Musiqi əlaqələri

 

Keçən ilin sentyabrında Vyana Kammeroper Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının alman dilində premyerası oldu. Bununla "Arşın mal alan" musiqili komediyası Qərbdə, dünya musiqi mədəniyyətinin beşiklərindən biri olan Vyanada da uğurla səhnəyə qoyuldu. Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri əslən amerikalı bəstəkar və dirijor Maykl Şnak idi.

Maykl Şnak 1967-ci ildə ABŞ-ın Ayova ştatında doğulmuşdur. Uşaq yaşlarından xarici dillərə və musiqiyə böyük maraq göstərən Maykl Konnektikut ştatında Yel Universitetində musiqi və müasir dillər, daha sonra isə Moskvada xor dirijorluğu təhsili almışdır. Moskvadakı təhsilini başa vurduqdan sonra rus musiqisi mütəxəssisi olmaq fikrindən vaz keçərək Vyanada məskunlaşmış və yaradıcılıq fəaliyyətinə piano müşayiətçisi kimi başlamışdır. Piano müşayiətçiliyindən musiqili

layihələrə keçən Maykl Şnak sonradan həyatını musiqili teatra bağlamışdır.

M.Şnakın Azərbaycana yolu hər il Vyanada təşkil olunan gənc vokalçıların Beynəlxalq Belveder müsabiqəsindən başlamışdır. Bakıda ilk turda istedadlı opera müğənnilərini seçərkən, o, Azərbaycan musiqisi ilə yaxından tanış olmaq imkanı qazanmış, sonralar isə ölkəmizin Vyanada səfirliyinin mədəniyyət attaşesi Ramil Fərzəliyevlə fikir mübadiləsi zamanı "Arşın mal alan" əsərini Vyanada səhnələşdirmək ideyası yaranmışdır.

Tamaşada dialoqlar almanca səsləndirilmiş, milli koloriti tam əks etdirmək məqsədi ilə ariyalar Azərbaycan dilində ifa edilmişdir.

"İfaçıların və orkestrin Avstriyadan seçilməsində əsas məqsəd valehedici musiqiyə və maraqlı süjet xəttinə malik "Arşın mal alan"ın bir universal əsər kimi dünyanın istənilən musiqili teatr truppası tərəfindən ifa edilməsinin mümkünlüyünü göstərmək idi". Bu fikri M.Şnak AzərTAc-ın müxbiri ilə söhbətində söyləmişdir. Musiqişünas, həmçinin yaxın gələcəkdə daha iki Azərbaycan əsərini Vyanada səhnələşdirmək arzusunda olduğunu bildirmişdir. "Bunların hansı əsərlər olacağının hələ ki, sirr qalmasını istərdim, yalnız onu deyə bilərəm ki, hər ikisi Azərbaycanda sevilən klassik musiqili komediyalardır" deyə tanınmış musiqişünas qeyd etmişdir.

Azərbaycana mütəmadi səfərlər edən, ölkəmizdə opera sənətinə və gənc ifaçılara yüksək qiymət verən M.Şnak demişdir: "Hazırladığım musiqili tamaşalarda Əvəz Abdullayev kimi perspektivli sənətkarların yer tutması məni çox sevindirərdi".

Vyanada tamaşanın ərsəyə gəlməsində Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Şövkət Məmmədova adına Opera Studiyasının direktoru və bədii rəhbəri Azad Əliyev yaxından iştirak etmişlər. Tamaşanın baş sponsoru "AtaHoldinq" ASC olmuşdur.

 

Ədəbiyyat qəzeti.- 2007.- 20 iyul.- S. 6.