Əhmədov Ə.

 


Ermənilər Laçındakı türk-islam abidələrini heç zaman özününküləşdirə bilməyəcək

 

Yazdıqlarımızın əks-sədası


Çünki beynəlxalq aləmdə erməni və türk mədəniyyətlərinin fərqini çox yaxşı bilirlər
Hörmətli redaksiya! “Xalq qəzeti”nin 24 iyun 2007-ci il tarixli sayında (nömrə 137) qəzetin əməkdaşı İlham Abbasovun Türkiyədə çıxan “Zaman” qəzetinin redaktoru Səlahəddin Seviyə istinadən hazırladığı “Dağlıq Qarabağ erməniləri yalnız diasporun köməyi ilə yaşayır” məqaləsini böyük ürək ağrısı ilə oxudum. Laçın, Şuşa, və Xankəndidə olmuş türkiyəli jurnalistin qələmə aldığı faktların hər biri tükürpədici olsa da, orada bizim üçün böyük ümidverici bir məqamın olduğunu da gördüm. Məqalədə göstərilir ki, Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərdən birinin sədri Avropa Birliyinə getmək üçün Brüsseldən viza-dəvətnamə göndərilməsini xahiş edib. AB rəsmiləri isə dəvətnaməni Xankəndiyə deyil, Bakıya göndəriblər. Yəni Avropanın ən hörmətli beynəlxalq təşkilatı olan AB Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu növbəti dəfə təsdiq edib. Amma...
Səlahəddin Sevi Dağlıq Qarabağda və işğal olunmuş digər ərazilərdə azərbaycanlılara aid nə varsa, hamısının dağıdıldığını, yandırıldığını yazır: “Yol üstündə rastlaşdığımız ilk azərbaycanlı kəndi Zabuxda ermənilər yaşayırlar. Aralarında Gürcüstandan köçürülən erməni ailələri də var. Kənd dağıdılmış vəziyyətdədir. Bəzi evlərin arasına sıra ilə düzülmüş arı yeşikləri burada həyat olduğunu göstərir.
Laçın şəhərində də vəziyyət təxminən eynidir. Şəhər yandırılıb, dağıdılıb. Orda-burda görünən tank və hərbi maşın yanıqlarından başqa azərbaycanlılardan heç bir iz qalmayıb. Laçın bölgənin önəmli mərkəzlərindən olduğu üçün başda poçt binası, muzey, kinoteatr olmaqla şəhərin iqtisadi və sosial ünvanları tamamilə yandırılmış, dağıdılmış vəziyyətdədir... Burada yerli əhalidən heç bir iz qoymamağa çalışırlar. Camaatın evləri də ya dağıdılıb, ya da ermənilərin istifadəsindədir". Diqqət yetirin, ermənilər burada yerli əhalidən — yəni bizdən, azəri türklərindən heç bir iz qoymamağa çalışırlar. Dünya dövlətləri və beynəlxalq təşkilatlar isə bu vandalizmə son qoymaq əvəzinə “Dağlıq Qarabağ və ermənilər tərəfindən işğal edilmiş digər ərazilər Azərbaycanın tərkib hissəsidir” — bəyanatını dönə-dönə təkrar etməklə məşğuldurlar.
Biz laçınlılar isə dövlətimizin, xüsusən, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yeritdiyi ardıcıl və prinsipial siyasətin nəticəsində yenidən Laçına qayıdacağımıza, erməni tapdağında olan yurd yerlərimizdəki tarixi və mədəni abidələrmmizə yenidən sahib çıxacağımıza tamamilə əminik. O yerlərdə xalqımızın min illərlə tarixini yaşadan yüzlərlə abidə mövcuddur. Erməni işğalına qədər təkcə Azərbaycanın deyil, bütövlükdə SSRİ-nin tarixi, mədəni abidələr siyahısında mühüm yer tutan məscid, məbəd, gümbəz, tağlı körpü, saray, qəsr, yaşayış binaları, tarixi şəxsiyyətlərin məzarları və digər memarlıq nümunələri bu gün ya tar-mar edilir, ya da erməniləşdirilərək təhqir olunur. Qarabağa və ətraf rayonlara son iki əsrdə gəlmiş erməniləri qorxuya salan buradakı türk-azəri memarlıq nümunələrinin qədimliyidir. Məsələn, Kosalar kəndindəki Ağoğlan qəsri, Qarıqışlaq kəndindəki Dəmirovlupir məbədi və Pircan kəndindəki Gavur qalası doqquzuncu əsrdə, Cicimli kəndindəki Məlik Əjdər türbəsi on dördüncü əsrdə, Mirik və Sadınlar kəndləri arasındakı qədim qala və Güləbird kəndindəki türbə isə on beşinci əsrdə tikilmişdir. Zabuxdakı Sümüklü qəbiristanlığı isə on altıncı əsrə aiddir. Bəylik kəndindəki (Həkəri çayı üzərində) körpü və Soltanlar kəndindəki Həmzə Soltan Sarayının hətta təkcə əsri deyil, ili də məlumdur — 1761-ci il.
Mən burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Belə ki, ermənilər regionun bütün ölkələrində olan tarixi abidələri öz adlarına çıxdıqları kimi (onların xəstə təxəyyülünə görə Türkiyə, İran, İraq, Gürcüstan və eləcə də Azərbaycan ərazisindəki bütün tarixi abidələrin müəllifi bilavasitə ermənilərdir) Laçındakı abidələrə də həyasızcasına “müəlliflik edirlər”. Halbuki, təkcə Azərbaycan alimləri deyil, eləcə də bütün dünya alimləri sübut ediblər ki, bu ərazidəki islamaqədərki abidələr eramızın IV-VII əsrlərinə qədər Arazın şimal hissəsini əhatə edən qədim albanlara məxsusdur. Qeyd edilməli ikinci məqam ondan ibarətdir ki, ermənilər Azərbaycanın tarixi-memarlıq və mədəniyyət abidələrini özününküləşdirməyə ərazilərimiz işğal ediləndən sonra başlamayıblar. Bu proses sovet dövründə böyük xəyanətkarlıqla davam etdirilib. Mənim yaxşı yadımdadır. 1984-cü ildə rayonun İpək kəndində qəribə geoloji süxurların üzə çıxması (torpaq aşınması nəticəsində) SSRİ alimlərinin marağına səbəb olmuşdu. Üzə çıxan süxurlar tam təbii olduğuna görə qətiyyən arxeoloji əhəmiyyət daşımırdı. Ona görə də SSRİ alimləri Laçındakı qeyri-adi İpək süxurlarına (süxurlar işığın düşdüyü bucaq altında ipək kimi parıldayırdı) beynəlxalq diqqət yönəltmək məqsədi ilə ABŞ, Kanada, Fransa, Yaponiya, İtaliya, Hindistan və digər ölkələrdən təcrübəli geoloqları Azərbaycana dəvət etmişdilər. Diqqət edin, geoloqları. O zaman Sarıbaba dağının arxasındakı İpək süxurlarını “tədqiq etmək” üçün Fransa, İtaliya və Kanadadan erməni arxeoloqları gəlmişdilər. Əlbəttə, bu elmi ekspedisiyanın məqsədini hamıdan yaxşı bilən rəsmi Moskva geoloji süxurlara baxmaq üçün erməni arxeoloqunun gəlməsinin qarşısını ala bilərdi. Amma almamışdılar və həmin ermənilər Laçındakı (əlbəttə, həm də başqa bölgələrdəki) alban abidələrini erməni abidəsi kimi qələmə vermək üçün çox böyük şans əldə etmişdilər.
Bütün bunlar dünyanın hər yerində hamıya gün kimi aydın olan erməni məkrinin və xəyanətkarlığının bariz nümunəsidir. Ancaq heç bir məkr və xəyanət həqiqətin qarşısını uzun müddət ala bilmir. Üstəlik Azərbaycanın qeyrətli ziyalılarının erməni saxtakarlığının üstünü açmaq, onları ifşa etmək istiqamətində həyata keçirdiyi tədbirlər də öz müsbət nəticəsini verəcəkdir. Bu yazıda söhbət konkret olaraq Laçın abidələrindən getdiyinə görə qeyd etdiyim qeyrətli ziyalılarımızdan birinin — uzun müddət Azərbaycan Respublikası Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin Laçın rayonu üzrə məsul katibi işləmiş Faiq İsmayılovun bir kitabını yada salmaq istəyirəm. Belə ki, onun 1985-2002-ci illərdə topladığı materiallar əsasında tərtib etdiyi “Tarixin faciəsi: Laçın” adlı Azərbaycan və ingilis dillərində işıq üzü görən kitabında mühüm tarixi əhəmiyyətə malik 33 abidə haqqında məlumat, onların tikilmə tarixi, yerləşdiyi ərazi və şəkilləri verilmişdir. Bir daha qeyd edim ki, bu 33 abidə ancaq Laçın rayonunun ərazisindədir. Ancaq bizim işğal olunmuş torpaqlarımız ölkə ərazisinin 20 faizini təşkil edir. Yəni düşmən tapdağında qalan, ermənilər tərəfindən məhv edilən tarixi abidələrimiz yüzlərlədir. Yeri gəlmişkən Faiq İsmayılov Laçın sakinləri adından YUNESKO-ya göndərdiyi müraciətdə rayondakı abidələrin tam siyahısını da göstərmişdi.
Sonda bir daha qeyd edirəm ki, mən bu sətirləri “Xalq qəzeti”nin qardaş Türkiyədə çıxan “Zaman” qəzetinə istinadən hazırladığı məlum materialı oxuduqdan sonra qələmə aldım. Əsas məqsədim odur ki, tarixin bütün haqsızlıqlarına baxmayaraq, Laçına qayıdacağımız barədə deyilənlərin həqiqiliyinə bütün laçınlılar əmin olsunlar. Eyni zamanda, abidələrimizin erməniləşdirilməsi də uzun müddət davam edə bilməz. Çünki dünya alimləri erməni abidələri ilə türk abidələrinin fərqini çox yaxşı bilirlər.
Hörmətli oxuculara Laçın abidələrindən bir neçəsinin şəklini təqdim etmək istərdim.
Şəkildə: 1. Laçında qeydə alınan bu daş abidələr İçərişəhərdə, Ərdəbildə, Şamaxıda Naxçıvanda tapılan abidələrlə tamamilə eynidir.
2. Soltanlar (Hüsülü) kəndindəki Həmzə Soltan sarayı (18-ci əsr).
3. Minkənd çayı üzərindəki ikitağlı körpü uzaqdan Xudafərini andırır.
4. Seyidlər kəndindəki birtağlı körpünün dörd-beş əsr əvvəlki texnologiyalar əsasında tikildiyinə inanmaq çətindir.

Xalq qəzeti.- 2007.- 1 iyul.- S. 6.