Qasımov Ə.
Heydər
Əliyev və Naxçıvan teatrı
Teatır müqəddəs
yerdir, tərbiyə ocağıdır. Orada
çalışanlar fədakardırlar, fədaidirlər...
Teatr xadimləri tamaşaçıya bir söz demək
üçün, onu irəliləyişimizə mane olanlara
qarşı mübarizəyə qaldırmaq üçün
nə qədər çalışırlar. Heç kim bilmir
ki, aktyor səhnəyə çıxıb rolu
tamaşaçı qarşısında oynadığı
vaxta kimi nə qədər həyəcan, sevinc keçirir.
Mən həmişə teatra yaxın və bağlı
olmuşam. Bu ötəri hiss deyil, içimdən
gələn bir məhəbbətdir”.
Heydər ƏLİYEV
Ümummilli lider
Xalqımızın müdrik oğlunun — ümummilli liderimizin
teatr və orada çalışan insanlar haqqında dediyi bu
qiymətli sözləri oxuyanda istər-istəməz belə
bir qənaətə gəlmək mümkündür ki, bu
ifadələri yalnız teatrı dərindən duyan,
onu yaxından hiss edən, ab-havasına bələd olan, ona
daxilən bağlanan bir insan söyləyə bilər.
Bəli, bu sözlərin müəllifi olan Heydər
Əliyev, həqiqətən də, ömrünün
yeniyetməlik çağından teatr aləminin sehrinə düşmüş,
həyatının bütün
mərhələlərində də, planetdə dahi və
fenomenal bir şəxsiyyət kimi tanınanda da,
ahıllıq dövründə də bu sehrdən xilas olmaq
istəməmişdir.
Ulu öndərimizdə teatra sonsuz məhəbbəti yaradan
isə ilk əvvəl Naxçıvanın teatr mühiti
olmuşdur. Doğma şəhərindəki dram
teatrının tamaşalarına xüsusi maraq
göstərən gənc Heydər Əliyev, demək olar ki,
14 yaşından bu qədim sənət ocağının
daimi tamaşaçısına çevrilir. Teatra
vurğunluğu onu 1938-ci ildə Naxçıvan
Şəhər Pionerlər Evində yenicə təşkil
olunan dram dərnəyinə gətirir. O zaman bu
dərnəyin təşkilatçısı və
rəhbəri, Naxçıvan Dövlət Dram
Teatrının aktyoru Miribrahim Həmzəyev bu istiqanlı
yeniyetmədə fitri istedadı sezərək ona
əvvəlcə əsas rolları, sonrakı tamaşalarda
isə baş rolları etibar edir.
Naxçıvan Pedaqoji Məktəbində
təhsil aldığı illərdə bu dram
dərnəyinin fəal üzvü olan Heydər Əliyev
burada hazırlanan “Qaralar ölkəsində” (K.
Həsənov), “Lənkəran xanının vəziri” (M.F.
Axundov), “On min manatı kim uddu” (M. S. Ordubadi),
“Qanlı döyüş” (İ. Həmzəyev) kimi
tamaşalarda oynadığı rollarla
tamaşaçıların, xüsusən də
müəllimləri və tələbə
yoldaşlarının rəğbətini qazanır.
1939-cu ildə Naxçıvanda təhsilini başa vurub
Azərbaycan Sənaye İnstitutuna daxil olan Heydər Əliyev
teatr aləmindən ayrı düşməsilə
barışa bilmir və çox keçmədən bu
işə maraq göstərən istedadlı
tələbələri bir yerə toplayaraq institutda dram
dərnəyi yaradılmasına nail olur.
Demək olar ki, məhz bu dram
dərnəyindəki fəaliyyəti gənc Heydər
Əliyevin təşkilatçılıq və
rəhbərlik kefiyyətlərini ilk dəfə üzə
çıxarır.
1941-ci ildə Böyük Vətən müharibəsinin
başlanması səbəbindən ali təhsilli memar olmaq
arzusu ilə vidalaşmalı olan H.
Əliyev müharibənin ilk aylarından Naxçıvanda —
müxtəlif dövlət idarə və
təşkilatlarında məsul vəzifələrdə
işləsə də, vaxtaşırı imkan tapıb
Naxçıvan Teatrının yeni quruluşlarının
premyeralarında iştirak edər, öz sevimli sənət müəllimi İ. Həmzəyevlə,
teatrın rejissorları, rəssamları və aktyorları
ilə görüşər, onlarla söhbətdən
xüsusi zövq alardı.
AMEA-nın müxbir üzvü, sənətşünaslıq
doktoru İnqilab Kərimov özünün “Heydər
Əliyev sənət, sənətkarlar və
sənətkarlıq haqqında” kitabında ulu
öndərin Naxçıvan Teatrı ilə bağlı
məqamlarından birini belə təsvir edir: “1958-ci ilin
əvvəlləri idi. Azərbaycan EA Memarlıq və İncəsənət
İnstitutunun aspirantı idim. Respublika Mədəniyyət
Nazirliyinin xəttilə Naxçıvana ezamiyyətə
göndərilmişdim. Naxçıvan Dövlət Dram
Teatrının iki tamaşasına... baxdıqdan sonra
yaradıcı kollektivlə görüşüb
fikirlərimi söylədim... Müzakirədən
sonra İbrahim Həmzəyev söhbət zamanı “Vaxtı
ilə bizdə yaxşı istedadlar, həvəskarlar
vardı” — deyərək, Heydər Əliyevin adını
çəkdi və onun nəinki istedadlı bir aktyor, hətta
qüvvətli bir teatr nəzəriyyəçisi ola
biləcəyini vurğuladı və dedi ki, onda teatra,
aktyor sənətinə belə aydın münasibət var
idi. Mən ilk dəfə Heydər Əliyevin
adını o gün orada, İbrahim Həmzəyevin
dilindən eşitdim.”
Burada qeyd etmək yerinə düşər ki, 1941-45-ci
illər arası 402-ci Azərbaycan diviziyasının
nəzdində olan hərbi orkestr də Naxçıvanda
yerləşdirilmişdi. Arada vaxt tapıb, bu musiqi
kollektivinin də məşqlərini böyük maraqla
dinləyən Heydər Əliyevin orkestrin rəhbəri,
gənc bəstəkar və dirijor Tofiq Quliyevlə dostluğunun
təməli də məhz Naxçıvanda qoyulmuşdur.
Müharibədən sonra dövlət
təhlükəsizliyi orqanının perspektivli zabiti kimi
Leninqrada — ixtisas təhsili almağa göndərilən
Heydər Əliyev doğma teatrın kollektivilə bir də
təxminən 15 ildən sonra — Naxçıvan Muxtar Respublikasının
40 illik yubileyi günündə — 1964-cü ilin 15
oktyabrında görüşdü. Bu görüş artıq
Cəlil Məmmədquluzadənin adını daşıyan
və Naxçıvan Dövlət Musiqili Dram Teatrı adlanan
qədim sənət ocağının yenicə
istifadəyə verilmiş möhtəşəm binasında
oldu. Naxçıvan Teatrının 600
nəfərlik, amfiteatrı, üçmərtəbəli
lojalı tamaşa zalına, hər cür işıq və stanqet
sistemli, fırlanan dairəli səhnəsi olan yeni,
əzəmətli bir binaya sahib olmasına həmin gün,
bəlkə də, hamıdan çox sevinən Azərbaycan
SSR Dövlət Təhlükəsizliyi Komitəsi
sədrinin müavini Heydər Əliyev idi. O,
fasilə zamanı teatrın yeni baş rejissoru Baxşı
Qələndərli ilə, Zəroş və İbrahim
Həmzəyevlərlə, gənclik dövründən
yaxşı tanıdığı teatrın baş
rəssamı Məmməd Qasımovla, aktyorlardan İsa
Musayev, Firuzə Əlixanova, Mirhəsən Mirişli,
Xədicə Qazıyeva və Əyyub Haqverdiyevlə
səmimi görüşərək,
onları yeni bina və bayram münasibətilə təbrik
etmiş, hazırlanan yeni tamaşalarla maraqlanmış və
hamıya uğurlar arzulamışdı.
Daha bir yeni görüş 1965-ci ilin iyununda Bakıda
keçirilən “Naxçıvan MSSR mədəniyyət
həftəsi” zamanı olmuşdur. “Mədəniyyət
həftəsi”ndə Naxçıvan Teatrı üç
tamaşa ilə təmsil olunurdu. Onlardan “Məhsəti”
tamaşası daha böyük müvəffəqiyyət
qazanaraq müəllifə və teatra uğur və
şöhrət gətirdi. Azərbaycan
Dövlət Akademik Dram Teatrında həmin tamaşaya
baxdıqdan sonra Heydər Əliyev həyat yoldaşı
Zərifə xanımla birlikdə səhnə arxasına
keçərək müəllif Kəmalə Ağayevaya
və baş rolun ifaçısı Zəroş
Həmzəyevaya gül dəstəsi təqdim etmiş və
bütün kollektivi təbrik etmişdi.
14 iyul 1969-cu il. Həmin gün Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu Respublika
Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizliyi Komitəsinin sədri, general-mayor
Heydər Əlirza oğlu Əliyevi MK-nın I katibi və
büro üzvü seçdi.
1969-cu ildən Heydər Əliyevin respublika rəhbəri
seçilməsilə bir çox
sahələr kimi Azərbaycan mədəniyyətində, o
cümlədən teatrlarda da bir oyanış,
dirçəliş başlandı. Şübhəsiz ki,
Naxçıvan Teatrı da bu proseslərdən kənarda
qalmadı.
1970-ci ildə Azərbaycan Rəssamlar İttifaqının
Naxçıvan təşkilatı yaradılarkən
bilavasitə Heydər Əliyevin tövsiyəsilə
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
baş rəssamı, muxtar respublikanın əməkdar
incəsənət xadimi Məmməd Qasımov, eyni zamanda,
həmin təşkilatın ilk sədri seçilmişdir.
Bir il sonra Naxçıvan Teatrı Bakıya qastrol
səfərinə dəvət olunur. Qastrol
müddətində böyük uğur qazanan və
rəğbətlə qarşılanan K. Qoldoninin “Mehmanxana
sahibəsi” tamaşası televiziya ilə translyasiya
edilərək bütün respublikaya canlı yayımlanmışdır.
1974-cü ilin fevral ayında Heydər Əliyev respublika
rəhbəri kimi ilk dəfə Naxçıvana
gəlmişdi. Dövlət Musiqili Dram
Teatrının binasında keçirilən
təntənəli yığıncağın rəsmi
hissəsindən sonra MK-nın birinci katibi imkan tapıb xalq
artisti İ. Həmzəyevlə görüşmüş
və teatrın vəziyyəti, yeni tamaşalar barədə
məlumat əldə etmişdir.
Elə həmin ilin oktyabrında muxtar
respublikanın 50 illiyi münasibətilə yubiley
şənliklərində iştirak edən Heydər
Əliyev yenidən Naxçıvan Teatrının
qonağı olmuş və yubiley münasibətilə
respublikanın fəxri adlarına layiq görülmüş
sənətkarları şəxsən təbrik etmişdir.
1979-cu ildə Naxçıvan
Teatrının qocaman rejissoru və aktyoru xalq artisti İbrahim
Həmzəyevin anadan olmasının 70, səhnə
fəaliyyətinin 50 illiyi münasibətilə
Naxçıvanda, Gəncədə və Bakıda — “Aktyor
evi”ndə təntənəli yubiley gecələri, bir sıra
müəssisə və təşkilatlarda isə görüşlər
keçirildi. Öz ustadını şəxsən təbrik
etmiş Heydər Əliyevin bilavasitə
təşəbbüsü ilə görkəmli
sənətkar SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanına əsasən “Qırmızı Əmək
Bayrağı” ordeni ilə təltif edilmişdir.
Hüseyn Cavid yaradıcılığına və
şəxsiyyətinə pərəstiş edən Heydər
Əliyevin rəhbərliyilə Azərbaycan KP MK bürosu
1981-ci ildə dahi şair və dramaturqun 100 illiyini
təntənəli keçirmək barədə qərar
qəbul etdi. Həmin qərara əsasən,
Naxçıvan Dövlət Musiqili Dram Teatrının
nəzdində “Cavid” Poeziya Teatrı yaradıldı.
Yenə də böyük Heydər Əliyevin o zamankı
Sovet İttifaqında sensasiyalı
təşəbbüsü, qətiyyəti və
himayədarlığı sayəsində uzaq Sibirdən
gətirilən H. Cavidin cənazəsi
Naxçıvan şəhərində doğma torpağa
tapşırılan günün axşamı — 1982-ci il
noyabrın 6-da Cavid ömrünü və
yaradıcılığını əks etdirən “Mənim
tanrım gözəllikdir, sevgidir” tamaşası ilə
poeziya teatrının təntənəli açılışı
oldu.
Açılışdan bir ay əvvəl
isə Naxçıvanda səfərdə olan Heydər
Əliyev vaxt ayırıb özünün
yaratdığı “Cavid” Poeziya Teatrını ziyarət
etmiş, elə burada Naxçıvan Teatrının
yaradıcı heyətilə yarım saatlıq səmimi
görüş keçirmişdir.
Bu hadisədən 8 il sonra Moskvadan doğma
Naxçıvana dönən Heydər Əliyevi
şəhərin Azadlıq meydanında — Dövlət Musiqili
Dram Teatrının qarşısında 80 minlik izdiham
gözləyirdi. 1990-cı il iyul ayının 22-də
axşamüstü buraya, xalqla görüşə
gələn ulu öndər yolüstü Hüseyn
Cavidin Naxçıvan Teatrının
yaxınlığında olan məzarını ziyarət
etdi.
Günəşin qürub çağı idi. Bu zaman sanki
meydanda yeni bir günəş doğdu. Heydər Əliyev
ziyası meydanı birə on hərarətləndirdi.
Müdrik rəhbər teatrın binası qarşısında
görünəndən meydanın mərkəzinə
çatıncaya qədər gurultulu alqışlar,
“Yaşasın Heydər Əliyev!” nidaları ara vermədi. El
atası mikrofonla müraciət edərək xalqı
salamladı və hamıya bu görüş
üçün minnətdarlıq edərək bildirdi ki, o,
Vətənin bu ağır günlərində xalqı
ilə birlikdə olmaq üçün qayıtmışdır.
Muxtar respublika Ali Məclisinin sədri seçildikdən sonra
bağlanmaq təhlükəsilə üzləşmiş
qədim Naxçıvan Teatrı və kövrək
addımlarını atan kukla teatrı daim Heydər
Əliyevin diqqət və qayğısını hiss
etmişdir. Bir faktı misal çəkim. 1992-ci ildə
şəhər rəhbərliyi Dövlət Kukla
Teatrının binasını Türkiyənin
Naxçıvanda yaradılmış Baş Konsulluğuna
vermək istəyirdi. Bu məlumat Ali Məclisin sədrinə
çatan kimi konsulluq üçün başqa yerdə
xüsusi ərazi ayrılaraq yeni bina tikildi. Naxçıvan
Dövlət Musiqili Dram Teatrının qonşu Türkiyə
və İrana qastrol səfərləri təşkil olundu.
1992-ci il oktyabrın 24-də AXC Naxçıvan
Şöbəsinin dövlət çevrilişinə
cəhd edəcəyini bilən Heydər Əliyev bunun
fərqinə varmadan ayın 23-də, axşam
Naxçıvan Dövlət Musiqili Dram Teatrına
gəldi və Hüseyn Cavidin 110 illik yubiley gecəsində
iştirak edərək geniş nitq söylədi.
1993-cü il iyunun 15-də Heydər Əliyevin
Azərbaycanın ali rəhbərliyinə tarixi
qayıdışı baş verdi. Vətənini
cəmi 10 il içərisində qüdrətli
dövlətə çevirib güclü iqtisadiyyata,
rəşadətli orduya, çiçəklənən
elmə və mədəniyyətə sahib olan bir ölkə
kimi bütün dünyada tanıtdı.
Bu illər ərzində respublikanın bütün teatrları
kimi Naxçıvan teatrları da inkişaf etdi,
onların maddi-texniki bazası
yaxşılaşdırıldı, sənətkarlara
qayğı artırıldı, onların fədakar
əməyi layiqincə qiymətləndirildi.
Möhtərəm Heydər Əliyev
ölkə Prezidenti seçildikdən sonra Azərbaycanın
yüzlərlə sənət adamı kimi qədim
Naxçıvan Teatrının da dörd nəfər aktyoru
xalq artisti, baş rəssamı isə xalq rəssamı
fəxri adına layiq görülmüş, bir aktyor “Şöhrət”
ordenilə təltif olunmuşdur.
Heydər Əliyev 1990-cı ildə Naxçıvanda ikən
belə demişdi: “Sənət inkişaf etməlidir. Bunu
unutmaq olmaz. Mən mədəniyyətin, o cümlədən
teatrın inkişafı üçün daxili bir
məhəbbətlə çalışdığım kimi,
həm də güclü məsuliyyət hiss edərdim.
Sənətkarlıq, aktyorluq Allah vergisi olduğu kimi, ona
obyektiv, prinsipial qiymət verməyi, xeyirxahlıqla
yanaşmağı bacarmaq da Allah vergisidir”.
Fərəhli haldır ki, ulu öndərimizin bu
tövsiyələri onun ləyaqətli davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən layiqincə yerinə yetirilir.,
Xalq qəzeti.-2007.-19 iyul.-S.5.