İraclı Ə.

 

Azərbaycanda normal sanatoriya niyə yoxdur

Hər il 100 miloyn dollardan çox pulumuz xarici ölkələrin sanatoriyalarına axır

Putyovkaların qiymətləri bahalaşıb

İlin 11 ayını gərgin iş rejimində keçirən hər bir kəsin böyük arzusudur ki,  məzuniyyətə yollandığı 20-30 günü sanatoriya və yə istirahət guşələrində keçirməklə, itirdiyi enerjini qismən də olsa bərpa etsin. Çox təssüf ki, bu əlçatmaz arzuya elə çox az zümrə – imkanlı-vəzifəli şəxslər çatır. Lakin xatırlatmaq kifayətdir ki, sovet dövründə hamı da olmasa, müxtəlif peşə sahibləri, ziyalılar, hətta sıravi vətəndaşlar belə istəklərini bu və digər formada reallaşdıra bilirdilər. Çünki respublikamızın hər bir əhali qrupları üçün nəzərdə tutulmuş sanatoriya-kurort mərkəzləri ilin hər fəslində öz qapılarını sevimli sakinlərinin üzünə açırdı. Öz xidmətlərilə dünyada məşhur olan Şuşa, Kəlbəcər sanatoriyaları, «Naftalan» sağlamlıq mərkəzlərində isə nəinki yerli vətəndaşlar dincəlib müalicə olunurdu, eyni zamanda MDB-nin istənilən məkanından xəstə gəlib-evlərinə anadangəlmə sağlam qayıdınanların da sayı-hesabı yox idi.

Onu da xatırlatmaq yerinə düşərdi ki, atom elektrik stansiyanın partlayışı zamanı Belorusiyanın Qomel şəhərindən olan 1000-ə yaxın əlil dünyanın heç bir məkanında yox, məhz Naftalanda şəfa tapa bilmişdilər. Bir neçə il bundan öncə adıçəkilən sağlamlıq mərkəzinin bir həkimilə telefon söhbəti əsnasında maraqlı bir faktın şahidi oldum. Belə ki, Qomel şəhərindən əlil arabaları, əsa ilə gələn xəstələr hərəkətlərini bərpa etdiyindən əl vasitələrini mərkəzdə qoyublar. Hazırda həmin vasitələr «Naftalan» sağlamlıq mərkəzinin nəzdində yaradılmış xatirə muzeyində saxlanılır. Bu şəfa ocağı əvvəlki şan-şöhrətilə çalışmasa da, xatirə muzeyi gələn qonaqların zövqünü hər zaman oxşayır. Elə indinin özündə Türkiyə, Rusiya eləcə də Gürcüstanın tanınmış istirahət mərkəzlərindən yolu düşənlərdən «Naftalan» «Şuşa», «Araz» sanatoriyalarını xəbər alırlar, ürəklərində indi də bizim üçün xəyallara çevrilmiş bu məkanda bircə gün keçirmək istəyi canlanır. Yəqin ki, bu söz əsl mətləbə keçməyimizin vədəsini bildirir. Söhbət keçmişindən ağız dolusu danışdığımız sanatoriyaların indiki nəzərəçarpmaz fəaliyyətindən gedəcək. Hələ bu haqda bir qədər sonra.

İldə 20 min vətəndaş yerli sanatoriyalarda istirahət edir

Öncə hazırda çətinliklər girdabında çabalayan sanatoriyaların mövcud vəziyyətini, problemlərini və bu problemlərdən çıxış yollarını öyrənmək üçün respublikada kurort-sanatoriya fəaliyyətini tənzimləyən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ilə əlaqə saxladıq. Qurumun maliyyə şöbəsinin müdir müavini Elşən Süleymanov bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə bu işlə təmsil olunduğu komitənin tabeçiliyində yaradılmış «Azərkurort» səhmdar cəmiyyəti məşğul olur. Onun sözlərinə görə, respublika ərazisində 11 sanatoriya qeydiyyatda olsa da, onlardan yalnız 7-si Abşeron yarımadasında yerləşməklə, müxtəlif xəstəliklərin müalicəsi üzrə ixtisaslaşıb: «Bunlarla yanaşı Qaxda «Şəfa» 1 müalicə pansionatı, Nabranda 2 turist bazası, metropoliten işçiləri üçün nəzərdə tutulmuş sanatoriya-profilaktoriya və uşaqların istarəhəti üçün düzənlənmiş sağlamlıq düşərgəsi də fəaliyyət göstərir».
Müsahibimiz «Azərkurort» xəttilə ildə 20 min ölkə vətəndaşının sadaladığı sağlamlıq mərkəzlərində istirahət edə bildiyini qeyd etdi. Nəzərə alsaq ki, respublikada 1,5 milyon AİHK üzvi vardır, onda sanatoriyalarda dincələn həmkarların sayı simvolik bir rəqəmə bərabər olduğunu demək asandır. Habuki əvvəllər bu göstərici 60-70 hətta 100 minə bərabər olub. Söhbətdən o da məlum oldu ki, problemin kökündə bir çox sanatoriyalarda otaqların qaçqın və məcburi köçün ailləri tərəfindən tutulması dayanır. «Təsəvvür edin, bu istirahət mərkəzlərində 70 faiz yerlər tutulub. Digər vətəndaşları bizə qalan 30 faiz yerlərdə yerləşdirməyə çalışırıq. Ona görə, bütün müraciət edənlərin istəyini yerinə yetirə bilmirik».

Santoriyaya göndərməyə adam axtarırıq

Vətəndaşların narazılığını da əsasən bu amillə əlaqələndirən katib fikirlərinə aşağıdakıları əlavə etdi: «Digər bir problem ondan ibarətdir ki, bütün vətəndaşlar yay mövsümində istirahət etmək istəyir. Fevral-mart ayında sanatoriyaya göndərməyə adam axtarırıq. Gələn olmur. İndi əsas narazılıq edən müəllimləri başa düşmək olar ki, onların yalnız bu 3 ay ərzində vaxtları vardır. Amma ölkədə 400 min müəllim vardır. Mövcud imkan daxilində onların hamısını bu müddət ərzində necə sanatoriyaya göndərə bilərik.

Putyovkanın ən aşağı qiyməti 300 manatdır

Sanatoriyaya yollanışların (putyovka) qiymətlərilə maraqlandıqda, E.Süleymanov bildirdi ki, hər növ xidmətdən, eləcə də otağın şəraitindən asılı olaraq qiymətlər də rəngarəngdir: «Orta qiymət təxminən 360 manata bərabərdir. Konkret götürsək, məsələn, «Bilgəh» sanatoriyasında maksimum 450-500 manata yaxındırsa, aşağısı 300 manat təşkil edir». Əvvəlki illərdən fərqli olaraq, yollanışların qiymətində də müəyyən artım olduğunu qeyd edən müsahibimiz enerjidaşıyıcıların bahalanmasının əsas rol oynadığını vurğuladı: «Əgər bir yollanışın qiyməti ötən il 280 manat idisə, nəzərə alın ki, bu il 27-28 faiz bahalanma olub».
E.Süleymanov onu da qeyd etdi ki, məcburi sığorta haqqı ödəyən vətəndaşlara yollanışın tam dəyərinin cəmi 15 faizini ödəmək hüququ verilib. Qalan xərclər sosial-sığorta vəsaitləri hesabına qarşılanır. Apardığımız sorğular zamanı konkret bu xidmətdən yararlananlara rast gəlmsək də, hər halda belə bir qayda olduğunu bilmək heç də pis deyildir.
Müsahibimiz sanatoriyada bütün xidmət haqlarının yollanışın ümumi dəyərində cəmləndiyini dedi: «Ola bilər ki, xadiməyə və ya həkimə kiçik məbləğdə hörmət etmək lazım gəlir ki, bu da xəstəyə daha keyfiyyətli xidmət göstərilməsinə səbəb olur».

«Blgəh»də hər kəsə haqq verməlisən…

Deyilənləri yerində araşdırmaq üçün üz tutduq əvvəlcə vətəndaşların daha çox narazı qaldığı «Bilgəh» sanatoriyasına. Bu müalicəxanadə son zamanlar aparılan təmir-bərpa işləri onun əvvəlki görkəmini qisməndə olsa dəyişib. Lakin bir neçə xəstələrlə söhbətimizdə məlum oldu ki, sanatoriyanın həyətindən içəri daxil olan kimi xadiməsindən tutmuş, həkiminə qədər hər kəsə oranı tərk edənə qədər onların istəyini ödəməlisən. Əks təqdirdə yollanışda göstərilən məcburi  xidmətlərin kənarında qalmalı olacaqsan. Məsələn, müşahidələr zamanı aydın oldu ki, sadəcə qeydiyyata düşəndə 2-4 manatından (bir qədər artıq məvacibindən keçsən ehtiyyatda saxladıqları aşağı mərtəbədə olmaqla lüks otaqlar da təşkil edilə bilər), ilkin müayinələr zamanı ən azı 10 manatına qədər keçməlisən. Qeydiyyata düşdüyün otağa qədəm qoyan kimi xadimə «süftə səndən, bərəkət Allahdan deyib, «şirinlik» kimi gəlim-görüm etməyini tələb edir. Əgər çaşıb, 1 manat versən (aşağısı 2 manat verməlisən), cavabı «bu semişka pulu eləmir» olur. Oranı dərhal tərk etməsə də, sonrakı müddətdə 2-3 gündən bir otağın təmizlənsə «Böyük Yaradana» şükr edərsən. Belə olmayanda, get-gələ salınmaqla, getdiyini gün harada qalacağın sual altında qalmaqla, snatoriyadan çıxacağın günü səbirsizliklə gözləməli olursan.

Günəşlidə isə xidmətlərin keyfiyyəti yaxşıdır


İkinci üz tutduğumuz məkan «Günəşli» sanatoriyası oldu. «Bilgəh»dən fərqli olaraq, bu sanatoriyada təmir-bərpa işləri aparılmasa da, bu xidmətin səviyyəsinə təsir göstərməyib. Sanatoriyada səhər saatlarından sıxlıqdan tərpənmək olmurdu. Və bu sıxlıq istər-istəməz əsəb xəstəliyinin müalicəsi üzrə ixtisaslaşmış «Ğünəşli» sanatoriyasına müraciət edən xəstələrin sayının gününü-gündən çoxalmasından xəbər verirdi.
Bu sanatoriyaya ucqar dağ rayonundan gəlmiş kənd müəllimi Ağabəy Ağayevlə söhbətimizdə o bildirdi ki, burada xəstəyə xidmət yüksək səviyyədədədir: «Həkim və tibb işçiləri müalicəni mütəmadi aparmaqla yanaşı, xəstələrin asudə vaxtlarının səmərəli keçməsindən ötrü konsertlər də təşkil olunur».
«Günəşli» sanatoriyasında uzunmüddət çalışan baş həkim müavini Həsənov Əziz, həkim Abdullayeva Əsmət və gənc tibb işçisi Sofiyeva Hilal, Sofiyeva Nazilə bu müalicəxanada çox insanların şəfa tapdığını dedi: «Biz əvvəlki kimi xidmətləri sovet avadanlıqlarla aparsaq da, müalicənin effekti indiki müasir aparatlardan qat-qat yüksək olur. 3 il fasiləsiz bu xidmətdən yararlana bilən xəstələrimizə əsəb xəstəliyindən tamamilə azad olunması təminatı veririk».


Sanatoryalar niyə təmir olunmur?


Bu bizim müşahidə apardığımız sanatoriyalar haqqında toplaya bildiyimiz məlumatlar idi. O da məlumdur ki, öyrənmək istədiyimiz rəsmi təsdiqini tapmayan, sadəcə gəzən söz-söhbətlər yetərincədir. Ən əsası yollanışların təyin edilməsində yol verilən nöqsanlardan tutmuş, sanatoriyalarda yaşananlara qədər, həmkar üzvlərinin ödədiyi vəsaitlərin hardan gəlib-hara getdiyi dolayısı yolla hər kəsə məlumdur. Təccüb doğuran məqam isə odur ki, illərlə toplanılan və mütləq bu məqsədlər üçün nəzərdə tutulan vəsaitlərin bir qisminin sanatoriyaların fəaliyyətinin bərpasına yönəldilməsi, yeninlərinin yaradılmasında niyə maraqlı deyilik? Nəzərə alsaq ki, Azərbaycan sanatoriya və kurortlarına büdcədən ayırmalar 13,5 milyon manta bərabərdir. Eyni zamanda bu gün Azərbaycanın sanatoriyalarında 7 min məcburi köçkün varsa, «Qaçqınkom» tərəfindən də «Azərkurorta buna görə müəyyən ödənişlər həyata keçirilirsə, niyə indiyə qədər bəzi sanatoriyaların fəaliyyəti bərpa edilməyib? Hər il 100 milyon  dollardan çox nağd pulumuzun Türkiyə, Rusiya və Qafqazdakı digər sanatoriyaların büdcəsinə axması elə bu sahəyə cavabdeh qurumların fəaliyyətsizliyinin nəticəsi deyilmi?

Nə qədər pul lazımdır?

Təsəvvür edin, bir Azərbaycan vətəndaşı Qafqazın tanınmış Yessentuki sanatoriyasında dincəlməsi üçün yollanış və nəqliyyat, bazar-dükan, digər zəruri xərclərlə birlikdə 2 min dollardan çox xərci çıxır. Bura azərbaycanlıların ən çox üz tutduğu Jeleznovodsk, Kislovodsk, Pyatiqorsk, Nalçik, Soçi, Antalya, Yurmala, Truskaves və s. istirahət ocaqlarını da əlavə etsək, bu, yüz milyonlarla dollar nağd pulun ölkəmizdən çıxarılması deməkdir. Fikrimcə, bu sərvətin öz sanatoriyalarımızın əvvəlki şan-şöhrətini qaytarmağa sərf olunsa yəqin ki, heç də pis olmaz.
Gözlə deyirlər...
Bundan ötrü isə ekspertlər ilk növbədə qanunvericilik bazasının təkmilləşməsini təklif edirlər. Bu fəaliyyəti tənzimləyəcək «Kurortlar və sanatoriyalar haqqında» qanun da təssüf ki, hələ də qəbul edilməyib. Sənədi sosial sifariş hesab edən parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bizimlə söhbətində payız sesiyyasında qanunun qəbul ediləcəyi təqdirdə Azərbaycanın kurort və sanatoriyalarının mövcud vəziyyətlərinin dünya standartlarına çatdırılacağına ümid ifadə edir. Onda payızı gözləyək, gözləməyə dəyərsə?

Bizim yol.- 2007.- 31 iyul.- S. 12.