Qocayeva A.

 

Ömrün müdrik çağında

 

Müsahibimiz Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, xalq artisti, professor Azərpaşa Nemətovdur
A. Nemətov 1947-ci ildə Bakıda anadan olub.
1965-ci ildə Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universitetinə) daxil olub və 1970-ci ildə oranı bitirib. 11 ildən artıq Gənc Tamaşaçılar Teatrında (GTT) fəaliyyət göstərib və paralel olaraq Teatr İnstitutunda dərs verib. 1973-1978-ci illər arasında təkmilləşmə kursu keçmək məqsədilə Sankt-Peterburqa gedib və bir müddət orada işləyib. Sonra yenidən Bakıya qayıdaraq GTT-də bir-birindən maraqlı tamaşalar hazırlayıb. Akademik Milli Teatrında rejissora böyük ehtiyac olduğu üçün həmin teatrda işini davam etdirib.
Son illər bu teatrda Elçinin “Ax, Paris, Paris...”, “Sevimli dəlim” və “Mənim ərim dəlidir” trilogiyasını böyük uğurla tamaşaya qoyub. Sonra hazırladığı “Hamlet” tamaşası Akademik Milli Teatrın səhnəsini bəzəyib. “Üns” yaradıcılıq evinin açılışında “Bakı” tamaşasını ilk tamaşaçılarının ixtiyarına verib. Opera və Balet Teatrında isə “Məşədi İbad”ın baş məsləhətçisi olub. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin professoru, eyni zamanda 2004-cü ildən Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədridir. A.Nemətovun Azərbaycan teatrının beynəlxalq təşkilatlar vasitəsilə dünya arenasında tanıdılmasında və Azərbaycan rejissorluq məktəbinin inkişafında xidmətləri böyükdür.
- Azərpaşa müəllim, bu il 60 yaşınız tamam olur. Bu müdrik yaşın astanasından dönüb geri baxarkən, sənət yolunuzda nələri xatırlayırsınız?
- Bu yolda acılı-şirinli xatirələrim olduqca çoxdur. Azərbaycan teatrının 133 illik keşməkeşli bir tarixi var və bu tarixə adları qızıl hərflərlə düşən korifey sənətkarlarımız çoxdur. Onların bir hissəsi də mənim bu sənətə qədəm qoyduğum və fəaliyyət göstərdiyim dövrə düşür. Böyük rejissorumuz Şəmsi Bədəlbəyli başda olmaqla bir sıra görkəmli teatr xadimlərimizi itirmişik və bunlarla təmasda olduğum o xoş günləri daim hörmətlə xatırlayıram.
1970-1980-ci illərdə Azərbaycan teatrının intibah dövrünü, o dövrun rejissor-aktyor nəslini v
ə onların anşlaqla keçən tamaşalarını qürurla xatırlayıram.
Teatrlarımızın regionlara və qonşu ölkələrə qastrol səfərləri zamanı yüksək hərarətlə qarşılanmamızı və bu səfərlər zamanı baş verən maraqlı hadisələri yaxşı xatırlayıram.
Biz hazırda müstəqil dövlətin müstəqil sənətkarlarıyıq. Söz azadlığımız var və bu azadlıq yeni əsərlərin yaranmasında və tamaşaların hazırlanmasında özünü büruzə verir. Mən müstəqil dövlətin vətəndaşı kimi bu azadlıqdan qürur duyuram.
- İndiki teatrlarımızın səviyyəsi bir sənətkar kimi sizi qane edir?
- Bilirsiniz, hər dövrün öz tələbi var. Həyatımızın bütün sahələrində olduğu kimi, teatr sahəsində də yüksəliş- eniş dövrü olub. Teatr xadimlərimiz bu enişdən yüksək sənətkarlıqla, çətinlikləri dəf edərək çıxmağa çalışıblar və buna nail olublar. XX əsrin sonu, XXI əsrin əvvəlləri bütün sahələrin inkişaf dövrü, kompyüter əsridir. Elmin, texnikanın inkişaf etdiyi bir vaxtda geniş dünyagörüşə malik, olduqca tələbkar tamaşaçıları qane etmək o qədər də asan məsələ deyil. Gərək elə tamaşalar hazırlayasan ki, tamaşaçı teatra gəlmək üçün özündə mənəvi ehtiyac duysun.
- Belə səviyyəli tamaşalar hazırlanırmı?
- Paytaxt və region teatrlarında sənətinin ustası olan rejissor və aktyorlar gözəl, uzunömürlü tamaşalar hazırlayaraq teatr tariximizi zənginləşdirirlər. Tanınmış dramaturqlarımızın əsərləri teatrlarımızın səhnəsini bəzəyir. Lakin bu əsərlər də son anda rejissor süzgəcindən keçərək tamaşaçıya çatdırılır. Bu baxımdan tamaşanın uğurlu alınması rejissor işindən çox asılıdır. Teatrlara təqdim olunan zəif əsərlər də az deyil. Belə halda ağır yük rejissorun üzərinə düşür. Bütün bunlara baxmayaraq, teatrlarımızda Azərbaycan və dünya klassikləri ilə yanaşı müasir, tanınmış dramaturqlarımızın da çox səviyyəli əsərləri tamaşaya qoyulur. Azərbaycanda teatr məktəbi ənənələri yaşayır və bu estafet nəsildən-nəsilə ötürülür.
- Azərpaşa müəllim, mədəniyyətimizə dövlət tərəfindən qayğı daim göstərilib. Xüsusilə son illər bu sahədə imzalanan Prezident sərəncamları teatrlarımızın inkişafına nə kimi təkan verib?
- Əvvəla, onu qeyd edim ki, keçmiş SSRİ məkanında ilk dəfə olaraq “Teatr və teatr fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi tarixi hadisədir.
Bu qanun respublikamızın teatr həyatının dirçəlməsinə böyük təkan verdi. Eyni zamanda, paytaxtın 5 aparıcı teatrının təmirə dayandırılaraq tam yenidən qurulması, onların müasir avadanlıqlarla təchizatı, Yaşıl Teatrın yenidən qurulması ilə bağlı imzalanan Prezident sərəncamları bu sahəyə dövlət tərəfindən qayğının bariz nümunələridir. Mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən teatr sahəsində çalışan insanların əməyinin yüksək qiymətləndirilməsi, onların fəxri adlarla, Prezident təqaüdləri və Prezident mükafatları ilə mükafatlandırılmaları son nəticədə bu sahənin inkişafına böyük təkan verir.
“Azərbaycan teatrı 2008-2018-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi bu sahənin hərtərəfli inkişafı üçün stimul olacaqdır. Arxasında dövlət qayğısını hiss edən teatrlarımızın yaxın gələcəkdə qazanacağı böyük uğurlar artıq bəllidir.
- Sədrlik etdiyiniz TXİ-nin hazırkı fəaliyyəti ilə bağlı danışmağınızı istərdik.
- Vaxtilə bu qurum Teatr Cəmiyyəti adı altında fəaliyyət göstərirdi və bu cəmiyyətə görkəmli sənətkarımız Şəmsi Bədəlbəyli rəhbərlik edirdi. Mənimlə bərabər bir neçə sənət yoldaşlarımın cəmiyyətin Rəyasət Heyətinə seçilməsi də Şəmsi müəllimin vaxtında olub. Professor Lütviyar İmanovun sədrliyi dövründə mən Rəyasət Heyətinin katibi seçildim, 2004-cü ildən isə bu ittifaqın İdarə Heyətinin sədriyəm. TXİ-nin əsas funksiyası yaradıcılıqla bağlı baş verən problemlərin aradan qaldırılmasına, hüquq pozuntularının qarşısının alınmasına, bu sahədə beynəlxalq təşkilatlarla əlaqə yaradaraq Azərbaycan teatrının dünyaya tanıdılmasına yardımçı olmaqdır.
-Hansı beynəlxalq mədəniyət təşkilatları ilə əlaqələr qura bilmisiniz?
- YUNESKO-nun Beynəlxalq Teatrlar İnstitutunun, eyni zamanda Teatrlar İttifaqının Beynəlxalq Konfederasiyasının üzvüyük. Biz bu təşkilatlara Azərbaycan teatrı haqqında informasiyalar ötürərək milli teatrımızı dünyada tanıtmağa çalışırıq, eyni zamanda həmin qurumlardan dünya teatrları haqqında məlumatlar alır, lazım gəldikdə onların qabaqcıl teatrlarının təcrübələrindən istifadə edirik.
Bu yaxınlarda TXİ-nin internet saytı da açılacaq və bu yolla informasiyaları ötürmək və qəbul etmək daha da asanlaşacaq. Bu məqamda maliyyə xərcləri ortaya çıxır və bu sahədə TXİ-yə kömək lazımdır. İttifaqımız “Azərbaycan teatr dünyası” adlı bir kitab çap etdirmiş və sayt vasitəsilə onu yaxın vaxtlarda dünya teatrlarına çatdıracağıq.
- Azərpaşa müəllim, tamaşaçılara sizin rəssamlıq qabiliyyətiniz və Rəssamlar İttifaqının üzvü olmağınız da məlumdur. Rəsmlərinizi üzə çıxarmaq fikrindəsinizmi?
-Mən vaxtilə səhnə tərtibatı ilə məşğul olmuşam və bu qabiliyyətimə görə Rəssamlar İttifaqının üzvüyəm. Rəssam dostlarım mənim rəngkarlıq qabiliyyətimin olduğunu da müşahidə edərək bu işlə məşğul olmağımı tövsiyə edirlər. Məncə, bu sonranın işidir. Əsərlərimi üzə çıxarıb nümayiş etdirmək fikrim isə yoxdur. Çünki, mən həvəskar rəssamam.
- Rejissorluq işində sizin öz dəst-xəttiniz var. Bu dəst-xətt nədən ibarətdir?
- Heç kimə bənzəməmək. Orada hər şey mənim varlığımla, şəxsiyyətimlə bağlıdır. Mən yaşadığım, gördüyüm və düşündüyüm dünyanı tamaşaçıya öz prizmamdan çatdırmağa çalışıram. Kiçik də olsa öz dünyam var və o dunyanı sevirəm. Hərçənd ki, indi çoxları rejissorluğu asan və adi sənət hesab edirlər. Əslində isə rejissorluq olduqca məsuliyyətli, ağır və yaradıcı bir sənətdir. Bu sahədə, doğrudan da, öz dəst-xəttimi yarada bilmişəmsə, sənət taleyimdən razı qalmağa dəyər.
- Yaxın vaxtlarda hansı tamaşa üzərində işləməyi planlaşdırırsınız?
- Şekspirin “Afinalı Timon” tamaşası üzərində işə başlayacağam və bu istiqamətdə hazırlıq işləri ilə məşğulam. Ancaq hansı səhnədə qoyacağımı hələlik sirr saxlayıram.
- Azərpaşa müəllim, həssas adam olduğunuzdan bir vətəndaş kimi sizi ağrıdan məsələlər çoxdur. Elə o ağrılardan birincisi sizi bu günlərdə bir qrup ziyalı ilə işğal olunmuş ərazilərimizə aparıb çıxardı. Bu səfərdən nə nəticəyə gəldiniz?
- İşğaldan əvvəl dəfələrlə füsunkar Şuşada olmuşdum. Mənə Dağlıq Qarabağa getmək təklifi olunanda bir vətəndaş kimi torpaqlarımıza qədəm qoymağı özümə borc bildim. İlk anda müşahidə etdiyimiz bu oldu ki, həmin torpaqlarda həyat, normal yaşayış yoxdur. Doğma el-obamızın yağı düşmən tapdağında qalması hər kəs kimi məni də göynədir. Səfər zamanı yurd yerlərimizin yandırıldığının, dağıdıldığının və talan olunduğunun şahidi olduq. Dahi Bülbülün heykəli güllələnmişdi və evində erməni yaşayırdı. Bütün bunlara dözmək olduqca çətindir. Lakin onu da müşahidə etdik ki, Şuşada ermənilər çox az məskunlaşıblar. Ümumi bir nəticəyə gəldik ki, ermənilər onlara məxsus olmayan yurda sahiblik etməkdən çəkinirlər və bilirlər ki, biz tezliklə o torpaqlara qayıdacağıq. Bu bizi çox sevindirdi. Ermənilər geriyə qayıdacaqlarını bildiklərindən ərazilərimizdə daha çox dağıntılar, kütləvi yanğınlar törədir, meşələrimizi qırır, tarixi-memarlıq abidələrimizi məhv edirlər. Qətiyyətli Prezidentimizin səyi nəticəsində torpaqlarımız tezliklə azad ediləcəkdir. Biz buna əminik.
- Azərpaşa müəllim, ömrünüzün ən müdrik və məhsuldar dövrünü yaşayırsınız. Sizə bu və bundan sonrakı dövrlərdə daha böyük uğurlar və cansağlığı diləyirik.
- Çox sağ olun.

 

İki sahil.-2007.-21 iyul.-S.8.