Mehdixanlı T.

 

Birləşən talelər, ayrılan yollar

 

Müdriklər deyib, dünya bir yandan boşalır, bir yandan dolur. Təbii, gedən gəlmir. Amma onların arasında elələri olur ki, qərinələr, əsrlər ötüb keçsə , unudulmur, dönə-dönə xatırlanır, ehtiramla yad olunurlar. Görkəmli aktyor, rejissor, pedaqoq, teatrşünas, yüzlərlə gəncə qayğı göstərmiş Mehdi Məmmədov səhnə fəaliyyətinə görə sevilən Barat Şəkinskaya da belələrindəndir.
Birinci ömrün xatirələri: Mehdi Əsədulla oğlu Məmmədov 90 il əvvəl əzəli, əbədi yurd yerimiz Şuşada dünyaya göz açmışdı. Kiçik yaşlarında valideynləri ilə Bakıya köçmüş, 13 yaşından Azərbaycan Dövlət Dram Teatrında epizodik rollarda səhnəyə çıxmışdı. Sonra Moskvada Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirmişdi. Tənqidçi, teatrşünas, tərcüməçi kimi tanınmışdı. 30-dan artıq tamaşada əsas rollarda oynamış, 10 bədii filmdə çəkilmiş, 40 tamaşaya quruluş vermiş, 50 ilə yaxın pedaqoji fəaliyyət göstərmiş, bir çox əcnəbi dramaturqların pyeslərini dilimizə tərcümə etmişdir. Milli teatrımızın inkişaf yolundan bəhs edən 16 elmi kitabı bu gün qiymətli dərs vəsaitidir.
M.Məmmədov müxtəlif teatrlarda direktor, baş rejissor işləmişdi. Onun quruluş verdiyi H.Cavidin "İblis" tamaşası Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb. O, həm bənzərsiz bədii qiraət ifaçısı idi. Səsiylə duyğuları oyadar, vurğuları ilə dinləyicilərin gözləri önündə canlı mənzərə yaradardı:

Gəldin neçin pənbə
buludlar kimi axdın
Bilməm niyə gəldin, niyə
getdin, niyə baxdın?
Şimşək kimi çaxdın da
neçin könlümü yaxdın
Bilməm niyə gəldin, niyə
getdin, niyə baxdın?


Mehdi müəllim Hüseyn Cavidin, Mikayıl Müşfiqin yaradıcılığını varlığı qədər sevərdi. Dostlarına, həmkarlarına, tələbələrinə onların haqqında iftixar hissi ilə danışardı. Hər iki şairin ağrılı-acılı talelərini canında çəkərdi. Bəzən ağlayardı da. Amma qürurlu, vüqarlı olduğu üçün göz yaşlarını görən olmazdı. Onları yaman günə qoyan haqsızlığa qarşı nifrətini ömrünün sonuna qədər gizlətmədi. Görkəmli sənətkarı, nüfuzlu pedaqoq-teatrşünası tanınmış jurnalist Azad Şərif belə xatırlayır:
- 1935-ci ildə M.Təhmasibin Gəncə Dram Teatrında oynanılan "Bahar" tamaşası gənc rejissorun diplom işi olmuşdur. Onun ilk quruluşu, sənətə gəlişi ədəbi hadisə kimi qarşılanmışdı. 1945-ci ildə artıq sevilən, nüfuz qazanmış Mehdini Bakıya - Teatr İnstitutuna müəllim dəvət etmişdilər. Ömrünün sonuna qədər orada dərs dedi, yüzlərlə kadr yetişdirdi. Özü elm xadimi, professor zirvəsinə ucaldı. O, müəllimliyi, rejissorluğu, aktyorluğu məharətlə birləşdirmişdi. Onun quruluşunda baxdığım C.Cabbarlının "Od gəlini" "Yaşar", M.İbrahimovun "Madrid" "Kəndli qızı", N.Qoqolun "Müfəttiş", L.Tolstoyun "Canlı meyit", V.Şekspirin "On ikinci gecə" tamaşalarını bu gün xatırlayıram. Mehdi müəllimin quruluş verdiyi "Leyli Məcnun", "Koroğlu" operalarını heç vaxt unutmaram. İlk baxışda o, sərt xarakterli insan təsiri bağışlayırdı. Ancaq həddən artıq incə, kövrək ürəyi vardı. Dostluqda, yoldaşlıqda sədaqətli idi. H.Cavidin "Ömər Xəyyam", "İblis" tamaşalarına ümumi baxış keçiriləndə yaşının ixtiyar çağında uşaq kimi kövrəldiyini görmüşdüm.
M.Məmmədov səhnədə, çəkiliş zamanı kamera qarşısında müxtəlif xarakterlərin bənzərsiz ifaçısı, həyatda isə işıqlı təfəkkür sahibi, müdrik şəxsiyyət idi. Deyərdi: "İnsan iki dəfə ürəkdən kövrəlir: uşaqlığında ahıl çağında". Amansız əcəl qəfil onun başı üstünü alanda cəmi üç söz demişdi: "Əlvida, qoca dünya". O, 22 ildir haqq dünyasına qovuşub. Amma çoxları buna inanmır. Şux qaməti daim göz önündə, xəyallarda canlanır.
İKİNCİ ÖMRÜN XATİRƏLƏRİ: Bu, unudulmaz Mehdi müəllimin sevib, könül açıb, ailə qurduğu Barat xanım Şəkinskaya ilə bağlıdır. O da Şuşada dünyaya göz açmışdı. İbtidai təhsilini doğma obalarında almış, sonra Gəncə şəhərindəki ikiillik qızlar məktəbini bitirmiş, oradakı Qadınlar klubunun dram dərnəyinə yazılmışdı. Oynadığı epizodik rolları teatrsevərlər yüksək qiymətləndirmiş, ona sənət yolunda uğurlar arzulamışdılar. Etimadı doğrultmaq üçün gənc aktrisa həvəslə çalışmış, səhnəyə qəlbən bağlanmışdı. "Oqtay Eloğlu", "Aydın", "Sevil", "Yaşar", "Eşq intiqam" əsərlərində yaratdığı obrazlara görə hörmət qazanmışdı.
Amma Barat xanım daha çox Azərbaycan Dövlət Akademik Dram Teatrında məşhurlaşdı. 1935-ci ildə Bakıya gələn aktrisa ilk qayğını məşhur aktyor, rejissor Adil İsgəndərovdan gördü. "Qızıl çeşmə", "Polad qartal", "Vaqif", "
Madrid" pyeslərində biri digərinə bənzəməyən, çətin rolların mahir ifaçısı kimi alqışlandı. O, istər ekran, istərsə səhnə əsərlərində irili-xırdalı 207 obraz yaratdı. Onların hər biri bu gün örnəkdir.
Mərhum Barat xanımla son görüşümüz 1994-cü il may ayının 8-də olmuşdu. Yaman kövrəlmişdi. Dəfələrlə eynəyini çıxarıb nisgilli gözlərinin yaşını silirdi. sənətdən, səhnədən bir kəlmə danışdı. Handan-hana dedi: "Bu yaşımda ləhcəmi dəyişməmişəm. Şuşanın havası canıma, qanıma hopub. O da əldən getdi, bəs indi neyləyim? Görəsən bu ayrılıq, intizar uzun çəkəcək? Yox, daha taqətim qalmayıb..."
Xalq artisti Barat xanım yurd həsrətini özüylə haqq dünyasına apardı...


Həyat, zəmanə, teatra, səhnəyə sonsuz məhəbbət Barat xanımla Mehdi müəllimi birləşdirdiyi kimi, bəzən onları küsdürmüş, incitmiş, ayrı salmışdı. Lakin hər iki sənətkar bir-birinin uğuruna ürəkdən sevinər, fərəhlənər, qürur hissi duyardı. Övladları - əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, görkəmli rəssam, tanınan aktyor Elçin Məmmədov isə onların arasında körpü idi. AmmaE bu gün Mehdi müəllim Barat xanım var, yeganə övladları Elçin. Olan yalnız onlar haqqında yaddaşlarda yaşayan şirin xatirələrdir.

Azərbaycan.-2007.-20 iyul.-S.5.