Nəzakət
"İki dənizin
əfsanələri" mədəni turizm marşrutu
yaradılacaq
Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının üzv
dövlətlərinin Mədəniyyət Nazirlərinin ilk
iclası keçirilib
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat
xidmətindən "Səs"ə verilən məlumata
əsasən, iyulun 4-də Yunanıstanda Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
üzv dövlətlərinin mədəniyyət
nazirlərinin ilk iclası keçirilmişdir. Nazirlər
görüşündən əvvəl 2-3 iyul 2007-ci il
tarixlərində QDİƏT-in mədəniyyət
üzrə işçi qrupunun ilk iclası keçirilmişdir.
Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının üzv
dövlətlərinin mədəniyyət nazirlərinin ilk
iclasında Mədəniyyət və Turizm nazirinin müavini
Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə
heyəti, 2-3 iyul 2007-ci il tarixlərində QDİƏT-in mədəniyyət
üzrə işçi qrupunun iclasında nazirliyin
beynəlxalq təşkilatlarla əməkdaşlıq və
proqramlar sektorunun məsləhətçisi Vasif Eyvazzadə
iştirak etmişdir.
Qeyd olunan iclaslarda
müasir mədəniyyət sahəsində
əməkdaşlıq şəbəkələri,
mədəniyyət marşrutları, mədəniyyətlərarası
dialoq, mədəniyyətin iqtisadiyyatı və Qara dəniz
regionunda mədəni proseslər, eyni zamanda, müasir
inteqrasiya proseslərinə mədəniyyətin təsir
imkanları barəsində müzakirələr
aparılmış və nazirlər iclasında Sunion
Bəyannaməsi və ikiillik fəaliyyət planı
qəbul olunmuşdur.
Nazirlər iclasında
çıxış edən Mədəniyyət və Turizm nazirinin
müavini Ədalət Vəliyev QDİƏT
çərçivəsində mədəniyyət
sahəsində əməkdaşlığın çox
mühüm hadisə olduğunu, regional çoxtərəfli
əməkdaşlıq münasibətlərinin
inkişafına böyük töhfə verəcəyini
və region xalqlarının mədəni
bağlılığını daha da
artıracağını bildirmişdir. Bununla yanaşı,
nazir müavini Ermənistan tərəfindən Azərbaycan
ərazilərinin 20%-nin işğal olunmasının həmin
ərazidə yaşayan insanlar mədəni
hüquqlarının pozulmasına və yüzlərlə
Azərbaycan mədəniyyət abidələrinin
dağıdılmasına səbəb olduğunu
iştirakçıların diqqətinə çatdırmış
və beynəlxalq birlik tərəfindən
təcavüzkarın ifşa olunmasına
çağırmışdır. Eyni zamanda, Ədalət
Vəliyev Azərbaycanın milli mədəniyyət siyasətinin
prioritetləri və bu sahədə əldə olunmuş
uğurları barədə məlumat vermiş və Qara
dənizlə Xəzər dənizi arasında
mədəniyyət körpüsü yaratmaq məqsədilə
"İki dənizin əfsanələri" mədəni
turizm marşrutunu təklif etmişdir. Bu təklif iştirakçılar
tərəfindən yüksək qiymətləndirilmişdir.
Qeyd olunan
məsələlər ətrafında təşkilatın
mədəniyyət üzrə işçi qruplarının
iclasında Vasif Eyvazzadə də çıxış
etmiş və işçi qrupun üzvlərini daha da
fəal əməkdaşlığa
çağırmışdır.
Məlumat
üçün bildiririk ki, QDİƏT-in mədəniyyət
üzrə işçi qrupu 2006-cı il 1 noyabr tarixində
QDİƏT-ə üzv ölkələrin Xarici
İşlər Nazirləri Şurasının Moskvada
keçirilmiş 15-ci iclasının qətnaməsi
əsasında yaradılmışdır. Yunanıstan
Respublikası iki il müddətində QDİƏT-in
mədəniyyət üzrə işçi qrupunun əlaqələndirici
ölkə olacaqdır.
Səs.- 2007.- 5 iyul.-
S. 12.