Məhərrəmova T.
Abidələrin
Mədəni İrs Siyahısına daxil edilməsi işin
başlanğıcıdır
Rizvan Bayramov:
"İçərişəhərdə işlər
müsbət tərəfə yönəlib"
Bu yaxınlarda Qobustan Dövlət
Tarixi-Bədii Qoruğu Ümumdünya Mədəni İrs
Siyahısına daxil edilib. YUNESKO-nun Ümumdünya İrs
Komitəsinin Yeni Zellandiyada keçirilən növbəti
iclasında qəbul edilən qərar
İçərişəhərdən sonra ikinci tarixi
abidəmizin yolunda yaşıl işıq yandırıb.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin iştirak etdiyi iclasda komitənin üzvlüyünə
daxil olan 21 ölkənin hamısı Qobustanın
mötəbər siyahıya daxil edilməsi barədə
qərara yekdilliklə səs verib.
Bu sevindirici
hadisədən bir neçə gün qabaq isə prezident
İlham Əliyev Qobustan Dövlət Tarixi-Bədii Qoruğu
ərazisində yerləşən tarixi və mədəni
sərvətlərin qorunması haqqında sərəncam
verib. Sənəddə Qobustan qoruğundakı problemlər
bütünlüklə yer alaraq qoruğun idarə
olunması, inkişafı və qorunub saxlanması ilə
bağlı təkliflərin iki ay müddətinə
Nazirlər Kabinetinə təqdim edilməsi
tapşırılıb.
Mədəniyyət
və Turizm Nazirliyinin mədəni irs şöbəsinin
müdiri Rizvan Bayramovla söhbətimiz ümumən
mədəni irsimiz barədədir:
- Qobustan
qoruğunun sənədlərinin hazırlanması, YUNESKO-ya
təqdim olunması və dünyanın Mədəni İrs
Siyahısına salınması ətrafında işlər
2000-ci ildən görülür. Müvafiq sənədlər
o vaxtdan mötəbər təşkilata göndərilib.
Sənədlərə baxılması, tövsiyələr,
ekspertlərin qoruqla tanışlığı uzun bir
prosesdir. Nəhayət, YUNESKO komitəsinin
bürosunda məsələyə bu ilin yayında
baxılacağı qeydə alındı. Qobustanın
Mədəni İrs Siyahısına düşməsində
prezident İlham Əliyevin Qobustanın qorunması ilə
bağlı 11 iyun tarixli sərəncamı böyük rol
oynadı. Komitənin və Dünya İrs Mərkəzinin
sessiya üçün tövsiyə etdiyi qərar
Qobustanın Dünya İrs Siyahısına qəbul olunmaması
ilə bağlı idi. Ancaq prezidentin
sərəncamı bütün fikirləri dəyişdi. 21
ölkənin nümayəndəsinin iştirak etdiyi sessiyada
mədəni irsin artıq dövlətin nəzarətində
olduğu vurğulandı. Sessiya iştirakçıları
həqiqətən bu abidənin Azərbaycan üçün
əhəmiyyətli olduğunun şahidi oldular.
Sərəncamda yer alan bəndlərin icrası
ayrı-ayrı təşkilatlara tapşırılıb. Bu
tapşırıqlar qoruğun sərvətlərinin
qorunması və inkişafı ilə birbaşa
bağlılıq baxımından çox
əhəmiyyətlidir. Həqiqətən Qobustanın
mədəni sərvətlərinin dünya
əhəmiyyəti var. Sənədləri ölkəyə
qaytarmaq üçün hazırlayan komitə üzvləri
dövlət başçısının
sərəncamından sonra fikirlərinin dəyişdiyini
bildirdilər. Dünya Mədəni İrs Komitəsinin
sədri Françesko Bandare Azərbaycan redaksiyasına
ünvanladığı məktubunda: "Azərbaycanı
təbrik edirəm. Bu abidə Dünya Mədəni İrs
Siyahısının incisidir" - deyə yazıb. Onu da qeyd
edim ki,
Dünya
Mədəni İrs Siyahısında 800-dən artıq
abidə var. İtaliya, İspaniya, Yunanıstan və
Fransanın abidələri bu siyahıda çoxluq
təşkil edir. Sadəcə, Azərbaycanda mədəni
irsin qorunması məsələsinə müharibədən
sonra başlanmışdısa, İtaliya bu işə XVIII
əsrdə başlayıb. Ona görə də
italyanların 40-dan çox abidəsi Mədəni İrs
Siyahısına daxil edilib.
- Səhv
etmirəmsə, İçərişəhər və
Qobustan abidələrindən başqa YUNESKO-ya daha bir
neçə abidəmizin sənədləri təqdim olunub.
Nə vaxtsa həmin abidələrin də taleyinin
müsbət həll olunacağına gümanlar nə qədərdir?
- Dünya
İrs Siyahısına həm mədəni, həm də
təbii sərvətlər daxil ola bilər.
Əvvəlcə həmin abidələrin siyahıya
düşməsi üçün ilkin siyahı təqdim
edilir. Dörd təbii, səkkiz mədəni
sərvətimizin daxil olduğu siyahı 1995-2000-ci
illərdə YUNESKO ekspertləri və Azərbaycan
nümayəndələri ilə birlikdə hazırlanıb. "Suraxanı atəşgahı",
"Naxçıvan türbələri",
"Xəzəryanı müdafiə tikililəri",
"Şuşa şəhəri", "Şəki
xanları evi" mədəni sərvətləri və
"Hirkan qoruğu", palçıq vulkanları, "Bakı
pilləkənləri", Binəqədidə
yerləşən "Qır gölü" təbii
sərvətləri bu siyahıda yer alıb. Artıq
mədəni sərvətlərimizdən ikisi bu siyahıya
daxil edilib. Keçən il Hirkan qoruğunun
sənədlərini geri qaytararaq, bu meşələrin bir
hisəsinin İranda yerləşdiyi üçün
təbii sərvətin bir yerdə təqdim olunmasını
tövsiyə etdilər. Hazırda İran tərəfi də
sənədləri hazırlayır.
-
İdarəetmə hüququ əlimizdə olmayan Şuşa
şəhərinin Mədəni İrs Siyahısına daxil
olması gələcəkdə çətinliklər
yaratmayacaqmı?
- Sözsüz
ki, çətinlik yaradacaq. Çünki artıq
Şuşanı biz idarə etmirik. Ona görə də
hal-hazırda onu Dünya İrs Siyahısına daxil edə
bilməyəcəyik. Ancaq Xarici İşlər Nazirliyi
və Mədəniyyət və Turizm Nazirliyi
dəfələrlə beynəlxalq təşkilatlara, Avropa
Şurasına, YUNESKO-ya və birbaşa BMT-yə
müraciət edib ki, mədəni sərvətlərimizin
qorunmasını təmin etsinlər. Yəni biz
torpağımıza daxil ola bilmiriksə, heç olmasa
mədəni sərvətimizi qorusunlar.
- Gərək
ki, qonşu respublikalar - Gürcüstan və
Ermənistanın mədəni abidələri Dünya İrs
Siyahısına bizdən əvvəl düşüb və
çoxluq təşkil edirlər. Deyəsən, biz bu
məsələdə də bir qədər gecikmişik.
- Əslində,
qonşu respublikalar həmin siyahıda çoxluq
təşkil etmirlər. Siyahıda hər ölkənin 3
abidəsi var. Demək olar ki, biz onlara çatırıq.
Onlar bu işi çoxdan görürdülər.
Düzdür, biz bir az yubanmışıq. Hazırda
"Şəki Xan Sarayı" və "Naxçıvan
türbələri"nin sənədləri
üzərində işləyirik. Həmçinin Ekologiya
Nazirliyi də təbii sərvətlərin
sənədlərini hazırlayır.
- Heç
şübhəsiz, mədəni və təbii
abidələrin Dünya Mədəni İrs Siyahısına
daxil edilməsi hələ işin
başlanğıcıdır. Gərək ki, komitənin
tövsiyələrindən biri də tapşırıqları
əməl olunmayacağı təqdirdə abidələrin
siyahıdan çıxarılma təhlükəsidir. Bu
tövsiyə təhlükədə olan abidələr siyahısına
düşən İçərişəhərlə
bağlı maraq doğurur.
-
İçərişəhərdə müəyyən
problemlər olduğundan qoruq- şəhər 2003-cü
ildə təhlükədə olan dünya irs abidələri
siyahısına daxil edilib. Təbii ki, onların
tələbləri var ki, bu, dünya irs abidəsidirsə,
ölkə bu mədəni sərvəti qorumalıdır. Çünki
bu, artıq ümumbəşəri sərvətdir. Dünya
İrs Konvensiyasına uyğun olaraq bu sərvəti
qorumalı və tövsiyələri həyata
keçirməliyik. Keçən il Dünya
İrs Komitəsinin Vilnüsdə keçirilən XXX
sessiyasında mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev
İçərişəhərlə bağlı
tövsiyə və iradların artıq aradan
qaldırılmaq üzrə olduğu barədə məlumat
verdi. Komitə üzvləri
İçərişəhərin təhlükədə olan
abidələr siyahısından çıxarılması
üçün tövsiyələrini verdilər.
Ötən ilin dekabr ayında ölkə başçısının
sərəncamı ilə Kamran İmanov
İçərişəhər qoruğuna rəhbər
təyin olundu. Mədəniyyət və Turizm Nazirliyinin
xətti və Dünya Bankının krediti hesabına
İçərişəhərin idarəolunma planı
hazırlandı. Bu layihəni Amerikanın Kembric Universiteti
azərbaycanlı nümayəndələrlə bir yerdə
keçirdilər. Bundan əlavə,
İçərişəhərdə Amerikanın Minesota
Universiteti ilə Azərbaycan Memarlıq Universitetinin
müəllim və tələbə heyəti
invertarlaşdırma işləri apardı. Artıq
avtomaşınların qoruğa daxil olması
məhdudlaşdırılıb. Demək olar ki,
İçərişəhərdə işlər
müsbət tərəfə yönəlib. Bu il də
İçərişəhərin vəziyyəti Dünya
İrs Siyahısında müzakirə olundu. Qeyd olundu ki,
işlər belə davam edərsə, ümid etmək olar ki,
İçərişəhər təhlükədə olan
abidələr siyahısından çıxarılacaq.
-
Ümumiyyətlə, bu gün ölkəmizdə qeydiyyatda
olan abidələrin sayı nə qədərdir və
onların qorunma vəziyyəti necədir?
-
2000-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 6308
abidəmiz rəsmi dövlət qeydiyyatına
götürülüb. Ölkə
başçısının 2006-cı il 18 avqust tarixli
"Bakı şəhərində memarlıq
abidələrinin bərpası" ilə bağlı
sərəncamında qeydiyyata götürülmüş
tarixi abidələrdə monitorinq keçirilməsi
ilə bağlı bənd var. Bu sərəncam da zamanında
verilib. Bilirsiniz ki, aşkar edilən yeni tarixi abidələr
də qeydiyyata düşməlidir. Biz AMEA Arxeologiya və
Memarlıq və İncəsənət İnstitutu ilə
birgə monitorinq aparırıq. Hansı bir yeni abidənin
mədəni dəyəri varsa, onu siyahıya alırıq.
İctimaiyyət və rayonların mədəniyyət və
turizm şöbələri bu işdə çox
köməklik edirlər.
- Bu siyahıda
dağılmaq təhlükəsi ilə
üzləşən və bərpaya ehtiyacı olan
abidələrimiz çoxdurmu?
- Konservasiya
olunmalı və dağılmasının qarşısı
alınmalı olan abidələrimiz var. Ancaq bu problem yox,
sadəcə bir məsələdir. Tutaq ki, XII əsrin bir
abidəsi təbii şəraitdən dağılmağa
başlayır. Dağlarda yerləşən əksəriyyət
qalalarda və ya körpülərdə belə problemlər
var. Abidə baxımsız olacağı təqdirdə,
yəni orada insan nəfəsi olmayacaqsa, dağılmaq
təhlükəsi ilə üzləşəcək.
- Təbii ki,
abidələrin qorunması 3-5 nəfərin işi deyil.
Burada ictimaiyyətin də böyük rolu olmalıdır. Bu
yöndə isə dövlətin öz təbliğatı
olmalıdır. Bu istiqamətdə aparılan
təbliğatı qənaətbəxş hesab edirsinizmi?
- Heç
şübhəsiz, burada ictimaiyyətin də rolu olmalı
və bu işdə təbliğat əsas rol
oynamalıdır. Təbii faktorlar varsa, insan faktoru
olmamalıdır. İnsan ətrafında olan abidənin
dəyərini bilməlidir. Böyüyən nəslin
mədəni irs haqqında məlumatı olmalıdır.
-
Mədəniyyət və Turizm Nazirliyinin düşmən
işğalında olan abidələrimizin kataloqunun
hazırlanmasıyla bağlı işləri hansı
səviyyədədir?
- Artıq
həmin katoloqun siqnal nüsxəsi hazırlanıb. Yəqin
ki, bir aya işıq üzü görəcək.
Abidələrimiz haqqında əlimizdə nə qədər
məlumat varsa, həmin kataloqa daxil etmişik. Əfsuslar olsun
ki, işğal altında olan bütün abidələrimiz
haqqında məlumatımız yoxdur. Sovet dövründə
biz bu siyahını aparmamışıq. Sonra da mümkün
olmayıb. Aprel-may aylarında Dağlıq Qarabağdakı
abidələrimiz haqqında məlumat əldə
etməkdən ötrü YUNESKO-nun missiyasını
gözləyirdik. Ancaq bir sıra sosial-texniki
məsələlərə görə missiya gələ bilmədi.
Buna baxmayaraq, biz onları gözləməkdəyik. Yalnız
bundan sonra işğal altında olan abilələrimiz
haqqında məlumat əldə edə bilərik.
Kaspi.-2007.-19 iyul.-S.16.