Cənubi Koreyada Azərbaycan Mədəniyyəti Günləri

 

Tədbirdə ölkəmiz 96 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. 25-30 iyun tarixlərində Azərbaycan Madəniyyətinin Dostları Fondu və SEBA (SeuI-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü ilə Cənubi Koreyada ilk dəfə olaraq Azərbaycan Mədəniyyəti Günləri keçirilib.

SEBA-dan APA-ya daxil olan məlumata görə, tədbirdə 96 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti iştirak edib. Beş gün davam edən Mədəniyyət Günlərində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbəri və baş dirijoru Xalq artisti Teymur Göyçayev), Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbəri Xalq artisti Afaq Məlikova), Xalq artistləri Ağadadaş Ağayev, Nəzakət Teymurova, Təranə Muradova, Uran Seyidov, Rüfət Xəlilzadə, Əməkdar artistlər Aygün Bəylər, Faiq Ağayev, Azərin, Samir Cəfərov, Zahir Qasımov, Əli Orucov, solistlər Əlixan Səmədov, Ceyhun İsmayılov, Təyyar Bayramov, Elşən Mansurov, Arzu Əliyeva, Əliağa Sədiyev, Kamran Kərimov, Abuzar Güləliyev, Aqşin Abdullayev, Nailə Zeynalova və başqaları çıxış ediblər. Mədəniyyət Günləri çərçivəsində konsert proqramlarından əlavə, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən seçilmiş rəsm əsərlərinin sərgisi də təşkil olunub. Sərgidə 38 rəsm əsəri nümayiş etdirilib.

 

Ekspress.- 2007.- 3 iyul.- S. 13.