə, həm muğam
məktəbinə, həm muğam muzeyinə, həm də
ki, bizim musiqimizə həsr olunmuş bir abidəyə
çevriləcəkdir.
Bu gün buraya toplaşan bütün insanların taleyində
muğam xüsusi bir yer tutur. Çoxlarınız muğam
sənətinə, demək olar ki, bütün
ömrünüzü həsr edirsiniz. Mən
sizi belə bir jurnalın işıq üzü görməsi
münasibətilə ürəkdən təbrik edirəm.
İnanıram ki, bizim yeni jurnal həm muğama aid
tədqiqatlara yeni təkan verəcək, həm də
muğamı populyarlaşdıracaqdır. Bizimlə bu
jurnalın hazırlanmasında və muğama həsr
olunmuş digər layihələrdə
əməkdaşlıq edən, bizə dəstək verən
bütün insanlara dərin minnətdarlığımı
bildirirəm. Mən sizə möhkəm
cansağlığı, uğurlar və xoşbəxtlik arzulayıram.
Çox sağ olun.
* * *
Sənətşünaslıq doktoru, Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Zemfira
SƏFƏROVA yeni jurnalı və nəşrləri
Azərbaycan ictimaiyyəti üçün önəmli
və əlamətdar hadisə kimi
səciyyələndirmişdir. O demişdir ki,
xalqımızın musiqi irsinin ən qiymətli incisi olan
muğama həsr edilmiş və orta əsrlərdə
yazılmış üç risalənin və
"Muğam" jurnalının təqdimatı musiqiçilər
üçün böyük töhfədir. Bir xalqın
musiqi mədəniyyətindən, musiqi irsindən yalnız o
vaxt danışmaq olar ki, o xalq öz dəyərlərini
qiymətləndirə və yaşada bilsin. Bu baxımdan
qloballaşma dövründə musiqi dəyərlərimizin
qorunması, gələcək nəsillərə çatdırılması
çox vacibdir.
Z.Səfərova vurğulamışdır ki, Azərbaycan
muğamı hazırda özünün dirçəliş
dövrünü yaşayır. Böyük muğam layihələri
həyata keçirilir. Bu layihələr
çərçivəsində bu gün təqdim olunan
üç risalə orta əsr musiqi mədəniyyətimizin
güzgüsüdür. Sənətşünas
risalələr haqqında ətraflı məlumat vermiş,
onların nəşri sahəsində böyük xidməti
olan Mehriban xanım Əliyevaya təşəkkür
etmişdir.
Muğam ifaçısı, xalq artisti Alim QASIMOV jurnalın
nəşri münasibətilə musiqisevərləri
təbrik etmiş, muğamın Azərbaycanda, habelə
dünyada təbliği baxımından nəşrin
əhəmiyyətini vurğulamışdır. Başda
Mehriban xanım olmaqla, jurnalın ərsəyə gəlməsində
zəhməti olan hər kəsə muğamsevərlər
adından təşəkkür edən xanəndə qısa
muğam parçası ifa etmişdir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti
Siyavuş KƏRİMİ demişdir ki, jurnalın və
kitabların nəşri milli musiqimizin təbliğində, o cümlədən
gənclərə dəqiq çatdırılmasında
çox mühüm təşəbbüsdür. Mehriban xanımın muğamın tədqiqinin
muğam ifaçılığından çox-çox
geridə qalması fikrini xatırladan S.Kərimi Azərbaycan
musiqişünaslarının xarici ölkələrin arxiv
və muzeylərində saxlanılan əsərlərinin
tapılıb öyrənilməsinin vacibliyini
vurğulamışdır.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd
ADİLOV "Muğam-antologiya" layihəsi
çərçivəsində buraxılmış
əsərlərin Azərbaycan musiqi elminin tədqiqinə
böyük töhfə verdiyini bildirmişdir.
Jurnalın ərsəyə gəlməsindən çox
sevindiyini söyləyən xalq artisti, professor Arif BABAYEV
demişdir ki, hazırda Azərbaycanda muğam çox
sürətlə inkişaf edir, yayılır. Bu işdə
Mehriban xanımın əməyi böyükdür.
A.Babayev "Qızıl ürək" beynəlxalq
mükafatı alması münasibətilə Mehriban
xanımı bir daha təbrik etmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqı İdarə
Heyətinin sədri, xalq artisti Firəngiz ƏLİZADƏ
muğamın təbliğinin ümumbəşəri
əhəmiyyətinə toxunmuşdur. O, Mehriban xanımın
muğamın təbliğindəki xüsusi
xidmətlərini vurğulamış, muğam
ifaçılarına göstərilən diqqəti
yüksək qiymətləndirmişdir. F.Əlizadə
"Muğam" jurnalının nəşrə
başlamasını muğamın təbliği işində
yeni mərhələ kimi səciyyələndirmişdir.
Azərbaycan.- 2007.- 3 iyul.- S. 5.