Qocayeva A.

 

O, səhnəmizin Sonası idi

 

Sona Hacıyeva - 100

 

Azərbaycan teatr tarixində qadın aktrisalarımızın rolu böyük olub. Onlar səhnəyə qədim qoymaqla yeni-yeni əsərlərin yaranmasına səbəb olmuş, yaratdıqları obrazlarla teatr tariximizi zənginləşdirmiş və gözəlləşdirmişlər. Teatr tariximizə adı qızıl hərflərlə yazılan belə qadın aktrisalarımızdan biri də SSRİ xalq artisti Sona Hacıyevadır.

S.Hacıyeva 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. Anası Əzizə xanımın qarmonunun gözəl təranələri məşhur xanəndə olan babasının xoş səsi balaca Sonanın ilk laylası olmuşdur.

1919-cu ildə on iki yaşlı Sona anası ilə birlikdə Bakıya köçür Bakı həyatı onun gələcəyini müəyyənləşdirir. Təhsilini davam etdirən balaca Sona anasının təsirilə bilavasitə təşəbbüsü ilə ictimai həyatla tanış olur. Sona ilk dəfə 1920-ci ildə Əli Bayramov adına qadınlar klubunda A.M. Şərifzadənin rəhbərliyi ilə təşkil edilmiş ilk qadın dram dərnəyinin premyerasında səhnəyə çıxaraq S.M. Qənizadənin "Axşam səbri xeyir olar" əsərində Çimnaz rolunu oynamışdır. Sona xanımın bu ilk çıxışını C.Cabbarlı yüksək qiymətləndirmiş, sonralar Sona xanımın aktrisa kimi yetişməyində bir dramaturq kimi böyük rol oynamışdır. Dramaturq Sona xanımın yaratdığı bütün obrazları yaxından izləyərək aktrisanın istedadı haqqında daim xoş sözlər söyləmiş, onun yaradıcılığını digərlərindən fərqləndirmişdir.

Qadınlar klubunun dram dərnəyində A.M. Şərifzadə kimi görkəmli səhnə ustasının rəhbərliyi ilə ilk addımlarını atmağa başlayan aktrisa az vaxt ərzində diqqəti cəlb edir. A.M. Şərifzadə bu zərif qızcığazın istedadını duyaraq onu anası Əzizə xanımla birlikdə 1921-ci ildə Bakıda təşkil olunan Tənqid-təbliğ teatrına dəvət edir. 1923-cü ildə Dövlət Dram teatrına dəvət alan Sona xanım, burada "Pəri Cadu" tamaşasında Səlimə obrazını yaradır. Aktrisanın bütün sonrakı həyatı məhz bu teatrla bağlıdır. İlk vaxtlar S.Hacıyeva həm dram, həm opera tamaşalarında iştirak edirdi. Onun opera səhnəsində ilk debütü Z.Hacıbəyovun "Aşıq Qərib" operasında Şahsənəm rolu olmuşdur. Az sonra o, Leyli, Əsli, Asya və digər bu kimi rollarda uğurla çıxış edir. Zəngin və geniş yaradıcılıq diapazonuna malik bu istedadlı aktrisa dram teatrına gəldiyi ilk illərdə əsasən baş rollarda çıxış etmişdir. 1927-ci ildən etibarən o, yalnız dram tamaşalarında  rollar yaradır. Ketti ("İki ərli arvad"), Meri ("Kapitan Qrantın uşaqları"), Anna ("Yurdsuz insanlar"), Mariya Antonovna ("Müfəttiş") kimi onlarla maraqlı səhnə obrazları yaratmışdır.

Otuzuncu illərin əvvəllərində artıq bacarıqlı aktrisa kimi tanınan Sona xanıma "Hamlet" tamaşasında Ofeliya obrazı həvalə olunur və sonralar teatrşünasların rəyinə görə o, bu rolun öhdəsindən yüksək sənətkarlıqla gəlir.

Sona xanım həm milli pyeslərin, həm də tərcümə əsərlərinin tamaşalarında eyni müvəffəqiyyətlə çıxış etmişdir. “Hacı Qara”da Sona, “Ölülər”də Nazlı, “Şeyx Sənan”da Xumar, “Həyat”da Atlas, “Vaqif”də Gülnar, “Xanlar”da Mehriban, “Toy”da Zinyət, “Pəri Cadu”da Sayad, “Göz həkimi”ndə Lyuba, “Dəli knyaz”da Lena, “Eşq və intiqam”da Zöhrə və bu kimi obrazları yüksək sənətkarlıqla yaratmışdır.

S.Hacıyevanın yaradıcılığına C.Cabbarlının dramaturgiyası böyük təsir göstərmişdir. O, C.Cabbarlının, demək olar ki, bütün əsərlərinin tamaşalarında iştirak etmiş, Solmaz, Sevil, Gülüş, Yaqut, Sevər, Almas, Sona, Gülsabah kimi qəhrəmanların obrazlarını böyük ustalıqla yaratmışdır. Aktrisa hər bir rolun daxili aləmini açmağa çalışırdı.

1931-ci ilin aprel ayında teatr tarixində böyük ictimai hadisə kimi xarakterizə olunan Almas obrazı Sona xanımın yaradıcılığında mühüm mərhələ idi. Aktrisa bu obrazla nəinki tamaşaçıları, eyni zamanda bütün həmkarlarını heyran qoydu.

Sona xanım bir-birindən fərqlənən və bir-biri ilə ziddiyyət təşkil edən səhnə obrazlarını böyük ustalıqla yaradırdı. Onun “Sevil” pyesinin müxtəlif tamaşalarında yaratdığı və bir-birindən fərqli Sevil və Gülüş obrazları da olduqca uğurlu alınmışdır.

Aktrisanın yaradıcılığında Sovet və Avropa dramaturgiyasının obrazları mühüm yer tuturdu. “Həyatın dibində” tamaşasında Anna, “Tufan”da Varvara, “Özgə uşağı”nda Manya, “Hamlet”də Ofeliya, “Romeo və Cülyetta”da Cülyetta, “Məkr və məhəbbət”də Luiza və digər obrazlarında bu bacarıqlı aktrisanın sənət zənginliyi özünü nümayiş etdirirdi.

Sona xanım iki yüzdən artıq səhnə obrazına yeni nəfəs vermişdir. Bu rəngarəng səhnə obrazlarının heç biri digərinə bənzəmirdi. O, hər bir obraz üçün müvafiq xüsusiyyətlər - danışıq, geyim, davranış, yeriş-duruş tərzi seçərək onları fərdiləşdirirdi. Bu, Sona xanımın sənətkarlıq qüdrətindən irəli gəlirdi.

Sona xanımın yaradıcılığı çoxşaxəli olmuşdur. Aktrisa “Azərbaycanfilm” kinostudiyasında da bir sıra maraqlı rollar yaratmışdır. "Bəxtiyar", "Qızmar günəş altında", "O olmasın, bu olsun" və digər bu kimi filmlərdə yaratdığı obrazlar əbədiyaşardır.

Aktrisanın teatr və kino sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, bir sıra orden və medallara, "SSRİ xalq artisti" fəxri adına layiq görülmüşdür.

Bu il Azərbaycan teatr tarixinin inkişafında xüsusi xidmətləri olan S.Hacıyevanın 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqdır. Bu münasibətlə televiziya və radionun müxtəlif kanallarında görkəmli aktrisanın sənət yoluna həsr olunmuş verilişlər hazırlanır və yaxın vaxtlarda onun xatirəsinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Əsl sənətkarlar heç vaxt ölmürlər. Onlar öz yaradıcılıqları ilə tarixdə və mənsub olduqları xalqın qəlbində əbədi yaşayırlar. Sona xanım Hacıyeva kimi...

 

İki sahil.- 2007.- 14 iyul.- S. 6.