Rzalı R.
Qobustan
Böyük Qafqaz dağlarının cənub-şərq
ətəkləri ilə Xəzər dənizi arasında qobu
və yarğanlara malik ərazidir. Adı ilə bağlı
müxtəlif fərziyələr, yozumlar olsa da, ən
ağlabatanı ərazisində çoxlu qobuların
olması ilə bağlıdır - Qobustan qobular diyarı
mənasını ifadə edir. Qobu türk mənşəli
sözdür, qurumuş geniş çay vadisi
mənasını daşıyır. Geoloqların
apardığı tədqiqatlar nəticəsində məlum
olub ki, ən böyük palçıq vulkanları da
Qobustanda olub. Bu qədim yaşayış
məskəninə səfər edən səyyahlara
qəsəbənin mərkəzində 4 metrə qədər
hündürlükdə olan və ətrafı məhəccərlə
dövrələnmiş daşın üstünə
bərkidilmiş kəmərçinli siluet şəkilli
oxatan adam fiquru bələdçilik edir. Biz də siluet
adamın oxunu tuşladığı istiqamətə
yollanırıq.
Qəsəbədə yaşayan Əmrah
dayı Böyükdaş dağına çıxmağa
bələdçilik edərkən dedi ki, əvvəllər
Qobustan qoruğuna getmək üçün dəmir yolu
relslərinin üstündən keçmək lazım
gəlirdi, altmışıncı illərin axırları
olardı, körpü tikdilər. 30 il olar
ki, bura gəlib gedənlərin, yazıb-pozanların
ayağı kəsilmir. Ömrü uzun olmuş onu da dedi ki,
dədə-babadan buralar zəhərli gürzələrlə
dolu olur, işdir, rast gəlsəniz, işiniz olmasın,
özü sürünüb gedəcək. Yavaş-yavaş
dağa qalxırıq, hər yan susuzluqdan qurumuş
səhralığa oxşasa da, yaşayış
məskəni üçün buraları uyğun
seçməkdə babalarımıza haqq
qazandırırıq. Quruluşuna görə hər yan
təbii tələdi. Vəhşi heyvanları, ceyranı,
maralı, dağ keçilərini bir anın içində
qovub qaranəfəs edərək dağın uçurumuna
qısnayıb ovlamağa nə var?! Bir azdan
yaşadığımız XXI əsrin rəqəmsal
sürətindən ayrılıb 12-15 min il əvvələ,
bəlkə də daha qədim tarixə "daxil oluruq".
Qayaların üzərində nələr yoxdur?! Bir yanda oxlu-nizəli, ova hazır atağızlı
cəngavərlər, bir yanda qavaldaşın
sümüyədüşən diringisinə qol
götürüb oynayan dəstə-dəstə cavanlar, o biri
yanda rəqs edən cavanlara əl çalan iri budlu
qadınlar, vəhşi at ilxıları, ayğırlar,
qayaların uçurumuna sıxışdırılmış
biçarə öküz, günəş şəkli
çəkilmiş gəmi, dənizə səyahət,
qurbankəsmə və biçin mərasimləri, o
tərəfdə vəhşi qabanı qovan itlər,
irigözlü kök keçilər, marallar, gurlar, qarmağa
düşmüş tısbağa, daha nələr...
Tariximizi, keçmişimizi və kimliyimizi
öyrənmək üçün babalarımızın
"qardaşlığı", nənələrimizin
"bacılığı" - Qobustan qayalarına
çıxıb daşları danışdırmaq
kifayətdir. Əcdadlarımız min illər boyu tənbəllik
etmədən döymə, qazma, sürtmə və digər
rəsm üsulları ilə təsərrüfat və
məişətlərini, mədəniyyətlərini,
həyat tərzlərini qayaların üzərinə
köçürərək özlərini bizlərə
tanıdıblır. Behiştliklər öz tarixlərini
yaradıblar da, yazıblar da. Ona görə də bu
qayaları bələdçisiz də gəzmək olar.
Böyük bir tarix, era qayaların üzərindəki
sənət əsərlərində həkk olunub.
Əslində Qobustan dağətəyi zonadır,
yaşıllıqsız, meşəsizdir, dediyimiz kimi,
səhralığı xatırladır. Lakin
kağız-qələm anlayışının
olmadığı bir tarixdə nər qayalar burada
əcdadlarımıza sanki tarixlərini, həyat
tərzlərini sinələrində təsvir etmək,
yaratmaq fürsəti vermək üçün
sıralanıblar. Adda-budda qızmar
gündən oğurlanıb qayaların arasında
"gizlənən" cırlaşmış
böyürtkən, doqquzdon, ardıc, dağdağan
ağaclarına, yerdonbalana, yovşana rast gəlmək olur.
İndi də yayın qızmar vaxtıdır deyə
yağışdan sonra əmələ gələn azömürlü
bitkilər də quruyub, istidən canını
götürüb qaçan çölsiçanları
sərinləmək üçün özlərini
açdıqları dəliklərdən torpağın altına
təpirdilər. Arabir mürgüyə dalmış boz
qayaların üstünə qonan sığırçın,
sərçə, qaratoyuqlar da yemək axtarmaqla
məşğuldurlar. Torpaq əsasən yağış suları
ilə qidalandığından yayın bu vaxtlarında
ətraf yaşıllıqsız, qupqurudur. Ayaqyalın
gəzmək könlümüzdən keçsə də,
nəsibimiz olmadı. İstidən qızmış torpaq,
daşlar təndir kimi yanır. Təsvirlər isə
istidən bezənə oxşamır, qaynar qayaların
sinəsində özlərini günə verirdilər. Biz
də qayaların arasında kölgəlik axtarırdıq
ki, istidən yanmayaq. Bir sözlə, Qobustan mağaralardan,
qayalardan və bu qayaların üzərində yaradılmış
həyat səhnələrindən ibarət böyük bir
tarixdir. Qalır, bu daşları danışdırmaq.
Danış görüm, a daş "qardaş"!
Hər şey göz önündədir, nə dərviş
nağıllarına, nə bələdçiyə, nə
də salnaməçiyə ehtiyac var. Daşlarla "dil
tapmaq" da çətin deyil, axı öz
əcdadlarımızdır. Onlar öz həyat
tərzlərini, bolluca ovdan sonra keçirdikləri bayram
şənliklərini adi daşlarla iri qayaların
üzərinə elə real, elə dinamik həkk ediblər
ki, sanki indicə qayalar canlanıb uzaq keçmişdən
danışacaqlar. Ümumi sayı 6 mindən çox olan
qayaüstü təsvirlər kolleksiyasında insan
və heyvan təsvirləri, ovçular, uçanlar,
qaçanlar, sürünənlər, hətta balıq və
gəmi təsvirləri də mövcuddur. Dünya
alimlərinin gəldiyi qənaətə görə, minillik
tarixi dövrlərdə yaranaraq nəsildən-nəsilə
keçmiş Qobustan abidələri dünyada açıq
səma altında yeganə muzeydir ki, tarixi minilliklərlə
hesablanan bir dövrü əhatə edən eksponatları
ilə həmin yaşayış məskəninin
özündə, ilkin yerində nümayiş etdirilir. Bu abidələr kompleksi zolaqvari kiçik
sahədə yerləşən Böyükdaş,
Kiçikdaş və Cingirdağdakı qayalıqlar
arasındadır. İlk təəssüratdan görünür
ki, bütün yaşayış atributları -
təsərrüfat və məişət alətləri,
çalğı alətləri, yeməkləri,
yatmaqları, yastıqları, yorğanları,
qab-qacaqları, bəzək-düzək əşyaları
hamısı daşdan olan qədim insan
düşərgəsi Qobustan tariximizin çox uzaq və
maraqlı dövrünü əhatə edən
dilsiz-ağızsız arxivdir, kitabxanadır. Balaca
çaxmaqdaşı və çaydaşlarından o
qədər qaşov kəsər, biz, bıçaq, ox ucu,
iskənə, sürtgəc, çapacaq kimi əmək
alətləri, müxtəlif bəzək əşyaları,
muncuqlar, bazubəndlər düzəldiblər ki, Qobustan
qoruğunun arxeoloji fondunda onlara baxarkən ulu
babalarımızın əməksevərliyinə və
bacarığına həsəd aparmamaq olmur. Özü
də bu alətlər ibtidai formada, başdansovdu deyil,
yüksək zövqlə, incəliklə, səliqə-sahmanla
işlənmişdir.
Bir az aralıda əcdadlarımızın
"ana mağara" mənasını daşıyan ilk yaşayış
"evi" - "Ana zağa" sanki özü
qəsdən yol kənarında mövqe tutub ki,
"ağbirçək" kimi qonaqları qəbul edib,
ötənləri bir-bir "nəql eləsin". Bu
mağara qaya parçalarının sürüşməsi
və təbii olaraq yarımörtülü
sığınacaq halına gəlməsi
nəticəsində yaranıb. Mağaranı
əmələ gətirmiş qayaların üzərində
müxtəlif tarixi dövrlərdə insan
həyatını əks etdirən səhnələr
təsvir edilib. Bundan başqa "Kənizə",
"Ovçular zağası", "Füruzə",
"Daşaltı", "Ceyranlar" kimi daş
dövrü düşərgələri də mövcuddur.
Ərazi başdan-başa təbiət abidələri ilə
zəngindir. Zaman-zaman əsən güclü
küləklər, yağan yağışlar və qızmar
günəş zərgər kimi qayaları cilalayıb,
elə bil sapa mirvari düzüb. Üzüyuxarı
qalxırıq. Sanki insanlar əbədi yaşamaq
üçün qayaların sinəsinə
düzülüblər, leşkərləri, köç-külfətləri
ilə birlikdə. Qadın heykəlcikləri və
şəkilləri diqqətimizi çəkdi. Bizə
bələdçilik edən qoruğun baş elmi
işçisi Süleyman Süleymanov deyir ki, qadın
təsvirləri anaya, qadına göstərilən
hörmətin, pərəstişin təzahürüdür,
bu təsvirlərin çoxu kölgə şəklində
qazılmış, içərisi sürtülərək
hamarlanmışdır. Kişi təsvirləri daha
əzəmətli və cəngavər
görünürlər. Yəqin bu da onunla bağlıdır
ki, kişilər qəbilənin yaşamaq mənbəyi,
necə deyərlər, gedən ayağı,
vuran-gətirən əlləri idilər. Nənələrimiz
arasında oxlu-nizəli, kişilərlə bərabər ov
ovlayan, quş-quşlayan qadınlar olsa da, onların
vəzifəsi əsasən kişilərin ovladıqları
heyvanları, dənizdən gətirdikləri balıqları
təmizləyib, bişirib-düşürmək, uşaqlara
baxmaq, süfrə açıb yemək paylamaq və
digər ev qayğıları ilə məşğul olmaq
idi. Müxtəlif silahlarla yaraqlanmış-yasaqlanmış
babalarımız piyada, süvari ovçu,
döyüşçü, cəngavər, yallı
oynayarkən, qayıqlarla balıq ovlamağa gedərkən
və karvanbaşı kimi təsvir olunublar.
Qayalarda sayca ən çox heyvan təsvirləridir - iribudlu,
iribuynuzlu öküzlər, dağkeçiləri, gurlar,
marallar, ceyranlar, yırtıcılar və s. Açıq
muzeyə gələn hər kəsdə sual yaranır:
necə olub ki, insanlar bu nəhəng qayaları
cıza-cıza, qaza-qaza bu cür dəqiq əsərlər
yaradıblar?! Ömrünün 30 ildən çoxunu Qobustan abidələrinin
tədqiqinə həsr edən alim Cəfərqulu
Rüstəmov izah edir ki, qədim qobustanlıların
ömrü uşaqlıqdan qocalanadək heyvanlar arasında
keçib, onların bütün hərəkətlərini
müşahidə ediblər, çəkilmiş digər
yaşayış səhnələri də bu
qəbildəndir. Bir də ki, axı, daşdan başqa
məşğul olmağa heç nə yox idi.
İrigözlü ceyran, maral təsvirləri bir ayrı
aləmdir. Maralların haça buynuzları elə dəqiq
və gözəl işlənib ki, lap özünə layiq.
Qayalar üzərindəki şir, pələng, bəbir,
canavar, it, pişik, tülkü kimi yırtıcı heyvanlar
da böyük sənətkarlıqla işlənib. Bu da ona
işarədir ki, vaxtilə Qobustanda yırtıcılar da
yaşayıb.
Yaşlı adamlar danışır ki, ötən əsrin
əvvəllərində qayaların arasında şirə,
pələngə oxşayan vəhşi heyvan
dolaşırmışE Çox maraqlı
təsvirlərdən biri də gəmilər,
gəmiçilər və balıqlardır. S.Süleymanov
deyir ki, qayalarda çəkilmiş balıq növünün
hamısı nərə cinslidir. Gəmilər isə qazma
üsulu ilə işlənib. Budur, qayığın
içərisində 2 adam oturub, tarazlıq olsun deyə
yüklərini də ortaya yığıblar. Bu
ağıllı insanlar ağacdan, qarğıdan və
qamışdan düzəltdikləri gəmilərə
xüsusi bər-bəzək, yar-yaraşıq da veriblər.
Danışırdılar ki, ilk dəfə 1981-ci ildə
Qobustana gələnə qədər bu qədim
yaşayış məskəninə şübhə ilə
yanaşan məşhur səyyah Tur Heyerdal günəş
təsvirli gəmilərin gözəlliyinə heyrətini
gizlədə bilməyib: "Qobustan kökləri çox
qədimə gedən və indiyə qədər məlum
olmayan Mesopotamiyadan da qədim mədəniyyət
ocağıdır" -deyib.
Hava yastığı üzərində
dayanmış qavaldaş
Qayaların üzərində nə qədər
istəsən halay şəklində rəqs
səhnələri var. İnsanın təbiətlə
üz-üzə qaldığı ibtidai dövrdə insanlar
hər gün ov ovlamalı, bunun üçün də
güclü, çevik olmalı, qaçan heyvanın
arxasınca qovmalı, lazım gələndə onun
üstünə atılmalı, ağaca dırmaşmalı,
qayadan aşmalı, bir sözlə qida əldə etmək
üçün sərt vərdişlərə
yiyələnməli idilər. Onlar bunu çoxlu məşq
etməklə, xüsusən də halay şəklində
"yallı" oynamaqla qazanırdılar. Əlbəttə
ki, bu rəqsləri səssiz-səmirsiz deyil, qavaldaşın
ritmləri altında edirmişlər. Doğrudan da bu daş
əcdadlarımızın yüksək musiqi
mədəniyyətinə malik olduqlarına tutarlı
sübutdur. Cingirdağ və Böyükdaş dağları
arasında iki qədim "musiqi aləti" var. Daş
dövründən zəmanəmizə qədər gəlib
çatmış bu daş alətlər özündən
altdakı qayaya azca toxunaraq bir növ hava yastığı
üzərində dayanıblar. Bunlar qavaldaşdı, bir
himə bənddilər ki, balaca toxunasan müxtəlif
ahəngli musiqilər ifa etsinlər, diringi, "yallı"
çalsınlar. Tədqiqatçılar deyir ki, uğurlu ov
mərasimindən sonra bir neçə adam qavaldaşda
çalar, qalanları da əl-ələ verib "yallı"
gedərmişlər, təsvirlərdə olduğu kimi.
Qəribədir ki, zərbəni daşın müxtəlif
yerlərinə vurduqda, səslərin ahəngi də
dəyişir, yəni istənilən musiqinin ritmini tutmaq olur.
Yeri gəlmişkən, ekuskursiyamız günün axşam
çağına düşdüyündən
yavaş-yavaş toran qarışırdı, torpaq da
istidən təndir kimi yanan qayalar da xeyli sərinləmişdi.
Nə gizlədək, üzü qaranlığa
doğru minillərdən bəri mürgüyə
dalmış qayaların şər çağı
görüntüsündən, mağaralardan, əcdadlarımızın
yaşayış məskənindən, bir də bu
sükunəti pozan küləyin tükürpədən
səsindən qorxurduq. Sanki ordu-ordu qayalıqlar bir
zamanlar daşa dönmüş insanlardı, indi də
canlanıb üstümüzə gəlirdilər.
Babalarının məskənində
qayğısızlıqla bayaqdan
sığırçını o yan, bu yana qovan balaca
Ərtoğrul halından məmnun olsa da, biz tezliklə
evə dönməyə yığışırdıq. Lakin
başlayan güclü şimal-qərb küləyi bir andaca
gözəllikqarışıq elə vahimə yaratdı ki,
ifadə etməkdə gücsüzük. Güclü
külək qavaldaşa toxunduqca ritmsiz musiqi sədaları
ətrafa yayılır, sanki iri qayalar da bu havaya rəqs
edirdilər. Ağdamın Xıdırlı
ilə Çullu kəndləri arasındakı
Səsverən qalası yada düşdü. Hamımız
uşaq idik, böyük qardaşım mal-qaranı örüşə
aparmışdı, günorta anam çay-çörək
hazırlayıb kiçik qardaşımla məni ona nahar
aparmağa göndərdi. Xeyli yol getdik, bir də
gördük ki, qardaşım mal-qaranı bir dağın
yamacına ötürüb, özü də uşaqlarla
çiling-ağac oynayır. Kiçik qardaşım dedi ki,
bax o dağ Səsverən qalasıdı, indi mən Mahiri
çağıracam, dağ yeddi dəfə əks-səda
verib səsimi yayacaq. Həmin gün axşamadək qalanın
ətrafında oynayıb, tez-tez ucadan
çığırırdıq, qala da səsimizi
dalğalı şəkildə bir neçə dəfə
ətrafa yayırdı. Aradan xeyli vaxt keçdi. Bir
dəfə örüşdən gələn qardaşım
dedi ki, bu gün Səsverən qalasına bir avtobus adam
gəlmişdi, hamısının da başında şlyapa
vardı, sovxozumuzun direktoru Qulu dayı da orda idi. Bizə
tapşırdı ki, mal-heyvanı buralarda otarmayın, bunlar
Bakıdan gəliblər, alimdilər, bir neçə gün
alaçıq qurub burada qalacaqlar.
Öyrənəcəklər ki, bu dağ niyə hər
sözü yeddi dəfə dalğalı şəkildə
ətrafa yayır...
Nə isə, qavaldaşın səsi bizi
əməllicə həyəcanlandırmışdı.
Süleyman müəllim də izah verməkdən yorulmurdu:
"Əcdadlarımızın musiqi aləti təkcə
qavaldaş olmayıb, qamışdan, dəridən,
qarğıdan, ağacdan da çox maraqlı, həm də
oynaq ifalı nəfəs və zərb alətləri
düzəldiblər".
Romalıların Qobustanda nə işi?
Qəribədir, antik dövrdə, çox əsrlər
öncə romalılar Qobustana nə üçün
gəliblər? Ancaq fakt budur ki, gəliblər.
Böyükdaş dağının aşağı səki
sahəsində romalılara məxsus latın qrafikasında
kitabə aşkar olunub. Bu kitabə romalıların
ildırım sürətli XII Legionunun və onun
senturiyasının eramızın I əsrinin 84-96-cı
illəri arasında Qobustanda olduğunu söyləyir. Alimlər, tədqiqatçılar romalıların
I əsrdə Azərbaycana səfərinin məqsədi
barədə qəti söz deyə bilməsələr
də, yazılı mənbələrdə qədim Roma
qoşunlarının Zaqafqaziyaya basqınları və yerli
xalqların onlara qarşı mübarizəsi barədə
məxəzlər çoxdur. Kitabədə
yazılır: "İmperator Domisian Sezar Avqust Germanskinin
dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli
legionun senturiyası". İmperator Domisian "Germanski"
ləqəbini 84-cü ildə almış və
ölümündən sonra Roma senatı
qəddarlığına və özbaşına
hərəkətlərinə görə hər yerdə onun
heykəllərini məhv etmiş, adını silmişdir.
Tədqiqatlar göstərir ki, Qobustandakı
Roma kitabəsi eramızın 84-96-cı illəri arasında
yazılmışdır və Domisianın
ölümündən sonra romalılar bir daha Azərbaycan
torpağına gəlməmişlər. Əgər
gəlsəydilər, sözsüz, bu kitabəni də
məhv edərdilər. Azərbaycanın və
dünyanın bir neçə görkəmli alimi - İshaq
Cəfərzadə, P.X.Tumbil, Y.A.Paxomov, Z.İ.Yampolski və
başqaları Roma kitabəsinə böyük elmi məqalələr
həsr edərək beynəlxalq mətbuatda
çıxış ediblər. Hətta
ömrünün bir neçə ilini həyat yoldaşı,
alim Səfiyyə Cəfərzadə ilə birlikdə Qobustan
qayalarında alaçıqda, dəyədə yaşayaraq bu
qədim yaşayış məskənini dünyaya
çıxaran görkəmli alim İshaq Cəfərzadə
ötən əsrin ortalarında həmin daş kitabənin
üzərində iki ədəd sadə üsulla
qazılmış xaç işarəsi də aşkar
etmişdi. Bu işarələr romalıların qədim insan
düşərgəsi Qobustanda olduğunu bir daha təsdiq
edir. Bir neçə daş və qaya üzərində
ərəb əlifbası ilə kufi və nəsx xətti
ilə yazılmış yazılar da mövcuddur. Bunlar
əsasən adlar və nəsil adlarıdır. Alimlər bu
yazıları XIII-XIV əsrlərə aid edirlər.
Göründüyü kimi, Qobustanda antik dövrdən
başlayan həyat orta əsrlərə qədər davam
edib. Aparılan tədqiqatlar göstərir ki, bir sıra
daşlarda ərəb əlifbası ilə
"bəylər" sözü də yazılıb. Son
əsrlərə aid yazılar isə
Mərəzə-Şamaxı zonasından olan
nəsillərin adlarıdır.
Yazılıtəpədəki daşın
üzərindəki yazı isə pir kimi ibadət yerinin
olmasını müəyyən edir.
Qobustanı gedib-görən, gəzən
hər kəsdə sual yaranır: buralar suptropik quru iqlimə
malikdi, suyu şorandı, meşəsi,
yaşıllığı yoxdu, bitki örtüyü
çox kasıbdı, tez-tez vulkan püskürür, yayda
yer-göy təndir kimi yanır, başını
gizləməyə yer tapmırsan - elə isə,
əcdadlarımız min illər boyu məskən kimi
niyə buranı seçiblər? Aparılmış arxeoloji
tədqiqatlar göstərir ki, Qobustan ərazisinin quruluşu indiki
kimi olmamışdır. Nə Abşeron dənizinin
qalıqları olan qayalar, nə də vulkanlardan
əmələgəlmə Torağay və Kənizə kimi
əzəmətli dağlar vardı. Qərinələr
ötdükcə ərazi geoloji cəhətdən
dəyişmiş, formalaşmışdır.
Məsələn, Kənizə vulkanı sonuncu dəfə
1950-ci ilin mayında püskürmüş, son 15-20 il
ərzində isə bir neçə palçıq vulkanı
püskürmüşdür. Uzun
illərdən bəri həm yerli alimlərin, həm də
başda məşhur İsveç səyyahı Tur Heyerdal
olmaqla əcnəbi mütəxəssislərin Qobustanda
apardıqları tədqiqatlar göstərir ki, bu
ərazidə ibtidai insanların yaşama atributlarını
şərtləndirən əsas qidadır ki, o da buralarda müxtəlif
növ mal-heyvan sürüləri şəklində bol olub.
Məntiqə görə də, bu qədər heyvanın
yaşaması üçün ərazi bol yem ehtiyatına, sıx
bitki örtüyünə malik olmalı idi. Belə
olmasaydı, qayalarda təsvir edilmiş, sümüklərinin
qalıqları tapılmış heyvanlar bu ərazidə
yaşaya bilməzdi. Alimlər söyləyir ki, qədim
Qobustanda nəinki bol bitki örtüyü, hətta savanna
tipli, ondan da sıx meşəliklər olub. "Ana
zağa" mağarasındakı ocaq yerlərindən
götürülmüş kül-kömür
qalıqlarından bəlli olur ki, bu əcdadlarımız
ocaqlarında şam və palıd ağacları da
yandırıbmış. Sübut isə odur ki,
nəqliyyatın olmadığı bir vaxtda qədim insanlar
ocaq yandırmaq üçün Böyük
Qafqazdan palıdı, şamı çiyinlərində
necə gətirə bilərdilər?! Özü də
elə bir zamanda ki, hələ heyvanlar
əhliləşməmişdi. Çox ehtimal ki, bu ağaclar
vaxtilə Qobustanda bitmiş, son minilliklər
dövründə iqlimin dəyişməsi, münbitliyin
azalması və Xəzərin qalxması
nəticəsində kökü kəsilmişdir.
Şübhəsiz ki, qayalar üzərində təsvir
edilmiş gəmiləri düzəltmək üçün
də qarğını, qamışı uzaq
məsafələrdən gətirməmişlər. Bu faktlar
qədim Qobustanda təbii şəraitin tam əlverişli
olduğunu sübut edir.
"Tiqris"in dalınca gələn Tur Heyerdal:
"Mən təslim"
Ənənəyə görə, o tərəflərdə
hamı yaxın illərdə dünyasını
dəyişən Tur Heyerdala "Allah rəhmət
eləsin" deyir. Biz də bu aminlərə qoşuluruq. Bu səyyah doğrudan da Qobustanla canlanır,
nəfəs alırmış. Lakin Heyerdaldan öncə,
ötən əsrin 30-cu illərindən başlayaraq gecə-gündüz
qayalar arasında, dəyələrdə yaşayaraq
Qobustanı tədqiq edib dünyanı məlumatlandıran
İshaq Cəfərzadə, Səfiyyə
Cəfərzadə, Firuzə Muradova, Osman Həbibullayev,
Ömər İsmizadə, Nina Minkeviç, Cəfərqulu
Rüstəmov kimi böyük alim və
tədqiqatçılarımız bu qədim
yaşayış məskənində yüzlərlə
qayaüstü rəsmlər, mağaralar, dəlmələr,
yalamalar, heykəlciklər aşkar edərək
dünyanın nüfuzlu mətbuat orqanlarında elmi
məqalələrlə çıxış ediblər.
Neçə illərdir bu barədə YUNESKO-nun Mədəni
İrs Komitəsinə müraciət edirlər.
Məşhur səyyah Tur Heyerdal Qobustan abidələri və
gəmiləri barədə məhz adlarını
hörmətlə çəkdiyimiz alimlərin
kəşflərindən və bu barədə
yazdıqları elmi əsərlərdən
öyrənmişdi. O, ilk dəfə 1981-ci ildə
Qobustandakı qaya təsvirlərinə əsasən
"Ra" və "Tiqris" gəmilərinin
qamışdan hazırlandığını
öyrənməyə gəlmişdi. Tədqiqatçı
alim Cəfərqulu Rüstəmov yazır ki, Heyerdal
əvvəlcə çox kefsiz və soyuqqanlı
görünürdü, mənə hey deyirdi ki,
gəmiləri göstər: "Lakin qayıq
təsvirlərinə baxdıqca onların ağacdan,
qamışdan və qarğıdan düzəldiyinə etiraz
etmirdi. Qədim Misir qayıqlarında Günəş
gəminin burnunda yox, ortasında təsvir olunur. Dedi ki,
Günəşin qayığın burnunda təsvirini birinci
dəfədir ki, görür. Onun ehtimallarına görə,
Şərq ölkələrində gəmi təsvirləri
xeyli gec, cəmi 3500 il bundan əvvələ aid edilir. Odur ki, Qobustandakı qayıq təsvirlərinin
göstərdiyimiz qədər qədim olması ilə
heç cür razılaşmaq istəmirdi. Çox
axtarış və inadlı tədqiqatlardan sonra etiraf etdi ki,
Qobustanda qədim mədəniyyət və ibtidai
incəsənət abidələrinin bu qədər zəngin,
xüsusilə qayıq təsvirlərinin bu qədər
qədim olmasını gözləmirmiş".
Tur Heyerdal Qobustan tarixinə o qədər heyrətlənib ki,
özündən asılı olmayaraq hər iki əlini
göyə qaldıraraq ucadan "Mən təslim" -
deyə qışqırıb. Tərcüməçi və
onu müşayət edən Henrix Anoxin də Turun
hərəkətlərini təqlid edərək onun təslim
olduğunu deyiblər. Baxdıqlarından doymur, ona
istirahət təklif edənlərə: "Nə
dincəlmək, gördüklərimdən və
eşitdiklərimdən artıq dincəlmək varmı?"
- deyirmiş. Kiçikdaş dağının Daşqışlaq
sahəsindəki səbətvari qayıq təsvirlərini
görərkən deyib ki, bu tipli qayıqlardan indi də
Mesopotamiyanın çay və göllərində istifadə
olunur.
Qobustan artıq bəşəriyyətin
mədəni irsidir
Bu il iyunun 11-də ölkə Prezidenti İlham Əliyev
Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində
yerləşən tarixi və mədəni
sərvətlərin qorunması haqqında sərəncam
imzaladı. Bu tarixi sərəncamdan bir neçə gün
sonra YUNESKO-nun Ümumdünya İrs Komitəsinin Yeni
Zelandiyada keçirilən 31-ci sessiyasında Qobustan qoruğu
Dünya Mədəni İrsi siyahısına daxil edildi. Həmin sessiyada iştirak edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
mövzu barədə ölkə
başçısının sərəncamını və
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın YUNESKO-nun Baş
direktoru Koişiro Matsuuraya göndərdiyi xüsusi
məktubu təqdim etmişdir. Sessiya bir neçə il
öncə Qobustanda aparılmış tədqiqatların
Dünya Mədəni İrsi Komitəsinin (DMİK) tələblərinə
cavab verdiyini və təqdim olunan sənədləri
nəzərə alaraq məlum qərarı qəbul
etmişdir. Qərara görə, artıq Qobustan beynəlxalq
qurumların nəzarəti altında olacaq, onun qorunması və
inkişaf etdirilməsi bəşəri əhəmiyyət
daşıyacaqdır. Bundan başqa da bir neçə
tarixi-mədəni irsimiz YUNESKO tərəfindən qorunur.
Azərbaycan bundan sonra Qobustan qoruğu ilə bağlı
hər il mütəmadi olaraq DMİK-ya məlumat təqdim
edəcək. Hər bir azərbaycanlı qədim əcdadlarımızın
yaşadıqları və yaratdıqları tarixlə
fəxr etməli, üzərinə düşən
məsuliyyəti hiss etməlidir.
Azərbaycan.- 2007.- 28 iyul.- S. 4.