Qaliboğlu E.

 

Tamaşaçı teatrın ən böyük afişasıdır

 

Aydın Talıbzadə: "Böyük sənət həmişə kapital dünyasında adi insanın müdafiəçisi olub"

 

Teatr insan duyğularının, arzularının bədii biçimdə, gerçəkliyin daha çox xəyali, mümkün qədər arzulara uyarlı, həmçinin arzuların təsdiqini tapan səviyyədə gerçəkləşdiyi bir məkandır. Bu gün nə qədər ziddiyyətli məqamlarla rastlaşsaq da, sənət barədə müxtəlif təəssüratlar olsa da, bütün hallarda teatra zəruri, qaçılmaz ehtiyac var. Tanınmış teatrşünas Aydın Talıbzadə ilə Azərbaycan teatrının mövcud durumu, ideya yönü barədə söhbət etdik.

- Sənət yarandığı çağdan bəri istər-istəməz insan dərdindən, qayğılarından danışır. Di gəl ki, dünyanın, insanın dərdləri, problemləri azalmır, artır. Sizcə, dünyanın, insanın mövcud qayğılarına bu gün sənətin yanaşması necədir?

- Mənim aləmimdə sənət, həmçinin də ədəbiyyat təkcə qayğı ünvanlı deyil. Sənətin, ədəbiyyatın obyekti ilk növbədə insandır, onun yaşantılarıdır, düşüncəsidir, daxili aləmidir, gözəlliyə, dünyaya, varlığa münasibətidir. Əgər burada ədəbiyyatın, sənətin sosial qayğılara yönəlik mahiyyətindən danışırsınızsa, ədəbiyyat, sənət bu problemləri də yenə insan, fərdin yaşantıları baxımından davamlı şəkildə işıqlandırır. Daha doğrusu, əgər bir fərddən sənətdə, ədəbiyyatda söz açılırsa, şübhəsiz ki, bu fərd sosial fərddir və sosial dünyanın bütün prosesləri, problemləri bu fərdin də problemləridir... Sənət ilk növbədə insanın daxili dünyasına, onun xarici aləmlə münasibətlərinə həsr olunan bir nəsnədir. Ədəbiyyat da, sənət də özündə müəyən insani dəyərləri daşıyır: ədalət, həqiqət, mənəviyyat, təmizlik, ruhanilik bu qəbildəndir. Bu ideyalar, prinsiplər insan cəmiyyətində öncül yerlərdə dayanır. Ədəbiyyat da, sənət də hər hansı bir toplumda, cəmiyyətdə bu dəyərləri öz dövrünə görə sınaqdan keçirir. Bu, bütün dövrlər üçün xarakterik olan bir məsələdir.

Əgər hər hansı bir fərd öz mənəvi dünyasının prinsiplərini pozursa, bu, onun günahıdır. O yerdə ki, sənətə, ədəbiyyata, insanın öz mənəvi dünyasına xəyanəti var, orada ədəbiyyat, sənət olmur. Ona görə də sənətçi, hər hansı bir yazar, hər hansı bir rejissor, aktyor, yaxud da ki, teatrşünas bu prinsiplərə xəyanət edirsə, o, əslində böyük uğurlar qazana bilmir. Əgər sən öz düşüncələrini, varlığını pula, vara- dövlətə satırsansa, onda ədəbiyyat, sənət yaranmayacaq. Fərd seçim qarşısında qalır; ya mənəviyyat cəbhəsində olub, mənəviyyat dünyasının daşıyıcısı olmalısan, ya da sadəcə, maddiyyat aləminə adlayıb orada yaşamalısan.

- Sovet dövründə sosializm ideologiyası ədəbiyyatda xeyli sayda carçılarını tapdı. Amma Qərb ədəbiyyatının Balzak, Drayzer və başqa xeyli tanınmış nümayəndələri kapitalizmi qəbul etməyiblər, həmişə onu tənqid ediblər. Sizcə, bu gün sənətin, ədəbiyyatın bu yöndə axtarışları nə ilə sonuclanır?

- Burada söhbət böyük sənətdən, ədəbiyyatdan gedir. Həmişə böyük sənət, ədəbiyyat kapital dünyasında adi insanın müdafiəçisi olub, onun haqqını, hüquqlarını qoruyub. İstər Amerika, istərsə də Avropa, həmçinin rus ədəbiyyatında bu məsələ öncül sırada dayanıb. İnsanın aliliyi fərdlər səviyyəsində qorunub saxlanılmalıdır. Ədəbiyyat özündə bu ideyanı həmişə yaşadıb. Mahiyyət etibarilə bu prinsiplər heç vaxt dəyişmir. Yaradıcı olan insan dünyaya, insanların yaşam tərzinə aktiv reaksiya verib. Belə olub, həmişə də belə olacaq.

- Sizcə, bu gün konkter olaraq Azərbaycanda sənətin qayğıları və uğurları nədər ibarətdir?

- 2006-2007-ci illərdə Azərbaycan teatrının inkişaf etdirilməsi məqsədilə irəliyə doğru bir neçə addım atıldı. "Teatr haqqında qanun" qəbul edildi. Fərdi yaradıcılığa qanunun dəxli yoxdur. Amma o yerdə ki, kollektiv var, qanun qaçılmazdır və olduqca böyük əhəmiyyət kəsb edir. Dünyada yaranmış münasibətlərə uyğun olaraq bu qanun teatrdakı münasibətləri tənzimləməyə yönəlikdir. Həmçinin Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan mədəniyyətinin 10 illik inkişaf konsepsiyasını işləyib hazırladı. Burada teatra son dərəcə böyük önəm verildi. Nəhayət, dövlət başçısı Azərbaycanda teatr sənətinin inkişaf etdirilməsi haqqında xüsusi sərəncam imzaladı. Bu, o deməkdir ki, Azərbaycan teatrı bütövlükdə dövlətin, hökumətin himayəsindədir. Bunların bütün qayğılarını həll etməyi dövlət öhdəsinə götürür. Bəlkə də dünyanın heç bir yerində bu qədər teatr hökumətdən, dövlətdən maddi dəstək almır. Azərbaycanda isə 27-dən artıq teatr dövlətin büdcəsindən maliyyələşir. Bu, onu göstərir ki, Azərbaycan teatrının qayğıları yaxın zamanda tam həllini tapacaq. Çünki Azərbaycan teatrlarının əksəriyyəti indi köklü surətdə təmir olunmaq üzrədir. Söhbət yalnız zahiri təmirdən getmir. Burada səhnə tamamilə modernləşəcək, akustika yeniləşəcək və Avropa standartlarına, dünya standartlarına cavab verəcək. Güman edirəm ki, bununla yanaşı aktyorların, sənətçilərin maddi durumu da getdikcə yaxşılaşacaq. Şübhəsiz, Azərbaycan teatrında mövcud olan yaradıcılıq problemlərinin həll olunması yenə də fərdlərdən, onların yaradıcılıq qabiliyyətindən çox asılıdır.

- Şübhəsiz ki, təmirdən çıxacaq moedrn biçimli teatrlarda hansı ideyalı, orijinal əsərlərin səhnələşdiriləcəyi məsələsi xüsusi diqqətçəkən olacaq. Çünki hazırda yaradıcı rəqabət ətrafında tez-tez söhbətlər gedir, iddialar dilə gətirilir. Sizcə, bu problem həllini necə tapacaq?

- Azərbaycan teatrının ayrı-ayrı nümunələri əsasında böyük bir inamla danışmaq mümkündür. Bu ilin əvvəllərində Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində fəaliyyət göstərən Yaradıcı Gənclər Mərkəzi tərəfindən "Əli və Nino" tamaşası hazırlanaraq ictimaiyyətə təqdim edildi. Fikrimcə, bu tamaşa ilə bütün Aropanı səyahətə çıxmaq olar. Demirəm ki, bu tamaşa hansısa festivalda birinci yeri tutacaq, amma bu tamaşaya görə kimsə utanmayacaq. Hər halda tamaşa Azərbaycandan kənarda diqqəti cəlb eləyəcək. Bu tamaşa ilk növbədə azərbaycanlılara Qurban Səidin "Əli və Nino" romanını qaytardı. Teatrın təqdimatında əsər azərbaycanlılaşdı, azərbaycanlıların oldu. İndiyə kimi dünya bu romanı tanıyırdı, biz demək olar, tanımırdıq. Bu baxımdan həmin tamaşa ilə gərəkli bir missiya gerçəkləşdirilmiş oldu. Digər tərəfdən də tamaşa siyasətçilər tərəfindən nə vaxtsa irəli sürülmüş, sonradan haradasa unudulmuş bir ideyanı irəli sürdü: "Qafqaz bizim evimizdir. İstəsək də, istəməsək də biz qafqazlılar burada yaşayacağıq. Qafqaz hamımızındır". Gənclərin təqdimatanda gözəl bir tamaşa sərgiləndi.

Azərbaycanda "Üns" teatrının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır: bu mövsümdə Konstantin Raykin "Kontrabas" tamaşası ilə çıxış etdi. Pyotr Framenko Azərbaycana "Ailə xoşbəxtliyi" tamaşasını gətirdi. Bu, şübhəsiz, Azərbaycan sənətçiləri üçün görüb götürmək, yaradıcılıq mübadiləsi etmək baxımından gərəkli bir ünsiyyət imkanı idi.

Akademik Milli Dram Teatrında müzakirəyə və mübahisəyə səbəb ola biləcək rejissor Bəhram Osmanovun "Kaş araba aşmayaydı" və "Oyuncaq ev" tamaşaları göstərildi. Bu tamaşaları Azərbaycan teatrının 2006-2007-ci illərdə qazandığı uğurların sırasına yazıram. Bütün bunlar onu göstərir ki, gələcəkdə Azərbaycanda teatrın çox uğurlu inkişafı mümkün olacaq.

- "Əli və Nino"dan söz düşmüşkən, bu tamaşanın uğur qazanmasını şərtləndirən daha hansı amillər vardı?

- Tamaşaçı teatrın ən böyük afişasıdır. Əgər seyrçi deyirsə ki, filan tamaşa çox yaxşıdır, o birilər də gedib baxacaq. Ona görə də teatr tamaşasının xüsusi reklama bu mənada ehtiyacı qalmamalıdır. Əsas odur ki, başlanğıcda tamaşa 10-15 seyrçinin xoşuna gəlsin. Teatra tamaşaçının cəlb olunması məsələsində maliyyənin oynadığı rol sonradır. Əhalinin sosial rifahının düzəlməsindən sonra teatrlara tamaşaçıların daha çox meyl edəcəyi ilə bağlı səslənən fikirlərlə bağlı onu deyə bilərəm ki, "sosial rifah" dediyimiz bir şey bu münasibətlərə çox az təsir göstərir. Təsadüfi deyil ki, "Əli və Nino"nun tamaşalarına bilet tapılmırdı. Bakı Kamera Teatrı demək olar, heç yanda reklam olunmur. Amma tamaşaçısı var. Əsas odur ki, teatr insanın mənəvi problemlərini, qayğılarını göstərə bilsin.

- Bu gün teatrşünaslıq teatrın qayğılarına necə yanaşır?

- Şübhəsiz ki, Azərbaycan teatrşünaslığının hazırda da müəyyən problemləri mövcuddur, onlar həllini gözləyir. Teatr tənqidi ilə bağlı həmişə teatrda, teatr ətrafında müəyyən narazılıqlar olub, olacaq da. Çünki tənqid heç vaxt birmənalı şəkildə hamının xoşuna gələ bilməz. Öz-özlüyündə tənqid müəyyən məqamlarda aqressiv, müəyyən məqamlarda subyektiv olur. Lakin tənqiddən də çəkinmək lazım deyil. Çünki tənqidin missiyası təkcə tənqid etmək deyil. Teatr tənqidinin ilkin missiyası teatr tamaşasını, teatr prosesini təhlil etmək və müəyyən aktual məsələləri önə çəkib gündəmə gətirməkdir.

 

Xalq cəbhəsi.-2007.-10 iyul.-S.15.