Nüşabə

 

“Azəri qızlar” Özbəkistanda mədəniyyətimizi təbliğ edir

 

Rəqs ansamblının repertuarı Azərbaycan folkloru və etnoqrafiyasını tərənnüm edən xalq rəqsləri ilə zəngindir

 

Azərbaycan mədəniyyəti, incəsənəti istənilən ölkədə sevilir, tanınır. Onun vətənimizdən kənarda təbliği isə soydaşlarımız tərəfindən həyata keçirilir. Soydaşlarımız dünyanın müxtəlif ölkələrində mədəniyyət mərkəzləri yaradaraq milli irsimizin dünyada tanınmasına çalışır. Bu gün də onlardan biri haqda sizlərə məlumat vermək istərdik. Koykəp Əliyeva əslən azərbaycanlıdır.

1935-ci ildə İranın Məşhəd şəhərində anadan olub. Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirib və rəqqasəlik sənətinə yiyələnib. 15 ildir ki, ölkəmizin Özbəkistanda fəaliyyət göstərən Mədəniyyət Mərkəzləri Assosiasiyası tərkibində olan "Bədii həvəskar" mədəniyyət mərkəzinə rəhbərlik edir. Bundan öncə isə Oleq Lundstrem və Batır Zokirovun rəhbərlik etdikləri Özbəkistan estrada teatrlarında rəqqasə kimi səhnəyə çıxıb. 1987-ci ildə həmyerlimiz Özbəkistan Ali Sovetinin qərarı ilə "Əmək veteranı" medalı ilə təltif olunub. Özbəkistanda 2002-2005-ci illərdə keçirilən festivalların laureatı olub. 2005-ci ildə isə onun sənəti doğma vətənində də yüksək diqqətə layiq görülüb. Rəqqasəyə həmin il Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin Özbəkistandakı səfirliyi tərəfindən fəxri fərmanlar təqdim edilib. K.Əliyeva Özbəkistanın ictimai həyatında da fərqlənən insanlardan biridir. Həmyerlimiz qonşu ölkədə fəaliyyət göstərən uşaq evləri ilə rəhbərlik etdiyi "Mehrcon" xeyriyyə fondu vasitəsilə yaxından dəstək olub. O, həm də Özbəkistan Teatr Xadimləri İttifaqının üzvüdür. Onun rəhbərlik etdiyi "Bülbüllər" rəqs ansamblının çıxışı vaxtilə Özbəkistanda səfərdə olan ümummilli lider Heydər Əliyev tərəfindən maraqla qarşılanmışdı. Mərhum prezidentimiz bu körpə fidanların hələ indiyədək Azərbaycanda olmadıqlarını bildikdə onları vətənə dəvət edəcəyinə söz verir. Ulu öndərimizin dəvəti ilə bu rəqs ansamblı 1998-ci ildə Azərbaycana dəvət alır və həmvətənləri qarşısında çıxış edir. Ansambl haqqında isə K.Əliyeva bunları söylədi: "Bildiyiniz kimi, Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası fəaliyyət göstərməkdədir. "Azəri qızlar" rəqs ansamblı 1991-ci ildən fəaliyyətə başlayıb. Yarandığı gündən bu ansamblda bədii rəhbər olaraq çalışıram. Kiçik rəqqaslar üçünsə "Bülbüllər" ansamblı yarandı. 1996-cı ildə isə yuxarı yaşda olanlar üçün daha bir rəqs qrupu yaratdıq. 1998-ci ilin mart ayında ulu öndərimiz Heydər Əliyevin dəvəti ilə "Bülbüllər" rəqs ansamblı Bakıya dəvət aldı və böyük bir konsert proqramı ilə çıxış etdik. Bizim rəqs ansamblının repertuarında Azərbaycan folklorunu və etnoqrafiyasını tərənnüm edən xalq rəqsləri müəyyən süjeti əhatə edən rəqslərlə yanaşı, həmçinir, Şərq   xalqlarına məxsus olan rəqslər də var. Ümumilikdə, bizim ansamblda 40 nəfər uşaq rəqsin sirlərinə yiyələnir. Onlardan 20 nəfəri 7-12 yaş arasındadır.  Digər rəqs qrupunda olan uşaqlar isə 13-16 yaş arasında olanlardır. Biz uşaqlarla regional respublika çərçivəsində olan müsabiqələrdə iştirak etmişik. Bir çox uğurlarımız olub. Müsabiqə festivallarda qran-prilər əldə etmişik. Təbii ki, bizim uğurlarımızda bir çox həmvətənimizin payı var. Mən ilk növbədə Özbəkistanda olan Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri Akif Ağatalıbova təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, o, həm bizim ansamblın direktorudur. Bundan başqa bizə yaxından köməklik göstərən Özbəkistandakı səfirliyimizə Azərbaycanın Mədəniyyət Turizm Nazirliyinə, eləcə ölkə başçısına minnətdarlığımızı bildirirəm. Çünki, biz onların qayğı diqqətini hər an hiss edirik".

Koykəp xanım eyni zamanda bildirdi ki, Azərbaycan rəqs sənətinin incəliklərini yeniyetmələrə öyrətməkdən böyük zövq qürur duyur. Ozünün qeyd etdiyi kimi, məhz bununla o, vətəndən kənarda olmasına baxmayaraq, rəqs mədəniyyətimizin nəsillərdən-nəsillərə keçərək yaşayacağına inanır.

 

Palitra.- 2007.- 10 iyul.- S. 13.