İsmayılqızı X.

 

Abidələrimiz milli- mənəvi sərvətimizdir

 

Şəhərsalma tariximizi özündə yaşadan və daş yaddaşımız kimi dəyərləndirilən İçərişəhərin özünəməxsus gerbi olacaq
Minillik tariximizin yaddaşı, milli -mənəvi sərvətimiz olan abidələrimizin qorunub bərpa edilməsi həmişə diqqətdə saxlanılır.
Paytaxt və bölgələrdəki tarixi tikililərin qorunub saxlanılması üçün verilən sərəncamlara uyğun həyata keçirilən tədbirlər sayəsində bir sıra abaqlıq və bərpa işləri aparılır, dağılmaqda olan abidələrin əvvəlki görkəminə uyğun təmir işləri davam etdirilir. Turizmin inkişafına diqqətin artırıldığı bir vaxtda belə tədbirlərin əhəmiyyəti böyükdür.
Bakının göz bəbəyi İçərişəhərdəki yenidənqurma işləri hər cəhətdən vacib və önəmlidir. Milli- mədəni irsimizə dövlət qayğısının təzahürü olaraq imzalanan fərman və sərəncamlardan sonra bu ərazidə aparılan bərpa və yenidənqurma tədbirləri İçərişəhərin əvvəlki simasının qorunub saxlanılmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabineti yanında “ İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin yaradılması, Əsasnaməsinin təsdiq olnması ilə görülən islərin dəqiq istiqamətləri müəyyənləşdirilib. İdarənin nəzdində mənzil- kommunal və təmir xidmətindən, elmi- istehsalat bərpa emalatxanasından, elmi-mədəni mərkəzdən, “İçərişəhər” tarixi muzeyindən ibarət strukturların yaradılması planlı olaraq həyata keçirilən işləri sürətləndirdi.
İçərişəhərin Bakı şəhər İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindən çıxarılaraq Nazirlər Kabineti yanında fəaliyyət göstərməsi ilə əlaqədar sərəncamdan sonra bu ərazidə aparılan qanunsuz və icazəsiz tikintilərin qarşısı alındı. Qoruğun Əsasnaməsinə müvafiq olaraq ümumi görünüşə xələl gətirməmək şərtilə aparılan təmir- bərpa və konservasiya işləri xüsusi komissiyaya tapşırıldı.
Bərpa işləri barədə məlumat verən idarənin rəisi Kamran İmanov bildirdi ki, Bakının emblemi olan Qız qalasının qarşısındakı taxta körpü yenisi ilə əvəz olunub. Qoruğun tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar yazılmış broşürlər, kitabçalar, açıqcalar çap olunmuş, video-roliklər hazırlanmışdır. Ərazidə yerləşən abidələrlə tanış olmaq istəyənlər üçün “ İçərişəhər”in keramika üzərində xəritəsi hazırlanmışdır. Gələcəkdə turistlər üçün bələdçi olan və 85 abidənin ünvanını göstərən belə xəritələrin elektron variantı hazırlanacaq.
Qız qalası yaxınlığında yerləşən və 1964-cü ildə aşkar olunan Sıratağı abidəsindəki dini ayinlərin icra olunduğu müqəddəs yerlərin kompleks bərpası da planlaşdırılmışdır. Bunun özü Azərbaycanda bütün dünyaya örnək olan tolerantlığın tarixinin bir neçə əsr bundan əvvələ bağlandığını göstərir.
“Hazırda İçərişəhərdə bir sıra yerlərdə, o cümlədən Buxara və Moltanı Karvansarayının ətrafında, milli ornamentlərin əlavə ediləcəyi fasad və divarlarda, Milli Elmlər Akademiyasının bu ərazidə yerləşən Arxeologiya və Etnoqrafiya Muzeyinin binasında da təmir işləri aparılır” deyən K.İmanov bildirdi ki, Qala divarlarında, Səftər Quliyev küçəsində xüsusi işıqlandırma sistemi quraşdırılıb. Belə sistem Böyük Qala, Qüllə, A.Zeynallı adına küçələrdə də tətbiq olunub. Bəzi kommunikasiya xətləri və qurğuları yeniləri, yol örtüyü daha yaraşıqlı üzlük daşları ilə əvəz olunmuşdur. Qədim, tarixi binaların memarlıq görkəminə xələl gətirən və sonradan inşa olunan tikililər sökülmüşdür. Bu ərazidə yaşayan sakinlərin və paytaxtın tarixi abidələrinə daha çox maraq göstərən turistlərin, Bakının qonaqlarının istirahətini təşkil etmək məqsədilə milli ornamentləri əks etdirən və müasir uslubda, yeni işıqlandırma sistemi tətbiq olunan köşklər hazırlanmışdır. Yaxın günlərdə quraşdırma işlərinə başlanılacaq.
Milli mənəvi sərvətlərimizin qorunmasına diqqətlə yanaşan YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində görülən işlərin sürəti artır, əhatə dairəsi genişlənir . Əsas məqsəd odur ki, Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınan İçərişəhərin memarlıq incilərinin əvvəlki görkəmi bərpa olunsun, qorunub saxlanılsın. “Hazırda İçərişəhərin baş planı hazırlanır” söyləyən K.İmanov görüləcək işlər barədə məlumat verdi. Qeyd olundu ki, İçərişəhərin idarə olunmasına dair “ Menecment plan” artıq hazırdır. İçərişəhərdəki milli- memarlıq nümunələrinə məxsus ornamentləri əks etdirən gerbin hazırlanması üzərində iş aparılır.
Gələcəkdə bu ərazidə xüsusi elmi- istehsalat layihələndirmə emalatxanaları yaradılacaq, nadir memarlıq inciləri bərpa ediləcək, arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış maddi-mədəniyyət nümunələri kompleks şəklində restavrasiya olunacaq.
Memarlıq incilərimizin canlı nümunələrindən sayılan İçərişəhərdəki unikal maddi mədəniyyət abidələri, tariximizin canlı şahidi kimi qorunmalı, gələcək nəsillərə ərmağan edilməlidir.

 

İki sahil.-2007.-17 iyul.-S.6.