Mühüm sosial sifariş
yerinə yetirən tamaşa
Hüseynbala Mirələmovun "Yaddaş
ağrısı" pyesinin Gənc Tamaşaçılar Teatrında
qazandığı səhnə həyatı haqqında
qeydlər
Hüseynbala
Mirələmovun torpaq azadlığı mövzundakı
"Xəcalət" romanı əsasında
yazdığı "Yaddaş ağrısı"
pyesində yarımçıq qalmış xəstəxana
binasına sığınan qaçqın ailəsinin
problemləri önə çəkilir. Belə
ki, doğma yurd-yuvasından didərgin düşmüş
mühəndis Vətənin fəhlə kimi
çalışdığı tikintinin yarımçıq
qalması ailənin güzəranını o qədər
ağırlaşdırır ki, ehtiyac ucbatından oğlu
Eyvazı internata qoymuş ata hətta ciyərinə
ləkə düşmüş, qızdırmalı,
on dörd yaşlı qızı Gülyazın dərman
pulunu belə tapa bilmir. İlk hadisədə ona baş
çəkən məktəbli dostlarının ailənin
ağır güzəranının şahidi olmalarından xəcalət
çəkən Gülyazın, qaçqın olsa da,
villada yaşayan Orxanın adını çəkməsi
sözdə də olsa, gələcək ziddiyyətin
təməlini qoyur. Gülyazın
danışdığı yuxuda Nənəsi
Yaxşını, üzüm talvarını,
yelləncəyini xatırlaması mövzu-xatirə olsa da,
evə pulsuz qayıdan Vətənin isə Seyid Nigarinin
şeirlərini söyləməsi gedişatı süjet
istiqamətinə yönəltsə də, bütün
dərdlərin baiskarının Qarabağ olduğunun qabardılması ideyanı önə
çəkir. İxtsasca həkim olsa da, indi qonum-qonşuya
iynə vurmaqla baş girləyən arvadı Fərqanənin
məğrur, qürurlu Vətəni, onun uşaqlıq dostu,
döyüş yoldaşı, indi yaşamağın
çəmini tapmış Muradın yanına getməyə
təhrik etməsi, nəhayət ki, əsas dramaturji
hadisəyə keçid edir. Lakin bu təhrikin mentalitetlə,
dostluqla, sədaqətlə bağlı uzun-uzadı
mülahizələrlə müşayiət olunması bu
prosesi uzadır və nəhayət, Muradın gəlişi
fabula mexanizmini önə çıxarır. Lakin remarkada
dostu ilə görüşən Vətənin dəfələrlə
hönkürməsinin vurğulanması K.S.Stanislavskinin
"Səhnədə aktyor ağlayanda tamaşaçı
mütləq gülür. Aktyorun gülə-gülə
ağlatması isə sənət yaradır."
prinsipinə zidd olmaqla rassionallığı deyil,
emosionallığı qabardır.
Muradın Vətəni
ölmüş bildiyini söyləməsi
münasibətlər sistemini gərginləşdirsə
də, sürücü Kürənin gətirdiyi ərzaq
və arağın qoyulduğu süfrənin diqtə etdiyi
məhdudiyyət gözönü hadisələrin
inkişafına mane olur. Lakin söhbət
əsnasında iki dostun Qırxqızın zirvəsində
Qarabağı ermənilərdən azad etmələrinə
fərqli münasibət dramaturji ziddiyyəti böyüdür.
Belə ki, əqidəsinə sadiq olan Vətəndən
fərqli olaraq, Muradın öz dönüklüyünə
cavanlıq, sadəlöhvlük adı altında haqq
qazandırmaq istəyi onun mahiyyətini açır. Mövzu-xatirədə erməni
gülləsindən dünyasını dəyişən
mərmi çalasında dəfn olunan anası
Yaxşının ölüm anındakı intiqam andını
xatırlayan Vətənin özününkülərə
çatmaq üçün süründüyü
üç gün ərzində onu izləyən, çay
daşı kimi düzlərə
səpələnmiş meyitlərə baş
çəkən, tüklərini qabardıb, dişlərini
qıcayaraq sinəsinə ağız atan və
nəhayət, ağzını göyə tutub
böyürən canavarla söhbətini yada salması
romantizm cərəyanına məxsus totemə varmanı
önə çəkməklə uğurlu nəsr
epizodu yaratsa da, dramaturji qarşıdurmanı səngidir. Qarabağ probleminin çözümünün
yalnız böyük dövlətlərdən
asılılığını vurğulamaqla passiv
mövqedə duran Muradın əlinin yuxarıların
ətəyində olduğunu vurğulayan Vətənin
torpaqlarımızın itirilməsini əfəlliklə
bağlaması mətin əsgər mövqeyini ortaya atır.
Muradın xəstə Gülyazı sağaltmaq
üçün Kürəni doktor Kərim ardınca
göndərməsi uşağın anası Fərqanənin
həkimliyini lüzumsuzlaşdırsa da, əsas dramaturji hadisəni
diqqət mərkəzinə keçirir. Və
Muradın təhriki ilə Vətənin atası
Ötərxanın ömrünü keçirdiyi iki
sürgündə ayrılmadığı tarını
səsləndirməsi, Fərqanənin Musa Cəlilin
"Quşcuğaz" şerini söyləməklə
erkən gənclik illərini xatırlaması birinci
hissəni başa çatdırır.
Muradın unutmağa
çalışdığı keçmiş
arvadının, oğlu Orxanın ana hesab etmədiyi
qadının fotoşəkildə xatırlanması bu
süjet xəttinin suallar yaratmaması üçün
səbəb-nəticə qapanması tələb etsə
də, Kərim doktorun Gülyazın vəziyyətinin
ciddiliyini bəyan etməsi və xəstənin yemək
təminatının gücləndirilməsinin vacibliyini
bildirməsi hadisələri fabula istiqamətinə
yönəldir. Həkimin haqqını
ödədikdən sonra, təkbətək söhbətdə
Gülyazın Quranı üçüncü dəfə
oxuduğunu, gizlincə rəhmətlik nənəsi kimi namaz
da qıldığını öyrənən Muradın
öz oğlu Orxanın da bu yolda olub-olmadığı
ilə maraqlanaraq dinin buyurduğu kimi yaşamağın
bədbəxtlik gətirdiyini bildirməsini:
"Əvvəlcə nəyin xoşbəxtlik, nəyin
bədbəxtlik olduğunu müəyyən etmək
lazımdır" - deyə fəlsəfi cavablayan
qızcığazın onun boynunu qucaqlayaraq yalvarıb
ağlayaraq onları bu həyatdan xilas etməyi
istəməsi qızcığazı Gülyazı
dramaturji struktura qoşur. Və dramaturji
qarşıdurmanın passiv hadisəliliyində, süfrə
arxasında belə Qarabağın səfalı yerlərinin
adlarını daşıyan restoranlarda doğma torpaq
şərəfinə badə qaldırıldıqca bizdən
uzaqlaşan doğma torpaqların adıyla alver edənləri
qınağa çəkən Vətənin təkidi ilə
Muradın etirafı onun portretini yaradır. Torpaq azadlığı ideyasını hakimiyyət
uğrunda vasitəyə çevirənlərə qoşulan,
11 sentyabr hadisəsindən sonra iş qurduğu
amerikalıların xatirinə namazı belə
atdığını bildirən, dava-dərman gətirmiş
Kürəni içirdib onu divar dibində yatan içki
düşkünlüyündən "Mersedes"in
sükanı arxasına keçirməsi
ilə qürrələnən Muradın Vətənin
yanına onun arvadı Fərqanənin xahişilə
gəldiyinin məlum olması dramaturji zirvəni milli mentalitet
zəminində açmaqla dramaturji strukturu
məhdudlaşdırsa da, hadisələri
açılışa çatdırır. Və
vətəndaşlıq borcunun dostluq səviyyəsinə
düşməsi mövzunu sosiallıqdan
məişətə endirsə də, Vətənin ən dar
məqamda intiqam simvoluna çevrilən tapançanı
satmaması torpaq azadlığı ideyasının
qorunmasına səbəb olur.
Finalda Muradın qoyub getdiyi
pulları həmən geriyə qaytarmağa qərar verən
Vətənin sürgündən qayıdıb gec
evlənən atasının ona verdiyi bu adın
mənasını yurd nisgili çəkməyənlərin
anlamayacağını dediyini yada salması əsərin
başlıca ideyasını, nəsr poetikasında da
olsa, uğurla açır. Allahın verdiyi
bərəkətli torpaqlar uğrunda ölə
bilməməyin cəzasını məğrurluqla
çəkən Vətənin vətəndaş mövqeyi
ölkənin dar məqamında rüşvətə, korrupsiyaya
uymaqla harınlaşanlara qarşı yönəlməklə
sosial sifariş yerinə yetirir.
Səhnəmizə Sofoklun
"Çar Edip", Şekspirin "Kral Lir", O,Nilin
"Qarağaclar altında sevgi", İbsenin "Oyuncaq
ev" kimi klassik əsərləri gətirmiş Bəhram
Osmanovun Gənc Tamaşaçılar Teatrından sonra,
Akademik Milli Dram Teatrında "Yaddaş
ağrısı" pyesinə verdiyi yeni quruluşda personaj
və mətn ixtisarları nəsr-təhkiyəni azaltmaqla tamaşalılığı artırsa da,
rejissorun tamaşanın nəbzini son ana qədər tutsa da,
dövlətçiliyimizin taleyüklü problemlərinin
içki süfrəsi arxasında, siqaret
tüstülədə-tüstülədə
çözülməsi ciddiyyəti azaldır. Lakin
müxtəlif sosial zümrələrdən olan
tamaşaçıların yerində səslənən
alqışları qoyulan problemin bədii şərh
istiqamətinin düzgünlüyünü və
yaradıcı prosesin uğurunu üzə
çıxarır.
Akademik Milli Dram Teatrının
repetuarından düşməyən, xəyanət və
sədaqət ziddiyyəti üzərində qurulub, torpaqlarımızın
azadlığı problemini önə çəkməklə
mühüm sosial sifarişi yerinə yetirən
"Hələ sevirəm deməmişdilər" pyesinin
müəllifi, respublikanın xalq artisti Ramiz Novruzov əqidəsini
pula satmış Muradı plastik elementlərlə, daxili
monoloqlarla, hadisəli pauzalarla şövqlə yaratsa da,
gərgin məqamlarda təkcə onun işlətdiyi
Qarabağ dialekti və əsəbi
gülüşlərlə vəziyyətdən
çıxmalar mənfi rolun ələ salınması kimi
səslənir.
Respublikanın xalq artisti
Nurəddin Mehdixanlı özünün sənət
cəbbəxanasından, çəkildiyi Cavad xan rolu
üçün uzatdığı saç-saqqalından,
vaxtilə Qarabağda aldığı kontuziyanın
izlərinin qabardılmasından istifadə etməklə
əsərin ideya daşıyıcısı olan Vətən
rolunu uğurla yaratsa da, mətnin-remarkaların diqtə
etdiyi hönkürtülər, çəkilən
siqaretlər, sabahdan gedəcəyi "qul
bazarı"nın hüznü personajın ideyası
uğrunda ölümə gedən xarakterə
çevrilməsinə mane olur. Aktyorun uğurla
ulamasını təkrarladığı, üç gün
ərzində onu izləyən canavarın, meyitlərə
münasibətinin xatırlanmasındakı tələskənliyin
Bozqurd totemini yalnız canlı ilə qidalanan
yırtıcıya çevirsə də, baş rollar
ustası bu dəfə də işinin öhdəsindən
gəlir.
Fərqanə rolunda
səhnəyə çıxan əməkdar artist
Mətanət Atakişiyeva on ilin qaçqınlıq
əzabını yaşamış qadına zahirən
uyğun gəlməsə də, barmaq hədələri
ilə daxili gərginliyini büruzə versə də,
ailəsini səfalətdən, qızını
xəstəlikdən xilas etməyə cəhd
göstərən və sonda ərinin haqq yolunda olduğunu
anlamaqla qarşıdan gələn çətinliklərə
sinə gərməyə hazır olan fədakar qadın
obrazını canlandıra bilir.
Gənc Tamaşaçılar
Teatrının səhnəsində əsasən
yeniyetmələri oynamaqla püxtələşmiş,
fransızların "travesti" adlandırdıqları peşəkar
üsluba yiyələnmiş aktrisa Nuranə Əhmədova
yaratdığı məktəbli Gülyazın uşaq
təbiətinə uyğun daxili dünyasının
plastikasını və yaşından böyük
məntiqi təfəkkürünü bacarıqla
açıb göstərir.
Kürən rolunun ifaçısı
əməkdar artist Əsgər Məmmədoğlu
oynadığı personajın tipajlılığının
təqdimatı ilə yanaşı
tərəf-müqabilləri ilə münasibətində
rolun tələblərini tam yerinə yetirir. Kərim
həkim rolundakı Əlvida Cəfərovun mətnin
imkanları hesabına oynadığı məzəli tipaj da
bu epizodik rolu yaddaqalan edir.
Əməkdar rəssam İsmayıl
Məmmədovun tamaşaya verdiyi uğurlu tərtibat məkan
məhdudluğunu uğurla təqdim etməklə
yanaşı mühitin obrazını dəqiq yaratmaqla
əsərin ideya istiqamətini önə çəkir.
Bəstəkar Səyavuş Kəriminin tamaşaya
yazdığı həzin musiqinin yerli-yerində
işlənməsi psixoloji məqamları gücləndirir.
Və nəhayət, mühüm sosial
sifarişi yerinə yetirən bu tamaşa
bütövlükdə Akademik Milli Dram Teatrının
repertuarını zənginləşdirir.
525-ci qəzet.-2007.-10
iyul.-S.7.