İsayev Ə.

 

Çal, aşıq, çal

 

Bu dağlar elə bil insanları ucaltmaq üçün yaranıb. Əməkdə hünərdə, elmdə təhsildə, söz sənət aləmində Gədəbəyin neçə-neçə zirvəsi var. Əməkdar mədəniyyət işçisi, prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovu da bütün ölkə tanıyır.
El sənətkarının 70 yaşı tamam olur. Heç deməzsən ki, o bu ömrün sahibidir. Həmişə əsrarəngiz dağlarda, toyda-düyündə, şənliklərdə cövlan elədiyinə görə, göz dəyməsin, cavan qalıb, gümrahdır. Yenə elə öz əvvəlki coşqunluğunda, çal-çağırındadır.
İsfəndiyar Rüstəmov əlli ildir ki, sazı sözü ilə məclisləri bəzəyir, ulu ozan sənətini yaşadır. 1937-ci il iyulun 1- Gədəbəy rayonunun Gərgər kəndində anadan olub.
Aşıqlıq sənətini atası Ədil Tağı oğlundan öyrənib. Lap erkən yaşlarından sazla həmdəm olub. Gədəbəy mədəniyyət evinin özfəaliyyət kollektivində çalışıb.
Onun zil məlahətli səsi ürəklərə tez yol tapdı. Zəngin söz xəzinəsi, təmiz tələffüzü, səbirli, təmkinli duruş-oturuşu söz-sənət bilicilərinin diqqətini cəlb etdi. Toylarda, məclislərdə, el şənliklərində dönə-dönə alqışlandı. Gədəbəy aşıqlar aləminin öz təbii dəst-xətti olan yeni bir istedadı üzə çıxdı. 20-21 yaşlarında o, artıq tanınmış aşıq idi.
İ.Rüstəmov ilk dəfə 1958-ci ildə geniş səhnəyə çıxdı. Bakıda, folklor festivalında birinci dərəcəli diploma döş nişanına layiq görüldü. 1964-cü ildə gənc istedadları başına yığdı. Gədəbəy aşıqlar ansamblını yaratdı. 1981-ci ildə kollektivə xalq aşığının adı verildi. Aşıq İsfəndiyar ölməz Ələsgərin pərəstişkarıdır. 1973-cü ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyində fəal iştirak edib, Moskva, Göyçə, Bakı şənliklərində öndə olub. "Ələsgər" yubiley medalı ilə təltif edilib.
Beləcə, dağlar diyarında yetişən sənətkarın yaxın- uzaq ellərdə uğurları başlandı. Ümumittifaq festivalından Gədəbəyə qızıl medal gətirdi. Xalq təsərrüfatı nailiyyətləri sərgisinin açılışında, Göyqurşağı müsabiqəsində, Özbəkistanda keçirilən ədəbiyyat incəsənət ongünlüyündə, Türkiyə, İran, Mahaçqala festivallarında diplomlar fəxri fərmanlar aldı. Bütün bu yaradıcılıq uğurlarına görə Aşıq İsfəndiyar Rüstəmova Azərbaycan Ali Sovetinin fəxri fərmanı verildi. 1991-ci ildə o, respublikanın əməkdar mədəniyyət işçisi adına layiq görüldü.
Bu yerlərdə elə bir şənlik, toy-düyün, böyüklü-kiçikli məclis, mərəkə çətin tapılar ki
, aşıq İsfəndiyar öz sazı sözü ilə onu bəzəməmiş olsun.
Keçən ilin noyabr ayında ölkə başçısı cənab İlham Əliyev Gədəbəyə gələndə onu qarşılayanlardan biri İsfəndiyar Rüstəmov oldu. Prezident xalq aşıqları ansamblının ifasını dinlədi el sənətkarlarına minnətdarlığını bildirdi.
İ.Rüstəmov ozan sənətini səriştə ilə yaşadır. Baş Sarıtelin ən mahir ifaçılarından biri sayılır. O özünün təzə kitabını da "Baş Sarıtel" adlandırıb.
Məni məndən ayrı salır,
Çalınanda Baş Sarıtel.
Könüllərdə izi qalır,
Çalınanda Baş Sarıtel.
Kitabda el aşığının yüzlərlə sənət incisindən nümunələr verilib. Qoşmalar, gəraylılar, ustadnamələr, divanilər, deyişmələr bir ki, gördüyü, bildiyi, maraqlı, yaddaqalan görüşlər barədə kiçik dastanlar...
Aşıq İsfəndiyar ömrünün ən kamil çağını yaşayır. Yenə sazı sinəsində, özü məclislərin başındadır. Müstəqil yurdumuzun xoş günlərini, vətən mülkünün gözəlliklərini, qurub-yaradan insanların sevgisini, sədaqətini tərənnüm edir.
Ulu tarixi olan mədəniyyətimizin ölməz aşıq sənətinin daha da rövnəqlənməsinə göstərdiyi xidmətə görə bu yaxınlarda İsfəndiyar Rüstəmov prezident təqaüdünə layiq görülüb.
Yetmiş yaşlı ustad-sənətkar deyir ki, indi yazıb-yaratmağın, çalıb-oxumağın, müstəqil ölkəmizə xidmət etməyin ən gözəl vaxtıdır. Ölkə başçımız sağ olsun ki, söz-sənət sahiblərinə həmişə qayğı, diqqət göstərir bu uzaq dağ bölgəsində yaşayan mənim kimi sadə bir sənətkarı da yaddan çıxarmayıb.
Bircə arzum var. Kaş Qarabağ tezliklə azad olaydı. Mən bütün kollektivimlə birgə İsa bulağına gedəydim gecə-gündüz çalsam da, yorulmazdım. Onda görərdiniz ki, Baş Sarıtel necə haray çəkir.

Azərbaycan.-2007.-20 iyul.-S.5.