Cavadov S.


İstirahət turizm mərkəzi - Relax"

 

Lerik ilin yay fəslində daha gözəl, füsunkar olur. Zümrüd donlu dağlarını, qıjıltı ilə axıb gedən çaylarını, diş göynədən soyuq bulaqlarını seyr etdikcə insanın gözü dincəlir, ürəyinə rahatlıq, sərinlik çökür. Lerik uzunömürlülər diyarı sayılır. Dünyanın ən uzunömürlü sakini kimi adı Ginnesin "Rekordlar" kitabına düşmüş Şirəli Müslümov (168 yaş), Mahmud Eyvazov (157 yaş), Qızıl Quliyeva (136 yaş) burada yaşamışlar. Hazırda buranın sakinlərindən 11 nəfərinin 100-dən çox yaşı var.
Zəngin tarixə malik Lerik rayonu ərazisində orta paliolit dövrünə aid insan düşərgələri, maddi-mədəniyyət nümunələri 200-dən çox qədim abidələr var. Flora faunasına görə Lerik olduqca zəngindir. Ölkə baçısı cənab İlham Əliyev 11 fevral 2004-cü il tarixdə imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı burada turizmin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Lənkəran-Lerik magistral şose yolunun qısa vaxt ərzində yenidən çəkilməsi bu işlərin reallaşmasına şərait yaratmışdır. İndi hər iki tərəfi yaşıl meşələr, dağlarla əhatə olunmuş rahat şose ilə üzü Lerikə tərəf qalxarkən "Relax", "Təbəssüm", "Meşəbəyi", "Xəyal" digər turist istirahət mərkəzləri diqqəti cəlb edir.
"Relax" istirahət turizim mərkəzi artıq 2 ildir fəaliyyət göstərir. İş adamı Hacı İqbal Məmmədov tərəfindən qurulub-yaradılan istirahət mərkəzində olan hər bir insan özünü sanki nağıllar aləmində hiss edir. Təbiətin bu ecazkar guşəsini insan əməli, insan əlləri daha da zənginləşdirmiş, baxımlı etmişdir. "Relax" istirahət mərkəzi, demək olar, dünyanın ən yaxşı, adlı-sanlı istirahət guşələri ilə rəqabətə girə bilər. Burada insanın dincəlməsi, səsdən-küydən kənar olması, əsəblərini sakitləşdirməsi, sağlamlığını bərpa etməsi üçün bütün şərait yaradılmışdır. Kotec tipli evlərin otaqlarında yumşaq mebellər, isti-soyuq su, kabel televiziyası, telefon var. Mərkəzdə Şərq üslubunda qurulmuş külafirəngi, milli Avropa mətbəxli 350 nəfərlik yay qış restoranları, restoran-bar, diskoteka, uşaq əyləncə meydançası, bilyard, tennis oyunları üçün yerlər, çayda üzmək üçün qayıqlar buraya gələnlərin istifadəsindədir.
Külafirəngi dağ çayının yuxarı hissəsində qurulub. Yerə sərilmiş həsir, sıra ilə düzülmüş döşəkçə, mütəkkələr, kömürlə qaynadılan samovar çayı, sulu qəlyan, bir az kənardakı təndir, cəhrə, nehrə, odun dolu araba gələn qonaqlarda qoca Şərqin, onun bir parçası olan Azərbaycanın tarixi, xalqımızın adət-ənənəsi haqda müəyyən təsəvvürlər yaradır. Burada xidmət işləri dünya standartları səviyyəsində qurulmuşdur. "Relax"ın baş direktoru Mehmet Aycan Onur az vaxt ərzində burada ABŞ, İngiltərə, Almaniya, Hollandiya, İran, Rusiya, Türkiyə digər ölkələrdən gələn turistlərin olduğunu bildirdi. Özünə gəlincə isə Aycan bəy ixtisasca turizm meneceri olduğunu dedi. Bildirdi ki, əvvəl Aşqabadda turizm sahəsində çalışmışdır. Ailəsi ilə birlikdə Lerikdə yerləşən "Relax" da işləməsinə səbəb buranın təbiətinin, havasının ekoloji cəhətdən saf olmasıdır.
Azərbaycana şöhrət gətirən bu istirahət turizm mərkəzində verilən xörəklər keyfiyyəti ilə seçilir. Süd, yağ, xama, bal, təndir çörəyi, ət digər kənd təsərrüfatı məhsulları hər gün qonşuluqdakı kəndlərdən alınır.
"Lider Daşınmaz Əmlak Agentliyi"nin turizm mərkəzində dincələn işçiləri ilə görüşdük. Məlum oldu ki, buranın təmiz havası, şəraiti yaxşı olduğu üçün ailələri ilə bura dincəlməyə gəlirlər. Agentliyin işçisi İlham Kərimov, Anar Rzayev, Mehdi Əliyev, Mehriban Hüseynova, Aygün İsmayılova xüsusilə uşaqlı ailələr üçün burada istirahətin misli-bərabəri olmadığını vurğuladılar. Onlara xidmət göstərən "Relax"ın 65 nəfərlik işçi heyətindən razı qaldıqlarını dedilər.
İstirahət turizm mərkəzinin "İveko" markalı xüsusi avtobusu var. Dincələn qonaqlar, turistlər bu nəqliyyat vasitəsilə qonşu Lənkəran, Astara, Masallı rayonlarına gedərək cənub bölgəsinin qədim tarixi, adət-ənənələri ilə tanış olurlar. "Relax" respublikamızda turizmin inkişafını aydın şəkildə əks etdirən bir obyektdir. Burada olmaq, dincəlmək, istirahət etmək insanda xoş təəssüratlar yaradır.

 

Azərbaycan.- 2007.- 26 iyul.- S. 4.