İçərişəhər dağılır

Aydın Rəcəbov: "Ermənilər Dağlıq Qarabağda, özümüzünkülər isə Bakıdakı abidələri dağıdırlar"


Bakının mərkəzində yerləşən "Qədim Bakı"adlandırılan, YUNESKO-nun tarixi abidələri siyahısına daxil edilən İçərişəhər artıq məhv olmaq üzrədir. Bir müddət öncə bu qədim şəhərin bərpasına başlansa da, artıq burada əksər abidələr dağıdılıb, yerində hündürmərtəbəli binalar inşa olunub. İçərişəhərin əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Şəhərin ventilyasiyası pozulub, ərazisində həddindən artıq sıxlıq yaranıb və şəhər yüklənib. Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Aydın Rəcəbovla söhbətimiz bu mövzudadır "OLAYLAR".

- Aydın müəllim, İçərişəhərdə artıq qədim tarixi abidələr dağıdılıb, yerində müasir binalar tikilib. Buna münasibətiniz?
- İçərişəhər barədə dəfələrlə danışılıb. Mütəxəssislər bu mövzu barədə danışmaqdan, bəyanatlar verməkdən yorulub. Bir neçə ildir ki, oradakı özbaşınalıqları ictimaiyyətə çatdırmışıq. İçərişəhərin dərdi kimə təsir edirsə, o fəryad qoparır. Lakin bəziləri buna məhəl qoymadan əməllərinə davam edirlər. İçərişəhər deyəndə söhbət təkcə köhnə Bakı və ya onun qədimliyindən getmir. İçərişəhər Azərbaycanın paytaxtında olan, YUNESKO-nun tərkibinə qatılan bir tarixi abidədir. Bu şəhərin ərazisi cəmi 22 hektardır. Sonuncu dəfə təxminən 3 ay əvvəl İçərişəhəri gəzmək istədim. Lakin çox pis təəssüratla qayıtdım. Nəinki orada aparılan tikintilər, hətta avtomobillər də İçərişəhəri zəbt edib. Avtomobillərin sıxlığından orada nə səki görə bildim, nə də küçə. Başa düşə bilmədim ki, İçərişəhərə gəlmişəm, yoxsa avtomobil dayanacağına. Bu biabırçılıq İçərişəhərə təhqirdir! Şəhərin Qoşa Qala qapısından içəri daxil olan kimi sağda da maşın cərgəsi var, solda da, qarşıda da. Yuxarı qalxırsan, orada da şirkətlər və onların da qarşısında maşın sırası. Bu nə dərəcədə doğrudur, bilmirəm. Turistlər Azərbaycana gələndə və şəhəri gəzəndə hansı maneələrlə qarşılaşırlar, onu bir Allah bilir. İndi turistlərin İçərişəhərdə rahat gəzib istirahət etməsi üçün yer qalmayıb. Bir az Şirvanşahlar sarayı tərəfdə yer qalıb. Qalan yerlərin hamısı hündürmərtəbəli binalarla əhatə olunub. Turistlər Azərbaycana gələndə onlara qədim tarixi abidələrimizi göstəririk. Başqa onları nə maraqlandırır? "Göydələn"ləri onlara göstərməyin mənası yoxdur. çünki onlar bu cür çirkin tikililəri çoxdan görüblər. Mən artıq ehtiyat edirəm ki, İçərişəhəri Dünya Abidələri Siyahısından çıxara bilərlər. Artıq İçərişəhərin o qədim quruluşu itib. Yəni, əvvəllər İçərişəhərin hər nöqtəsindən Xan Sarayı görünürdüsə, bu gün o tikili itib batıb. "Göydələnlər" İçərişəhəri əhatəyə alıb. Yeni tikililər bu qədim şəhəri biabırçı vəziyyətə salıb. İçərişəhərdə yaşıllıq qalmayıb. Orada bir tut ağacı vardı ki, çox vaxt kimsə kiminləsə görüşəndə oranı nişan verərdi. Həmin ağacı bütün İçərişəhər əhalisi tanıyırdı. Həmin ağacı da məhv edib yerində bina tikiblər. İndi İçərişəhərdə yığışıb dincəlməyə yer yoxdur. Şəhərdə nəfəs almaq olmur. Harada boş yer görürlər, oranı tikirlər. Başa düşə bilmirəm ki, axı nə var o İçərişəhərdə ki, hamı orada bina tikir. Axı İçərişəhər tikinti yeri deyil. Bu gün İçərişəhərin nə ventilyasiyası qalıb, nə təmiz havası. İçərişəhərdə sərin su kəhrizləri betonla doldurulub, hava gələn dar küçələri tutulub, qədim tarixi quyular doldurulub, məhv edilib. Artıq orada İçərişəhər aurası yoxdur. Bu aura məhv edilib, dağıdılıb. Hərə bu balaca yerdə bir firma, bir səfirlik, bir bank və digər təşkilat açır. Mənə elə gəlir ki, bu işlərin hamısı məqsədyönlü aparılır. Başqa cür fikirləşə bilmirəm. Axı İçərişəhər kimə nə edib ki, bu şəhəri bu cür cəzalandırırlar?
-İçərişəhərdə tikilən səfirliklərin köçürülməsi ilə bağlı söhbətlər yayılmışdı. Sizcə, bununla İçərişəhərin problemləri həll olunacaqmı?
- İçərişəhərdən səfirliklərin köçürülm
əsinin bu işə nə dəxli var ki? Məgər İçərişəhərdən səfirliyin köçürülməsi onun ab-havasını qaytaracaq? Onda buradan səfirliyin adamları köçürüləcək. Binalar ki, sökülməyəcək! Bunun da İçərişəhərə heç bir aidiyyəti yoxdur. İçərişəhərin əvvəlki aurasını qaytarmaq üçün yeganə yol var. Orada sonradan tikilən bu hündür binaları söküb yerə qoymaq. İkinci yol yoxdur. çünki İçərişəhər sıxlıqdan, yüklənmədən əziyyət çəkir. Orada fəaliyyət göstərən səfirliklərin əksəriyyətinin şəhərin mərkəzində də yeri var. Bu gün köçürülmədə həmin binaya köçəcəklər. Nə xeyri var, bina ki, yerində qalır? Oradakı binalar səfirliklərə məxsus deyil. Bu binaları hansısa milyonçu tikib verib kirayəyə. Səfirlik köçürüləndən sonra başqa bir təşkilat bu binaya köçəcək. Bunun İçərişəhərin ab-havasına heç bir xeyri olmayacaq. Sökülsə, bəlkə bir az şəhər açılar, oradakı insanlar qismən rahat nəfəs ala bilərlər. Hansı ölkədə köhnə və qədim şəhərlər sökülüb yerində yeni binalar tikilir? Bu yalnız Azərbaycandadır. Hər yerdə qədim şəhərlər qoruq kimi qalır, kənarında yeni binalar tikilir. Stokholmda mən köhnə şəhərdə oldum. Oranın köhnə qənbər daşını da qoruyub saxlayıblar. çünki onlar vətənini sevir və onu qoruyurlar. Bizdə isə bu yoxdur. Tallində də Mono Tallin deyilən qədim şəhər var. Oranı da qoruyub saxlayırlar. Amma bizdə dağıdılıb.
-İçərişəhərdə deyək ki, binalar söküldü.
Bəs o dağıdılmış kəhrizlər, betonlanan quyular necə bərpa olunacaq?
- Onların bərpasından keçib artıq. Onlar bərpa oluna bilməyəcək. çünki hansısa binanın tikilməsi üçün özül qazılanda quyu və ya mağara aşkarlanır. Onu dərhal betonlayıb bağlayırlar və üstündə binalar tikirlər. Axı o quyular, mağaralar tam araşdırılmayıb. İçərişəhərin hər qatında bir tarix var. Hələ İçərişəhərin neçə təbəqədən ibarət olduğunu aydınlaşdıran olmayıb. Bu bir sirr olaraq qalır. Alimlərimiz İçərişəhərin 3 təbəqəsindən aşağı gedib çıxa bilməyiblər. Hələ bilinmir ki, o təbəqələrdə nə yatır, orada nələr var. İçərişəhərin neçə dəfə zəlzələyə məruz qalmasını da araşdıra bilməmişik. Amma həmin qazıntıya, axtarışa ehtiyac olan yerləri bina tikənlər betonlayırlar. Binaların sökülməsi yalnız İçərişəhərin ümumi görünüşünü dəyişə bilər. İçərişəhərdə xalq sənəti emalatxanaları tikilə bilər ki, turistlərə o əsərlər göstərilsin. Mən buna görə həmin binaların sökülməsinin tərəfdarıyam.
- Sizcə, İçərişəhərdə bu prosesin başlamasına səbəb nə oldu ki, hamı bura axışdı?
- Burada hündür binaların tikilməsinə səbəb İçərişəhərdə Milli Ensiklopediyanın binasının tikilməsi oldu. Bu bina orada tikilməməli idi. İlk öncə İçərişəhərin görkəmini o bina korladı və sonradan burada hündür binaların tikilməsinə başlandı. Məgər paytaxtda Milli Ensiklopediya üçün bina tikməyə yer az idi? Onun yerində İçərişəhərin görkəminə uyğun olan "Turbaza" vardı. İçərişəhərə ən böyük və birinci ziyanı Milli Ensiklopediyanın binası vurdu. Sonradan da bu proses davam etdirildi. Və nəticədə İçərişəhərdə yüklənmələr baş verdi. İndi nəinki İçərişəhər, hətta Bakının özü də yüklənir. Bu da Bakı üçün təhlükə yarada bilər. çünki bu da torpaqdır. Torpaq yüklənəndə nə Bakı merindən, nə də bizdən soruşmur.
- İçərişəhərin hər il çökməsi barədə məlumatlar yayılıb. Siz necə bilirsiniz, bu çökmə nə ilə əlaqədardır?
- Bu çökmənin əsas səbəbi İçərişəhərdəki quyularla əlaqədardır. Bu quyular betonlanıb doldurulur. Bəs bu quyuların suyu hara getdi? Əgər bu sular gedibsə, nə vaxtsa qayıdacaq. Yeraltı sular heç vaxt itə bilməz. Mən ondan ehtiyat edirəm ki, bir gün o sular qayıdacaq və haradansa çıxacaq. Bu yüklənmədə o sular nə dərəcədə fəsadlar törədəcək, təsəvvür edə bilmirəm. İçərişəhərin kanalizasiya sistemi isə şəhər üçün böyük təhlükə törədə bilər. çünki burada 1000 santimetr diametrlik kanalizasiya borusu 100 santimetrlik borularla əvəzlənib. Bu fəlakətdir. Bakı kimi İçərişəhərin də ayrıca amfiteatr relyefi var idi. Amma indi ondan əsər-əlamət qalmayıb.
- Artıq İçərişəhərin bərpası ilə bağlı işlər görülür.
- Mən bu bərpa işlərinə qarşı deyiləm. Müsbət addımdır. Amma gecikib. Bərpa nəyi ola bilər? Hansısa bir memarlıq abidəsi uçmaq üzrədirsə, onu bərpa edə bilərlər. Amma bayaq dedim ki, dağıdılan memarlıq abidələri bərpa oluna bilməyəcək. Həmin işə vaxtında yanaşsaydılar, indi tarixi abidələr məhv edilməzdi.
-İçərişəhərdə Hüseynqulu Sarabskinin ev muzeyi olub. İndi həmin evi dağıdıb yerində Polşanın Azərbaycandakı səfirliyi üçün bina tikilib və binanın üstünə "Hüseynqulu Sarabski bu evdə yaşayıb" lövhəsi vurulub.
-Bu biabırçı faktdır! Əgər o evdən əsər-əlamət yoxdursa, bu lövhə o binaya necə vurula bilər? Axı Hüseynqulu Sarabski bu binanı görməyib. Yaza bilərdilər ki, Huseynqulu Sarabski bu ərazidə yaşayıb. Bu, bir az mümkün idi. Yoxsa ki, ev muzeyini dağıdıb onun daş-kəsəklərini də itirib, sonra da yerində tikilən hansısa əcaib binanın üstünə həmin lövhəni vurmaq Azərbaycan mədəniyyətinə, Azərbaycan tarixinə, Azərbaycanın tarixi şəxsiyyətlərinə əvəzsiz təhqirdir. Və yaxud yaza bilərdilər ki, burada Hüseynqulu Sarabskinin ev muzeyi olub. Bunu da müəyyən mənada qəbul etmək olar. Ola bilərdi ki, Sarabskinin ev muzeyi dağıdılmazdı, kiçik bir ərazidə saxlanılardı və yanında səfirlik üçün bina tikərdilər. Bu olardı Hüseynqulu Sarabskinin adının əbədiləşdirilməsi. Amma səfirliyin binasına "H. Sarabski bu evdə yaşayıb" yazmaq Sarabskinin ruhuna və onun qohumlarına amansız təhqirdir. Sarabski məgər səfirlikdə doğulub böyüyüb? Hüseynqulu Sarabski səfirlikdə yaşayıb? Bu ifadə Sarabskinin nəslindən qalanlara və onunla vaxtilə işləyənlərə təhqirdir.
- İçərişəhərin dağıdılması sizcə, düşünülmüş addım deyilmi?
- Mən də belə fikirləşərdim. çünki bunun ikinci bir adı yoxdur. Fikir verin, ermənilər işğal altında olan ərazilərimizdəki tarixi abidələrimizi, özümüzünkülər isə Bakıdakıları dağıdır. Erməni bizim düşmənimizdir, bunu bilirik. Yəni, bunları dağıtmaqla başa düşürəm ki, qisas alırlar. Tariximizə zərbə vurmaq, onu məhv etmək istəyirlər. Bu məlumdur. Axı özümüzünkülər də bizdə olan ərazilərimizi dağıdır, tarixi memarlıq abidələri, qədim qoruqlarımızı məhv edirlər. İşğal altındakı memarlıq abidələrimizin ermənilər tərəfindən məhv edilməsinin bu yaxınlarda Dağlıq Qarabağa səfər edən ziyalılar da şahidi oldu. Bunu qəbul edirik ki, erməni edib, onlar dağıdıb. çünki erməni bizimlə düşmən mövqeyindədir. Axı Bakıdakıları erməni etməyib. Bunu kimin boynuna yazaq? Axı biz ermənidən də betər amansızlıq edirik. Erməni Dağlıq Qarabağda, özümüzünkülər isə Bakıda abidələri dağıdır. Bu amansızlığı özümüzə qarşı edirik. Erməni oradan, biz isə buradan dağıdırıq. Bakının siması artıq itib. Nəinki siması, tarixi abidələrin dağıdılması Bakının qədimliyini, tarixini də itirib.
Bu barədə fikirləşmək lazımdır.

 

Təzadlar.- 2007.- 10-17 iyul.- S. 5.