Əsədov B.
Azərbaycan xoşbəxt ölkədir, onun qədim
tarixi və zəngin sərvətləri var
Turizm sahəsi həm
regionların inkişafı, həm də ölkənin
iqtisadi potensialının möhkəmlənməsi
üçün, Azərbaycanın imici, dünyaya
inteqrasiyası üçün çox mühüm bir
vasitədir. Bəlkə nadir ölkələrdən
biriyik ki, burada istənilən təbii şərait,
istənilən iqlim var.
İlham ƏLİYEV
Ötən ilin sentyabrında Bakıda İslam Konfransı
Təşkilatına (İKT) üzv ölkələrin turizm
nazirlərinin V konfransı oldu. Konfransın yekununda Bakı
Bəyannaməsi və qətnamə qəbul edildi,
Azərbaycan Prezidenti İlham Əliyevə tövsiyə
xarakterli nitqinə və tədbirin keçirilməsinə
köməyinə görə dərin minnətdarlıq
bildirildi.
Türkiyənin mədəniyyət və turizm naziri Atilla
Koç bu toplantının respublikamız üçün
əhəmiyyətindən danışaraq demişdi:
"Burada İKT ölkələri bir-birləri ilə daha
sıx əlaqə qura biliblər və bu
görüşün davamı da ola bilər.
Azərbaycanın gözəlliklərlə dolu coğrafi
şəraiti, təbiəti, dağları və
şəlalələri turizmin inkişaf etdirilməsinə
imkan verir. Ancaq bu, azdır, turizmin inkişafı
üçün təkcə coğrafi şərait,
dəniz, dağ, şəlalə kifayət etmir. Turizm sahəsində birinci önə
çəkilməli məsələ yol, hoteldir. İkincisi
isə qonaq qarşılamaq xidmətləridir. Əgər
yol, hotel problemi həllini taparsa, amma həmin hotellərdə
çalışanlar qonaq qarşılama xidmətlərini
bacarmazlarsa, oraya müştəri cəlb etmək heç vaxt
mümkün olmayacaq. Türkiyə Azərbaycana
xidmətlərlə bağlı yaxından kömək
göstərməyə hazırdır, Azərbaycan
Türkiyənin buraxdığı səhvləri
təkrarlamamalıdır".
Bu ilin iyununda isə Bakıda "İslam Konfransı
Təşkilatına üzv ölkələrin
iqtisadiyyatında turizmin rolu" mövzusunda beynəlxalq
elmi-praktik konfrans keçirildi. Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
toplantı iştirakçılarına bildirdi: "Turizm
ölkəmiz üçün cavan sahədir. Buna görə
də turizmdə böyük ənənəyə malik dövlətlərin
- daha çox Türkiyənin, Malayziyanın, Tunisin, Misirin,
Birləşmiş Ərəb Əmirliklərinin
təcrübəsindən yararlanmağa çalışırıq.
Yaxın müddətdə respublikamıza yeni mehmanxana
brendləri gələcək. Dünya miqyasında tanınan
"Holiday İnn" mehmanxanası artıq
açılıb. "Fop Seasons"
hotellər şəbəkəsi ilə danışıqlar
başa çatmaq üzrədir. İndi "Hilton" və
bir neçə digər şəbəkə, o cümlədən
Türkiyə hotel şəbəkələri, Fransanın
"Medy Club"u ilə müzakirələr aparılır.
İstəyirik ki, bütün şəbəkələr yüksək
səviyyədə xidmət göstərsinlər və
öz fəaliyyətlərini Azərbaycanın iqtisadi
qanunvericiliyi əsasında qursunlar. Qarşılıqlı
maraqlar müəyyənləşdirildikdən sonra
müəyyən nəticələr əldə edilə
bilər".
Elmi-praktik konfransda xüsusi vurğulandı ki, İslam
ölkələrinin bir çoxunda hələ də turizm
imkanlarından tam istifadə olunmur. Onlar
əməkdaşlığı genişləndirməli,
region müstəvidə turizm layihələri həyata keçirməli,
müvafiq turizm proqramlarının məqsədlərinə
çatmaq üçün bütün güclərini
səfərbərliyə almalıdırlar. Azərbaycanda da
2007-2016-cı illərə dair belə bir inkişaf
proqramı hazırlanıb. Mədəniyyət və Turizm
Nazirliyi Aparatının rəhbəri, iqtisad elmləri namizədi
dosent Firudin Qurbanovla söhbətimiz elə bu barədə -
ölkəmizin turizm perspektivi haqqındadır.
- Alimlərimizin tədqiqatları, xarici
mütəxəssislərin hesablamaları göstərir ki,
turizm öz perspektivliyinə görə Azərbaycanda
qeyri-neft sahələri içərisində aparıcı
mövqelərdən birini tutur...
- Elədir. Turizm iqtisadiyyatın
sürətlə inkişaf edən mühüm sahəsidir.
Ötən əsrin ikinci yarısından bəri dünyada
təkcə beynəlxalq turizm üzrə səfərlərin
sayı 34 dəfə, bütün dövlətlərə
turizmdən valyuta gəliri 310 dəfə artıb.
Digər tərəfdən turizm sənayesi qısa
müddət ərzində iqtisadi səmərə verir.
Məsələn, neftin çıxarılması və
satılması müqavilələr bağlandıqdan
beş-altı il, turizmə qoyulan vəsait isə bir il sonra
mənfəət gətirir. Eyni zamanda
əhalinin artımı, gəlirinin yüksəlməsi,
habelə yoxsulluğun azaldılması proqramlarının
və davamlı inkişaf konsepsiyalarının həyata
keçirilməsi istirahətin geniş yayılmış
növlərindən olan turizmin böyük
gələcəyini təmin edir. Qloballaşma və
müxtəlif sivilizasiyaların qovuşması zamanında
adamların fərqli mədəniyyətləri
öyrənmək istəyi də turizm məqsədli
səyahətləri stimullaşdırır. Azərbaycanda
turizmin inkişafı respublikamıza xarici
vətəndaşların cəlb edilməsi ilə
yanaşı, bölgələrdə əmək
məşğulluğunun artması, iş yerlərinin
açılması baxımından da sərfəlidir.
- Respublikamızda turizm sektorunun inkişaf səviyyəsini
nə ilə müəyyən etmək olar?
- Ölkəyə xaricdən gəlmələrin dinamikası
ilə. Əslində bizdə turizm 2000-ci ildən sonra sistemli
inkişafa başlayıb. Xalqımızın
ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə
bütün sahələrdə olduğu kimi turizm sektorunda da
islahatlar aparılıb. 2001-ci ildə Gənclər, İdman
və Turizm Nazirliyi yaradılıb, Azərbaycan
Ümumdünya Turizm Təşkilatına üzv qəbul
edilib, turizm sahəsində hüquqi-normativ bazanın
əsası qoyulub. 2002-ci ilin avqustunda
"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı"
təsdiqlənib, bu Proqramın icrası ölkədə
turizm sənayesinin inkişafına güclü təkan verib.
Ölkəmiz 2006-cı ildə 2000-ci ilə nisbətən
təqribən iki dəfə çox qonaq qəbul edib.
İstirahət, əyləncə məqsədli
səfərlərin artımı yüksək olmasa da hər
halda nəzərəçarpacaq dərəcədədir.
- Xarici turistlərin hamısını razı sala bilirsinizmi?
- Ölkəmizdə qonaqları qəbul etmək
üçün hər şərait var. Onlar adətən
mehmanxanalarda, motellərdə yaşayırlar, xüsusilə
kənd yerlərində mənzillərdə
məskunlaşanlar da olur. Turist istirahət
mərkəzlərimiz, əyləncə və iaşə
obyektlərimiz də kifayət qədərdir. Hər il yeni
mehmanxanalar, motellər tikilib istifadəyə verilir. Hazırda
267 mehmanxana və moteldən qırxı Bakıda, qalanı
regionlardadır. Bu ilin əvvəlindən mehmanxanaların
lisenziyalaşdırılmasına başlanıb və
indiyədək 45 mehmanxana lisenziya alıb. İlin sonuna
qədər 230-250 turist müəssisəsinə də
lisenziya verilməsi nəzərdə tutulur. Lisenziyaların
müddətinin uzadılması və turistlər
üçün birdəfəlik giriş vizasının
rüsumunun turist vauçeri təqdim edildiyi təqdirdə
aşağı endirilməsi turist
müəssisələrinin artmasına kömək edib.
2001-ci ildə cəmi 18 şirkət turizm fəaliyyəti ilə
məşğul idi. Bu gün onların sayı 95-i
ötüb, gəlirləri isə artaraq 2006-cı ildə 8
milyon 500 min manata çatıb və bunun 4 milyon 700 min
manatı bilavasitə turist xidmətlərindən əldə
edilib.
- Azərbaycanın turizm potensialı necədir?
- Caspian Group Consulting, LLC və PA Consulting Group
təşkilatlarının hazırladıqları
"Azərbaycanda turizm strategiyasının inkişafına
texniki yardım" layihəsi üzrə hesabatın
"Gücün, zəifliyin, imkanların və
təhlükələrin təhlili" bölməsində
respublikamızın turizm imkanları belə
qiymətləndirilib: "Azərbaycan çox
xoşbəxt ölkədir. Hər hansı ölkə turizm
üçün hazırlıq işləri
görərək infrastruktur ortaya qoymaq gücündədir.
Lakin silsilə dağlar, meşələr və zəngin
mədəni-tarixi irs süni yaradıla bilməz.
Azərbaycan bütün bunlara malikdir, onun qədim, fəxr
olunası tarixi və valehedici sərvətlər bazası
var".
Qeyri-adi təbiəti, təhlükəsiz
ətraf mühiti, müxtəlif iqlim qurşaqlarının
mövcudluğu, flora və faunasının
rəngarəngliyi, Avropa və Asiya arasında, Xəzər
dənizinin sahilində, İpək yolunun üstündə
yerləşməsi, böyük mədəni və tarixi
irsi, zəngin Şərq mətbəxi,
bol su ehtiyatları (şəlalələr, göllər,
bulaqlar), dağları və meşələri, milli
parkları, təbii qoruqları, mühafizə edilən
təbiət və mədəniyyət abidələri
Azərbaycanda turizm sənayesini inkişaf etdirməyin
mühüm üstünlükləridir. Turistlərin
xalçaçılığa və digər tətbiqi
sənətkarlıq nümunələrinə, milli
mədəniyyətimizə, incəsənətimizə,
ədəbiyyatımıza marağı, xalqımızın
qonaqpərvərliyi və tolerantlığı da az rol
oynamır.
- Ancaq etiraf edək ki, turizm sahəsində dünya
səviyyəsinə çatmamışıq.
- Haqlısınız. Ölkədə həm daxili, həm
də beynəlxalq turizmin inkişafı lazımi
səviyyədə deyil. Turist potensialımız kifayət
qədər olsa da turizm bazarında aşağı
yerlərdəyik. Bunu nəzərə alaraq 2004-2008-ci
illərdə Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında
regionlarda turizmin inkişafına xüsusi diqqət yetirilib.
Bunu göstərmək kifayətdir ki, Proqramda
nəzərdə tutulan tədbirlərdən otuzu turizmə
aiddir. Proqramın icrası ilə yerindəcə tanış
olmaq üçün ölkə Prezidenti İlham Əliyev
bölgələrə müntəzəm səfərlər
edir, bu səfərlər çərçivəsində
turizmin inkişafı ilə də maraqlanır,
tövsiyələr edir, tapşırıqlar verir. Məhs
ölkə başçısının təşəbbüsü
və səyi nəticəsində Xınalığa yol
çəkilməsi az müddətdə başa
çatdırılıb, Lahıc yolunun bərpası
sürətləndirilib. Dövlət başçısı
müvafiq qurumların və icra strukturlarının
rəhbərləri qarşısında turizmin bütün
növlərinin - həm yay, həm də qış
növlərinin inkişaf etdirilməsi vəzifəsini qoyub.
Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala,
Lənkəran, Quba-Xaçmaz, Aran, Yuxarı Qarabağ,
Kəlbəcər-Laçın, Dağlıq Şirvan və
Naxçıvan iqtisadi rayonlarında turizmin perspektiv
sahələri müəyyənləşdirilib.
Ancaq torpaqlarımızın 20 faizinin işğala məruz
qalması Azərbaycanı iqtisadi qüdrətini tam
reallaşdırmaqdan, mühüm turizm resurslarından
məhrum edib. Qaçqınların və məcburi
köçkünlərin turist bazalarında, istirahət
evlərində, sanatoriya və pansionatlarda
məskunlaşmaları da turizm sahəsində geniş əl-qol
açmağa imkan vermir. Azərbaycanda turizmin
inkişafına təsir edən xarici amillər, ekzogen
xarakterli, o cümlədən qlobal problemlər də var.
İndi dövlət siyasətinin əsas məqsədi bu
problemləri həll etməklə turizmin inkişafına
lazımi şərait yaratmaq, millətlərarası
əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə kömək
göstərmək, beynəlxalq turizm bazarına inteqrasiya
olunmaq, milli turizm kompleksinin rəqabətə
davamlığını yüksəltmək, tarixi və
mədəni irsimizin təbliğini gücləndirmək,
turistlərə xidmətlərin keyfiyyətini dünya
standartları səviyyəsinə qaldırmaqdır.
- Dünya turizm bazarında artıq müəyyən
bölgü bərqərardır. Turizm
sahəsində fəaliyyət göstərən
ölkələr arasında mövcud rəqabət
şəraitində Azərbaycanın bu bazara girməsi
üçün nə etmək lazımdır?
- İlk növbədə turizm sənayesinin dinamik
inkişafının təmin olunmasına, turizm
sahəsində hüquqi və institusional bazanın
təkmilləşdirilməsinə, iqtisadi mexanizmlərin
tətbiqi istiqamətində bir sıra tədbirlərin
reallaşdırılmasına çalışmalıyıq.
Buraya turizm haqqında qanunvericiliyin digər
qanunvericilik aktları, məsələn, Su və Meşə
məcəllələri ilə, abidələrin
mühafizəsi, dövlət tərəfindən qorunan
təbii ərazi fondu, şəhərsalma və ərazinin
abadlaşdırılması, istehlakçıların
mühafizəsi haqqında qanunlarla əlaqələndirilməsi və onlara, habelə beynəlxalq normalara
uyğunlaşdırılması, turizmin müxtəlif
növlərinin inkişafını stimullaşdıran
iqtisadi şərait yaradılması və turizmin infrastruktur
layihələrinə (kənd turizmi,
müalicə-sağlamlıq turizmi, ekoloji turizm, mədəni
turizm, idman turizmi və sair) sərmayə qoyuluşu
üçün müvafiq normativ aktların qəbulu
və sair daxildir.
Müsahibəyə sözardı. Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycanda turizmin inkişafının
uzunmüddətli strategiyası layihəsini və
2007-2016-cı illərdə turizmin inkişafı
Dövlət Proqramını hazırlayıb başa
çatdırıb. Müvafiq nazirliklər və
idarələr sənədlə artıq tanış olublar,
onların rəy və təklifləri layihənin yekun
variantında nəzərə alınıb. Dövlət
Proqramının layihəsi son ekspertiza üçün
Nazirlər Kabinetinə verilib və yaxın vaxtlarda
təsdiqlənmək üçün dövlət
başçısına təqdim ediləcək.
Turizmin inkişafı turist xidmətləri personalının
peşəkarlığından da asılıdır. Odur ki,
Azərbaycanda prioritet iqtisadi istiqamətlərdən birinə
çevrilən turizm kadrlarının hazırlanmasına xüsusi
əhəmiyyət verilir. Cəmi bir il əvvəl
açılmış ölkəmizdə ilk Turizm
İnstitutu indi abituriyentlər arasında ən nüfuzlu ali
məktəblərdən biri kimi tanınır. Bu il instituta
300 nəfər qəbul olunacaq və yeni tədris ilində
səkkiz ixtisas üzrə mütəxəssislər hazırlanacaq.
Mədəniyyət və Turizm Nazirliyi ilə
Avstriyanın "İMC Kreyms" Tətbiqi Elmlər
Universiteti arasında yenicə imzalanmış
əməkdaşlıq haqqında müqavilə onların
turizm sahəsində beynəlxalq təlim proqramı
əsasında təhsil almalarının, həmçinin
müəllimlərinin ixtisasının
yüksəldilməsinə kömək edəcək.
Bütün bunlardan son məqsəd turizm sektorunun
potensialının genişləndirilməsinə və
turistlərə xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılmasına nail olmaqdır.
Yaxın on ildə hotellərin və istirahət
zonalarının tutumu 6-7 dəfə artırılaraq 150 min
yerə çatdırılacaq. Bu, Azərbaycanın ildə
üç milyona qədər turist qəbul etməsinə
və turizmdən indikindən on dəfələrlə
artıq gəlir götürməsinə imkan verəcək.
Azərbaycan-2007.-20 iyul.-S.4.