Məhərrəmova T.
Musiqi
kəhkəşanında meteor kimi yanıb-sönən dahi
Müslüm Maqomayevin ömür yolunu
başqa cür səciyyələndirmək mümkün deyil
Ötən əsrin
əvvəllərində nadir istedad sahibi olan bir gəncin
ecazkar bəstələrinin sədası doğma yurdu
Azərbaycanla yanaşı bütün müsəlman
aləmini bürümüşdü. Onun istedadı
məşələ çevrilərək ürəkləri
alovlandırmış, saysız xələflər yetirmiş
Azərbaycan bəstəkarlıq
sənətini ən yüksək zirvəyə qaldıra
bilmişdi. Bu gəncin dühası musiqi səmasından bir
meteor kimi parlayıb gözləri qamaşdırmış,
bir meteor kimi də erkən əbədi qaranlıq
dünyasına qovuşmuşdu. Müasirlərini ovsunlayan,
ürəklərini həyəcana gətirən, sənəti
ilə ülvi hisslər təlqin edən və musiqi
tariximizə adını əbədilik həkk edən bu
bəstəkar Müslüm Maqomayev idi.
Müslüm
bəyin gündəlikləri, məktubları,
xatirələri, qeydləri və fotoları qalıb. Bu dilsiz şahidlər bəstəkarın
ömür və sənət yolu barədə
təsəvvürlərə xeyli aydınlıq
gətirməklə və onun haqqında bilgilərimizi dərinləşdirməklə
yanaşı, bilmədiyimiz çox həqiqətləri
də açır bizə. Görkəmli
bəstəkarın şəxsiyyətinin elə
tərəfləri var ki, onları həmin məktublarda,
gündəliklərdə, əlyazmalarda tapmaq mümkün
deyil. Ancaq bununla belə böyük bəstəkardan yadigar
qalan xatirələrin izinə düşdükcə
insanın beynindən qəribə bir sual keçir: "Bir
insan ömrünün ən xoş anları, duyğuları,
sevinci, kədəri ağzı bərk-bərk
düyünlənmiş qovluqlara necə sığıb
görəsən?"
Amma...
İllərə bölünən bir neçə qovluq da
görkəmli bir bəstəkarın ömür-gün yoluna
bələdçilik edə bilərmiş.
Dəmirçi, yoxsa bəstəkar?
Müslümün
atasının Qaxda şərik dükanı varmış. Bir
gün şiddətli yaz yağışından sonra selin
ağzına alıb apardığı dükanı yenidən
qurmaq üçün lazım olan ləvazimatları alıb
gətirməkdən ötrü Vladiqafqaza yollanan gənc bir
tanışının dəvət etdiyi toyda "Şamili
ləzginka"nı oynayır və ona Səkibət adlı
gözəl bir qız bənd olur. Ortaya məhəbbət
söhbəti düşür. Dükan, bazar da yaddan
çıxır. O qalmaqla Vladiqafqazda qalır. Az sonra
Qroznıya köçür və gələcəyin
böyük bəstəkarı Müslüm də orada
doğulur.
Müslüm
uşaqlıqda yaman nadinc imiş. Əvvəlcə
böyük qardaşı Maqomedin fotoaparatını, sonra
bacısı Məryəmin qramofonunu
sındırmışdı. Ona maraqlı gəlirdi ki,
görəsən fotoaparatın içərisindəki adamlar,
qramafondakı mahnıları oxuyanlar harada gizləniblər.
Atası Müslümün əlindən hirslənmiş
uşaqlarını sakitləşdirərək
"darıxmayın, Müslüm nəyi
sındırıbsa sizin üçün alacağam"
deyirdi. Sonra isə dodaqaltı öz-özünə:
"Deyəsən uşaqlardan bircə Müslüm mənim
yolumla gedəcək. İndidən ki,
döyəcləməyə başlayıb, çox güman
ki, mənim kimi dəmirçi olacaq, dədə-baba
sənətimizə yiyə duracaq. Gərək onu sabahdan
emalatxanaya aparım ki, yavaş-yavaş baxıb
öyrənsin".
Ancaq
Müslüm dəmirçi olmadı. Adı bütün
Azərbaycanı gəzib-dolaşan, onun sərhədlərini
aşaraq dünyada tanınıb-sevilən bəstəkar
oldu...
Marağı
tez-tez onu Qroznıda kazak xorunun konsertlərinə
çəkərdi. Həmin mahnılara qulaq asmaqdan
doymazdı balaca Müslüm. Hər gün evə
dönəndən sonra eşitdiyi nəğmələri
balaca qarmonunda səsləndirməyə
çalışardı. Bacıları
təəccüblə, "sənə qarmon
çalmağı biz öyrətmişik, amma bu havaları
hardan bilirsən?" - deyə soruşurdular.
Sonra
Müslüm rəqs öyrənməyə həvəs
göstərdi. O, kiçik qardaşı Məcidlə
dəmiryolçular klubundakı bal rəqsləri
dərnəyinə getməyə başladı. Lap atası
kimi gözəl rəqs edirdi. Skripka çalmağı da
öyrəndi. O qədər məşhurlaşdı ki, 9
yaşı olanda məktəblərindəki ansambla üzv
qəbul edildi.
Qeyri-adi
istedadı onu Qori seminariyasına gətirib
çıxardı. O,
bu seminariyada Üzeyir bəylə bir yerdə oxudu. Onların dostluqlarının bünövrəsi
də burada qoyuldu. Sonra əl-ələ,
çiyin-çiyinə verib işıqlı amallar
uğrunda birgə addımladılar.
Ümidsizlikdən
doğan ümid
M.Maqomayev Qori gimnaziyasında
əla qiymətlərlə oxuyur, müəllimləri,
yoldaşları xətrini çox istəyirdi. Nəfəsli
orkestrə rəhbərlik edən Müslümdən hətta
bəzən müəllimlərini əvəz etməyi də
xahiş edirdilər. Seminariyanın birinci
sinfində oxuyanda nota saldığı Azərbaycan musiqi
folkloru nümunələri Beynəlxalq Paris sərgisində
nümayiş etdirildikdən sonra müəllimlərinin də
diqqətini cəlb etmişdi. Özü
isə həvəslə oxuduğu dərslərindən
savayı qəlbini gecə-gündüz yaxan bir hissin əsiri
idi. Tez-tez sevdiyi Badigülcamal xanıma
sevgi dolu məktublar ünvanlayırdı.
İllər ötəndən sonra bu
xoşbəxt cütlük evlilik həyatını
yaşayanda Müslüm məktublarını cavabsız
qoyduğuna görə xanımını qınayacaqdı...
Ancaq onların
qovuşması asan olmamışdı. Müslüm
seminariyanı bitirib təyinatla uzağa
göndəriləndə valideynləri qızı
başqasına ərə vermişdilər. Müslüm Tiflisə yetişəndə artıq
Badigülcamalın toyu idi. O zaman hər şeyin bitdiyini
zənn etdi. Amma bir neçə aydan sonra
Badigülcamalın əri öldü. Bu
xəbəri Müslüm Lənkəranda eşitdi. Onun taleyinə acısa da, qəlbində yenidən
ümid şölələndi. Bir ildən sonra
evləndilər və bu evlilik düz 31 il
davam etdi.
"Lənkəran
müsəlman türk dərnəyi"
Seminariyanı
müvəffəqiyyətlə başa vuran gənc
Müslümü təyinatla Lənkərandakı
üçsinifli məktəbə göndərirlər. O, içində
aşıb-daşan həvəslə bu qaranlıq diyarın
balalarını işıqlı gələcəyə
aparmağa başlayır. Başqa
fənlərlə yanaşı, musiqi dərsini də
keçir. Məktəbdə
şagirdlərdən ibarət orkestr və xor təşkil
edir.
Tədqiqatçı alim
Mirhaşım Talışlının fikrincə,
Müslümün Lənkəranda olması bütöv
şəhərin həyatında əks-səda doğurub. "O, yerli
həvəskarları başına yığaraq
"Lənkəran müsəlman türk dərnəyi"
təşkil edir. Dülgərlik,
bağbanlıq, cildləmə dərnəkləri ilə
yanaşı, yeni dram dərnəyi də uşaqların
gözünün açılmasına,
irəliləyişə səbəb olur. Çox
keçmir ki, həmin dərnəyin sorağı "
Lakin Müslümü mühitin
mühafizəkar baxışları sıxır. Bakının
qaynar həyatı onu daima cəlb edir. Qəzet
parçalarından oxuduğu yeni-yeni xəbərlər,
konsertlər, teatr tamaşaları haqqındakı elanlar onun
qəlbində gizli arzular doğurur və o da bu güclü
axına qoşulmaq istəyir. Nəhayət,
Lənkərandakı 6 illik gərgin fəaliyyətindən
sonra arzusuna çatır - Bakıya köçür. Yaxın dostu Üzeyir bəy ona həyan durur.
"Nərgiz"in
uğuru
Çox keçmir ki,
gənc bəstəkar Azərbaycan musiqisi tarixinə öz
əvəzsiz bəstələrini bəxş etməyə
başlayır. Lakin onu zirvəyə aparan yollar
daşlı-kəsəkli, yağışlı-yağmurlu
idi. Qədim şəhərin
küçələrini "Şah İsmayıl"
operasının afişaları bəzəyəndə
gənc bəstəkarın sevincinin həddi-hüdudu yox idi.
Operasının ilk tamaşasının
Tağıyev teatrında keçirilməsi
planlaşdırılır. Lakin tamaşaya az qalmış Tağıyev teatrının
yanması onun planlarını alt-üst edir.
Hüseyn Ərəblinski
və Abbas Mirzə Şərifzadə əsəri yenidən
hazırlayırlar. Tamaşaya iki saat qalmış Hüseyn
Ərəblinskinin güllələnməsi ilə
bağlı eşitdiyi xəbər isə onu
dəhşətə gətirir. Bu da
növbəti zərbə idi. Gənc
bəstəkar böyük sənət yolunda hər cür
maneələrlə, itkilərlə
qarşılaşırdı. Ancaq
bütün əngəllərə baxmayaraq "Şah
İsmayıl" operası səhnəyə
çıxır. Bu operanın
səhnə həyatı Müslümün ömrünə
nə qədər şad günlər, fərəhli anlar
calayır.
Opera, teatr onun
həyatının bir parçası idi. Bu teatr ona
şan-şöhrət gətirmişdi və o da
özünü bu teatra borclu sayırdı. Dalbadal yazdığı operalar musiqi
mədəniyyətimizə şöhrət gətirmişdi.
İndi isə Azərbaycan
Akademik Xorunu yaratmağa çalışırdı. Ancaq
işıqlı məqsədlərin həyata
keçirilməsi xəstəliyi üzündən
çətinləşir. Yerli-yersiz
təzyiqlərdən əsəbləri də
gərilmişdi. Bu sıxıntılar
yeni-yeni yazıla biləcək əsərlər
üçün sərf olunası payını
ömründən qoparırdı. M.Maqomayev
ömrünün bütün dönəmlərində
bədxah rəqiblərlə çox üzləşmiş,
saysız-hesabsız hücumlara məruz qalmışdı.
Xəstəliyinin ona qalib
gəldiyi günlərin birində Bakıda qonaq olan
M.İ.Kalininin "Nərgiz" operasına baxmaq istəyir. Müslüm
Maqomayev bərk həyəcan keçirir. Görəsən,
opera fəxri qonağa necə təsir bağışlayacaq?
İşin tərsliyindən həmin gün
qızdırması da yaman qalxmışdı. Tamaşaya nə olur-olsun özü diriyorluq
etmək istəyirdi.
M.İ.Kalinin tamaşaya
çox diqqətlə baxırdı. "Sovnarkom"un
sədri Hüseyn Rəhmanov onunçün tərcümə
eləyirdi. Tamaşa xoşuna gəldiyindən
M.İ.Kalinin sonuncu pərdəyə baxmamış fəxri
qonaqlar kitabında rəy də yazmışdı.
Bir neçə gün sonra M.Maqomayev
Əməkdar incəsənət xadimi adına
layiq görüldü. Hökumət
"Nərgiz" operasını mədəniyyətimizin
dərin kökü hesab edirdi. Bu
əsərə görə ona əlavə 15 min manat pul
mükafatı da verilir.
1937-ci ildə Moskvada
Azərbaycan ədəbiyyatı və
incəsənətinə həsr olunmuş ilk dekada
keçirilir.
Müslüm bəyin səhhəti
sözünə baxmırdı. "Nərgiz"i
isə "Koroğlu" ilə birgə dekadaya aparmaq
lazım idi. Ona görə də
operanı tamamlamağı Qliyerlə Niyaziyə
tapşırırlar. Yola düşməzdən
əvvəl Müslüm: "Niyazi, bilirsən ki, səni
oğlum qədər sevirəm. Onu da bilirsən
ki, "Nərgiz" mənim üçün çox
əzizdir. Bu operanı Moskvada tamaşaya
qoymaq üçün hazırlıq işlərində
sənin də iştirakına şadam. Arxayınam
ki, "Nərgiz"in taleyi etibarlı
əllərdədir"-deyir.
"Nərgiz" Moskvada
böyük müvəffəqiyyət qazandı. Əsərə
Niyazi diriyorluq edirdi və tamaşaya görə 27
yaşlı gənc ilk dövlət təltifinə -
"Şərəf nişanı" ordeninə layiq
görüldü.
Bu əsəri işləyəndə
Müslüm gecə ilə gündüzün sərhədini
itirmişdi. Yemək-içmək də yadından
çıxmışdı. Görmədiyi
illərdə yenə də "Nərgiz" oynandı.
Səhnəyə zərif ləçəkli nərgizlər
çox səpildi...
Ancaq bu şöhrətin
sevincini çox yaşaya bilmədi görkəmli
bəstəkar. Amansız xəstəlik ona qalib gəldi.
Bütün vaxtını sənətə
həsr etdiyindən öz səhhətini unutmuşdu. Ömrünün son illərində tutulduğu
vərəm xəstəliyi onu yaman narahat edirdi. Belə anlarda sevimli xanımı - Badyuş deyə
əzizlədiyi Badigülcamal növbətçi həkim
kimi daim onun yanında idi. Arzuları, niyyətləri,
yazmaq istədikləri çox idi, lap çox...
Böyük
bəstəkarın ölümündən sonra da
əsərləri səhnədə oynandı. Ancaq musiqi ictimaiyyətinin
bir arzusu var: kaş böyük bəstəkarın
adını daşıyan sənət
məbədgahının - Filarmoniyanın səhnəsindən
də bu əsərlərin səsi ətrafa yayılaydı. Onda
böyük sənətkarın ruhu dinclik tapardı...
Kaspi.-2007.-27 iyul.-S.16.