Ucal A.

 

Aktyorun ən böyük uğuru teatrı tamaşaçı üçün doğma məkana çevirməkdir

O qeyri-adi bir aktyor olduğu kimi, həm də qeyri-adi bir insandır

O, fərqlidir, öz düşüncələri ilə fərqlidir. O, fərqlidir, öz oyunu ilə fərqlidir. Fərqli olduğu qədər də yenidir. Fərqli olduğu qədər də müasirdir... Müsahibimiz istedadlı aktyor, Beynəlxalq Teatr Festivalının laureatı Abbas Qəhrəmanovdur.

- Sizcə, teatr nədir? İstər aktyor, istərsə də tamaşaçı üçün...
- İlk növbədə, teatr mənim üçün həyat tərzidir. Təbii ki, teatra ideya kimi yanaşanlar var, teatra məbəd kimi yanaşanlar var. Ancaq mənim üçün teatr həyatdır, ünsiyyətdir, münasibətlərdir... Mənə elə gəlir ki, içimdə daxili bir nəzarət var və mən sevgimi, nifrətimi, qəzəbimi, bir sözlə, həyatda nə baş verirsə, hamısını teatr üçün, hansısa bir rol üçün yığıram. Nə vaxt ki, teatr haqqında, rol haqqında düşünürəm, özümü çox yaxşı hiss edirəm, çox xoşbəxt hiss edirəm.
Bundan başqa, teatr mənim üçün təkcə rol oynamaq deyil, həm də nəyisə sübut etməkdir. Çünki bizim böyük mədəniyyətimiz var və mən hiss edirəm ki, biz də bu mədəniyyətin bir parçasıyıq. Ona görə də biz öz işimizlə elə yüksək səviyyə göstərə bilərik ki, dünyada Azərbaycanın mədəniyyəti haqqında böyük fikirlər yaranar.
Tamaşaçıya gəlincə, əgər mənim gördüyüm iş mənim üçün maraqlıdırsa və mən, doğrudan da, bu işi ürəkdən edirəmsə, üstəlik, bu işimlə vacib məsələlərə toxunuramsa, sözsüz ki, bu, tamaşaçı üçün də maraqlı olmalıdır və o, öz həyatı ilə mənim oynadığım rolu müqayisə etməlidir... Tamaşaçı o rolda təkcə personajı yox, eyni zamanda aktyoru da görməlidir. Çünki bu gün müasir teatrda belədir ki, aktyor öz maskası qala-qala obrazın xarakterini, energetikasını da tamaşaçıya çatdırmalıdır... Təbii ki, belə olduqda tamaşaçıda özünü kəşf etmək, dərk etmək hissi də güclənir. Onda teatr da tamaşaçı üçün əziz bir məkana, doğma bir yerə çevrilir... Aktyorun ən böyük uğuru teatrı tamaşaçı üçün doğma məkana çevirməkdir.

- Sizin nəslin aktyorları sənətə böyük ümidlərlə gəlmişdilər. Sonrakı illərdə teatrda yaranan boşluq bu ümidləri qırmadı ki?
- Bu, mənim ən ağrılı yerimdir. Məsələ ondadır ki, biz sənətə gələndə fikirləşmirdik ki, bizim üzərimizə hansısa bir məsuliyyət qoyula bilər, hansısa bir vəzifə qoyula bilər. Biz sadəcə olaraq, öz işimizi görürdük. Həm də böyük maraqla, böyük yanğı ilə... Ancaq sonra dövr dəyişdi və məlum oldu ki, bu günün teatrını biz qurmalıyıq, onun nəliyini, necəliyini biz müəyyən etməliyik...
Əgər biz bu gün teatra münasibətin dəyişməsini istəyiriksə, ilk növbədə, struktur dəyişməlidir.
Yeni struktur yaranmalıdır. Bu, çox ağrılı məsələdir. Düzdür, teatrda islahatlarla bağlı müəyyən nəzəriyyələr var. Ancaq bütün bunlar hələ ki istənilən səviyyədə deyil.
Yeni struktur olmadığı üçün rejissor da öz fikrini tam ifadə edə bilmir, bir aktyor kimi mən də öz fikrimi tam ifadə edə bilmirəm və istər-istəməz yaradıcılıq aktı baş vermir. Yəni proses adda-budda olur. Bu gün ola bilər ki, sən yaxşı bir tamaşa oynayasan. Ancaq o da ola bilər ki, sən bir il, üç il, beş il yaxşı bir tamaşaya yaxın düşə bilməyəsən. Bəlkə də, bunun üçün müəyyən vaxt lazımdır. Bəlkə də bunun üçün məsələyə münasibət dəyişməlidir. Yəni o adamlar ki, teatrın işini qururlar, onlar ciddi fikirləşməlidirlər ki, teatr onlara nə üçün lazımdır. Nə qədər ki, bu məsələlər həll olunmur, bizdə teatr istənilən səviyyədə olmayacaq. Və bu gün teatrda müşahidə edilən durğunluq da davam edəcək.
O ki qaldı bizim nəslə, bizim nəsil o biri nəsillərdən fərqli olaraq, keçid dövrünə düşdü. Halbuki bizdən əvvəlkilər tamam başqa bir mühitdə yaşayırdılar. Baxmayaraq ki, sovet dövrü idi. Baxmayaraq ki, onların azadlığı bizdən də az idi. Ancaq onlara tələbat həddindən artıq çox idi. Onda teatr təbliğat maşını kimi hökumətə çox lazım idi. Təbii ki, bu tələbatdan müəyyən məsuliyyət də doğurdu. İndi isə o tələbat yoxdur, o məsuliyyət yoxdur. Ona görə də biz qurbanlıq da ola bilərik, bu vəziyyətdən alnıaçıq da çıxa bilərik...
Mənə gəlincə, mən çalışıram ki, heç olmasa, gördüyüm işlə mənə baxan tamaşaçıya, teatra yeni gələn nəslə nə isə bir yenilik, bir müasirlik, bir aktuallıq hissini aşılayım. Heç olmasa, bunu edə bilim, heç olmasa, buna gücüm çatsın...

- Bu gün teatrımızı necə görürsünüz?
- Bu gün teatr sönükdür. Daxili energetikası zəifdir. Yaxşı tamaşalar var. Ancaq ümumi hadisəyə çevriləcək, müəyyən tamaşaçı axınına səbəb ola biləcək tamaşalar yoxdur. Yenə də məsələ struktur dəyişikliyinə gəlib çıxır. Yəni struktur dəyişməlidir ki, teatr yenidən dirçəlsin və tamaşaçını yeni səviyyədə özünə cəlb edə bilsin...
Bir də mən düşünürəm ki, aktyora ad yox, iş lazımdır. Təbii ki, bütün bunları birdən-birə yığışdırmaq olmaz. Elə struktur yaratmaq lazımdır ki, aktyor ada yox, işə can atsın. Adının yox, işinin nəticəsini görə bilsin.

- Aktyor, rejissor, dramaturq... Sizcə, yaxşı tamaşa üçün bu amillər kifayətdir, yoxsa başqa amillər də lazımdır?
- Təbii ki, yaxşı tamaşa üçün əsas bu üç amildir. Dramaturq yazır, rejissor səhnəyə qoyur, aktyor oynayır. Əgər bunlardan hansındasa bir “zədə” varsa, onda tamaşa yaxşı alınmır. Bir də bu gün yaxşı tamaşa üçün eksperimentlərə ehtiyac var. Elə bir eksperimentlərə ki, aktyorlar da, rejissorlar da öz peşəkarlıqlarını göstərə bilsinlər. Daha çevik, daha dinamik, daha keyfiyyətli tamaşalar ortaya qoya bilsinlər.

- Abbas Qəhrəmanov özündən razıdırmı? İstər bir insan kimi, istərsə də bir aktyor kimi...
- Mən daha çox razılıqdan yox, məmnunluqdan danışa bilərəm.
Əlbəttə, uğurlu bir rol olanda və ya uğurlu bir tamaşa olanda müəyyən məmnunluq hissi əmələ gəlir. Onda mən mümkün qədər bu hissdən qaçmağa çalışıram. Çalışıram ki, arxayınlıq əmələ gəlməsin. Çalışıram ki, öz-özümü təkrar etmək ehtiyacı yaranmasın...
Əgər razılıqdan söhbət gedirsə, bircə ondan razıyam ki, hələ ki bu yolu gedə bilirəm, hələ ki ruhdan düşməmişəm, hələ ki arxayınlaşmamışam...
Həyatda isə özümdən razı deyiləm.
Ona görə razı deyiləm ki, bir az acıdiləm, bir az hövsələsizəm, hərdən xırda şeylərə fikir verirəm. Stanislavski deyir ki, aktyorlar uşaqdırlar, ancaq cığal uşaqdırlar. Yəni aktyorlar cığal olurlar, şıltaq olurlar, əsəbi olurlar. Ancaq bu cığallıq da, bu şıltaqlıq da, bu əsəb də bombaya çevrilmir, partlayış törətmir. Mənə elə gəlir buna dözmək olar...
Bir də hər şeyə ideal yanaşmaq istəyim, düzgün, təmiz olmaq istəyim insanlarla münasibətimi bir az çətinləşdirir. Bəlkə də, mən bütün münasibətlərimi teatr ətrafında qurduğum üçün, yaradıcılıq ətrafında qurduğum üçün çox insanlarla o qədər də yaxın ola bilmirəm. Təbii ki, mən bununla yeni bir fəlsəfə qurmaq istəmirəm. Sadəcə olaraq, hansı iş mənə zövq verirsə, mən o işlə məşğul olmaq istəyirəm, hansı insanı özümə yaxın görürəmsə, mən o insanla yaxın olmaq istəyirəm, hansı fikir məni razı salırsa, mən o fikri qəbul etmək istəyirəm. Bu daha çox mənim intelektimlə bağlıdır.
Bir də səhnədə bütün gücünü qoyursan, ancaq evə gəlirsən, görürsən ki, hər şey o səviyyədə deyil. Daxilən küsürsən. Hətta haradasa özünü bədbəxt hiss edirsən ki, kimisə xoşbəxt edə bilmirsən, kiməsə insan kimi münasibət göstərə bilmirsən.

- Bir az da kino fəaliyyətiniz barədə...
- Son illər, Allaha şükür, kinoda rollarım var, çəkilə bilirəm. Yəni öz sevimli işimlə məşğul ola bilirəm. Məsələn, bu il üç filmə çəkilmişəm. Birincisi, Oqtay Mirqasımovun “Necəsən, mənim mələyim?” filmidir. Orada məsciddə yaşayan bir insanı oynayıram. Ancaq o insan molla deyil, bağbandır. Çox maraqlı roldur. Bir də mən çox xoşbəxtəm ki, bu filmlə Oqtay müəllim kimi bir rejissoru, bir insanı yenidən kəşf elədim. İkincisi, Rövşən Almuradovun “Cavad xan”ında erməni keşişi roludur. O da özünə görə maraqlı roldur. Maraqlı da iş gedir. Üçüncüsü isə, televiziya filmidir. Məhərrəm Bədirzadənin “Qunun sonuncu rəqsi”... Orada da erməni dəstəsinin başçısını oynayıram. Çəkilişlər qurtarıb. İnşallah, bu yaxınlarda efirə getməlidir. Ümumiyyətlə, kino xüsusi bir aləmdir. Orada tamaşaçı ilə yaxın olmaq imkanı daha çoxdur. Orada oyun tərzi daha çox hiss olunur.

- Son illər dublyaj sənətində müəyyən irəliləyişlər var. Sizcə aktyorluqda dublyajın yeri nə qədərdir?
- Təbii ki, dublyaja teatr səviyyəsində, kino səviyyəsində baxmaq olmaz. Aktyor sənətində danışıq sənətinin xüsusi bir yeri var. Dublyaj sənəti də haradasa bunun bir qoludur. Ümumiyyətlə, dublyaj sənəti müasir sənətdir. 20-ci əsrin sənətidir. Ancaq nə qədər müasir olsa da, aktyorluqda, aktyor sənətində yeri böyükdür. Açığını deyim ki, mən dublyajdan zövq alıram. Bilmirəm tamaşaçılar nə fikirdədirlər? Ancaq dublyaj mənim üçün böyük zövqdür. Üç-dörd ildir ki, dublyaja gedirəm, ancaq hər dəfə də yeni bir şey öyrənirəm.

- Gələcək planlarınız və ya Abbas Qəhrəmanov bu gün nə ilə məşğuldur?
- Əslində aktyorun plan qurmağı bir az absurddur. Aktyor plan haqqında yox, rol haqqında düşünməlidir. Bu baxımdan mənim bir planım var (bu, eyni zamanda mənim arzumdur), o da yaxşı rol, yaxşı rol, yenə də yaxşı roldur.

Zaman.- 2007.- 26-27 iyul.- S. 13.