İçərişəhəri göz bəbəyi
kimi qoruyub gələcək nəsillərə
çatdıraq
İçərişəhəri
Bakı böyüklükdə üzüyün qaşı,
Azərbaycan xalqının əvəzsiz maddi
mədəniyyət abidəsi, memarlığının
"daş yaddaşı" adlandırırlar. Bu
unikal maddi mədəniyyət abidəsinin
qorunması, gələcək
nəsillərə çatdırılması
məqsədilə ərazidə
bir sıra təmir-bərpa işləri aparılır.
Nazirlər Kabineti yanında
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov AzərTAc-ın müxbirinə demişdir
ki, Azərbaycan Prezidenti İlham Əliyevin milli-mədəni irsimizə göstərdiyi qayğı,
onun imzaladığı
fərman və sərəncamlar ilə İçərişəhərə yeni statusun verilməsi
qarşımıza
mühüm vəzifələr
qoymuşdur. İçərişəhərin
qorunmasının, onun
idarəedilməsinin təzahürü
olaraq qoruğun Əsasnaməsinə uyğun
təmir-bərpa və konservasiya işlərinin aparılması
məqsədilə xüsusi
komissiya yaradılmışdır.
Bu komissiya İçərişəhərin ümumi görünüşünə
xələl gətirməmək
şərtilə aparılan
təmir-bərpa işləri ilə məşğul olur.
İçərişəhərin beynəlxalq turizm mərkəzinə çevrilməsi
istiqamətində xeyli
iş görülmüşdür.
Tarixi-memarlıq abidələrimizi əks etdirən videokliplər, kitabçalar, açıqcalar
çap edilmiş və bu sahədə
işlər davam etdirilir.
Məlum olduğu kimi, İçərişəhər
YUNESKO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilmişdir. Bu, Heydər Əliyev
Fondunun və Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin təbliği,
qorunub saxlanması istiqamətində gördüyü
böyük işlərin
nəticəsində mümkün olmuşdur. Hazırda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
İçərişəhərin baş planı işlənir. Artıq İçərişəhərin idarə olunmasına dair menecment planı hazırlanmış,
onun gerbinin hazırlanması işi davam etdirilir. Bundan əlavə, "İçərişəhər" Dövlət Qoruğunun idarəetmə sisteminin layihəsinin hazırlanmasına
başlanmışdır. Eyni
zamanda İçərişəhərin
öz ATS-i vasitəsilə yeni elektron-müşahidə sisteminin yaradılması nəzərdə tutulmuşdur.
K.İmanov son vaxtlar görülən işlərdən
danışaraq qeyd etmişdir ki, burada memarlıq abidələri ilə tanış olmaq istəyənlər üçün
sərgi təşkil
olunmuş, keramika üzərində İçərişəhərin
xəritəsi hazırlanmış
və bu xəritənin yeni elektron versiyası təşkil ediləcəkdir. Bildirmişdir ki, 85 abidənin ünvanının əks
olunduğu xəritəyə
əcnəbilər böyük
maraq göstərirlər.
Qız qalasının
qarşısındakı taxta
körpü yenisi ilə əvəz olunmuşdur.
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
rəisi demişdir ki, 1964-cü ildə ərazidə aşkar olunmuş Sıratağlı
abidəsi, vaxtilə dini sitayiş məkanları olan müqəddəs yerlər
bərpa olunaraq kompleks yaradılacaqdır.
İçərişəhərdəki Buxara və Moltanı Karvansaralarının
ətrafları da təmir-bərpa işləri aparılan ərazilərə
daxildir. Azərbaycan Milli Elmlər
Akademiyasının İçərişəhərdə
yerləşən Arxeologiya
və Etnoqrafiya Muzeyi binasının bərbad vəziyyətə
düşən fasadı
bərpa edilmiş, Qala divarları üçün xüsusi
işıqlandırma sistemi
quraşdırılmış, İçərişəhərin dolanbac küçələrində
od məşəlini xatırladan işıq dirəkləri qoyulmuşdur.
Qoruq ərazisində Qoşa qala qapılarından başlayaraq
Böyük qala, Qüllə, Asəf Zeynallı küçələrində,
Qız qalası ətrafında yeni işıqlandırma sistemləri
quraşdırılmışdır. Səftər Quliyev küçəsində İçərişəhərə
uyğun dizaynda işıqlandırma sistemi
yenidən qurulmuş,
köhnə kommunikasiya
qurğuları təzələri
ilə əvəz olunmuş, əsaslı bərpa və yenidənqurma işləri
başa çatdırılmışdır.
Yol örtüyünün
üzlük daşı
dəyişdirilmiş, İçərişəhərin
Əziz Əliyev küçəsinə çıxış
hissəsində olan qədim pilləkən bərpa olunaraq yenidən qurulmuşdur. Milli ornamentləri özündə əks etdirən yeni işıqlandırma sistemi
ilə təchiz olunmuş köşk hazırlanmış və
yaxın günlərdə
onun quraşdırılmasına
başlanacaqdır.
K.İmanov gələcək planlardan söz açaraq demişdir ki, Qoruqda Mədəni
Mərkəz yaradılacaq,
xüsusi elmi-istehsalat
layihələndirmə emalatxanası
açılacaq, nadir
memarlıq incilərinin
bərpası, arxeoloji
qazıntılar nəticəsində
aşkara çıxarılmış
maddi-mədəniyyət
abidələri kompleksləri
konservasiya olunacaqdır.
Başlıca məqsəd qədim
şəhərsalma tariximizi
mərhələlərlə özündə yaşadan
İçərişəhəri memarlığımızın incilərindən
biri kimi mühafizə etmək, onu canlı şəhər kimi yaşatmaq, gələcək
nəsillər üçün
qoruyub saxlamaqdan ibarətdir.
Azərbaycan.-2007.-10 iyul.-S.4.