Məhərrəmova T.

 

Ömrü boyu gələcəyini axtaran adam

 

Rafiq Əliyev, aktyor və reyissor: "Aktyor ilk növbədə savadlı

şəxsiyyət olmalıdır; Allah vergisinə qalsa teatrlarda 2-3 nəfər işləyərdi"

 

"Elə adamlar var, keçmişi ilə, elələri də var ki, indiki həyatı ilə fəxr edir. Mən həmişə gələcəyimi axtarmışam. O işıq ucu olmasa yaşaya bilmərəm. Keçmişimi də, indiki günümü də görürəm. Həmişə inanıram ki, ən yaxşı günlər hələ qabaqdadır". Bu fikirlərin müəllifi Əməkdar artist, Teatr Xadimləri İttifaqının sədr müavini Rafiq Əliyev tez-tez ümidsizliyə qapılan bəzi sənət adamlarından fərqli olaraq optimistdir. Gənclik illərindən ömrünü həsr etdiyi teatr və kino sənətində ortaq nöqtəni tapdığına görə özünü xoşbəxt sayır.

 

Şansından razı adam

 

- Dahilərdən biri deyib ki, həyat vərdişlərdən ibarətdir. Uzun illər məşğul olduğunuz işinizi vərdiş adlandırmaq olar, yoxsa həyat tərzi?

- Vərdiş deyil, həyat tərzidir. Mənə görə vərdiş lazımsız məşğuliyyətdir. Həyat tərzi isə tamam başqa şeydir. Mən axı bu sənətsiz yaşa bilmirəm. Deməli, bu mənim həyatımdır.

- Sizcə, həyat tərzi insanın özünün müəyyənləşdirdiyi seçimdir, yoxsa alın yazısı, tanrı qismətidir?

- Məncə buna alın yazısı da, tanrı qisməti də demək olar. Düzdür, hər birimizə həyatda bir şans verilir və ondan istifadə etmək bizim özümüzdən asılıdır. Mənim düşüncəmdə ömrün müəyyən anlarında yol ayrıcları olur və həmin yol ayrıcları da elə şans deməkdir. Bu yol ayrıcında hansı seçimi etdinsə, demək o sənin qismətin imiş.

- Deyirsiniz ki, hər adama şans verilir. Bəs onda niyə çox vaxt insanları "şanslı" və "şanssız" kimi iki əks qütblü kateqoriyaya ayırırlar?

- Bu fikirlə razı deyiləm, çünki hamı şanslıdır. Ancaq verilən şansdan düzgün istifadə edən adamlar şanslı adamlardır.

- Fikirləşirsiniz ki, sizə verilən şansdan düzgün istifadə etmisiniz?

- Bilmək olmaz... Ancaq seçimimdən razıyam.

- Hər halda dünyanızda təkcə sənət hökmranlıq eləmir.

- Demək olar ki, elə 99 faiz sənət hökmranlıq edir. Mənim işim olmayanda elə bil xəstələnir, depressiyaya düşür və özümü lazımsız hesab edirəm. Belə anlar çox az olsa da, hər halda baş verir. Çünki mənim işim həmişə çox olur və işləməyi xoşlayıram. Öz sevdiyim işlə məşğul olduğuma görə bu, mənim üçün ağır yük deyil, sevimli həyatdır.

- Bəs az hallarda da olsa işsizliyin yaranmasının səbəbi nədən olur?

- Müxtəlif səbəblərdən... Əksər hallarda bu, bir işdən başqa işə keçid zamanı baş verir. Mən həmişə kino və teatr arasında olmuşam. Ancaq dərinliyə getsən, bunlar tamam ayrı-ayrı, amma bir-birinə oxşar sənətlərdir. Yəni, istiqamətləri birdir. Teatr həm canlı, həm də çox qəliz bir sənətdir. Kinonun da özünəməxsus çətinlikləri var. Aktyor kinoda və teatrda tamamilə ayrı cürdür.

- Səhv eləmirəmsə, ömrünüzün çox hissəsini teatra həsr eləmisiniz.

- Ola bilər teatra həsr eləmişəm, ancaq kino ilə də çox məşğul oluram. Onu deyə bilərəm ki, kino fəaliyyətim heç də teatr fəaliyyətimdən az deyil. Məndə teatrla bağlı normativlər var. Mən professional teatrlarda və repertuar teatrında işləyirəm. Gənc Tamaşaçılar Teatrı və "İbRus" teatrında müntəzəm iş gedir. Teatrda konkret planlar var: reyissor kimi ildə mütləq bir tamaşa təhvil verməlisən. Kinoda isə hər şey bəxtdən, qismətdən asılıdır. Yəni səni seçə də, seçməyə də bilərlər.

 

Yaradıcı alət, yoxsa hegemon?

 

- Siz vaxtilə Gənc Tamaşaçılar Teatrında rus bölməsinin aktyoru kimi səhnəyə çıxmısınız. Hazırda isə həmin teatrın reyissoru kimi çalışırsınız. Deyə bilərsinizmi, aktyorluqdan reyissorluğa keçid hansı zərurətdən yarandı?

- Düz deyirsiniz, 1990-cı ilə qədər mən bu teatrın yalnız aktyor ştatında olmuşam. Sonra bir müddət həm aktyor, həm də reyissor işləmişəm. Son 5-6 ildə isə yalnız reyissor kimi çalışıram. Əlbəttə, aktyorluqdan reyissorluğa keçməyimin də səbəbləri var. 1989-90-cı illərdə sevimli reyissorum və dostum Azərpaşa Nemətov Gənc Tamaşaçılar Teatrından uzaqlaşdırıldı. O gedəndən sonra özümü bir aktyor kimi heç kəsin əlinə vermək istəmədim. İnana bilmədim ki, burada hər hansı bir reyissor mənimlə tamaşa hazırlaya və məni bir aktyor kimi qane edə bilər. Bu səbəbdən reyissorluqla məşğul olmağa başladım.

- Yaxşı, bəs sizdə bu qədər özünəgüvənlik hardan idi: kimsə sizinlə məşğul ola bilməz, amma siz kimlərləsə məşğul ola bilərsiniz?.

- Yəqin ki, bunun da bir əsası var. Təbii ki, hər bir adam öz hərəkətlərini əsaslandırır. Ümumiyyətlə, mən lap gənclikdən reyisorluqla məşğul olmağı arzulayırdım. Orta məktəbi qurtarandan sonra Leninqrada gedərək reyissorluq fakültəsinə daxil oldum. Təhsilimi qurtarandan sonra hərbi xidmətə yollandım, sonra isə Azərbaycana qayıtdım. Bakıda ikinci təhsilimi aktyorluq üzrə aldım. Səhnə danışığı müəllimim Həsən Əbluc Gənc Tamaşaçılar Teatrında Rüstəm İbrahimbəyovun "Qaçış" tamaşasını hazırlayırdı. İkinci kursda oxuyanda o, tamaşada mənə rol verdi və ondan sonra bu teatrdan getmədim. Bu teatrda aktyor kimi fəaliyyətimi 1990-cı ilə qədər davam etdirdim. Onu da deyim ki, çox tamaşalarda Azərpaşanın assistenti və köməkçi reyissor kimi çalışmışam. Artıq bu istiqamətdə fəaliyyətim vardı. Ancaq quruluşçu reyissor kimi tamaşa hazırlamamışdım.

- Kino reyissor Oktay Mirqasımovla müsahibəm zamanı o, çəkiliş prosesində aktyorlara münasibətini açıqlayaraq belə bir fikir işlətdi: "Aktyor mənim üçün yaxşı mənada alətdir". Bilmək istərdim, səhnədə, məşq prosesində aktyorlar sizin üçün kimdir?

- Bu sözdə həqiqət var: aktyorlar alətdir. Amma mən bu fikrə yaradıcı sözünü əlavə edərdim. Yəni, aktyor yaradıcı alətdir. Aktyor kukla, maniken və ya robot deyil. Aktyor öz çərçivəsində reyissorun tapşırığı əsasında obraz yaradan bir şəxsiyyətdir. O şəxsiyyət olmasa, yaxşı aktyor ola bilməz. Bu mənim qəti fikrimdir. Aktyor - şəxsiyyət, ziyalı və mütləq savadlı olmalıdır. Hazırda İncəsənət Universitetinə qəbul zamanı çoxlu mübahisələr gedir ki, aktyor savadlı olmasa da, mütləq onda Allah vergisi olmalıdır. Allah vergisi hamıya verilmir axı... Onda teatrlarda Allah vergisi verilən cəmi 2-3 aktyor işləyərdi. Ümumiyyətlə, böyük bir aktyor ordusu var. Onların hamısına Allah vergisi verilməsə də, savadlı olmalıdırlar. Bu, çox ciddi məsələdir. Buradan teatrın, kinomuzun səviyyəsi yaranır. Aktyor savadlı olanda, reyissuranı bilməyən hər hansı reyissor onunla işləyə bilməz. Həmin savadsız reyissor özü məhv olub gedəcək və onu yenisi əvəzləyəcək.

- Heç şübhəsiz, aktyorun mütləq savadlı olması vacib şərtdir. Bəs reyissor diktator olmasa, o, yaxşı reyissor ola bilərmi?

- Siz nə formada diktator deyirsiniz? Bu yaxınlarda Az.TV-nin verilişlərinin birində Xalq artisti Ramiz Məlikov dediyiniz problemə toxunaraq: "İndiki reyissorlar diktatordur" deyə bildirdi. Yəqin ki, o öz fikrini düzgün ifadə etmədi. Diktator nə deməkdir? Bəli, reyissor teatrda birinci şəxsdir. Reyissor bəstəkarla, rəssamla, səhnə quruluşçuları ilə, aktyorlarla işləyir. Bütün tapşırıqları o verir. Reyissorun verdiyi bütün tapşırıqlar onun fikri ətrafında cəmlənir. Bəli, reyissor hegemondur. Teatrın birinci əsas adamıdır. Çünki ideya ondan gəlir. Əsəri də, aktyoru da, rəssamı da reyissor seçir.

- Bəzən gənc aktyorlar "Mənim istedadım var, ancaq onu üzə çıxara biləcək reyissor lazımdır" deyə şikayətlənirlər. Razısınızmı, çox vaxt reyissorlar özlərinə əziyyət vermək istəməyərək, işləri asan olsun deyə təcrübəli aktyorlarla işləməyə daha çox üstünlük verirlər. Bir az da loru dildə desək, hər reyissorun öz komandası olur. Bəlkə hansısa mərhələdə aktyoru üzə çıxara bilməməkdə reyissorun da günahı var?

- Reyissor təcrübəli aktyorlara ona görə üstünlük verir ki, onlarla işləmək daha asandır. Reyissorlar da insandır. Onun da öz problemi, qayğıları var. Reyissor pedaqoqlar da var. Mən şəxsən o sıraya daxiləm. Uzun illərdir ki, İncəsənət Universitetində rus dilində normal danışmağı bacaran istedadlı gəncləri tapıb onlara dərs keçirəm. Əvvəllər mənim aktyor sənəti studiyam var idi. İndi Rus Dramasının və Gənc Tamaşaçılar Teatrının bir neçə aktyoru var ki, həmin studiyanı bitiriblər. Hazırda isə o studiya yoxdur. Ancaq mən yenə də istedadları küçədən yığıb onlara hazırlıq kursları keçir, danışmağı, səhnədə yeriməyi öyrədirəm. Mən bu işdən ləzzət alıram. Mənim üçün "filankəs mənim aktyorumdur, bütün tamaşalarda o oynayacaq" kriteriyası yoxdur. Mən hər bir aktyora bir tamaşa seçməyə çalışıram. Bəlkə özüm aktyor olduğuma və bunun nə qədər çətin olduğunu dərk edib düşündüyümə görə hər bir aktyora şans vermək istəyirəm.

- Reyissor ola-ola başqa bir reyissorun tamaşasında rol alıb onun diqtəsi ilə işləmək prosesi mənimçün maraqlıdır.

- Aktyor və reyissor münasibətini çox dəqiq bildiyimə görə, aktyor kimi rol alarkən mən öz reyissor funksiyamı tamam yığışdırır və özümü həmin reyissora tabe edirəm. Çünki mən bu yaradıcılıq işinə ziyan gətirə bilərəm. Artıq burada bir adamın fikri işləməlidir. Mən reyissorun bütün tapşırıqlarını dəqiqliklə yerinə yetirirəm, onun ideyasını, iş üsulunu dərk edəndən sonra hər bir təklifimi də o üslubun, temporitmin və ideyanın ətrafında verə bilərəm. Mən o çərçivəni tapıram.

- Demək olarmı bu çərçivəni tapmaqda sizə hardasa aktyorluq bacarığınız da kömək edir?

- O da var... Reyissor sənətini çox gözəl bildiyimə görə mən bu xətti görürəm. Bilirəm ki, aktyor haradan başlayır və reyissor hara qədər gedir, ya da əksinə.

- Özünüzdən aktyor, yoxsa daha çox reyissor kimi razısınız?

- Aktyor kimi daha çox razıyam. Hərçənd ki, ən əsas rolumu hələ oynamamışam. Yəqin ki, nə vaxtsa oynayacağam. Ancaq reyissor kimi gördüyüm işlər qətiyyən məni qane etmir. Düzdür, savadlı, zövqlü tamaşalar hazırlayıram. Ancaq dahiyanə bir tamaşa hazırlamamışam. Ancaq bunu da arzu edirəm.

- Adını xatırlamadığım rus reyissorlarından birinin müsahibəsində belə bir fikrə rast gəlmişəm: "Teatrın heç bir tərbiyəvi rolu yoxdur - teatr oyundur, həm də çox qəliz oyun".

- Hər şey oyundur. Təkcə, teatra yox, hər bir sənətə oyun kimi yanaşmaq olar. Ancaq teatrı sənət, vacib iş kimi qəbul edən adamlar buna çox ciddi yanaşırlar. Mənim üçün kino və teatr çox ciddi işdir. Rus reyissorunun "oyun" təsnifatı ilə nə demək istədiyini yaxşı başa düşürəm. Təbii ki, burda oyun var. Ancaq təkcə bizim işimizdə yox. Hər bir işi oyun kimi də, ciddi bir iş kimi də qəbul etmək olar. Kosmosa raketlərin göndərilməsi əməliyyatına oyun kimi də baxmaq olar, ciddi iş kimi də.

 

Bir balaca geridə qalmışıq

 

- Bayaq dediniz ki, əvvəllər reyissor assistenti, reyissor köməkçisi işləmisiniz və müəyyən təcrübə qazandıqdan sonra tamaşalara quruluş vermək qərarına gəlmisiniz. Siz həmçinin Rüstəm İbrahimbəyovun "Qazaxfilm"də çəkdiyi "Köçərilər" ("Tərəkəmələr") filminin kastinqinin təşkilində iştirak etmisiniz. Kino meydançasında topladığınız təcrübə bir gün kino çəkmək üçün də karınıza gələ bilərmi?

- Böyük məmnuniyyətlə çəkərdim, amma hələ yox. Sözün doğrusu, buna hələ hazır deyiləm. 57-58 yaşında gənc reyissor olmaq gülməlidir. Amma nə olsun? Mən özümü bu işdə də realizə etməyi arzulayıram. Kinoda elə şeylər var ki, onları çox gözəl bilirəm. Məsələn, kastinqi, kino meydançasının, çəkilişin təşkilini gözəl bacarıram. Bunun özü böyük bir sənətdir. Əlbəttə, müəllif olmaq başqa şeydir, amma müəllifin ətrafındakı yaradıcı və təşkilatı işi də gərək yüksək səviyyədə bacarasan. Məsələn, Rüstəm İbrahimbəyov məni "Köçərilər" filminə dəvət edəndə orada yüksək bir sistemlə - Hollivud sistemi ilə qarşılaşdım. Hollivud film sisteminin necə təşkil olunması, burada hansı kampanentlərin vacibliyini öyrəndim. Bu, mənim üçün böyük bir məktəb oldu. 200 nəfərlik böyük bir dəstə filmin çəkilişi ilə məşğul idi. Düzünü deyim ki, orada özümü itirmədim, yerimi tapdım. Onlar hamısı məndən çox razı idilər. Arada maliyyə problemi ucbatından çəkilişlərdə fasilə yarandı. Çəkilişlər yenidən bərpa olunanda xaricdən 90 nəfər adam dəvət olundu. Onların sırasında mən də vardım. Demək mən öz işimin öhdəsindən gələ bilmişdim ki, yenidən dəvət etmişdilər. Hətta ikinci dəfə dəvət almağımı Rüstəm İbrahimbəyovun özü də bilmirdi. O, təsadüfən mənimlə çəkiliş meydançasında görüşdü.

- Həmin nəhəng layihənin kastinqində iştirak edərkən ürəyinizdən "Kaş ki, bizdə də belə bir tarixi film çəkiləydi" - arzusu keçdimi?

- Bizdə mütləq belə bir layihə olmalıdır. İttifaq respublikaları müstəqillik qazanan vaxtlarda demək olar ki, hamısında kinostudiyalar ləğv olundu. Eyni hadisə Qazaxıstanda da baş vermişdi. Amma Qazaxıstan bu mühüm layihə ilə həm işçilər yetişdirdi, həm müasir texniki avadanlıq əldə etdi, həm də Hollivudla işləyəndən sonra onlar yeni bir üsul gördülər. Bütün bunlar qazax filminin inkişafına böyük təkan verdi. Ona görə də onlar artıq hər il 10-15 film çəkirlər. Bunların çoxu bahalı filmlərdir. Ona görə də arzu edirəm ki, nə vaxtsa bizdə də belə bir layihə olsun. Onu da deyim ki, bütün bunları həyata keçirmək üçün hər cür imkanımız var. Sadəcə, Azərbaycan kinosunu ayağa qaldırmaq üçün mühüm bir layihə lazımdır. Onda yeni gənclər də, yeni üsul da yetişər. Yaxşı ənənələri saxlamaq şərtilə yeniliyə çatmaq lazımdır. Çünki dünya qabağa gedir, biz bir balaca geridə qalmışıq.

- Siz Azərbaycanda çoxlu filmlərə çəkilmisiniz. Sonuncu rolunuz - "Məhkumların cənnəti"ndəki müstəntiq obrazınız sizin üçün yeni iş idi, yoxsa sıradan olan obraz?

- Mənim üçün hər yeni iş yeni bir pillə, irəliyə doğru bir addımdır. İndiyə qədər filmlərdə cürbəcür rollar oynamışam, amma belə bir rolum olmamışdı. Sözün doğrusu, oynamaq istəyirdim. Bu arzuma da çatdım. Bəzən bizdə prokurorluq sahəsində işləyənlərə bir qədər inamsız yanaşırlar. Ancaq o sahədə də vicdanlı, namuslu, öz işini bilən peşəkarlar çoxdur. Ancaq biz heç vaxt belələrini göstərmirik. Həmişə rüşvətxorları, insanları incidənləri göz qabağına gətiririk. Ancaq vicdanlı insanları da göstərmək lazımdır. Bu filmdə belə bir obrazı yaratmaq imkanı var idi. Mənə elə gəlir ki, normal alındı.

- Mənə elə gəlir ki, "Görünən yola bələdçi lazım olmadığı" kimi kinomuzun bu günkü çətin vəziyyətinin də dərinliyinə gedib söhbət açmağa o qədər ehtiyac yoxdur. Bəs, oturduğunuz Teatr Xadimləri İttifaqının sədr müavini kürsüsündən bugünkü teatr məkanımız necə görünür?

- Biz əsas istiqaməti gənc nəslin yetişdirilməsinə yönəltmişik. Sevindirici haldır ki, Mədəniyyət və Turizm Nazirliyi bu işdə bizimlə həmrəylir. Son 2 ildə keçirdiyimiz festivalların hamısı gənclərlə bağlıdır. Onların işləməsi üçün hər cür şərait yaradırıq. Burada Gənclər Yaradıcılıq Mərkəzi təşkil etmişik. Gənclər bu mərkəzdə müntəzəm tamaşalar hazırlayır, ustad dərsləri keçirlər. Yalnız gənclərə yol açmaq, şərait yaratmaq lazımdır.

- Bəs İbRus və ÜNS teatrlarını yaradıcılığınızın hansı mərhələsi adlandırmaq olar - yenilik, yoxsa sıradan olan iş?

- Sıradan olan iş deyil, yenilikdir. Çünki İbRus teatrı ilk şəxsi teatrdır. Teatr təşkil etmək və siması olan bir repertuar yaratmaq asan deyil. Bu teatrın yaranması üçün Rüstəm İbrahimbəyova yaxından kömək eləmişəm. Bu, çox gözəl teatrdır. İndiyəcən bu teatrın bir tamaşasından narazı gedən tamaşaçı görməmişəm. Bu teatr MDB məkanında da öz yerini tapıb. Bir çox festivallarda iştirak etmişik və ən yaxşı bir teatr kimi qəbul olunmuşuq. İbRus Teatrı mənim üçün yüksək bir mərhələdir. ÜNS Teatrı isə məni teatrda aktyor sənətimə qaytardı. Bu teatrda çox gözəl aura hökm sürür. Ən əsası, bu teatrda çox gözəl, zərif və incə duyğusu olan Nərgiz Paşayeva var. Nərgiz xanım bu teatrda öz yaradıcılıq səhnəsini təşkil edir. Dünyanın ən yaxşı nümunələrini Azərbaycan teatrsevərləri üçün gətirməyə çalışır. Bu il hətta Nərgiz xanım öz yerli yazıçılarımızdan da istifadə etdi. Elçin və Maqsud İbrahimbəyovun yaradıcılığına müraciət etdik.

 

İşıq ucu

 

- Aktyor ömür boyu səhnəyə çıxır, rollara çəkilir və ya reyissor kimi istədiyi tamaşaları qurur. Maraqlıdır, onun sənətlə bağlı daha hansı arzuları qalır?

- İnsanın sənəti həmişə şəxsi həyatla bərabər gedir. Hər iki tərəf qəlizdir, asan deyil. Amma mənim üçün sənət həmişə birinci olub. Bəlkə hardasa uşaqlarıma bir o qədər diqqət yetirməmişəm. Amma uşaqlarımla həmişə dost olmuşam. Onları özümdən nə balaca, nə də ağılsız hesab etmişəm. Elə adamlar var, keçmişi ilə, elələri də var ki, indiki həyatı ilə fəxr edir. Mən həmişə gələcəyimi axtarmışam. O işıq ucu olmasa yaşaya bilmərəm. Həmişə inanıram ki, ən yaxşı günlər hələ qabaqdadır. Mən optimistəm. Keçmişimi də, indiki günümü də görürəm. Arzu edərdim ki, gələcəkdə bunların harmoniyası, sintezi yaransın!

 

Kaspi.-2007.-7-9 iyul.-S.22-23.