İbrahimova S.

 

Əyalətdə səhnə əsərlərinə maraq daha çoxdur

 

Amma Amaliya Pənahova paytaxt tamaşaçılarını qınamır

 

Bəzi paytaxt teatrları ilə müqayisədə Bələdiyyə Teatrının ötən mövsümdə bölgə səfərləri üstünlük təşkil edib. Teatrın bədii rəhbəri, Xalq artisti Amaliya Pənahova ilə söhbətimizdə paytaxt tamaşaçılarının teatra marağının azaldığını dedikdə, o, bunu təkzib etməyərək bildirdi ki, əyalətdə səhnə əsərlərinə maraq daha böyükdür: "Rayon camaatının klassik əsərlərə marağı daha çoxdur. Düzdür, paytaxtda da klassik əsərlər oynanılır. Onun da öz tamaşaçıları var. Amma müasir gənclərin diskoteka, əyləncə mərkəzlərinə güclü axınını nəzərə alsaq, bu sayaq tamaşalara ancaq orta nəslin nümayəndələri gəlirlər. Onların arasında tək hallarda cavanlara rast gəlmək mümkündür. Əyalət teatrlarında tamaşalarımız həmişə anşlaqla keçib. Bu üzdənsəfər təkliflərimiz bir-birinin ardınca gəlməkdədir".

1989-cu ildə təhsil naziri məktəblərə bilet paylamağı qadağan edəndə, səhnə əsərinə maraq göstərən məktəblilər bunu büdcə hesabına davam etdirdilər. Bu qərar onların teatra olan marağını qəti azaltmadı. Lakin dövr dəyişdikcə həmin maraq əyləncə mərkəzlərinə doğru istiqamət almağa başladı. Bu il təhsil naziri həmin qərarı ləğv edib. Amma vəziyyət bir o qədər də ürək açan deyil. Amaliya xanım hesab edir ki, gənclərin düşüncəsinə təsir göstərmək lazımdır. Onun fikrincə, gənclər gördüyü, eşitdiyi hər bir yeniliyə maraq göstərir: "Onların bəziləri düşünürlər ki, teatra yalnız yaşlananda getmək lazımdır, bəziləri, ümumiyyətlə, getmək arzusunda deyil. Bəzi gənclər də var ki, işdən vaxt tapıb mədəni istirahətlə məşğul ola bilmirlər. İndinin qrafiki elədir ki, səhərdən axşama kimi işlə məşğul olmalısan. Bəzilərinin heç istirahət günü də olmur. Hamısını qınamaq olmaz. Məni daha çox düşündürən dramaturqların azlığıdır. Əvvəllər yalnız dramaturqların əsərləri səhnələşdirilirdisə, bu gün bu peşə ilə siyasətçi də məşğul olur".

Gənclərdən söz düşmüşkən, Amaliya xanım aktyorlar barədə də fikrini söylədi. Dedi ki, aktyorun imkanlarını yaxşı əsərlər üzə çıxarır. Xalq artisti hesab edir ki, repertuarı yalnız klassik əsərlərlə qurmaq mümkün deyil. Artıq ənənəvi tamaşaçı bəzi tamaşaları əzbərdən bilir. Qaldı aktyora, o, bu tamaşanı onsuz da yaxşı oynamalıdır: "Amma yeni əsərlərin süyet xətti bir o qədər düşündürücü olmur. Söhbət tək teatr səhnəsindən getmir. Son illər şou-proqramlar təqdim edilir. Aktyorların əksəriyyəti eyni süyet üzərində dayanıblar. Ssenarist adı çəkiləndə uzun müddət düşünürəm. Bu kimdir? Peşəsi nədir ki, ssenarisi ürəkaçan deyil. Bir müddətdən sonra yeni proqramı təqdim olunur. Yenə eyni aktyorların oyununda oxşar ssenarini izləyirik. Gözümüz yorulub. Müəyyən bir vaxt olur ki, tele-kanallar teatrların repertuarını təqdim edirlər. Düşünürəm ki, bu yəqin serialların tükəndiyi vaxta təsadüf edir. Bir müddət keçir bu ənənə pozulur. Həmin serialı izləyən gənc səhəri gün yolunu teatrda salmayacaq. Artıq o, öz həyatını serialdakı qəhrəmanın həyatına oxşatmağa çalışır. Onu Cəfər Cabbarlı, Nəbi Xəzri, Hüseyn Cavidin qəhrəmanları düşündürmür. Onu da qeyd edim ki, nədənsə, televiziyalar tamaşa nümayiş etdirəndə, bunu yalnız gecə saatlarına təyin edirlər. Həmin tamaşalar vaxtı doldurmaq üçün hazırlanmır. Ən azından teatra pul ya vaxt məhdudiyyəti üzündən gələ bilməyən tamaşaçı tamaşaları izləyir".

Söhbətin sonunda A.Pənahovadan aktyorların şoulara, əyləncələrə olan marağına münasibətini öyrəndik. Sözünü "Maşın" şoudan başlayan Xalq artisti dedi ki, əslində, aktyorun bu cür oyunlarda iştirakı qəbahət deyil. Bunun özü bir reklamdır. Amma hər şey yerində olmalıdır: "Maşın"ın sonuncu buraxılışını bir o qədər bəyənmədim. Müxtəlif təbəqəli insnalar müxtəlif mövzuda söhbətlər. Şoudan əvvəl dedilər ki, veriliş sırf aktyorların iştirakı ilə təqdim ediləcək. Sonra vəziyyət dəyişdi, mövzular da. Bəzi aktyorlar emosiyalarını saxlaya bilmirdilər. Bu da onlarıniç üzünü göstərirdi

 

Kaspi.- 2007 .- 21-23 iyul.- S.20.