Sevil

 

İstedad seçiminə mütəxəssis baxışı olmalıdır


Ağacəbrayıl Abasəliyev: “Xalq ulduzu”nda ruhu oxşayan mahnılar ifa olunur”

Zaman-zaman istedadlı kaman ustalarımız olub. Habil Əliyevdən sonra ulduzu parlayanlardan mərhum Ədalət Vəzirovu, Munis Şərifov, Şəfiqə Eyvazovanı qeyd etmək olar. Son illər daha bir kaman ustamızın adı dillər əzbəridir. Bu, hazırda hər həftə “Xalq ulduzu” mahnı yarışmasında tamaşaçıların münsif üzvü kimi tanıdığı Ağacəbrayıl Abasəliyevdir. Sənətkarla kamançadan, musiqi sənətindən, eləcə də hazırda tamaşaçılar, dinləyicilər arasında geniş rəğbət qazanmış “Xalq ulduzu” mahnı yarışmasından danışdıq.

Kamançanı ermənilər gözdən salmışdı

- Kamança haqda klassik Azərbaycan şairləri Nizami və Füzulinin əsərlərində də bəhs edilib. Bu musiqi aləti vaxtilə üçsimli olub. XIX əsrdə Aleksandr Oqazanaşvili adlı bir gürcü mütəxəssis kamanı dördsimli edib. Onu da deyim ki, bu gürcü Cabbar Qaryağdıoğlu, Qurban Pirimovla bir ansamblda kamança ifa edib. Necə Sadıqcan tarı diz üstündən sinəyə gətirib, eləcə də Oqazanaşvili kamanda belə bir yenilik edib. İndiyədək kamança sənətini inkişafında Hafiz Mirzəliyev, İsmayılxan Talışınski, Elman Bədəlov, Tələt Bakıxanov, Fərhad Dadaşov və bu kimi şəxslərin böyük xidmətləri olub. O ki qaldı ermənilərə, onların ifaçılığı haqda bunu deyə bilərəm ki, bu millət muğamı bilmədiyinə görə tarın yanında “tutuquşu” rolunu oynayıb, musiqi dilində desək, imitasiya ediblər. Sonralar Habil Əliyev, Şəfiqə Eyvazova kamançanı solo ifada, tələbəlik dostum, mərhum Ədalət Vəzirov isə simfonik orkestrdə kamança ifaçılığını nümayiş etdiriblər. 40-a yaxın dövlətdə - Yaponiya, Amerika, Fransa, İtaliya və başqa ölkələrdə keçirilən festivallarda kamançanı kifayət qədər təbliğ etmişik.

- Sizin kaman ifasına gəlişiniz necə olub?

- Mənim rəhmətlik atam Ağasaleh müəllim dahi bəstəkar Səid Rüstəmov, orkestrin digər konsertmeystri Adil Gəray, Hafiz Mirzəliyevlə birgə kollektivdə çalışıb. Onlar mənim 6 yaşım olarkən ad günümə gəlmişdilər, musiqi qabiliyyətimi yoxladılar. O vaxt Səid müəllim mənə xeyir-dua verdi ki, kamança sinfinə gedim. 6 nömrəli musiqi məktəbində dərs aldım, 70-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinə, 74-cü ildə isə konservatoriyaya daxil oldum. Mən konservatoriyanı həm dirijorluq, həm də kamança üzrə bitirmişəm. Musiqi Akademiyasında həm kamançadan, həm də muğamdan dərs demişəm.

- Habil Əliyevin ifasını necə qiymətləndirirsiz?

- Xalq sənətkarı başqadır, savadlı sənətkar başqa. Habil müəllim öz fərdi ifaçılıq üslubu ilə kamanı ermənilərin əlindən aldı. O, heç kəsi yamsılamadan, özünəməxsus, təkrarsız ifasıyla kaman ifaçılığında bir iz qoydu. 

- Hansı mahnını xüsusi olaraq ancaq kamanda ifa etmək mümkündür?

- “Vaqif” əsərində Xuraman özünü qayadan atanda, “Ögey ana”da oğlan anasının şəkli önündə ağlayanda kamanla “Şüştər” çalınır. Bu muğamın ifası kamançada çox gözəl səslənir. “Dilkəş”, “Bayatı-şiraz” - bunlar hamısı kamançaya aiddir. Məsələn, mənim ifamda qızıl fondda “Ay işığında”, “Xoşum gəlir”, “Lalay”, “Süzən qızlar” lirik musiqiləri saxlanır. Yəni bütün bu mahnılar həzindir, heç biri şən deyil.

“Hansı ölkəyə gedirəmsə...”

- Kamanı “ağlatmaq” ənənəsinin hələ də yaşadığı hiss olunmaqdadır, sizcə, kamanın “göz yaşlarını qurutmaq” vaxtı çatmayıbmı?

- Yox, kamanla oynaq mahnılar da ifa etmək mümkündür - “Koroğlunun üvertürası”ndan tutmuş digər şən mahnılara kimi. Bu yaxınlarda Rumıniyanın prezidenti Azərbaycana gəlmişdi. Onunla görüşə məni də dəvət etmişdilər. Orada mən rumın bəstəkarı Dinukun “Mak yallısı” çaldım. Çox rəğbətlə qarşılandı. Kaman ifaçılığında lazımdır ki, harada nəyi çalmaq düzgün seçilsin. Yəni məsələn, baltayla faydalı bir iş görmək, ev tikmək də olar, adam öldürmək də. Əsas olan odur ki, aləti faydalı, xeyirli məqsəd üçün istifadə edəsən.
Bunun üçün də böyük bazan olmalıdır. Digər tərəfdən, kamançanın düzgün təbliği üçün mən hansı ölkəyə gedirəmsə, o ölkənin mahnılarının kamança ilə ifasını öyrənirəm. Bu yaxınlarda Hindistanda da olduq. Onların da milli musiqiləri çox zəngindir. Amma kamançaya böyük maraqla baxırdılar. Kamanı pərdəsiz dörd simlə ifa etməyə təəccüblənirdilər.

- Tar, kaman, xanəndə. Bu klassik üçlük indi də bərpa olunur. Amma bu klassik üçlüklə indiki üçlükdə nə çatır, nə çatmır?

- Bayaq dediyim kimi, əvvəlki kaman ifaçılarının əksəriyyəti erməni olduğu və muğamı bilmədikləri üçün yalnız tarın ardınca gedirdilər, onun çaldığını təkrarlayırdılar. Bütün bunlar da kamanı gözdən salmışdı. Sanki ona ikinci dərəcəli alət kimi baxırdılar. Amma indi kaman öz təsdiqini tapıb. Mədəniyyət Nazirliyinin xəttiylə tarzən Ramiz Quliyevlə mən ayrı-ayrı vaxtlarda İrana dəvət olunmuşduq. Bir ay o, sonra da mən orada müxtəlif konsertlər verdik, iranlıların bizim musiqini öyrənmək həvəsini təmin etməyə çalışdıq. YUNESKO-nun xəttilə ora başqa dövlətlərdən də nümayəndələr gəlmişdilər, kamança həmin şəxslərdə maraq doğurmuşdu. Həmin vaxt YUNESKO-nun xəttilə keçirilən simpoziumda kaman haqda həm nəzəriyyəçi, həm də ifaçı kimi verilən üç mükafatın üçü də mənə nəsib oldu.

“Xalq ulduzu”nda ölməz mahnılarımız təbliğ olundu

- “Xalq ulduzu” mahnı yarışmasına necə oldu ki, münsif üzvü seçildiniz?

- Bu yarışmaya dəvət alanda məni ən çox sevindirən xalq mahnıları və klassik bəstəkarların ölməz mahnılarını canlandırmaq məsələsinin önə çıxması oldu. Yarışmaçıları hazırlamaq təklifini də mənə etdilər, mən də məmnuniyyətlə razılaşdım. İşlədiyim Muğam Teatrının rəhbəri Arif Qazıyevlə 70-dən çox tanınmış bəstəkar və şairlərin yaradıcılıq gecələrini keçirmişik. Odur ki, yarışmaçıları hazırlamaq təklifi mənim üçün çox xoş oldu. 2200 iddiaçıdan 840 nəfər seçildi. Onlardan isə 18 nəfəri seçdik.

- Seçim hansı prinsiplərlə aparıldı?

- Yarışmaçıların ritmi düz tutması, səsin gözəl, şaqraq, musiqi duyumunun yüksək olması və mahnıların gözəl ifasına üstünlük verirdik.

- Yarışmanı tərk edənlərdən ən çox kimə təəssüflənirsiz?

- Seçdiyimiz 18 nəfər 840 nəfərin ən yaxşıları idi. Həmin 18 nəfərin hamısı istedadlı gənclərdir. Əvvəllər uşaqların sırası seyrəldikcə, mən buna çox heyfsilənirdim. Sonra düşündüm ki, əvvəl-axır bu uşaqlar yarışmanı tərk etməlidirlər. Amma ən çox Şəhla Həmidovanın yarışmadan çıxmasına təəssüfləndim. Yaxşı ki, o, yarışmadan əliboş getmədi. Bildiyiniz kimi, ona xeyirxah bir iş adamı mənzil verdi və o, Lənkəranda müalicə olunacaq.

- SMS-lə keçirilən müsabiqələrə münasibətiniz necədir?

- Əlbəttə, mən istərdim ki, gələcəkdə imkanlı şəxslər bu işi yalnız münsiflər heyətinin ixtiyarına buraxsın. Çünki istedad seçiminə mütləq mütəxəssis baxışı olmalıdır və jüri də obyektiv seçim etməlidir. Bu zaman sənətkarlıqdan, istedadın üzə çıxmasından söhbət gedə bilər. Amma digər tərəfdən, xalqa da seçim imkanı verilir ki, onlar öz zövqlərini nümayiş etdirsinlər.

- Axı, SMS-lə seçimdə adətən hər ifaçının yaxınları, qohumları rol oynayır.

- Mən deməzdim. Çünki qohum, tanışlarla çox uzağa getmək olmur, onların hər dəfə mesaj göndərmək imkanı olmaya da bilər. Sonda yenə iştirakçılar xalqın SMS-ləri hesabına seçilir.

- İştirakçılar arasında əksəriyyət İlahə İbadovanın qalib olacağını güman edirdi. Amma əksinə oldu. Müsabiqə boyu sona qalan Mirkamil səs faizinə görə onu üstələdi. Deyəsən, o, SMS taktikasına yaxşı əməl edir.

- Bu da mümkündür. Mən hər iki gəncin istedadına inanıram. İlahə İbadova 7 həftə lider oldu. Bu da böyük göstəricidir. İndi müsabiqənin şərti belədir ki, finala bir nəfər qalmalıdır.

- Yeri gəlmişkən, sizcə, səsvermə niyə konkret rəqəmlərlə yox, faizlə göstərilir?

- Bu, hər halda “Baksel”lə “Soy” kampaniyasının müqaviləsinə  daxil olan məsələdir, mənim onların bu işinə müdaxilə etmək hüququm yoxdur. Amma bunu danmaq olmaz ki, “Soy” prodakşn kompaniyası və ATV telekanalı xalq mahnıları və korifey bəstəkarlarımızın ölməz mahnılarının təbliğində çox faydalı iş gördü. Başqa telekanallardakı yarışmalarda daha çox türk mahnılarına üstünlük verilir. Amma bu müsabiqədə gördüyünüz kimi ruhu oxşayan mahnılar seçilir.

- “Xalq ulduzu” bir çox sənətkarlar tərəfindən də rəğbətlə qarşılandı.

- Xalq mahnılarında bizim ruhumuz yaşayır. Ona görə bu mahnılar belə sevilir. Korifey bəstəkarların da mahnıları ona görə xoşlanır ki, bu bəstəkarlar muğamlarımızı yaxşı bilir.
Ona görə bu mahnılar xalqın dilindən düşmür, rəğbətlə qarşılanır. Səid Rüstəmovun “A qızım, haralısan?”, “Qurban adına” və sairə mahnılarını kim dinləsə zövq alır. Tofiq Quliyevin “Quşlar, quşlar” mahnısı adamın sümüyünü də oynadır. Yəni demək istəyirəm ki, bu mahnıların bəzisi xalq yaradıcılığına əsaslandığı üçün belə sevilir. Xalq mahnılarının gözəlliyi, onlardakı həyatilik, ruh bəstəkar mahnılarında da yaşanmalıdır. Musiqi nə qədər dərin, professional, mükəmməl olarsa, bir o qədər sevilib, əzizlənər. 

- Ötənhəftəki turda Aygün xanımla deyəsən, aranızda bir az narazılıq yarandı. Buna səbəb nəydi?

- Münsif üzvlərinin fikirlərinin təzadlılığı yaxşı haldır. Hər kəs eyni fikri desəydi, onda bizim dördümüzə də nə ehtiyac vardı? Mən Aygün xanımı 20 ildir tanıyıram. Necə deyərlər, o, mənim gözümün qabağında boya-başa çatıb. Keçən dəfə musiqi parçası ilə bağlı hərəmiz bir cür mülahizə yürütdük. Bunu gərək kadra çəkənlər bu şəkildə qabartmayaydılar. Onunla aramızda ciddi bir narazılıq yoxdur. Mən Aygün xanımın sənətkarlığını bəyənirəm və hörmət edirəm.

- Sizcə, finalda kim birinci olacaq?

- Bayaq dediyim kimi, bu müsabiqədə bizim səs hüququmuz yoxdur. Eldənizin, yaxud Mirkamilin qalib olacağını SMS-lər müəyyən edəcək. Əgər Şəhla kimi bir ifaçı yarışmanı tərk etdisə, deməli, sabah Eldəniz də çıxa bilər. Hər halda, bunu gələcək göstərər. Onların hər ikisinə uğurlar arzulayıram.


Yeni Müsavat.-2007.-28 iyul.-S.14.