Hacıxanoğlu İ.

 

İrəvan Teatrı mənim üçün birinci dərəcəlidir

 

Arif Quliyev: "Hansısa bir kanalda yumor verilişi açmaq istəsəm, məndən pul istəyəcəklər"


Xalq artisti Arif Quliyevi oxucularımıza xüsusi bir təqdimatla təqdim etməyə lüzum yoxdur. Çünki illərdən bəri dadlı-duzlu yumoru, nəfəs kəsən gülüşlər doğuran çıxışları ilə bu sənətkar bütün xalqın sevimlisinə çevrilib. Amma bu gün şou-biznesin əsirinə çevrilmiş telekanalların əməyi nəticəsində qeybə çəkilən digər sevimli sənətkarlarımız kimi, onun çıxışlarını da yalnız bayramdan-bayrama izləyə bilirik. Bu səbəbdən, dedik heç olmasa, ona qəzet səhifələrindəsə sözünü deməyə imkan verək. Və Arif Quliyevlə grüşüb Azərbaycan yumorunun bu günkü durumunu müzakirə etdik.

"Hacıbaba Bağırov vəfatından bir az əvvəl mənə "Muzkomediya"ya qayıtmağı təklif etdi"

- Arif müəllim, necəsiniz, Surxayzadənin sözü olmasın, çoxdandı görünmürsünüz...
- Şəhərdə, yoxsa efirdə?
- Efirdə.
- Mən axı, televiziyada işləmirəm... Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının aktyoruyam. Hər gün məşqimiz olur, tamaşalar göstəririk, mütəmadi olaraq qastrollara çıxırıq. Bütün bunlara rəğmən, vaxtımızın azlığına baxmayaraq, hərdən efirə də çıxırıq. Bu yaxınlarda "Space" telekanalında ad günüm qeyd olundu. Qonaq kimi də dəvət edirlər, amma xüsusi bir verliş aparmağa nə maddi imkanım var, nə də vaxtım. Yəni bu gün telekanallar kommersiya hesabı ilə fəaliyyət göstərdiklərinə görə hansısa bir layihəni həyata keçirmək üçün yaxşı vəsait lazımdır. Vəsaiti də tapmaq üçün sponsor lazımdı. Sponsor tapan kimi inşallah, tamaşaçılarla müntəzəm görüşüb, onları ürəkdən güldürəcəyəm. O ki qaldı, teatrımıza, bilirsiniz ki, İrəvan Azərbaycan Dövlət Dram Teatrının 125 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə hörmətli prezidentimizin fərmanı var. Mən fəxr edirəm ki, Qərbi Azərbaycanın mədəniyyətinin göstəricisi olan belə bir teatrın aktyoruyam. Bu teatrda mən 7 il prezident mükafatçısı olmuşam və nəhayət, bu günlərdə prezident təqaüdünə layiq görülmüşəm. Hər halda, bu nailiyyətləri əldə etmək çox xoşdur.
- Musiqili Komediya Teatrına qayıtmaq fikriniz yoxdur? Bildiyimə görə, rəhmətlik Hacıbaba Bağırov sizi onun rollarında dublyor kimi səhnəyə çıxmağa dəvət edibmiş. Bu məsələ nə yerdə qalıb?
- Doğrudur, rəhmətlik Hacıbaba Bağırov vəfatından bir az əvvəl mənə "Muzkomediya"ya qayıtmağı təklif etdi. Sözün açığı, razılaşmaşdım da, yəni bu teatrdan çıxmamaq şərti ilə o teatrın da tamaşalarında oynayacaqdım. Bir də ki, səhnənin fərqi yoxdur, istər "Muzkomediya" olsun, istər "Azdrama", istərsə də İrəvan Teatrı. Ancaq Musiqili Komediya Teatrının mənim həyatımda mühüm rolu var. Mən bu teatrda tanınmışam, sevilmişəm, orada zəhmət çəkmişəm. Həmçinin bu teatrda mən bir çox korifey sənətkarlarla çiyin-çiyinə işləyib böyük məktəb keçmişəm.
- Bəs "Azdramay"a niyə keçdiniz?
- Musiqili Komediya Teatrı təmirə dayandığından, başqa teatrlara üz tutan aktyorlar kimi mən də Akademik Milli Dram Teatrından gələn təklifə yox demədim.
- Amma bu teatrda da çox qalmadınız...
- Milli Dram Teatrında fəaliyyət göstərdiyim illər ömrümün ən dəyərli illərindəndir. Mən orada işlədiyim 4 ildə 6 tamaşada oynamışam. İftixar Piriyev İrəvan Teatrına direktor təyin olunandan sonra isə kollektivə yeni-yeni aktyorlarla yanaşı, məni də dəvət etdi. Mən də bu dəvəti məmnuniyyətlə qəbul etdim və fəxr edirəm ki, öz yurdundan didərgin düşən bir teatrın inkişafında zəhmətim var.

"Hamı məni sevə bilməz"

- Akademik Milli Dram Teatrı Azərbaycan teatr sənətinin flaqmanı olduğuna görə hər bir akytorun arzusudur ki, bu teatrda çalışmaq.
Bundan başqa, o biri teatrlarla müqayisədə mükafatları, imtiyazları, fəxri adları bu teatrda daha tez əldə etmək olur. Siz isə bütün bunlardan imtina etdiniz...
- Lap 50-ci yerdə duran teatr olsa da, bu təklifi qəbul edəcəkdim. Mən sənətdə ilk addımımı Mingəçevir Teatrında atmışam, o teatrı da heç bir teatra dəyişməzdim. Bayaq dedim, indi də təkrar edirəm, teatrın böyük-kiçiyi, məşhur və ya tanınmamışı olmur, çünki hər yerdə səhnə eynidir. O dövrdə İrəvan Teatrına həqiqətən kömək, dayaq durmaq lazım idi. Çünki bu teatr öz yurdundan didərgin düşəndə, bizə pənah gətirib. Kim nə deyir desin, İrəvan Teatrı mənim üçün birinci dərəcəlidir.
- İrəvan Teatrında sizin gəlişinizə sevinməyənlər də oldu. Dəfələrlə deyiblər ki, "bu teatr yaradılandan burada işləyirik, amma oradan-buradan gətirdiklərinə fəxri ad, prezident mükafatı verirlər"...
- Bu təbiidir, hamı məni sevə bilməz.
Amma bunu da bilsinlər ki, prezident mükafatına mənim təqdimatımı Akademik Milli Dram Teatrından göndərmişdilər, bu tetra gələndən sonra aldım. Bu teatrda böyük zəhmətləri olan sənətkarlarla işlməkdən zövq alıram. Burada ömürlərini bu teatra həsr etmiş Vidadi Əliyev,
Elmira xanım, Tamilla xanım, Süleyman müəllim kimi aktyorlar var. Onlarla çiyin-çiyinə işləmək şərəflidir.
- Azərbaycan estrada sənətində Arif Quliyevin öz adı, öz dəsti-xətti var. Və sizin məşhurlaşmanızda estrada teatr janrındakı çıxışlarınızın böyük rolu olub. Amma bu gün Azərbaycanda estrada janrı özünün tənəzzül dövrünü keçirir. Hərdən Rusiya telekanallarına tamaşa edəndə, adamın paxıllığı tutur ki, bir zamanlar Azərbaycanda da böyük ənənəyə malik olan estrada janrı niyə bizdə zəifləyib. Bunu nəylə izah edərdiniz?
- Azərbaycan satirasının, yumorunun və estrada janrının bu günkü durumunu təhlil etmək mənlik deyil. Çünki hərənin öz işi, öz düşüncəsi və səviyyəsi var. Arif Quliyev ifaçılardan biridir. Ona görə də ümumi danışa bilməz. Bu işdə əsas söz sahibi yazıçılardır. Mən sadəcə ifaçı olduğuma görə, heç kim məndən vəziyyətin belə olmasının səbəbini soruşa bilməz. Bu böyük bir məsələdir, burada Yaşar Nuri, Səyavuş Aslan kimi korifey sənətkarların, tanınmış yumor yazarlarının fikirləri çox önəmlidir. Mən həmişə ayağımı yorğanıma görə uzatmışam. Çox doğru buyurdunuz ki, bu gün Azərbaycan səhnəsi satira cəhətdən kasıbdır, axsayır. Amma var, bunu inkişaf etdirmək çətin deyil. Misal üçün, Rəfael İsgəndərov, Coşqun Rəhimov, Fərda Xudaverdiyevin dəstəsi və digərləri. Onlar üçün yazarları tapıb ortalığa çıxarmaq lazımdır.
- Onlar üçün yazanlar sizə niyə yazmırlar?
- Mənim üçün nə yazmalıdırlar ki, mən İrəvan Teatrında işləyirəm.
- Belə çıxır ki, estradanı artıq bir kənara qoymusunuz...
- Xeyr, belə deyil. Mənim telekanallardakı son çıxışlarımı görsəniz, belə deməzdiniz.

"Gənc nəslə uyğunlaşmalıyıq"

- Demək istəyirəm ki, bu gün yumor sənətinldə Arif Quliyevin yeri görünür, çıxışlarına çox az hallarda rast gəlirik...
- Birinci səbəb odur ki, əsərlər yoxdur. Yəni, nə qədər köhnə mövzularla çıxış etmək olar, tamaşaçı usanır, axı. İkinci tərəfdən, bu işlə mütəmadi məşğul olmaq üçün vəsait də lazımdır. Əgər hansısa bir kanalda yumor verilişi açmaq istəsəm, məndən pul istəyəcəklər, axı, bu kanallar ödənişlidir. Bununla yanaşı, teatrımızın repertuarında satirik əsərlər var. Misalçün, İsi Məlikzadənin "Gəl qohum olaq", "Müqəddəs Valentin Günü", eləcə də "Durnalar qayıdanda" və "Mənim ağ göyərçinim" tamaşalarında mənim komik rollarım var. Yəni teatra gələn adamlar bu tamaşalara baxıblar və bilirlər. Şükürlər olsun ki, teatrımıza yubiley öncəsi yer də veriblər. Keçmiş Tənqid-Təbliğ Teatrının binasını bizə veriblər.
Mən estrada janrı ilə məşğul olan gənclərimizin səviyyəsi barədə bir neçə kəlmə demək istərdim. Bu gün Rəfaellə Coşqunun, Fərdanın, eləcə də "Bakılı oğlanlar planeti"nin üzvləri Elçin Həmidov, Tahir İmanov, Cabir İmanovun çıxışı məni çox qane edir. Onlar hər an yeniliyə can atırlar. Onların çıxışı mənə ləzzət edir.
- Amma yaşlı sənətkarlar onlar barədə heç də həmişə razılıqla danışmırlar. Deyirlər ki, cavanlar əndazəni aşırlar...
- Ola bilsin, onlar belə qəbul etsinlər.
Çünki hərənin bir zövqü var. Bayaq da dedim ki, mən ümumi danışa bilmərəm. Amma mən elə fikirləşmirəm ki, onlar əndazəni aşırlar. Sadəcə olaraq, gəlin zəmanənin dəyişdiyini və bu gənclərin də zəmanəyə uyğun hərəkət etmələrini qəbul edə bilək. Onlara uyğunlaşmalıyıq.
- Belə çıxır ki, köhnələr yeni qaydalara öyrəşə bilmirlər, təzələr də köhnə qaydaları qəbul etmirlər...
- Onsuz da təsir əks təsirə bərabərdir, istər-istəməz hər iki tərəf bir-birini qəbul edib ortaq məxrəcə gələcək. Mən buna inanıram. Yəni mən bu günkü yumoru başa düşməliyəm və özümü ona uyğunlaşdırmalıyam. Mən indi bu işlərə çox vaxt ayıra bilmirəm deyə, o qədər də ətraflı məlumatım yoxdur. Çünki bayaq dediyim kimi, vaxtımın əsas hissəsini teatra həsr edirəm. Digər tərəfdən, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində "estrada aktyoru" fakültəsi fəaliyyət göstərir. Estrada janrının bu günkü durumu oranın dekanı və müəllimlərini daha çox narahat etməlidir... Onlar gələcək üçün estrada akytorları yetişdirirlər, sabah onların aqibəti necə olacaq, bunu düşünməlidirlər. Ona görə də, estrada janrında yazanları axtarıb tapmalı, onlarla əməkdaşlıq etməlidirlər.
- Bəs siz niyə həmin fakültənin fəalmiyyətində təmsil olunmursunuz?
- Nə vaxt desələr, canla-başla. Amma vaxtım da yoxdur.
Sabah getdim ora və mənə bir qrup verdilər. Onlarla məşğul olmaq üçün bu boyda işləri necə atım. Onda olacaq yalançı müəllimlik. Ya gərək işləyəsən, ya da dərs deyəsən.

    

 Ekspres.-2007.-21-23 iyul.-S.16.