Ömrü hər gün
yenidən başlamaq olar...
Bakı Uşaq Teatrının hazırladığı
yeni tamaşanın əsas qayəsi belədir
İyulun 9-da Bakı Uşaq Teatrında "Qalan ömrün ilk günü" tamaşasına
ictimai baxış keçirilib. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin birgə dəstəyilə, yuxarı
sinif şagirdləri və böyüklər üçün hazırlanan
tamaşa əsasən
azadlıqdan məhrum
edilmişlər qarşısında
nümayiş etdirilmək
məqsədilə nəzərdə
tutulub.
İctimai baxışdan
öncə teatrın
bədii rəhbəri
və direktoru İntiqam Soltan çıxış edərək,
vərəm xəstəliyi
ilə mübarizə
mövzusuna həsr olunan bu səhnə
əsərinin Bakı
Uşaq Teatrında böyüklər üçün
hazırlanan ilk tamaşa olduğunu bildirib: "Məlumdur ki, hər il
dünyada 3 milyon adam vərəm xəstəliyindən ölür.
Hər 10 saniyədə
1 nəfər bu xəstəliyin qurbanı
olur. Vərəmlə
bağlı problemlər
Azərbaycanda da mövcuddur. Təcridxanalarda
bu xəstəlik daha çox yayılıb. Təqdim olunan yeni tamaşa
vərəm xəstəliyinə
qarşı aparılan
müalicəvi-profilaktik
tədbirlərin bir hissəsidir".
Beynəlxalq Qırmızı
Xaç Komitəsinin
Azərbaycandakı nümayəndəliyinin
başçısı Martin
Amaşer bu mühüm mövzuya müraciət edilməsinin
səbəbini belə
açıqlayıb: "Tamaşa
vasitəsi ilə problemin ciddiliyini cəmiyyətə daha aydın şəkildə
çatdırmaq mümkündür.
Bizim məqsədimiz insanların vərəmdən
qorunmasının, onun
müalicəsinin vacibliyini
cəmiyyətə daha
dərindən anlatmaqdır.
Bu yöndə elmlə yanaşı, incəsənətin də
rolu böyükdür".
Vərəmlə mübarizə mövzusunun
təbliğinə ehtiyac
duyulduğunu vurğulayan
M.Amaşer ictimai-siyasi,
səhiyyə təşkilatlarından
tamaşanın yalnız
həbsxana daxilində
deyil, eyni zamanda kənarda da nümayişinə dəstək vermələrini
xahiş edib.
Ədliyyə Nazirliyi Səhiyyə İdarəsinin rəhbəri
Rafael Mehdiyev və Penitensiar Xidmətin sosial müdafiə şöbəsinin
rəisi Rafiq Ramazanov tamaşanın geniş ictimaiyyətə
təqdim olunmasının
vacibliyini vurğulayıblar.
İntiqam Soltanın
quruluş verdiyi tamaşanın musiqi tərtibatçıları Mahir
İbrahimli və Cəlal Əlizadədir. Rolları Mehman Piriyev, Esmira Həsənli, Pərvin Allahverdiyev, Ruslan Mürsəlov, Vüsalə
Xəlilova, Əliağa
Əliyev, Cavanşir Məhərrəmov, Natiq Fərzəliyev və Könül Şahbazova ifa edirlər.
Tamaşada vərəm
xəstəliyinə yoluxan
insanın acınacaqlı
durumundan və onun öz ailəsinə
yaşatdığı faciədən
bəhs olunur. Hadisələr Sovet hakimiyyətinin son dövrlərində cərəyan
edir. Əsərdə
cəmiyyəti narahat
edən önəmli məsələlər bir
məhbusun faciəsi əsasında təqdim olunur. Tamaşanın süjet xətti işsizlik, yoxsulluq kimi amillərin yaratdığı problemlər
üzərində qurulub.
Səhnə əsərində müəllif həbsxana həyatı keçirən
məhkumları ruhdan
düşməməyə, azadlığa çıxdıqdan
sonra xeyirxah əməllərlə məşğul
olmağa səsləyir.
İnsanları bütün
xəstəliklərə qarşı
mübarizə aparmağa,
sağlam düşünməyə
istiqamətləndirən əsər
maarifləndirici məzmuna
malikdir. "Hər gün qalan ömrün ilk günüdür və onu yenidən başlamaq olar" - əsərin əsas ideyası budur.
525-ci qəzet.-2007.-11 iyul.-S.7.