Əliyev T.
Azərbaycanın turizm
potensialı hərəkətə gətirilib
Mədəniyyət
və Turizm Nazirliyinin gördüyü işlər bu fikri bir
daha təsdiqləyir
Ənənəyə görə hər il bahar fəslinin
axırlarından etibarən turizm mövsümü start
götürür. Son illərin statistikası və marketinq
araşdırmaları bunu deməyə əsas verir ki, bu il
öz məzuniyyətini Azərbaycanda keçirmək və
ölkəmizlə daha yaxından tanış olmaq
istəyən xarici qonaqların sayı əvvəlki
illərdəkindən çox olacaqdır. Xarici turistlərin
bir çoxu zəngin mədəniyyətimizlə, digərləri
Xəzərboyu regionların, dağlıq rayonların ekzotik
təbiəti ilə yaxından tanış olmaq, bir qismi
Şərq qonaqpərvərliyinin ənənələrini ətraflı
öyrənmək, möcüzəli Azərbaycan
mətbəxinin ləziz yeməklərini dadmaq, başqa bir
qismi isə dostlarından, yaxınlarından Azərbaycan
barədə eşitdikləri ən xoş duyğuları
yaşamaq və təsdiqləmək üçün
ölkəmizə gəlməyə can atır.
Xarici turistləri Azərbaycana cəlb edən nədir? Bu
sahəyə necə nəzarət olunur və beynəlxalq
əməkdaşlıq prosesləri hansı yollarla inkişaf
edir? Bu və ya digər suallara aydınlıq gətirmək
üçün üz tutduq Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyinə. Bəri
başdan deyək ki, Azərbaycanda turizm sənayesinin
müasir inkişaf mərhələsi bir çox
sahələrin yenidən qurulması ilə xarakterizə
olunur. Müasir dövrdə turizmin əsas məqsədi ondan
ibarətdir ki, ölkənin iqtisadityyatını kompleks
şəkildə inkişaf etdirməklə yanaşı,
Azərbaycan dünya birliyinə fəal surətdə
inteqrasiya etsin.
Nazirliyin turizm şöbəsindən bildirdilər ki, son
illər Azərbaycanda turizm ölkə iqtisadiyyatının
ayrılmaz hissəsinə çevrilmişdir. Bu sahədə
xırda və orta sahibkarlıq üçün möhkəm
baza yaradılır. Respublikanın 240-dan çox turizm
firması yeni iş yerlərinin açılmasına fəal
kömək gedir. Belə ki, regionlarda infrastrukturun
formalaşdırılması üçün əlverişli
şərait yaranır. Bütün bunlar, əlbəttə,
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı və yoxsulluğun aradan qaldırılması
haqqında dövlət proqramlarının əsas
müddəalarına cavab verir.
Qeyd etmək lazımdır ki, 2003-cü ildən başlayaraq
Azərbaycanda yoxsulluq kəskin şəkildə
azaldılıb, işsizlərin sayı minimuma endirilib.
Ötən müddət ərzində bu sahədə
görülən işlər onu deməyə əsas verir ki,
bizim ölkə düzgün istiqamətdə inkişaf edir.
İstehsal proseslərinin düşünülmüş
şəkildə inkişaf etdirilməsi turizm sənayesinin
də genişləndirilməsinə əsaslı
kömək göstərir. Son üç ildə iqtisadi
inkişaf səviyyəsinə görə, Azərbaycan
dünyada birinci yerdədir. Ölkəmiz çox
sürətlə dünya birliyinə inteqrasiya edir və bu
zaman ən qabaqcıl beynəlxalq təcrübədən
səmərəli istifadə olunur.
Məlumat üçün bildirək ki, respublikamız 2001-ci
ildən UNVTO-nun – yəni Ümumdünya Turizm
Təşkilatının həqiqi üzvüdür. Bu
mötəbər təşkilatın baş katibi
Françesko Francialli iki dəfə Azərbaycanda olub və
ölkəmizin daxili imkanlarını çox yüksək
qiymətləndirib. Odur ki, artıq biz UNVTO-dan lazımi
sənədləşmələri, mümkün olan
yardımları, o cümlədən, ölkənin turizm
potensialını qiymətləndirmək üçün
analitik materiallar alırıq. Ölkəmizin
nümayəndələri UNVTO-nun himayəsi altında
keçirilən treninqlərdə mütəmadi olaraq
iştirak edirlər. UNVTO-nun köməyi ilə dünya
turizm birliyinə inteqrasiya prosesinə qoşulmuşuq.
Ölkəmiz hər il keçirilən nüfuzlu turizm
sərgilərində, dünya səviyyəli
ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir
və beynəlxalq bazarda özünün turizm
məhsullarını nümayiş etdirir. Onu da əlavə
edək ki, turizm sahəsində Azərbaycanın
müsbət imicinin formalaşmasında AİTF-in beynəlxalq
turizm sərgisinin çox böyük rolu vardır. Bu
sərgi dünyanın tanınmış xarici
biznesmenlərini və turizm sənayesinin görkəmli
nümayəndələrini ölkəmizə cəlb edir.
Xarici investisiyaların ölkəyə cəlb olunması
haqqında, vəsaitlərin ölkədən renatriasiya
olunması haqqında qanunlar, respublikanın sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı və digər
vacib hüquqi sənədlər qüvvəyə mindikdən
sonra başqa sahələr kimi, turizmin də sürətli
inkişafı üçün əlverişli şərait
yaranmışdır. Bununla əlaqədar xarici investorları
və biznesmenləri yerli bazara cəlb etmək mümkün
olmuşdur. Turizm sahəsində maraqlı layihələr
həyata keçirilir. Azərbaycanın turizm bazarında
almanlar, ingilislər və türklər daha fəal iştirak
edirlər. Onların fəaliyyətinin nəticəsi kimi
yerli və ya xarici kapitalla şərikli müasir turizm
obyektlərinin (əsasən otellərin) tikilməsini misal
göstərmək olar. Otel tikintisinin illik artım
sürətini rəqəmlərlə şərh etsək,
2001-ci illə 2006-cı ilin göstəricilərini
müqayisəli vermək yerinə düşər. Altı il
bundan əvvəl respublikamızda cəmi 4 motel və 2
digər təyinatlı obyekt də daxil olmaqla, 86 mehmanxana
mövcud idisə, keçən il artıq 143 mehmanxana, 23
motel, 122 müxtiəlif profilli obyekt fəaliyyət
göstərirdi. Başqa sözlə desək, əgər
2001-ci ildə ölkəyə gələn turistlər
üçün yerlərin sayı 9403 idisə, 2006-cı
ildə bu rəqəm 24706-ya çatıb. Otel biznesindən gələn
gəlir hesabına büdcəyə
köçürmələr də artır. Belə ki, 2002-ci
ildə ödənilən verginin miqdarı 2,5 milyon manatdan
çox olmuşdusa, ötən ilin yekununda dövlət
büdcəsinə 9,5 milyon manat pul
köçürülmüşdür.
Mədəniyyət və Turizm Nazirliyi bu və ya digər turizm
fəaliyyəti ilə məşğul olan regionları
artıq müəyyənləşdirib, yeni layihələr
üzərində işləyir. Xarici iş adamlarının
rəyinə görə, bu layihələr böyük maraq
doğurur. Məsələn, Azərbaycan tərəfindən
Qusar rayonunda xizək sürmək üzrə qış idman
turizm kompleksinin yaradılması layihəsi hazırlanıb.
Həmin layihə üzərində fransalı və
avstriyalı ekspertlər də bizim
mütəxəssislərlə birgə işləyiblər.
Gələcəkdə “Sahil” layihəsinin reallaşması
üçün nəhəng işlərin
görülməsi nəzərdə tutulur. Xəzərin
sahili boyu yeni infrastrukturların yaradılması
üçün böyük investisiyalar cəlb
olunacaqdır.
Hazırda ölkəmizin ərazisində 7 milli park
fəaliyyət göstərir. Artıq həmin
yerlərdə turist dəstələrinin dincəlməsi
üçün istirahət zonaları da
müəyyənləşdirilib. Ekoloji turizmin bu cür mərhələli
inkişaf istiqaməti xarici səyahət
həvəskarlarında böyük maraq doğurur. İndi
fransızlar və almanlar bizim meşələrlə daha
yaxından tanış olmaq istəyirlər. Bunun
üçün bir sıra texniki məsələlərin
həlli vacibdir. Savadlı texniki işçilər
hazırlanmalıdır. Həmçinin bu perspektivli
sahəyə əlavə kapital cəlb olunmalıdır.
Müasir turizm müxtəlif sahələrin seçimini
nəzərdə tutur, ekzotik istirahətin və turizmin daha
fəal növü ilə sintezinə üstünlük verir.
Məsələn, ovçuluq turizmi indi daha çox
dəbdədir. Azərbaycanda hələlik üç
təşkilat xarici qonaqlar üçün bu cür
xidmət növü ilə məşğuldur, özü
də, onlar eyni zamanda, həm dağ təkələrini
ovlamaq, həm də balıq tutmağı təşkil
edə bilirlər. Mədəniyyət və Turizm Nazirliyi
özəl sektorun xidmət təklifini
dəstəkləyərək, bu sahənin fəaliyyətini
tənzimləmək üçün hüquqi əsaslar
işləyib hazırlayır, bu turizm növünün
inkişaf etdirilməsi üçün hüquqi baza
yaradır. Turizmin inkişafı ilə əlaqədar nazirlik
bazar münasibətlərinə uyğun fəaliyyət
göstərir. Bu isə hər hansı dövlət strukturu
üçün məntiqi reallıqlar yaradır. 2006-cı
ildə Mədəniyyət və Turizm Nazirliyinin
təqdimatı əsasında Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
Sahibkarlığın İnkişafına Yardım Milli Fondu
hesabından 32 xırda və orta sahibkara kiçik otellər
və istirahət zonaları tikmək üçün 6,5
milyon manat vəsait verib. Cari ilin beş ayı ərzində 5 turist obyektinin tikintisinə isə 1,7 milyon
manat vəsait alınıb.
Bu gün ölkəmizin
hüdudları çərçivəsində
daha çox üstünlük verilən
turizm fəaliyyətinə
mədəniyyət turizmi
(bura çox layihələr daxildir), kənd ekoturizmi, ovçuluq, konfrans turizmi və s. daxildir. Konfrans turizminin əhəmiyyəti
daha böyükdür.
Azərbaycanda keçirilən beynəlxalq simpoziumlar, seminarlar və digər tədbirlər ölkəyə çoxlu
sayda xarici alimlərin və mütəxəssislərin cəlb
edilməsinə səbəb
olur.
Regional turizmi inkişaf etdirmək üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
xüsusi nizamnamə hazırlanmışdır.Turizm zonalarının nizamnaməsi
adlanan həmin sənəd baxılmaq üçün Nazirlər
Kabinetinə təqdim
olunub. Məsələ
burasındadır ki, nazirlik bu və
ya digər regionun infrastrukturunu hazırlayarkən yeni yaradılan turizm bazasının ən
optimal “iş rejimi”ni üzə çıxarmağa çalışır.
Bunun üçün əvvəlcədən
geniş təhqiqat işləri aparılır.
Məlumdur ki, ölkəmizdə
milli parklar bu yaxınlarda yaradılıb. “Şirvan” Milli Parkı 2002-ci ildən fəaliyyət göstərir,
“Şahdağ”ın isə
hələ bir yaşı tamam olmayıb. Bu obyektlərə giriş pulludur.
Xaricdə fəaliyyət göstərən
mili parkların təcrübəsinə görə
turizm və fermer təsərrüfatı
ilə ancaq qoruqla bufer zonası
arasında məşğul
olmaq mümkündür.
Qoruq zonasında isə hər hansı fəaliyyət qəti qadağandır. Bu cür parklara yaxın ərazilərdə
yaşayan əhali əlavə qazanc əldə etmək üçün yaxşı
imkana malik olur. Turistlərə bələdçi, aşbaz, sürücü,
qısası servis xidməti göstərən
böyük heyət lazımdır.
Son illərin təcrübəsi göstərir
ki, yeni turist marşrutlarının
fəaliyyətə başlaması
Azərbaycanda zəngin
ənənələrə malik olan tətbiqi
incəsənət növlərinin
dirçəlməsinə əlverişli şərait
yaradır. Turizm regionlarında
yaşayan ustalarda milli sənət növləri, əllə
düzəldilən suvenir
və əşyaların
istehsalı ilə məşğul olmaq həvəsi güclənir.
Heç
təsadüfi deyil ki, bu günlərdə
Şəkidə keçirilən
“Sənətkarlar bayramı”
da belə bir nəcib məqsədə xidmət
edirdi. Beş il öncə
ölkəmizdə yerli
suvenirlər, əl işləri, orijinal toxumalar o qədər az idi ki,
turistlərə nəsə
təklif etməkdə
çətinlik yaranırdı.
Ona görə ki, çeşid çox kasad idi. İndi isə istər Bakıda, istərsə də hər hansı bir dağ rayonunda turistlərin qarşısına
çıxarmaq üçün
suvenir məhsullar istənilən qədərdir.
Xalq qəzeti.-2007.-17 iyul.-S.3.