Cavadov S.
Masallının "Halay" folklor ansamblı artıq 50 ildir səhnədədir. Ötən yarım
əsr ərzində
o, dünyanın bir çox ölkəsində
olmuş, müxtəlif
xalqların tamaşaçıları
qarşısında respublikamızı,
milli-mənəvi dəyərlərimizi
ləyaqətlə təmsil
və təbliğ etmişdir. Hər çıxışı, səfəri ona uğurlar gətirmiş, adını eldən-elə
yaymışdır. İndi
ölkəmizdə elə
adam olmaz
ki, bu məşhur
kollektivin adını
eşitməmiş, bir-birindən
maraqlı çıxışlarına
baxmamış olsun.
Masallı rayon Mədəniyyət
və Turizm Şöbəsinin müdiri
Lətifə Mövsümova
ilə onun iş yerində görüşdük. "Halay"a şan-şöhrət
gətirən qızlar
da burada idilər. Şöbədə saxlanılan videokasetlərə
tamaşa etdikdən sonra xatirələr çözələndi. Məlum oldu
ki, bu adlı-sanlı
kollektiv Mahmudavar kənd klubunun müdiri işləyən
Ümbülbanu Cəbiyeva
tərəfindən yaradılıb.
İlk zamanlar Ümbülbanu başda olmaqla "Halay" cəmi 2-3 qızdan ibarət olub. Elə o zaman Bakıda
keçirilən folklor
festivalında uğurla
çıxış edərək
ilk mükafatını alıb.
Bu təltif gənc
Ümbülbanunu yeni arzulara qanadlandırıb.
İstəyib min illər boyu
yol gələn, sadə olduğu qədər də dərin məna çalarları ilə zəngin olan xalq bayatılarını,
zəhmət qoxulu nəğmələrini, gözəlliyi
əks etdirən rəqslərini dünya xalqlarına göstərsin.
Yaxşı başlanğıc işin yarısıdır,
deyiblər. Ürəklə
başladığı iş
aylar-illər keçdikcə
öz bəhrəsini
verib. Kollektivi ən möhtəbər
tədbirlərə dəvət
etməyə başlayıblar.
"Halay" qızlar
ansamblı böyük
sənətkarlar - unudulmaz
Rəşid Behbudov, Zeynəb Xanlarova, Müslüm Moqamayev və digər korifey incəsənət ustaları ilə eyni səhnədə uğurla çıxış
edib.
L.Mövsümova:
- Yaxşı yadımdadır.
1972-ci ilin payızı
idi. Paytaxt Bakıda, o vaxtkı Lenin adına sarayda
respublika əhəmiyyətli
tədbir keçirilirdi.
Təntənəli məclisin konserti
başa çatandan sonra o zaman Azərbaycan
KP MK-nın birinci katibi işləyən Heydər Əliyev səhnəyə qalxaraq incəsənət ustaları
ilə bir-bir görüşüb hal-əhval
tutdu. Növbə
bizə çatanda əlini çiynimə qoyub dedi: "Sag ol, yaxşı kollektiv yaratmısınız.
Xalqın folklorunu bilmək,
yaşatmaq, onu gələcək nəsillərə
ötürmək gərəkli
və şərəfli
bir işdir. Bu mənada fəaliyyətiniz,
çıxışlarınız diqqətəlayiqdir. Çalışın nəcib işinizi daha da zənginləşdirin,
davam etdirin".
Mən də ulu öndər
Heydər Əliyevə
söz verdim ki, nə qədər
gücüm var, çalışacağam dediklərinizə
əməl edim.
"Halay" folklor ansamblı fəaliyyət
göstərdiyi yarım
əsr ərzində xalq incilərini toplayaraq ona təzə nəfəs gətirib. Düzdür, ötən müddət
ərzində kollektivin
tərkibi mərhələ-mərhələ
bir neçə dəfə dəyişib.
Qızların çoxu pərvazlanaraq
müxtəlif ünvanlara
uçub, ailə həyatı qurub. Moskvada, Bakıda, Lənkəranda, habelə
digər ünvanlarda yaşayıb, ev-eşik sahibi olan bu
qızlar indi də öz doğma "Halay"ları
ilə məktublaşır,
əlaqə saxlayır,
nailiyyətləri ilə
fəxr edirlər. Əlli il
öncə olduğu kimi, bu gün
də folklor ansamblının bədii rəhbəri Ümbülbanu
Cəbiyevadır. Bacısı Natəvan isə baletmeysterdir.
Ansamblın üzvləri bayramlarda,
şənlik tədbirlərində
olduğu kimi, çətin günlərdə
də həmişə
xalqın yanında olmağı özlərinə
borc biliblər. Erməni qəsbkarlar torpaqlarımıza hücum
edərkən kişi qeyrətli bu qızlar Ağdərədə, Füzulidə,
Ağdamın Novruzlu,
Gülablı, Bağbanlı
kəndlərində gedən
qızğın döyüşlər
zamanı əsgərlər
qarşısında çıxış
edərək onları
döyüşə ruhlandırıblar.
Lənkərandakı hospitalda çıxışı
ilə "Halay" hətta bir əsgəri ölümdən
xilas etmişdir.
Hadisə belə olmuşdur: Laçından
olan yaralı əsgər bütün doğmalarının, əzizlərinin
ermənilər tərəfindən
vəhşicəsinə qətlə
yetirildiyini biləndən
sonra intihar etmək qərarına gəlir. "Halay"ın
bu ərəfədə
hospitala gəlib yaralı əsgərlər
qarşısında çıxış
etməsi onu bu fikirdən daşındırır. Hətta əsgər
artıq bu barədə məktub yazaraq yastığının
altına qoyur və sonra onu
yoldaşlarına bəyan
edir. Bax, budur incəsənətin
gücü, qudrəti.
"Halay" 30-a yaxın
xarici ölkədə
olmuş, qədim xalq adət-ənənələrini
nümayiş etdirmişdir.
Kollektivin hər bir çıxışı müxtəlif
festivallarda yüksək
qiymətləndirilmişdir. Ansambl hər dəfə vətənə yüksək
mükafatlarla qayıtmışdır.
Bu təltiflərin hamısını bir yerə yığanda böyük bir kolleksiya yaranır. Onların hamısı ən əziz xatirə, çəkilən zəhmətin
bəhrəsi kimi qorunub saxlanılır.
Qızlar xarici ölkələrə
səfərləri zamanı
milli adət-ənənələrimizi
özündə əks
etdirən müxtəlif
əşyaları götürməyi
də unutmurlar. Masallıda hazırlanan həsir, palaz, həsir zənbil, habelə digər məmulatlar və nemətlər geniş tamaşaçı
kütləsinin marağına
səbəb olur.
Bu ilin mart ayında
"Halay" folklor ansamblı qardaş Türkiyədə Novruz bayramı münasibətilə
keçirilən uluslararası
şənlikdə iştirak
etmişdir. Türkiyənin,
Moldovanın Qaqauz elinin, Tatarıstanın, Başqırdıstanın, Qazaxıstanın,
Saka Yakutun, Hakasiyanin, Altayın, Tuvanın, Qırğızıstanın,
Özbəkistanın, Türkmənistanın
incəsənət ustalarının
qatıldığı möhtəşəm
bayram tədbirində
"Halay" yenə
fərqlənmişdir. Həmin tədbirdə
yaddaqalan belə bir hadisə də olmuşdur. Qədim el bayramı ilə əlaqədar keçirilən
tədbirə yola düşərkən masallılı
qızlar özləri
ilə səməni, şəkərbura, paxlava
və başqa bayram sovqatları götürüblərmiş. Konsertlərin birində Türkiyə
Cümhuriyyətinin Baş
naziri Rəcəb Tayyib Ərdoğan "Halay"ın üzvləri
ilə görüşüb
onları təbrik edir. Qızlarımız da öz növbələrində Baş
nazirə baharın gəlişini təcəssüm
etdirən səməni
və şəkərbura
verirlər. Cənab T.Ərdoğan
çox məmnun olduğunu, sevindiyini bildirir.
1988-ci ildən "Xalq
kollektivi" adına
layiq görülmüş
"Halay" və onun bugünkü üzvləri - Xəyalə
Dadaşova, Səliqə
Sadıqova, Tünzalə
Abdullayeva, Elnarə Hüseynova, Sevanə İsgəndərova, Ənivəs
Səfərova, İranə
Sadıqova, Zərifə
Qulamova, Aynur Nəsirova, Şəhla İsgəndərova və
başqaları kollektivin
keçmiş şöhrətini
nəinki saxlamaq, hətta onu artırmaq üçün
gecəli-gündüzlü çalışırlar. Kollektiv "Gənclər
ili" ilə əlaqədar, demək olar ki, hər
gün rayon mərkəzində
maraqlı proqramlarla çıxış edir.
Həmçinin "Halay"
bu il
üçün qonşu
Dağıstana və
Şərqin ən qədim dövlətlərindən
biri olan Misirə dəvət alıb. Kollektiv, bax beləcə,
dünyanı ölkə-ölkə
gəzərək Azərbaycanı
ləyaqətlə təmsil
edir, onun qədim mədəniyyətə
malik olduğunu bir daha nümayiş
etdirir.
Azərbaycan.-2007.-20 iyul.-S.5.