Quliyev İ.
Turizm geniş perspektivlər
fantastik qiymətlər, məhdud
xidmətlər...
Bu uyğunsuzluq aradan qaldırılmadan
heç bir inkişafdan söhbət gedə bilməz
Yay gəlib, havalar
istiləşən kimi hamı tətil haqqında
düşünür. İmkanı olanlar ölkə
xaricinə, dünyanın adlı-sanlı turizm
mərkəzlərinə üz tuturlar. İmkanı olmayanlar
isə ölkə daxilində istirahətlə
kifayətlənmək məcburiyyətindədirlər. Bu yolu
seçənlər də quru yerdən qərar qəbul
etmirlər. Çünki Allahın Azərbaycana bəxş
etdiyi gözəl təbiət ölkədə turizmin inkişafı
üçün əla perspektivlər vəd edir.
Azərbaycanda həm yay turizminin, həm də qış
turizminin inkişafı üçün geniş təbii
potensial var. Bu yazımızda mövsümə uyğun olaraq
daha çox yay turizmindən bəhs edəcəyik.
Əvvəlcədən
qeyd edək ki, artıq neçə illərdir yay aylarında
insanlarımızın Xəzər dənizinin
sahillərində, Qubada, Qusarda, Şəkidə, Qaxda,
Masallıda, Lənkəranda, Nabranda kütləvi
şəkildə istirahət etdiyini görmək
mümkündür. Turizm şirkətləri yay
aylarında ölkə vətəndaşları və
xaricilərə Azərbaycanın görməli
yerlərinə bir neçə marşrut təklif edirlər.
Məsələn, respublikanın şimal rayonlarına
Bakıdan başlayan marşrut Giləzini, Sitalçayı,
Zaratı, Beşbarmaq pirini, Siyəzən, Dəvəçi
rayonlarını, Təzəkənd, Xaçmaz, Xudat
meşə massivlərini əhatə edə bilər.
Nabranda isə turizm sektoru
daha çox inkişaf edib. Burda sahilboyu
tikilmiş bir neçə istirahət mərkəzi
turistlərə xidmət edir. "Malibu",
"Atlant", "Qrin Vill", "Lotos",
"Akvapark-Nabran", "Palma", "Ober Lüks"
istirahət mərkəzlərinin görünüşü
dünyanın inkişaf etmiş ölkələrindəki
turizm bazalarının görünüşündən
fərqlənmir. Nabrandakı istirahət
məkəzləri turistlərə həm dəniz, həm
də meşə təklif edirlər. Bu
isə kifayət qədər cəlbedicidir. Üstəlik, Nabranın paytaxta məsafəcə
də yaxın olması turist cəlbetmə imkanlarını
artırır.
Respublikanın
şimal-şərq regionunda da istirahət üçün
yararlı massivlər mövcuddur. Turistlər Oğuzda,
Şəkidə, Qaxda, Qəbələdə istirahət
etmək imkanlarına malikdirlər. Turist
şirkətləri turistlərə udinlər, ləzgilər
yaşayan ərazilərə etnoqrafik ekskursiyalar, tarixi alban
abidələrinə baxış vəd edirlər. Bu
zonadakı "Qız qalası", "Muxas qalası"
və digər tarixi abidələr də turistlər
üçün maraqlı ola bilər. Qeyd edək ki, son illərdə bu zonada da
turistlərin istirahəti üçün müasir
komplekslər istifadəyə verilib. Buna
misal olaraq "Duyma", "Qız qalası" istirahət
komplekslərini göstərmək olar. Şəki
"Karvansaray"ı isə daim xarici turistlərin diqqət
mərkəzindədir. Şəki yay
aylarında həm də Marxalıyla məşhurdur. Bu zonada istirahət edib Marxala baş
çəkməmək elə Şəkidə
ümumiyyətlə, olmamaq kimi səciyyələndirilir.
İsmayıllıda Bədo, Buynuz,
Qalıncıq kəndləri də istirahət
üçün ideal məkandır. Qaxdakı
İlisu zonasındakı istirahət də yayı
gözəl keçirmək üçün
əlverişlidir. Qəbələ isə
turistlər arasında RLS-lə yanaşı, Nohuru və
şəlaləsilə də tanınır. Nohurun ətrafında çoxsaylı
ictimai-iaşə obyektləri fəaliyyət göstərir.
İstirahət üçün bu məkanı
seçənlər yanılmazlar.
Respublikanın cənub
rayonlarında da istirahət üçün yaxşı
imkanlar mövcuddur. Masallıdakı İstisu istirahət
kompleksində, Lerikdə, Lənkəranda yeni yaradılan
istirahət mərkəzlərində yayın ləzzətini
tam mənada duymaq mümükündür. Bu zonanın gözəl təbiəti zövq
oxşayır.
Paytaxtdan kifayət
qədər uzaqda olsa da, Hacıkənd massivində də
istirahət etməyin yeri var. Amma təəssüf ki son
vaxtlar bu zonanın gözü olan "Göygöl"də
istirahət üçün müəyyən qadağalar
qoyulub.
Şamaxıda - Pirquluda
istirahət etməyin də ayrı ləzzəti var. Pirqulu
gözəl təbiəti, buz kimi bulaqları,
rəssədxanası və paytaxta yaxınlığı
ilə cəlbedicidir.
Paytaxta ən yaxın turizm
zonası isə Altıağacdır. Burada
meşələrin içində salınan müxtəlif
kafe və restoranlarda, istirahət mərkəzlərində
və sərbəst şəkildə meşədə
istirahət etmək mümkündür. Bir
qədər kamfortlu istirahət etmək istəyənlər
isə "Cənnət bağı" istirahət
mərkəzini seçə bilərlər.
Amma Azərbaycanda
istirahət etmək üçün hər şeyin ideal
vəziyyətdə olduğunu da söyləmək olmaz. İlk
növbədə Azərbaycandakı istirahət
mərkəzlərində mövcud olan qiymətlər
əlverişli deyil. Daha dəqiq desək,
bizdəki qiymətlər həddən artıq bahadır.
Məsələn, Nabrandakı "Atlant"
istirahət mərkəzində bir nömrənin sutkalıq
qiyməti 100 Azn-dir. Üstəlik, bu qiymətə yemək
pulu da daxil deyil. İstirahət edən adam
gündə 3 dəfə yemək yeyərsə, bir
sutkalıq orta xərc ən azı 130 manata qalxa bilər. Beləliklə, "Atlant"da bir həftəlik
istirahət hər bir turistə ən azı 910 manata başa
gəlir. Buraya yol xərclərini və
digər xərcləri də əlavə etsək, bir
həftəlik istirahət xərci 1000 manata çata
bilər. Təbii ki, Azərbaycan
vətəndaşının cibinə uyğun deyil. Xidmət yüksək səviyyədə
olmadığından bu qiymətlə xaricdən turist
cəlb etmək də xülyadır. Nabrandakı
başqa bir istirahət mərkəzində bir gecəni 65
manata keçirmək olar. Burada
gündə 3 dəfə yeməklə təmin olunmaq
üçün hər bir turist əlavə olaraq 22 manat
ödəməlidir.
Turizm şirkətlərinin
menecerləri ucuz qiymətlər axtaran
müştərilərə başqa təkliflər də
edirlər. Məsələn, Nabranda gündə 3 dəfə
yeməklə günü 24 manata istirahət etmək olar.
Amma hansı şəraitdə?!
Respublikanın digər istirahət
mərkəzlərində də qiymətlər çox
bahadır. Şirkətlər Masallıdakı istirahət
mərkəzlərində bir gün gecələmək
üçün ən azı 25 Azn istəyirlər. Buraya yemək pulu daxil deyil.
Qubadakı 4 nəfərlik
koteclərdə yemək pulu daxil olmadan qiymətlər 75-120
manat intervalında dəyişir. Məsələn,
burada meşənin içində yerləşən
istirahət komplekslərinin birində iki nəfərlik
nömrə səhər yeməyi də daxil olmaqla 75, 3
nəfərlik otağın qiyməti isə səhər
yeməyi də daxil olmaqla 125 manatdır.
Quba Olimpiya Kompleksində
isə daha münasib qiymətə nömrə almaq
mümkündür. Burada bir gecəsi 50 manata da nömrə
götürmək olar. Amma kompleksin
Qubanıni mənzərəli yerlərində deyil,
şəhər mərkəzinə yaxın ərazidə
yerləşməsi işləri korlayır. Ümumilikdə isə, Olimpiya Kompleksində 80-120
manat arasında nömrələr təklif olunur.
Qusarda isə bir nəfər
turist üçün bir gecəlik qiymət yemək daxil
olmadan 20-25 Azn-dir.
Təxminən eyni
qiymətlər Qəbələdə də
müşahidə edilir. Rayon ərazisində yerləşən
"Duyma" istirahət kompleksində iki nəfərlik
nömrənin bir gecəlik qiyməti 100 Azn-dir. Bu
qiymətə yalnız səhər yeməyi daxildir. Həmin istirahət mərkəzində 4
nəfərlik kotec səhər yeməyi də daxil olmaqla 150
Azn-dir.
İlisuda isə bir gecə
qalmaq turistlərə yemək pulu daxil olmadan 25 manata başa
gələ bilər.
Lerikdə iki nəfərlik
nömrə isə minimum 70 manatdır.
Lənkəranda
"Qala" otelində bir gecəni keçirmək
üçün turistlər ən azı 50 Azn
ödəməlidirlər. "Daşdüvən"də
isə qiymətlər bir qədər ucuzdur. Burada yeməksiz bir gecə qalmaq müştərini
30 Azn xərcə salır.
Şəkidəki məşhur
"Karvansaray"da nömrələrin qiyməti 10-20 Azn
arasında dəyişir. Amma buranın
müştərisi olmaq üçün ən azı bir ay
öncədən sifariş vermək lazımdır. Marxalda isə bir günlük gecələmək
hər bir turistə 20 manata başa gəlir.
Bu baxımdan, rayonlarda ucuz
qiymətə dincəlmək istəyənlər
üçün ən münasib məkan
İsmayıllının Talıstan kəndində yeni
tikilən kompleksdir. Burada bir günü keçirmək
turistlərə 15 manata başa gəlir.
Yayı rayonlara getməyib
Bakıda istirahət etmək də ucuz başa gəlmir. Məsələn,
Novxanıda yerləşən "Akvapark"da
qiymətlər xeyli bahadır. Burada
nömrələrin qiyməti təxminən 80-100 manat,
koteclərin qiyməti isə 120-140 manatdır. Amma burada geniş hovuz, dənizə
çıxış, müştərilərin
əyləncəsi üçün əlavə
vasitələrin nəzərdə tutulması yaddan
çıxarılmamalıdır. Burada estrada
ulduzlarının iştirakı ilə konsertlər də
təşkil edilir.
Amma istənilən halda,
Azərbaycanda turistlərə təklif olunan xidmətlərin
keyfiyyəti ilə müqayisədə qiymətlər
çox bahadır. Otellərin xidmət personalı
hələ də müştərilərlə davranış
qaydalarını tam mənimsəyə bilməyib. Otellərdə, istirahət
mərkəzlərində müştərilərin
rahatlığını və əyləncəsini təmin
etmək üçün nəzərdə tutulan vasitələr
yox səviyyəsindədir. Bizim
istirahət mərkəzlərində hər şey
başlı-başına buraxılır. Əsas
məqsəd gələn müştəridən
müəyyən qədər pul qoparmaqdır. Təbii ki, bu yolla uzağa getmək mümkün
deyil. Xarici turistlərin, lap elə yerli
turistlərin də cəlb edilməsi üçün
xidmət səviyyəsi mütləq
yüksəldilməlidir. Digər
tərəfdən, qeyd etmək lazımdır ki,
Azərbaycanın istirahət mərkəzlərində
infrastruktur yüksək səviyyədə deyil. Bu mərkəzlərə uzanan yolların
əsaslı təmirinə ehtiyac var. Kifayət qədər
turist toplamaq imkanı olan rayonlara yaxın ərazilərdə
aeroportlar yoxdur. Otellərdə və
istirahət mərkəzlərində işıqların
keçməsi də adi bir haldır. Təbii
ki, bu qüsurları aradan qaldırmadan Azərbaycanda turizmin
inkişafından danışmaq mümkün olmayacaq.
İstirahət üçün Azərbaycanı
seçən ingilisin və ya almanın istirahət
mərkəzinə çala-çökək yollarla
aparılması, ona yalnız pul qoparmaq məqsədilə
xidmət edilməsi növbəti il
üçün həmin müştərinin itirilməsi
deməkdir. Üstəlik, nəzərə almaq
lazımdır ki, istirahət üçün Azərbaycana
gələn alman və ya ingilis azərbaycanlı deyil. Onların istirahətinin təşkil edilməsi
özlərinə müvafiq olmalıdır. Hələlik bizdə bunun dərk edilməsi prosesi
başa çatmayıb. Bir sözlə,
indiki şərtlər daxilində inkişaf etmiş Avropa
ölkələrindən Azərbaycana kütləvi
şəkildə turistlərin cəlb olunması arzu olaraq
qalacaq. Bunun üçün sistemli iş
aparılmalıdır. Hazırda regionlarda tikilməkdə
olan aeroportlar işə salınmalıdır.
Otellərdə işləyən personalın iş
təcrübəsinin artırılması üçün
yetərincə investisiya qoyulmalıdır.
İndiki qiymətlər
və xidmət səviyyəsilə hətta öz
vətəndaşlarımızın da qonşu
Türkiyədə istirahət etmələri daha sərfəlidir. Ona
görə də heç olmasa, ilk növbədə öz
vətəndaşlarımızın tələbatını
təmin etmək məqsədilə turizmə diqqəti
artırmalıyıq.
Kaspi.-2007.-28-30 iyul.-S.8.