Qismətqızı H.
Vaxt olacaq ki, otellər
özləri qonaq axtaracaqlar
Müzəffər
Ağakərimovun sözlərinə görə,
bu gün 2 və 3
ulduzlu otellərin tikintisinə güclü tələbat var
Gəlirlilik göstəricilərinə
əsasən, turizm artıq XXI əsrin əsas
sahələrindən biri hesab edilir. İldən-ilə bu
sektorda inkişaf tempinin daha da sürətlənəcəyini
bildirən Ümumdünya Turizm Təşkilatı (ÜTT)
beynəlxalq turizmin hər il 4 faiz artacağını
proqnozlaşdırır. ÜTT-nin məlumatına görə, 2010-cu ildə
beynəlxalq turist səfərlərinin sayı 937 milyon olacaq
və turizmdən gələn gəlirlər 1,1 trilyon dollar
təşkil edəcək. 2020-ci ilə qədər isə
dünya üzrə səyahətlərin sayı 3
dəfə də artacaq. ÜTT
mütəxəssislərinin fikrincə, Azərbaycanda da
müxtəlif iqlim qurşaqları, siyasi stabillik, inkişafda
olan infrastruktur onun turizm ölkəsinə çevrilməsi
üçün geniş imkanlar yaradır. Üstəlik,
respublikanın 21 ölkənin iştirak etdiyi
"Böyük İpək Yolu" layihəsində
iştirakı böyük miqdarda turistləri
Azərbaycana cəlb edə bilər. Bəs
görəsən, getdikcə ciddi rəqabət meydanına
çevrilən turizmin və ölkələrin daha çox
turist cəlb etmək şanslarının
qarşısında Azərbaycan öz turizm potensialından
necə yararlana biləcək? Bu sektorda rəqabəti qazanmaq
üçün ölkə hansı maneələri dəf
etməlidir? "Azərbaycan Mehmanxana Kompleksləri Assosiasiyası"
İctimai Birliyinin otel meneceri Müzəffər
Ağakərimovlə bu barədə söhbətimizə
ölkədə fəaliyyət göstərən
mehmanxanaların mövcud vəziyyətindən
başladıq:
- Mehmanxana biznesi
Azərbaycanda inkişaf edir. Hər bir
sahədə olduğu kimi, mehmanxana biznesində də bir
sıra problemlər var. Çalışacağıq ki,
mütəxəssislərimizin köməyi ilə bu
problemləri azaldaq. Regionlarda problemlər
mərkəzdən daha çoxdur. Orada
əsasən kurort mehmanxanalar fəaliyyət göstərir
ki, onların da mövsümi və qeyri-mövsümi
problemləri var. Bundan əlavə, regionlarda kadr problemi
mərkəzdən daha öndə durur. Regionlarda
olan mehmanxanalar 2 mövsümi ayda daha yüksək
səviyyədə işləyir. Qeyri-mövsümlərdə
isə çətinliklərlə üzbəüz gəlir.
Bundan əlavə, regionların problemləri
həm də infrastrukturla - yol, işıq, su, qaz, kanalizasiya
ilə əlaqədardır. Mərkəzə
gəldikdə isə burada da kadr, xüsusən də
ofisiantlarla bağlı problemlər mövcuddur.
- Otel və mehmanxanalarda
xidmətin səviyyəsi aldıqları ulduzlarla
uzlaşırmı?
- Ulduz almaq yaxşı
şeydir. Amma o ulduzun arxasında dayanmaq da
vacibdir. Onlar elə
düşünürlər ki, ulduz almaqla xidmətlərini
baha qiymətə təklif edəcəklər. Ümumiyyətlə, otel və mehmanxanalarda
xidmətin səviyyəsinin aldığı ulduzlarla
uzlaşmasını belə bir misalla izah etmək olar. Müəllim pis oxuyan şagirdə 4 və 5
qiymət verirsə, bu addım şagirdin
tənəzzülünə gətirib çıxarır.
Tövsiyə edərdim ki, ulduz verən
şəxslər daha diqqətli olsunlar. Xüsusən
də ulduzları yalnız otaqların səviyyəsinə
görə yox, həm də onun restoran xidmətinə,
mətbəxinə, kadrların hazırlığı
potensialına tam diqqət yetirərək versinlər.
- Komplekslər yalnız
xarici turistlərləri deyil, yerli vətəndaşları da
özünə cəlb etməkdə maraqlı
olmalıdır. Otel və mehmanxana
komplekslərində servislərin mövcud qiymətləri
ölkə əhalisinin real gəlirləri ilə nə
qədər həmahəngdir? Hansı
səviyyədə müştəri bu xidmətlərdən
yararlana bilir?
- Bizim ölkəyə bu
gün müxtəlif sahələr üzrə xeyli iş
adamı gəlir. Biznesmenlərin də
bəzilərini ölkəyə dəvət edirlər ki, bu
zaman xərci də yerli təşkilatçı
çəkir. Qiymətlərə
gəldikdə isə hazırda bir sıra otellərdə
qiymətlər yüksəkdir. Amma
çalışmalıyıq ki, rayonlarımızdan
gələnlər üçün də əlverişli
qiymətlər olsun. Qiymət siyasəti
marketinqin əsas amillərindən biridir. Ona
görə otel menecerləri birinci növbədə qiymət
siyasətini önə çəkməlidirlər. Xüsusilə də yerli əhali üçün.
Əgər yerli vətəndaşlara qiymət
uyğun deyilsə, onlara daha ucuz qiymətə Kislovodsk,
Yessentuki, Yeleznovodska, Antalyaya getmək daha sərfəli olacaq.
Əlbəttə ki, qiymət siyasəti həm
də düzgün rəqabətdən asılıdır.
Rəqabət nəticəsində qiymətin
yuxarı və ya aşağı düşməsi
özünü göstərir. On illər
ərzində bu məsələ üzərində
müxtəlif mövzularda çıxışlar olub və
indiyə qədər məsələ həll olunmayıb.
Mehmanxana biznesinin inkişafı olmadan,
iqtisadiyyatın mühüm sahəsi olan turizmin
inkişafını təsəvvür etmək mümkün
deyil. Məhz turizmin inkişafı ilə
əlaqədar respublikada son illərdə xeyli mehmanxana tikilib,
bəziləri müasir tələblərə uyğun
bərpa olunub. Ancaq respublikada yeni,
müxtəlif tipli mehmanxanalara da ehtiyac duyulur. Aparılan təhlil göstərir ki, Bakıda
fəaliyyət göstərən və müasir
tələblərə cavab verən otellər azdır. Xüsusən də 2 və 3 ulduzlu otellər
demək olar ki, yox dərəcəsindədir. Halbuki 2 və 3 ulduzlu otellərə tələbat
artıb və onların tikintisi indiki mərhələdə
vacib, aktual məsələdir. Çünki
2 və 3 ulduzlu otellərin qiyməti 20-30-40 manata uyğun olar
ki, bu da aztəminatlı əhali qrupu üçün
əlverişlidir.
- Bakıda mehmanxana
kompleksləri bir günə nə qədər turistə
qulluq etmək iqtidarındadır?
- Otel var ki, 13-14
nəfər qonaq üçün nəzərdə tutulub,
otel də var ki, 300 nəfər qonağı qəbul edə
bilir. Bu, həm də ölkəyə
gələn qonaqların sayından asılıdır. Ümumiyyətlə isə ölkədə
reallıqda mövcud olan mehmanxanalar əsasən Bakı
şəhərində cəmləşdiyinə görə
nömrə fonduna görə bir gündə maksimum 3000-3500
turist qəbul edilə bilər. Onu da qeyd
edim ki, Bakı şəhərinin dünyada nüfuzu
artdıqca, bura gələn qonaqların sayı da
çoxalır. Bakıda Avropa və
dünya səviyyəli idman yarışları, iqtisadi
forumlar, sərgilər, konfranslar, simpoziumlar keçirilir
və gələcəkdə bu tədbirlərin və
gələn qonaqların sayı getdikcə daha da artacaq.
Bu baxımdan Bakıda tez bir zamanda yeni
mehmanxanaların tikintisinə, inşasına zərurət
var. Paytaxtda fəaliyyət göstərən mehmanxanaların
sayı çoxdur, lakin nömrə fondu azdır. Çünki əsasən kiçik mehmanxanalar
inşa olunub. Buna görə də
kiçik mehmanxanaların inşası ilə yanaşı,
orta tipli mehmanxanalar da tikilməlidir. Bundan
başqa, Bakı dəniz limanı olduğuna görə,
turistlər və şəhərə gələn qonaqlar
üçün flotel tipli otel inşa oluna bilər. Çünki əsasən dəniz və okean
ətrafında yerləşən limanlarda bu tipli mehmanxanalar
fəaliyyət göstərir. Bakıda
keçirilən müxtəlif növ tədbirlərin
çoxalması ilə əlaqədar konqres otelin
tikilməsinə ehtiyac var. Konqres otellərin nömrə fondu
1200-1500-dür. Belə bir otelin
inşası Bakıya uyğun olardı və onun nüfuzunu
daha da artırardı. İlk olaraq
hələlik Bakıda bir konqres otelin tikintisi kifayətdir.
Bütün konqresə gələnləri eyni bir oteldə
qəbul etmək daha məqsədəuyğundur, nəinki
qonaqları A, B, S və s. otellərdə müxtəlif
yerlərdə yerləşdirmək. Bununla
onların nəqliyyat problemi də aradan qalxar. Həm də onların təmasda olmaq ehtimalı
artar.
- Qiymətlərdə yerli
və xarici vətəndaşlar üçün
güzəştlər olmalıdırmı?
- Otel sahiblərinə bu
gün biz deyə bilmərik ki, hansı
güzəştləri tətbiq etsin. Amma vaxt
olacaq ki, bu otellər özləri qonaq axtaracaqlar. Güzəştlər rəqabət
nəticəsində formalaşır. Məsələn,
mehmanxanalar və turist firmaları arasında korporativ
güzəştlər tətbiq edilir. Beynəlxalq
Konvensiya qaydalarına uyğun turist firmalarına
güzəştlər olur. Əlbəttə
ki, bir çox şirkətlər, otellər ya
bilərəkdən, ya da bilməyərəkdən bu
şərtlərə riayət etmirlər. Otellərin menecerləri bunları bilməlidir
və beynəlxalq standartlardan xəbərləri
olmalıdır. Sifariş edən
turistlərin birinə 5 faiz, birinə 15 faiz güzəşt
tətbiq edirlər. Bunun isə öz
qayda-qanunu var. Həm də otellərin mövsümi və
qeyri-mövsümi zamanında da qiymət oynamalıdır.
- Mehmanxana
personalının, eləcə də digər
xidmətlərin səviyyəsinin beynəlxalq standartlara
çatdırmaq üçün nə tələb olunur?
- Təcrübəli
müəllimləri dəvət etməklə təlim
kursları təşkil olunmalıdır. Yerli
kadrlardan və xarici mütəxəssislərdən daha
səmərəli istifadə etməliyik. Bunun
üçün təlim məqsədilə balaca bir mehmanxana
yaradılmalıdır. Türkiyədə,
İspaniyada, Fransada belə təlim mehmanxanaları var.
Digər tərəfdən, bizim bir çox ali
məktəb ocaqlarında turizm kafedraları və
fakultələri var. Baxmayaraq ki, təhsil ocaqlarında turizm
kafedraları və dekanlığı yaranıb, orada orta
və kiçik səviyyəli personal hazırlığı
yoxdur. Məhz buna görə də 3 və 6
aylıq kurslar olmalıdır. Bundan
başqa, otellərin rəhbərləri və
menecerlərinə müəyyən olunmuş proqram
üzrə 14 günlük seminarlar keçirilməlidir.
İdarəçilik özü bir elmdir. Onun elə bir üsulları var ki, bəzi otel
rəhbərlərimiz onun üsullarından xəbərdar
deyil. İşçilərlə
münasibət məsələsi, kadr axınının
qarşısını necə almaq, işçiləri
necə stimullaşdırmaq, onları öz yerində necə
saxlamaq və həvəsləndirmək metodlarını
necə həyata keçirməyi bilməlidirlər.
- Bu gün mehmanxana
kompleksləri rentabelli işləyir?
- Biz hələ bununla da
yaxından
- Azərbaycanda mehmanxana
biznesinin inkişafına mane olan səbəblər nədir?
- Mənə elə gəlir ki, əgər
mane olan olsaydı, bu gün bir dənə otel tikilməzdi.
Hələ nə qədər də tikiləsi
layihələr var. Ümumiyyətlə isə Azərbaycanda
mehmanxana biznesinin inkişafına mane olan səbəblər
daha dəqiq təhlil olunmalıdır. Estoniyada belə bir
qanun qəbul olunmuşdu ki, respublikaya gələn qonaq ancaq
mehmanxanada qalmalıdır. Bu, həm dövlətə,
həm sahibkara, həm də turistin özünə xeyirlidir.
Burada vergi məsələsi də var. Arzu edərdim ki,
bizdə də belə bir qanun qəbul olunsun. Hazırda
ölkəyə gələn turistlərin çoxu,
xüsusilə də qonşu respublikadan gələnlər
evlərdə qalırlar. Onların təhlükəsizliyi
üçün oteldə qalmaları daha
məqsədəuyğun olardı. 2-3 ulduzlu otellərin
sayı çox olsaydı, evlərdə qalmağa ehtiyac
olmazdı.
- Hazırda Azərbaycanda fəaliyyət
göstərən otellər nə üçün xarici ad
altında fəaliyyət göstərirlər? Birlik buna
nəzarət edəcəkmi?
- Bakıda fəaliyyət göstərən
bir sıra otellər beynəlxalq şəbəkə
sisteminə daxildir və təbii ki, xarici ad altında
işləyirlər. Amma doğrudan da bu gün Bakıda bir
sıra otellər xarici ad altında fəaliyyət
göstərir. Bunun ancaq bir səbəbi var ki, xarici
müştəriləri cəlb etsinlər. Komplekslərə
xarici adlar qoymaqla deyil, orada yüksək xidmət
göstərməklə məşhurlaşmaq olar.
Kaspi.-2007.-6
iyul.-S.8.