Qasımov H.
Gəncədəki
Naftalan Sağlamlıq Mərkəzi dünya orbitinə
çıxır
Gəncə
şəhəri, Nizami küçəsi, 72. İndi bu
ünvana pənah gətirənlər təkcə
Gəncədən, respublikamızın digər şəhər
və rayonlarından deyil, bir çox xarici
ölkələrdən də var. Mərkəzin çox
qısa vaxt ərzində şöhrət tapması
təkcə Gəncənin əlverişli mövqedə
yerləşməsi deyil. Hələ keçən il
oktyabrın 16-da mərkəzin açılışı
günü bura gələn hər bir kəs gördü ki, mərkəzdə
xidmət üçün Avropa standartlarına uyğun
şərait var. Təbii ki, təkcə Naftalan vannası
qəbul etməklə iş bitmir. Kim sağlam olmaq
istəyirsə, ona kompleks müalicə lazımdır və
burada yaradılan hər bir şərait müalicənin
səmərəli keçməsinə şərait
yaradır.
Mərkəz şəhərin mərkəzində, xan
çinar, şam və sərv ağacları ilə
əhatə olunmuş qədim bir binada yerləşir.
Əslində, bina və ona bitişik ərazi tamamilə yenidən
qurulmuşdur. Adamların müalicəsi, istirahəti
üçün burada hər cür şərait
yaradılmışdır. Mərkəzdə Naftalan vannaları
ilə yanaşı, yod-brom vannaları, masaj, fizioterapiya,
müasir laboratoriyalar fəaliyyət göstərir.
İşçilərə pulsuz yemək verilir. Yeri
gəlmişkən qeyd edək ki, vannadan çıxan hər
bir xəstəyə də pulsuz çay verilir. Gözəl
və yaraşıqlı yeməkxana — bufetdə yüksək
xidmət göstərilir.
Mərkəzdə təcrübəli, şəhərdə
ad-san çıxarmış həkimlər, tibb
bacıları çalışırlar. İndiyədək
buranın xidmətindən 800 nəfərdən çox adam
istifadə etmişdir. Hələ ki, narazı qalan,
şəfa tapmayan xəstə yoxdur. Hamı kollektivin
işindən, göstərilən xidmətdən, buradakı
şəraitdən razılıq edir. Maraqlıdır ki,
sonsuzluqla bağlı müraciət edən
xəstələrin 46-da müsbət nəticə əldə
olunmuşdur. Onların arasında xarici ölkələrin
vətəndaşları da var. Yaponiya, Türkiyə, Rusiya,
Ukrayna və digər ölkələrdən
müalicəyə gələnlər buraya bir daha
gəlmək arzusundadırlar. Mərkəzdə
quraşdırılmış müasir istilik sistemi imkan verir
ki, burada ilboyu xidmət göstərmək mümkün olsun.
Gəncə Naftalan Sağlamlıq Mərkəzinə 26 il
Naftalan Kurort Birliyi sistemində çalışan
təcrübəli həkim Şahin Babayev
başçılıq edir. Ş.Babayev söhbət
zamanı dedi ki, tezliklə mərkəz hər yerdə
şöhrət qazanacaq. Çünki burada müalicə
və istirahət üçün şərait var.
Həkimlərin ixtiyarında dünya standartlarına cavab
verən tibbi avadanlıqlar var. Qan analizlərinin
aparılması üçün yaradılmış
laboratoriyanın şəhərdə analoqu yoxdur.
Məlumat üçün qeyd edək ki, Naftalan neftinin
müalicəvi əhəmiyyəti haqqında ilk
yazılı məlumat Nizami Gəncəvinin
əsərlərində var. XIX əsrin sonlarında Avropa
və Amerikada, Asiyada bu neftin möcüzəsi haqqında
məlumatlar geniş yayılmağa başlanıb.
Sovetlər Birliyi vaxtı hər il Naftalan şəhərində
azı 100 min adam müalicə olunurdu və onların
əksəriyyəti öz əl ağaclarını
məşhur “Çəliklər muzeyi”ndə qoyub gedirdi.
Hazırda Gəncədəki mərkəzdə sümük,
oynaq və əzələ sistemi xəstəlikləri,
yəni revmatizm, revmatik poliartrit, artrit və s. periferik sinir
sistemi xəstələrikləri, yəni osteoxondroz,
nevritlər, nevralgiyalar, dəri xəstəlikləri, yəni
psoriaz, ekzema, dəmrov, qaşınma, qadın
xəstəlikləri, uroloji, kişi və qadın
sonsuzluğu, mədə-bağırsaq xəstəlikləri
və digər yüzlərlə xəstəlik müalicə
olunur.
Burada ümumi Naftalan vannaları ilə yanaşı, oturaq,
yod-brom vannaları, ağ naftalan, işıq vannaları,
masaj, fizioterapiya və s. müalicə üsulları
uğurla tətbiq olunur.
Gəncə Naftalan Sağlamlıq Mərkəzinə
gəlsəniz peşman olmazsınız.
Xalq qəzeti.- 2007.- 1 iyul.- S. 4.