Şamilov Ş.

 

Azərbaycanda turizm sürətlə inkişaf etməkdədir

 

Problemlər də az deyil

 

Ölkə iqtisadiyyatı inkişaf etdikcə bu inkişaf bütün sahələri əhatə edir, həmçinin turizm sahəsini də. Ancaq turizm elə bir sahədir ki, inkişaf etdikcə təbii ki, ölkə dünyanın daha çox diqqətində olur. Azərbaycana gəlincə isə, ölkəmizdə bu sahənin dünya standartlarına çatdırılması üçün artıq mühüm işlər görülməkdədir. Buna misal prezident İlham Əliyevin 1 iyun 2006-cı il sərəncamı ilə Şəkidəki üç böyük tarixi abidənin bərpası məhz bu regionda turizmin yüksək səviyyəyə çatmasına yönəlib. Onu da xüsusilə qeyd etmək istərdik ki, Azərbaycanın turizm potensialı tək Şəki və bu region ilə bitmir. Paytaxt Bakı, Lənkəran, Astara, Lerik, Masallı, Naxçıvan Muxtar Respublikası, Quba, Gəncə, bir sözlə, bütün bölgələrimiz turizmin inkişafı üçün əlverişlidir. Məlumat üçün bildirək ki, Azərbaycanda 250-dən çox turizm şirkəti fəaliyyət göstərir və ölkəmiz Ümumdünya Turizm Təşkilatının üzvüdür. Azərbaycan turizm sahəsində ABŞ, Rusiya, Yaponiya, Çin kimi inkişaf etmiş ölkələrlə əməkdaşlıq edir. Bundan əlavə, Azərbaycanda turizmin inkişafı üçün Dövlət Proqramı hazırlanıb ki, mövcud problemlərin yaxın 10 ildə həll olunmasında mühüm rol oynayacaqdır.

Müqayisə üçün bildirək ki, ötən illərdə ölkəmizə gələn turistlərin sayını barmaqla saymaq mümkün idisə, artıq 2006-cı ildə bu rəqəm bir milyonu ötüb. Təbii ki, turizm elə bir sahədir ki, bunun da inkişafını ölkədaxili sabitlik müəyyən edir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev elektron KİV-lərə verdiyi müsahibəsində bildirib ki, turizmin inkişafı  sözügedən nazirlik üçün prioritet məsələlərdəndir. Onu da xüsusilə qeyd etmək istərdik ki, müasir dünyada elə dövlətlər var ki, onların büdcəsinin əsasını turizmdən gələn gəlirlər təşkil edir. Götürək qonşu Türkiyəni, yaxud da Yunanıstanı. Məlumat üçün bildirək ki, onların bu sahədən əldə etdikləri gəlirlər milyard dollarla ölçülür. Hansı ki, bizim mövcud şəraitimiz imkan verir ki, ölkəmizi tək neft ölkəsi kimi tanıtmaq yox, eyni zamanda dünyanın turizm mərkəzinə çevirək. Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda turizm şirkətlərinin fəaliyyət göstərməsi üçün 5 il müddətinə verilən lisenziya 5500 manata verilir ki, bu da öz növbəsində belə demək mümkünsə, bir çox adlarını çəkmədiyimiz turizm şirkəti rəhbərlərinin narazılığına səbəb olur. Yəqin ki, bu məsələ də məhz ölkəmizdə turizmin ilkin mərhələdə inkişaf etməsi üçün müvafıq orqanlar bu qiymətlərə yenidən baxacaqlar. Vətəndaşlarla söhbətimiz zumanı onlar onu da xüsusilə qeyd etdilər ki, keçmiş Sovet respublikalarına, eləcə də başqa şəhərlərə təyyarə qiymətləri çox baha olduğundan onlar ölkə daxilində istirahət etməyə üstünlük verirlər. Ümidvarıq ki, yaxın gələcəkdə bu sahədə daha konkret işlər görüləcək və ölkəmiz dünyanın turizm məkanına çevriləcək. Hər halda bun bütün imkanlamız var. Yetər ki, həyata keçirmək üçün bir balaca işləyək.

 

Azad Azərbaycan.- 2007.- 10 iyul.- S. 6.