İsayev Ə.

 

Dağlarda ilk turist cığırları

 

Gədəbəydə "Bala Narzan" ailə istirahət mərkəzi açıldı

Keçən il ölkə başçısı İlham Əliyev Gədəbəy rayonunda olarkən Slavyanka kəndinə baş çəkdi. Prezident fondunun vəsaiti ilə ucaldılan məktəb binasının inşası ilə tanış oldu. Ətrafı seyr edərkən qarşıdakı məxməri dağların, yaşıl yamacların, qollu-budaqlı ağacların, şırhaşır axan Narzan bulağının gözəlliklərinə xüsusi qiymət verdi.
Onda hələ bu səfalı səmtə yol çəkilməmişdi, Slavyanka çayının körpüsü yox idi. İstər Narzana, istərsə pay torpaqlarına, çöl-çəmənə, əkin-biçinə gediş-gəliş heç asan deyildi. Bəs necə olsun? Bu məsələ çoxunu narahat edirdi.
Mühəndis Aqibət Məmmədov bu yerlərdə xeyirxah insan kimi tanınır. Doğma Şınıx bölgəsinin, nankor ermənilər tərəfindən yandırılmış Mutudərə kəndinin, onun yol-izinin, körpü keçidlərin bərpasında çox görüb. Aqibət Məmmədov bu dəfə ölkə başçısının diqqətini cəlb etmiş Narzan bulağını abadlaşdırmağı qərara aldı. Asfalt yol çəkdi, çayın üzərində körpü saldı. Bununla da Slavyanka Narzanının yeni həyatı başlandı. İş adamı Zair Əsgərovla birgə iki-üç ailəlik evlər tikdirdi, istirahət guşələri, körpülər-keçidlər düzəltdi. Bulağın ətrafını sahmana saldı. Turizm üçün müvafiq infrastruktur yaratdı.
Bu günlərdə "Bala Narzan" ailə istirahət mərkəzinin açılışı oldu. Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə, Mədəniyyət Turizm Nazirliyinin nümayəndəsi Vüqar Şıxməmmədov, ağsaqqal İkram Məmmədov, fərdi prezident təqaüdçüsü Aşıq İsfəndiyar Rüstəmov, saz söz sənətinin mahir ustası Ədalət Dəlidağlı başqaları yeni mərkəzin ilk müsafirlərini salamladılar.
İlk süfrə açıldı. İlk şənlik başlandı. Gədəbəy aşıqlarına, rayonun ifaçılarına meydan verildi.
Dağlara səda düşür. Ölkə başçısının tövsiyə tapşırığı ilə səfalı dağlarda turizmin ilk cığırları açılır. Cənab İlham Əliyev Gədəbəy rayonunda olarkən demişdi: "Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turizm üçün çox cəlbedici ola bilər".
Ölkə başçısının digər tapşırıqları kimi, turizmin inkişaf
ı barədəki tövsiyələri Gədəbəy rayonunda uğurla həyata keçirilir. Axı bu yerlərdə belə nəcib məqsəd üçün hər cür imkan şərait var. Uca dağlar, səfalı yaylaqlar, sərin bulaqlar, məxməri şəlalələr, çox yerdə bənzəri olmayan tarixi memarlıq abidələri təbiəti sevənlərə gəl-gəl deyir.
Rayonun müxtəlif guşələrində 80-dən çox abidə qeydə alınıb. IX əsrin yadigarı Qız qalası, Söyüdlü qalası, Söyüdlü şır-şırı, Böyük Qaramurad məbədi, Düzyurdun tağlı körpüsü, Qalakəndin möcüzələri, Cavanşir-Koroğlu qalası, hələ XIX əsrdə dünyaya səs salmış misəritmə zavodlarının qalıqları... hərəsi bir nağıl, bir əfsanə, ulu tarixin canlı yadigarı.
Çox adam bu yerləri görməyə can atır. Di gəl, Şəmkir-Gədəbəy yolu bir qədər narahat idi. Ölkə başçısı rayonda olarkən tapşırıq verdi ki, tezliklə bu problem həll olunsun, Gədəbəy rayonuna öz görkəminə, səfasına layiq rahat yol çəkilsin. Qəsəbə kəndlərdə sistemli surətdə yollar, körpülər, keçidlər sahmana salınır.
Rayonun neçə-neçə bölgəsində qızğın gedir. Yuxarı Narzanda ən müasir tələblərə cavab verən turizm mərkəzi yaradılır. Turist cığırları Qızıl torpaq bölgəsinə, Şınıxa, Qalakəndə, Novosaratovkaya, neçə-neçə digər yerlərə uzanır.
Çox keçməz ki, dağlar diyarı Gədəbəy turizm mərkəzinə çevrilər. İlk müjdəçi, ilk qaranquş "Bala Narzan" isə hələlik ailə istirahət mərkəzi say
ılır.

Azərbaycan.-2007.-5 iyul.-S.7.