Məhərrəmova T.

 

Deyilməmiş sözüm qaldı

 

Səhhətində problemlər ucbatından səhnəni 38 yaşında tərk etmiş

Şahin Cəbrayılov öz sənət taleyini belə səciyyələndirir

 

"Aktyorları qoruyun, onlar əsrimizin canlı tarixləridir". Şekspirin təkcə müasirlərinə deyil, bütün zamanların məmurlarına və insanlarına xitabən söylədiyi bu sözlərə bu gün əməl olunurmu? Təəssüf ki, yox! Aktyor tanıyıram ki, Qocalar evinə atılıb; bircə dəfə halını soruşan yox. Aktyor tanıyıram ki, illərdir yataq dustağıdır; qapısını bircə dəfə döyən yox. Aktyor tanıyıram ki, incəsənətimizə göstərdiyi xidmətləri müqabilində hər cür təltiflərdən məhrum...

Nə acılar ki, bu sadalananların arxasında insan taleləri durur. Laqeydcəsinə yanaşılan, çox vaxt bilərəkdən, bəzən də bilməyərəkdən düzgün qiymətləndirilməyən, nəticədə amansızlıqla qırılan insan taleləri.

Srağagün də Akademik Milli Dram Teatrın aktyoru Şahin Cəbrayılovun iflic diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasının nevrologiya şöbəsinə yerləşdirildiyi, daha sonra elə xəstəxanadaca infarkt keçirən aktyorun kardiologiya şöbəsinə köçürüldüyü xəbəri yayıldı. Öyrəndik ki, 12 ildən artıq beyin iflicindən əziyyət çəkən və müalicəsi üçün pul tapmayan aktyorun müalicəsinə Mədəniyyət və Turizim Nazirliyi yardımçı olub.

"Atam teatrdan uzaqlaşana qədər səhnədə bir-birindən gözəl obrazlar yaradıb. Televiziya tamaşalarında çoxlu yaddaqalan rolları olub. 38 yaşında infarkt keçirdiyi üçün həyatı qədər sevdiyi səhnə ilə vidalaşıb" - söyləyən aktyorun oğlu, Akademik Milli Dram Teatrın aktyoru Elşən Cəbrayılov bizimlə söhbətində atasının səhnə fəaliyyətini vərəqlədi.

 

"Azdrama"ya aparan yol

 

- Atamın və mənim teatra həvəsimizdə irsi amillərin rolu olub. Nənəmin babası məşhur balabançı, 75 el havasını yaradan Əli Kərimovun qardaşıdır. Ulu babamın hava-havacatları radionun fondunda saxlanır. Onun bəzi rəqs havaları Üzeyir bəy, Əfrasiyab Bədəlbəyli tərəfindən nota alınıb. Onun haqqında bir neçə kitab yızılıb. Ancaq nədənsə musiqiçilər bu gün onu yada salmırlar.

Atamın teatra həvəsi uşaqlıqdan olub. Yaşar Nuri, Fuad Poladovla birlikdə Yuri Qaqarin adına (indiki Tofiq İsmayılov adına məktəb) Pionerlər evinin dram dərnəyinə gedib. Orta məktəbdə oxuyarkən bütün tədbirlərdə iştirak edib. Müəllimləri onun gələcəkdə yaxşı aktyor olacağını deyirmişlər. Elə bu həvəsilə İncəsənət instituna daxil olub. Əməkdar incəsənət xadimi Əşrəf Quliyevin kursunda təhsil alıb. III kursda oxuyanda Akademik Milli Dram Teatrında Nəbi Xəzrinin pyesində ilk rolunu oynayıb. Hərbi xidmətdən qayıdandan sonra- 1974-cü ilin oktyabr ayından isə teatrda işləməyə başlayıb.

Ümumiyyətlə, dram teatrına aparan yol çox çətindir. Bu teatr özək sayıldığı üçün hamı bu teatra can atır. Atamın da bu sənət məbədinə daxil olması Nəbi Xəzrinin köməyi sayəsində mümkün olub. Həmin vaxta qədər o, Nəbi Xəzrinin 2 pyesində oynamışdı. Daha sonra müxtəlif rolların ifaçısı kimi səhnəyə çıxıb, yavaş-yavaş kollektivdə özünə yer tapıb. Təxminən 70-ə yaxın obrazı ilə tamaşaçıların rəğbətini qazanıb. Həmişə deyir ki, rəhmətlik Əli Zeynalov, Məhluqə Sadıqova, Vəfa Fətullayeva, Səməndər Rzayev kimi sənətkarlarla tərəf-müqabil olmağın özü böyük məktəb idi. Məhluqə xanım ona analıq qayğısı göstərib. Atam da borclu qalmayıb, yurnalist olmasa da, "Sovet Naxçıvanı" qəzetində onun haqqında məqalə dərc etdirib. Atam həmçinin reyissor köməkçisi işləyib. Müəllimi Əşrəf Quliyevin "Yollara iz düşür", "Heç nədən hay-küy", "Kəndçi qızı", "Mirzə Şəfi Vazeh" tamaşalarında həm rol oynayıb, həm də ikinci reyissor kimi çalışıb. Həmçinin "Atayevlər ailəsi", "Alov", "Şərqin səhəri" kimi televiziya tamaşalarında rol oynamaqla yanaşı, Lütfi Məmmədbəyovun yanında ikinci reyissor kimi çalışıb. Reyissorluğa meyli daha çox olub. Ola bilsin ki, bu istək onu narahat edən problemləri reyissorluq vasitəsilə çatdırmaq üçün idi. Tamaşaları oynanılırdı, ancaq çox vaxt öz adıyla getmirdi. Çünki o vaxt aktyorların reyissorluq etmələrinə icazə verilmirdi. İndi elə deyil. Aktyor istəyirsə, kino da çəkir. Pulu, sponsoru varsa, hər şey edə bilər. O vaxt atam səhnədə Nəcəf bəy Vəzirovun komediyalarından birini hazırlamaq istəyirmiş, ancaq icazə verməyiblər. Atam həmçinin teatrda 12 il truppa müdiri işləyib.

 

 

Sonuncu rol

 

- Şahin Cəbrayılovun teatrda oynadığı sonuncu rol İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşasında İrəvan xanı Məhəmməd xan obrazı oldu" - deyə Elşən danışır: - Ondan sonra atam heç bir rol oynamayıb və xəstəliyi ilə əlaqədar teatrdan uzaqlaşıb. Atam heç vaxt özünü tərifləməyi sevmir. Ancaq onu tanıyanlar danışır ki, hansı rolu versəydilər həvəslə oynayır və tamaşaçının rəğbətini qazanırdı. Atam həmişə "Səhnədə deyilməmiş sözüm qaldı" deyə təəssüf edir. Təkcə təsəllisi odur ki, televiziya və teatr tamaşalarında yaddaqalan rolları olub. Həmişə etiraf edir ki, ən çox televiziya vasitəsilə tanınıb. Ümumiyyətlə, aktyor həmişə televiziyadan tanınır. Atam "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Şərqin səhəri", "Sarıköynəklə Valehin nağılı", "Kişilər" və başqa tamaşalardakı obrazları ilə tamaşaçıların yaddaşında qalıb və unudulmayıb. "Rollarım hamısı mənə doğma olub. Bir də görürsən ki, elə rol verirlər, onun içində material yoxdur. Bir kəlmə söz rol deyil. İstedadlı da, istedadsız da çalışır ki, baş rolu oynasın. Çünki baş rol göz qabağındadır. Pis oynasa, deyəcəklər yaxşıdır, yaxşı oynasa, deyəcəklər əladır"- deyə həmişə müşahidələri əsasında danışmağı xoşlayır. Tez-tez oynadığı tamaşaların lentinə baxmağı sevir. Deyir ki, tamaşaçı gözü ilə baxıb öz səhvlərimi görürəm. Mənə də həmişə bunu məsləhət görür. Maraqlısı budur ki, sənət yolumda atam heç vaxt mənə təkan vermir. Yalnız dövlət tədbirlərində aparıcılıq edərkən şer əzbərləyəndə və söyləyəndə müəyyən məsləhətləri olur. Bəlkə sənətin hər üzünü gördüyündən mənim aktyor olmağımı istəmirdi. Arzusu məni həkim görmək idi. Hərdən ondan "Sizcə sənətdə yarımçıq qalan sözünüzü Elşən deyə bilərmi?" deyə soruşan yurnalistlərə "Yox, hərənin öz sözü var. Elşənin sözü ayrıdır. Məsələn, onun oynadığı rolları mən oynaya bilməzdim. Bəlkə də oynayardım, ancaq o səviyyədə bacarmazdım. "Aydın"da mən də oynamışam, o da oynayıb. Ancaq Elşən məndən yaxşı oynayıb. Mən o rola etinasız yanaşırdım, o isə yox. Elşən nəsə yeni söz, fikir deyirdi" - deyə cavab verir.

Atam teatrdan tez uzaqlaşsa da, sənət yanğısı və sevgisi həmişə ürəyindədir. Onu sənətə möhkəm bağlayan vaxtilə hiss etdiyi tamaşaçı məhəbbəti, eşitdiyi tamaşaçı alqışıdır.

 

Gecikmiş qayğı

 

Şahin Cəbrayılov həyatı qədər sevdiyi sənətindən elə-belə ayrılmayıb. Xəstəliyi üzündən səhnədən əl çəkməli olub. Səhnədən uzaqlaşanda 38 yaşı vardı. Hələ səhnədə qocala, çoxlu rollar oynaya bilərdi.

Teatrdan ayrılandan sonra xəstəliyindən də çox onu uzun illər çalışdığı teatr rəhbərliyinin və Mədəniyyət Nazirliyinin aktyora göstərdiyi laqeydlik ağrıdıb. İş prosesində xəstələndiyi üçün onun xidmət göstərdiyi təşkilatlardan qayğı ummağa haqqı vardı. "Düzdür, aktyor yoldaşları qapımızı həmişə açır. Gələ bilməyənlər də zəng vurub hal-əhval tuturlar. Onlardan razılıq edirik. Ancaq teatr rəhbərliyi və Mədəniyyət Nazirliyi tərəfdən nə bir nəfər hələ indiyə qədər qapımızı döyüb, nə də, "necəsən" deyə soruşub. Ona görə atam teatrdan küsmüşdü, daha ora getmirdi. Atamın 50 illik yubileyində "Lider" və "Srace" televiziyaları gəlib çəkdilər. Həmişə deyir ki, aktyor tayfası uşaq kimi incə məxluqdur. Onlara daim diqqət göstərmək lazımdır. Bir dəfə Mədəniyyət İşçilərinin Həmkarlar Təşkilatına müraciət edib, Bilgəhdə dincəlməyə putyovka istədi. Fikirləşirdi ki, oranın havası yaxşıdır, istirahət edər, əsəbləri sakitləşir. "Verərik" dedilər, amma sonradan heç bir soraq çıxmadı"- deyə E.Cəbrayılov danışır.

Aktyorun oğlunun çoxsaylı müraciətlərindən sonra nəhayət, Mədəniyyət və Turizm Nazirliyi Şahin Cəbrayılovun xəstəxanada yerləşməsinə şərait yaradıb. "Hazırda atamın vəziyyəti pis deyil. Həkimlər onu reanimasiyaya köçürüblər, tərpənməyə qoymurlar".

E.Cəbrayılov atasına gec də olsa göstərilən qayğıya görə Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən Əbülfəs Qarayevə ailələri adından minnətdarlığını da bildirdi: "Yaxşı ki, son günlərdəki müraciətimdən sonra reaksiya oldu. Atama qayğı göstərildi. Yoxsa kim bilir, atamın taleyi necə olacaqdı?"

 

Kaspi.-2007.-26 iyul.-S.16.