Hüseynoğlu S.

Valeh kimi aşıqlar

 

Kolanlı Həsən Şıxavəndli: “Aşıq Valeh”.
İqtisad Universiteti
- 2007

 

Bəlkə də xalq mahnısı adı ilə təqdim edilən, el şənliklərində, ekrandan, efirdən dönə-dönə dinlədiyimiz bu şux, oynaq mahnının sözlərinin ustad el sənətkarı Aşıq Valehə məxsusluğundan çoxlarımız xəbərsiz olmuşuq. Zənn etmişik ki, bu havacat sözüylə, bəstəsiylə birgə necə var eləcə xəlq olub, doğulub:

Ay ana, bu bir cüt sonanın
Hansına qurban mən olum?
Süzgün baxıb can alanın
Hər ikisinə qurban mən olum.

Elə havasınaca bilirsən ki, bu çaşqınlıq ustad aşığın göz-könül dağınıqlığından deyil, İlahinin yaratdığı, xəlq etdiyi, nəqş vurduğu gözəllik qarşısındakı heyrətinin əks-sədasıdı, füzulinin “Heyrət, ey büt!..” heyranlığının bəlirtisidi.
Aşıq Valehin bu sayaq düzgü-qoşqusu bir deyil, beş deyil. Bir yerə cəm olanda zəngin bir xəzinə mislindədi. Necə ki, Kolanlı Həsən Şıxavəndlinin bu günlərdə tərtib edib oxucu diqqətinə çatdırdığı “Aşıq Valeh” toplusu bu dediklərimizə şahidlik edir. AMEA folklor İnstitutunun direktoru N.İsmayılovun “Ön söz”ü, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin “Aşıq Valeh sevgisi” tanıtması ilə açılan kitaba Şıxavəndli Həsənin “Aşıq Valehin həyatı, dövrü və mühiti” adlı geniş məqaləsi ilə yanaşı, ustad el sənətkarının qoşma, gəraylı, müxəmməs, müstəzad və həcvləri, dövrünün məşhur aşıqları ilə deyişmələrindən nümunələr, onunla bağlı dastanlar və seçilmiş kəlamları daxil edilmişdir. “Ön söz”də haqlı olaraq deyilir ki, Qarabağ aşıq mühitinin öyrənilmsində xüsusi dəyəri olacaq bu kitab Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsinin milli mədəniyyət tariximizdəki önəmini bir daha diqqətə çatdırmaqla bu gün üçün xüsusi aktuallığa malikdir.

 

Ədəbiyyat qəzeti.-2007.-20 iyul.-S.6.