Məhəbbətoğlu
Q., Mayılbəy R.
Nisə
Rzayeva: Elə günlərim olub ki, adi şirinçaya da
həsrət qalmışam
Üzləşdiyim
haqsızlıq yadıma düşəndə indi də
sarsıntı keçirirəm.
Mərziyə
Davudova adına Mingəçevir Dövlət Dram
Teatrının əməkdar artisti Nisə Rzayeva bizimlə
söhbətə son illər qismətinə düşən
rolların azlığından şikayətlə
başladı. Kollektivin ən qocaman aktrisası bunu hazırda
çalışdığı teatra təqdim olunan
əsərlərdə daha çox gənc obrazlara üstünlük verilməsi ilə izah etdi.
Dediyinə görə, sonuncu rolu Firuz Mustafanın “Adsız”
əsərindəki Qadın roludur. Elə onun bu gileyi
söhbətimizə körpü saldı.
- Nisə xanım, hazırda
yalnız bir tamaşada öz
pərəstişkarlarınızla
görüşürsünüz. Belə bir
vəziyyət sizi darıxdırmır ki?
- Niyə darıxdırmır? Hətta bununla bağlı
rejissorlarla bəzən dalaşıram da.
- Bu yaşda?
- Nə olsun ki, yaşım 70-i ötüb, 45 ildir ki,
səhnədəyəm... İnanın, bu yaşımda da
yola saldığım illərdəki kimi səhnədə
görünmək, yeni rollarımı
tamaşaçılarıma təqdim etmək
istəyirəm. Bu istəyin nəyi pisdir ki? Bir də, sənət
aləmində yaş o qədər də önəmli deyil
ki...
- Yaşdan söz
düşmüşkən, Nisə xanım, əməkdar
artist adı almağınızdan illər keçir...
- Hə, artıq 25 ildir ki, əməkdar artistəm. Amma
hələ də xalq artisti fəxri adına layiq
görülməmişəm. Bununla bağlı təqdimatlar
göndərilsə də, hələlik, heç bir
nəticə yoxdur. Sözün düzü, bunun
səbəbini də anlaya bilmirəm. Amma son illərdə
elələri bu yüksək ada layiq görülüblər
ki... Buna rəğmən, artıq ikinci ildir ki, prezident
təqaüdçüsüyəm, 500 manat alıram.
- Bəs buna qədər az maaşla
necə dolanırdınız?
- Nə gizlədim, elə günlərim (xüsusilə,
qızım ali məktəbdə oxuyan illərdə) olub ki,
çoxları üçün adi görünən
şirinçaya belə, həsrət qalmışam,
tikələrimi bəzən göz yaşlarımla
islatmışam. Bu kimi çətinliklərə
rəğmən, kimsəyə ağız açmamışam,
qapılar döyməmişəm. Çünki belə
şeylər mənim təbiətimə yaddır.
Mətləbdən uzaqlaşmadan bildirirəm ki, iki ildir ki,
həyatın şirin olduğunu da dərk etməyə
başlamışam.
- Nisə xanım, elə isə həmin
günlərdə ən çox hansı
rəfiqənizlə dərdləşirdiniz?
- Mənim o zamandan rəfiqəm olmayıb ki...
- O zamanın, o niyənin səbəbini
bilmək olarmı?
- Bu suala ətraflı cavab vermək üçün bir
qədər geriyə boylanmaq lazımdır. Mən
Cəbrayıl şəhərində anadan olmuşam. Atam
müharibəyə gedəndən az sonra anam da
dünyasını dəyişib. Kimsəsiz
qaldığımdan məni o zamanlar Ordubadda fəaliyyət
göstərən uşaq evinə veriblər. 14
yaşımda isə elə bu uşaq evinin, əgər
belə demək mümkünsə, nizamnaməsinə
əsasən iş yerinə - Gəncə Toxuculuq
Kombinatına göndərilmişəm. Kombinatda toxucu
kimi çalışmışam. Burada işə
başlamağımın ikinci ilində (kombinatda 5 il
çalışmışam), daha doğrusu, 16 yaşımda
ikən yataqxanadakı rəfiqələrimin toruna düşdüm.
Nəticədə, tanımadığım, heç bir
dəfə də salaməleyküm etmədiyim Adil adlı
(onun adını da sonradan öyrəndim) adam
tərəfindən qaçırıldım. Onunla 10 il
birtəhər yaşadım. İnanın, bu
müddətdə bir gün də olsa üzüm
gülmədi. Adilin evə sərxoş gəlməsi,
bəzən həftələrlə ailəsini yada
salmaması məni lap bezdirdi. Odur ki, 3 övladımı, bir
də bir dəst yorğan-döşəyimi
götürüb, kombinatda işləyə-işləyə
pul yığıb tikdirdiyim evimdən çıxdım.
(Heç ondan aliment də tələb etmədim). Bir
müddət balalarımla birgə bir hini
özümüzə sığınacaq etdim.
- Sonradan onunla
qarşılaşmadınız?
- Adil bəzən minnətçi düşsə də,
onunla barışmadım. Bütün bunlara
rəğmən, o rəhmətə gedəndə
vəsiyyətinə əsasən, necə deyərlər, onu
yerdən götürdüm. Üstəlik, vaxtilə məni
incitməkdə ərimdən heç də geri qalmayan
qayınatamın, qayınanamın da yas məclislərini yola
verdim.
“Unudulmaz gün”
- Nisə xanım, bəs
səhnəyə gəlişiniz necə olub?
- Çalışdığım kombinatın dram
dərnəyi də vardı. Mən bu dərnəyin
üzvü idim. Bir dəfə
çıxışlarımın birini izləyən
Gəncə Dövlət Dram Teatrının rəhbəri
Hüseyn Sultanov məni teatra dəvət etməklə
yanaşı, (o zaman həmin teatrın aktrisası, xalq artisti
Sədayə Mustafayeva da haqqımda xoş sözlər
demişdi) orada nümayiş etdirilən bütün
tamaşaları izləməyə də şərait
yaratdı. Elə o ağır günlərimin birində onun
həmin təklifi yadıma düşdü və üz tutdum
Gəncə Dövlət Dram Teatrına... Beləcə, bir il
həmin teatrın kostyum sexində işlədim. Sonra isə
aktrisa kimi fəaliyyətə başladım. 1967-69-cu
illərdə İrəvan Dövlət Azərbaycan Dram
Teatrına (orada çalışan ilk aktrisa mən
olmuşam), daha sonra isə Mingəçevirə dəvət
olundum. Artıq 38 ildir ki, Mingəçevir Dövlət Dram
Teatrının aktrisasıyam.
- Bəlkə, ötən bu
müddət ərzində sənət aləmi ilə
bağlı yaddaşınızda qalan bir hadisə ilə
söhbətimizi davam etdirək?
- Əməkdar artist adına layiq
görüldüyüm gün... Sizi inandırım,
təqdimata göndərilmiş 7 nəfərin arasından
belə bir adın təkcə mənə verilməsi
kollektivdə elə qısqanclıqla qarşılandı ki,
elə indi də o illərdə yaşanan əzablı
günlərimi unuda bilmirəm... Hətta məni işdən
də azad etdilər. Amma son anda ədalət bərpa olundu.
Belə ki, məhkəmə ərəfəsində məlum
oldu ki, sən demə, kollektivi mənə qarşı
qaldıran teatrın rəhbəri imiş.
Üzləşdiyim haqsızlıq yadıma düşəndə
indi də sarsıntı keçirirəm.
- Elə isə, hansısa tamaşada
öz həyatınızı oynamısınızmı?
- “Sevil”də həyatımın
müəyyən anlarını yaşamışam. Bir
zamanlar oynadığım “Ana”da (Səlma rolunda) baş
verən hadisələri isə sonradan öz həyatımda
oynamalı oldum. Belə ki, maddi vəziyyətimizin pisliyi
ucbatından Rusiyaya üz tutmuş böyük oğlumun az
sonra ölüm xəbəri gəldi.
“İtirdiklərim çoxdur”
-
Deyəsən, bu müddət ərzində hələ də
kinoya çəkilməmisiniz?
- Dəvətlər olub, lakin... Vəziyyət elə
gətirib ki, o təkliflər reallaşmayıb. Belə ki,
Hüseyn Hüseynzadənin “Dəli Kür” filmində
Mələk surətinə dəvət olundum. Amma iş
elə gətirdi ki, Meğridə qastrol səfərində
olduğumuza görə çəkilişlərə
gələ bilmədim. Nəticədə, Zemfira adlı
başqa bir aktrisa çəkildi. Təəssüf ki,
Şahmar Ələkbərzadənin də təklifini indi
unutduğum səbəb ucbatından reallaşdıra
bilmədim. Necə deyərlər, kinonun şahlıq quşu
başıma dəfələrlə qonsa da, ondan
bəhrələnə bilməmişəm. Təbii ki,
bütün bunlara görə peşmanam. Elə bu da mənim
üçün bayaq sadaladıqlarım (ailəmin
dağılması, oğlumun vəfatı) itkilər kimi bir
şeydır. Bu mənada mən bu sənət aləmində
qurban deyil, qurbanlar vermişəm.
-
Nə əcəb indiyədək paytaxt teatrlarına üz
tutmamısınız?
- 1963-cü ildə Əfqan Əsgərovun “Qız atası”
tamaşasından (həmin tamaşada Rəna rolunu
oynamışam) sonra Akademik Milli Dram Teatrına dəvət
olundum. Və az keçməmiş işə
başlamağım haqqında əmr verildi. Lakin Bakıya
köçməyə, daha doğrusu, övladlarımı
və bir dəst-yorğan döşəyimi gətirmək
üçün vəsaitim olmadığından bu
şansımı da qaçırdım. Nəticədə,
bu arzum baş tutmadı... Sonrakı illərdə, daha
doğrusu, bayaq sizə ərz etdiyim ağır
günlərimdə məni ölkəmizdə fəaliyyət
göstərən müxtəlif teatrlara dəvət
etdilər. Lakin Mingəçeviri tərk etmədim...
-
Hansı rolları oynamaq istəmisiniz, amma baş
tutmayıb...
- Xuramanı, Mediyanı...
- Yəqin ki, bu illər ərzində
sənət aləmində neçə-neçə
gəncə əl tutmusunuz? Bu gün onlardan söz açmaq
istərdinizmi?
- Onların sayı bir deyil,
üç deyil. Amma onlar (xalq artisti Arif Quliyev istisna olmaqla),
nədənsə, bu və ya digər tədbirlərdə
mənim haqqımda danışmağa elə bil xəsislik
edirlər. Yeri gəlmişkən, hətta İrəvan
Teatrı haqqında yazılan kitabda mənim barəmdə
yalnız bir cümlə yazılıb. Halbuki bayaq dediyim kimi,
mən o teatrın ilk aktrisası olmuşam.
Görünür, qismətim beləymiş.
“Özümdə cəsarət
toplayacağıma əminəm”
- Çox ürək ağrıdan
səhnə həyatınız var. Nə əcəb
başınıza gələnləri qələmə almaq istəməmisiniz?
Və yaxud indiyədək haqqınızda sənədli film
çəkilibmi, yaxud kitab yazılıbmı?
- Sualınızın ikinci
hissəsindən başlayım: hələlik, barəmdə
nə film çəkilib, nə də kitab yazılıb.
Yenə sağ olsun jurnalistləri, heç olmasa, hərdən
məni - əyalətdə yaşayan aktrisanı da
arayırlar. O ki qaldı başıma gələnlərlə
bağlı xatirələrə... Sözün düzü,
bununla bağlı xalq şairi Bəxtiyar Vahabzadəyə
müraciət etmək istəmişəm. Amma
nədənsə, cəsarət eləməmişəm...
Yəqin bu barədə düşünməli
olacağam. Mənə elə gəlir ki, bu
məsələni müsbət həll etməyə
özümdə cəsarət tapacağam.
- Eşitdiyimizə görə, bir
neçə ay öncə 70 illik yubileyinizi
səssiz-səmirsiz “qeyd etmisiniz”. Teatrdan belə
təmtəraqlı tədbirlər gözləmək bir
qədər doğru olmazdı. Bəs nə əcəb
şəhərin iş adamları belə səssiz-səmirsiz
tədbirə öz töhfələrini verməyiblər?
- Müşahidələrimə əsasən deyə
bilərəm ki, nədənsə, Mingəçevirin iş
adamları teatrla, sənət adamları ilə o qədər
də maraqlanmırlar. Bunu bilə-bilə, sizcə,
kiməsə söz deməyə ehtiyac vardımı?
Bəlkə də, elə belə məsləhətmiş.
Hə, lap unutmuşdum. Əsas odur ki, bu yubileyimdə
Mədəniyyət və Turizm Nazirliyi məni unutmadı,
öz hədiyyəsini göndərdi.
Zaman.- 2007.- 5-6 iyul.-S.13.