İbrahimova S.

 

İçimdəki məcnunluğu ətrafdakılar görməyiblər"

 

Mənsum İbrahimov: "Toylar həddindən artıq müasirləşib"

 

"Mən təkcə rol oynaya bilmərəm. Hər dəfə obrazı həqiqətən yaşamağa çalışıram. Ümumiyyətlə, həyatda, səhnədə rol oynamağı sevmirəm. Füzulinin, Üzeyir bəyin yaratdığı obrazda fəlsəfə var. Bu halı yaşamaq lazımdır. Dediyim halı yaşamasam, tamaşa alınmaz" - deyən Opera Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov bildirdi ki, Məcnun olmaq çox gözəldir. Amma bu, həddində olmalıdır.

- Səhnədə çox Məcnunluq edirsiniz. Həyatda necə, Məcnun olmusunuz?

- Müəyyən qədər olmuşam nəticəsi yaxşı olub. Mən kənddə - Ağdamda yaşamışam. Ona görə tam Məcnun ola bilməzdim. Kənddə müəyyən çərçivə var. Görüşmək olmayıb. Amma müəyyən münasibət var idi. İçimdəki hissi içimdə saxlayırdım. İçimdəki Məcnunluğu ətrafdakılar görməyiblər. Aldığım tərbiyə adət-ənənədən kənara çıxmağa imkan verməyib. Azərbaycan adət-ənənəsiylə ailə qurduq. 4 övladım da bu izdivacın nəticəsidir. Həmişə deyirəm ki, səhnədə 7, həyatda bir Leylim var.

- Adətən aktyorlar tamaşa oynayanda bir anlıq tərəf-müqabillərinə vurulurlar. 7 Leyliniz var. vaxtsa hansınasa vurulmusunuzmu?

- Belə hal olmayıb. Çünki rol oynayandahansısa aktrisaya baxmıram. Özümün yaratdığım, xəyalımdakı Leyliylə oynayıram. 15 ildir bu obrazı oynayıram. İndi mənim üçün Məcnun ən ideal obrazdır. İndiyə qədər Füzulinin xəyalında yaratdığı Leyli iləoynayıram. Tərəf-müqabilimin sənət baxımından yaxşı oynaması mənim üçün önəmlidir. Amma vurulmaq məsələsi mümkün deyil.

- Məcnunun sevgisi sonradan ilahi eşqə çevrilir. Siz ilahi eşqlə sevirsiniz?

- Ümumiyyətlə, elə-belə sevgi yoxdur. Sevmək ya var, ya da yoxdur. Müxtəlif öyrəşmələr var - bu, ayrı məsələdir. Amma sevmək bir məfhumdur. Adi sevgi ola bilməz. Sevgi elə qeyri-adilikdir. İndi məhəbbəti efirdə o qədər ucuzlaşdırıblar ki, insanlar artıq bunu qarışdırırlar. Sevgi sözlə deyilmir, yaşanır. Allah bu hissi hər insana vermir. Bəziləri deyir ki, məhəbbət boş şeydir. Belələrində o hiss yoxdur. Allah sevgini sevdiyi insanlara verir. Belə insanlara sevginin əzabı da xoş olur sona qədər sevir. Sevgi insanı saflaşdırıb, kamilləşdirir. Ona görə sevmək gözəldir. Bu gün Məcnun sevgisini səhnədə tək mən deyil, artıq tələbələrim yaşayır.

- Onların ifasından razısınız?

- Ümumiyyətlə, bugünkü gənclik bizim dövrümüzdəki kimi deyil. İndi texnika, kompyuter əsridir. İnformasiya bolluğu var. Bugünkü tələbələr daha müasirdirlər. Tələbəm çoxdur. Çalışıram ki, onlar azərbaycançılıq xəttindən çıxmasınlar. Öz millətini sevsinlər. Birinci növbədə məşğul olduqları sənəti mükəmməl öyrənsinlər. Paxıl deyil, zəhmətkeş olsunlar. Çox sevinirəm ki, tələbələrim səhnəyə çıxanda hansı məktəbi keçdikləri bilinir. Zaman keçdikcə tələbə püxtələşir öz yolunu tapır. Biz ilk vaxtlar müəllimimizi yamsılayırdıq. İndi mənim öz obrazım var bu obraz yalnız mənə aiddir. Mən tələbələrimə deyirəm ki, siz özünüzü yaradın. Bu, tamaşaçıya daha maraqlıdır. Özünüz kimi olun. Tələbələrimin böyük əksəriyyətindən razıyam. Birinci növbədə Təyyar Bayramovdan. Ona görə ki, öz üzərində çalışan gəncdir. Bu gün o, xanəndə, Opera Balet Teatrının solisti, həm sənət yoldaşımdır. Bütün tələbələrimə onu nümunə göstərirəm arzu edirəm ki, hər biri onun kimi olsun.

- Musiqiçilər iddia edir ki, münsiflərlə müəllimin bir müsabiqədə təmsil olunması düzgün deyil. Bu açıqlamanı necə qiymətləndirirsiniz?

- Bu, mümkün deyil. Əvvəla, burda münsiflər heyəti bir nəfərdən ibarət deyil. İkincisi, mən tələbəmin hüququnu necə pozum deyim ki, burda oxuma. Axı tələbə əvəzinə müəllim oxumur. Muğam müsabiqəsində 9 münsif var idi. Ən cavanı da məndim. Müsabiqədə tələbəm olduğuna görə müzakirələrdə iştirak etmədim. Bu ifaçıları xalq da görür. Bir məsələyə diqqət yetirək. Müsabiqə qurtarıb. Bu gün efirdə oxuyan, xalqın məhəbbətini qazanan həmin qaliblərdir. Hamının marağı o idi ki, daha yaxşı ifaçıları seçsinlər. Müsabiqədə ən tez çıxan iştirakçılardan olan Arzu Əliyeva indi dövlət tədbirlərinin əksəriyyətində oxuyur. Asəf Zeynallıda mənimlə birgə çox gözəl səsləri olan uşaqlar oxuyurdu. İndi onların əksəriyyəti ortada yoxdur. Çünki hər bir adam bu işin əziyyətinə dözmür. Xalq musiqisi sahəsində istedadlı gənclər çoxdur. Gənclərə meydan açmaq lazımdır. Bir çox hallarda istedadlı gənclərə qısqanclıqla yanaşırlar. Mən onun əleyhinəyəm. Şərait yaratmaq, kömək etmək lazımdır. Bu gün oxumaq daha rahatdır. Bir müsabiqəylə 20 uşaq tanınır. Bizim vaxtımızda çox çətin idi. Bir dövlət televiziyası vardı orada bir mahnı oxumaq üçün 50 senzuradan keçmək lazım gəlirdi. Bu gün uşaq da çıxıb istəyir oxuyur, istədiyini danışır. Amma buna da bir az nəzarət etmək lazımdır. Mən bütün qadağaların əleyhinəyəm. Amma nəzarət olunmalıdır. Çünki efirə yaşlılar, uşaqlar baxır.

- Əvvəlki illərdən fərqli olaraq opera üçün əsər yazılmır. Bu ilə bağlıdır? Bəlkə gəlir məsələsi opera üçün əsər yazmağa mane olur?

- Opera gündə yaranmır. Bu, çox çətin bir yanrdır. Baxsaq görərik ki, dünyanın hər yerində illərdir ki, eyni əsərlər yeni quruluşda oynanılır. Opera 10-15 ildən bir yaranır. Bu gün yaranan əsərlərvar. Vasif Adıgözəlovun "Natəvan" operası, bir neçə balet yazıldı. İndi bəlkə daha çox mahnıya maraq var. Estrada hər halda daha gəlir gətirən sahədir.

- Toylara gedirsiniz?

- Çox nadir hallarda gedirəm. Yəni toy müğənnisi deyiləm. Sənətimlə dolanıram. Qastrol səfərim olur, prezident təqaüdü alıram. Bir məsələni xüsusi ilə qeyd edim ki, bu gün toylar həddindən artıq müasirləşib. Hamısı bir-birinə oxşayır. Səs-küydən, bayağı musiqidən, fonoqramdan şikayət edilir. Toyda da fonoqram olar? Son zamanlar diskoteka dəbə düşüb. Bu, Azərbaycan toyudur, diskotekanın buna dəxli var? Gözəl rəqslərimiz, musiqimiz var. Adət-ənənlərimizi unutmamalıyıq.

 

Kaspi.-2007.-25 iyul.-S.17.