Şahzəddinqızı G.

 

85 yaşlı sənət fədaisi

 

Tarzən Firudin Ələkbərov ömrünün 65 ilini ifaçılığa həsr edib

 

Tar Azərbaycan musiqisi alətlərinin şahıdır. Azərbaycan muğamını tarsız, tarı isə muğamsız təsəvvür etmək mümkün deyil.
   Azərbaycan musiqi sənəti tarixinə bir çox məşhur tar ifaçılarının adları əbədi həkk olunub. Həmin sənətkarların yaradıcılıq yolunu uğurla davam etdirən yüksəklərə qaldıran ifaçılardan biri qocaman tarzən Firudin Ələkbərovdur. F.Ələkbərov 85 illik ömrünün 65 ilini tar ifaçılığına həsr edib. Onun müşayiəti altında Seyid Şuşinski, Xan Şuşinski, Mütəllim Mütəllimov, Yaqub Məmmədov kimi mərhum xanəndələr, eləcə bu gün həyatda olan bir çox ifaçılar muğamlar, təsniflər oxuyublar. Qazandığı sənət uğurları müqabilində F.Ələkbərov Azərbaycanın əməkdar artisti adına prezident təqaüdünə layiq görülüb. Ustad tarzən tarı özünün ən vəfalı istəkli dostu adlandırır.
   Özünün dediyinə görə, sənətə gəlişi xoş bir təsadüfün nəticəsində baş tutub. Əvvəlcədən ifaçılığa marağı olsa da, onun fəal yaradıcılığa başlaması dahi müğənni Bülbülün 1946-cı ildə Gəncəyə səfəri ilə əlaqədardır. Orada gənc istedadla
tanış olan Bülbül onu özüylə Bakıya - Dövlət Filarmoniyasına gətirib. O vaxtdan etibarən F.Ələkbərov bir solist kimi fəaliyyətə başlayıb. Görkəmli xanəndə müğənniləri müşayiət edir, sevimli tarı ilə konsert proqramlarında uğurlu çıxışları ilə tamaşaçı rəğbəti qazanıb.
   Dəfələrlə orden medallara layiq görülüb. Uzun illər Asəf Zeynallı Bülbül adına orta ixtisas musiqi məktəblərində çalışıb. Tarzənin Azərbaycan Televiziya Radiosunun Qızıl Fondunda 20-dən artıq solo çıxışı, həmçinin müşayiət etdiyi xanəndələrin çıxışları saxlanılır. O ifaların lent yazıları vaxtaşırı səsləndikcə ustad sənətkar ötən illərə qayıdır, 85 illik ömrü hədər yaşamadığı üçün qürur hissi keçirir. Yenə yaradıcılıq qayğıları ilə yaşayan, muğamımızın təəssübünü çəkən dəyərli tarzənimizin əsl sənət fədaisi adlandırılmağa haqqı var.

525-ci qəzet.- 2007.- 12 iyul.- S. 7.