Vəkil Ə.
Dünya
şöhrətli şəfa ocağı tərəqqi
yollarında
1986-cı
ildən bəri Naftalanda olmamışdım. Bu
günlərdə yolum şəfa ocağına
düşdü. Gördüklərimə inanmadım. Hər
şey göz oxşayırdı. Respublikamızın
digər bölgələrində olduğu kimi, kurort
şəhərində də böyük abadlıq və
quruculuq işlərinin şahidi oldum.
Yenə Naftalana qonaq gəlin siz,
Şəfa ocağıdır bu gözəl şəhər.
Vanna qəbul edib dincələcəksiz,
Sağalıb qayıdır burdan xəstələr.
Naftalan Şəhər İcra Hakimiyyətinin
başçısı, dostum, sabiq millət vəkili Musa
müəllimlə görüşməyi qərara aldım.
Qarşımıza çıxan hər kəs yeni
başçı Musa Musayev haqqında xoş sözlər
söylədi. Qayğıkeş, işgüzar, səmimi
insan olan Musa müəllimlə görüşüm yaddaqalan
oldu. Kabinetində xeyli söhbət etdik. Ondan mətbuat
üçün müsahibə almağı qət elədim.
Etirazına baxmayaraq, oxuculara Naftalan -kurort şəhəri
barədə ətraflı məlumat verməsini xahiş
etdim. Müsahibim şəhər barədə həvəslə
danışdı:
- Naftalan şəhəri Bakıdan 360 km Qərbdə, Goran
dəmiryol stansiyasından 18 km aralı, dağətəyi düzənlikdədir.
Dəniz səviyyəsindən 210-270 m yüksəklikdə
yerləşir. Yayı isti, qışı yumşaqdır.
Orta illik temperaturu 14,8 dərəcədir. Küləyin
hərəkət sürəti 4,0 m/san, şəhərin
ümumi sahəsi 305 hektar, əhalisi isə 8 min
nəfərdir. "Naftalan" sözünün etimologiyası
bu ərazidə çıxan neftlə əlaqədardır.
Ehtimala görə, hələ qədimdən təbii
şəkildə çıxan "Naftalan" neftinin
müalicəvi əhəmiyyətini bilən xüsusi adamlar
onu tuluqlara doldurub dəvə karvanı ilə müxtəlif
yerlərə apararaq satmışlar. "Naftalan" (neft alan)
adının da elə buradan yarandığı ehtimal olunur. Naftalan neftindən müalicə məqsədi
ilə istifadə olunmasına dair ilk yazılı məlumat
XII əsrə aiddir. Naftalan neftinin texniki
istismarına isə XIX əsrin 70-ci illərindən
başlanmışdır.
XIX əsrin axırlarında Azərbaycanda
sənaye neftinin çıxarılmasının
sürətli inkişafı dövründə, yəni 1892-ci
ildə alman mühəndis-konssioneri Y.İ.Eger ilk dəfə
Naftalan çıxarmaq üçün buruq quyuları
qazdırmışdır. Hətta o,
Naftalan neftindən Naftalan mazı almaq üçün
şəhərdə kiçik zavod tikdirmişdir. Həmin zavodda "Naftalan" və "Koжelon" adlı preparatlar
hazırlanırdı. Hazırlanan
dərman preparatları isə Almaniyanın
vasitəçiliyi ilə Yaponiyaya, Amerikaya,
İngiltərəyə, Hollandiyaya və başqa kapitalist
ölkələrinə satılırdı. Eyni zamanda, o
illərdə Almaniyada Naftalanla bağlı 2 səhmdar
cəmiyyət -"Maqdenburq-Naftalan",
"Drezden-Naftalan" cəmiyyətləri fəaliyyət
göstərirdi ki, onlar da Naftalan neftindən dərman
preparatları hazırlayırdı. Naftalan neftinin reklamı
ilə əlaqədar məşhur alman dermotoloqu P.P.Unna
1903-cü ildə demişdir: "Kim Naftalana malikdirsə, onun
hər şeyi var". Eləcə də tarixi
faktlardan məlumdur ki, 1904-1905-ci illərdə Rus-Yapon
müharibəsi zamanı əsir düşən Yapon
əsgərlərinin təcili yardım çantalarında
Naftalan mazı ilə dolu bankalar tapılmışdır.
Bu da onu göstərir ki, Naftalan neftinin
dünyada analoqu yoxdur. O, unikal müalicəvi
əhəmiyyətə malikdir.
Azərbaycanda neft sənayesi 1920-ci ildə
milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla
çıxarılmasına başlanmışdır. Eyni zamanda, 1928-ci ildən etibarən Azərbaycanda
Naftalan neftinin müalicəvi əhəmiyyətini
öyrənmək üçün tədqiqat işləri
aparılmışdır.
Həmçinin 1938-ci ildə Azərbaycan
Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə
Müalicə İnstitutunda Naftalan eksperimental laboratoriyası
yaradılmış və Naftalan neftinin bioloжi və müalicəvi təsiri
öyrənilməyə başlanmışdır. Eləcə də 1965-ci ildə Naftalan
şəhərində elmi-tədqiqat laboratoriyası
yaradılmışdır.
Azərbaycanda Naftalan neftinin tərkibinin
öyrənilməsində Akademik Y.Q.Məmmədəliyevin,
professorlar T.N.Paşayevin, S.Ə.Quliyevanın və tibb
elmləri doktoru T.H.Hüseynovun böyük xidmətləri
olmuşdur.
Naftalan Kurortunun əsas inkişafı 1970-1980-ci
illərdə olmuşdur. O dövrdə ölkə
rəhbəri işləmiş ümummilli liderimiz Heydər
Əliyev cənablarının təşəbbüsü
ilə Naftalan Kurortu daha da inkişaf etmiş və
böyük şöhrət qazanmışdır. Hətta 19
fevral 1982-ci ildə Azərbaycan KP MK-nın, Azərbaycan SSR
Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar
İttifaqı Şurasının "Naftalan Kurort
şəhərini daha da inkişaf etdirmək tədbirləri
haqqında" birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan
kurort şəhəri kimi daha da böyümüşdür.
Eləcə də, bu sahədə görülən
işlərin nəticəsidir ki, 1982-1987-ci illərdə
Naftalan Kurortuna keçmiş SSRİ məkanından
müalicəyə gələnlərin sayı 40 mindən 70
min nəfərə qədər artmışdır. Həmçinin xalqımızın xilaskarı,
ümummilli liderimiz Heydər Əliyevin respublikamızda
apardığı quruculuq işləri sayəsində Naftalan
şəhəri daha da böyümüş və inkişaf
etmişdir. Belə ki, Naftalan
şəhərində yeni xiyabanlar salınmış və
çoxmərtəbəli yaşayış binaları
tikilmişdir. Eləcə də, həmin dövr
ərzində şəhərdə məişət
xidməti kombinatı, 400 yerlik kinoteatr binası, hava
limanı, avtovağzal, 4 mərtəbəli telekommunikasiya
qovşağı və 9 mərtəbəli 108 yerlik mehmanxana
binası tikilib istifadəyə verilmişdir.
Eyni zamanda, ölkə prezidenti, ümummilli liderimiz Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə
Naftalan Kurortunun maddi- texniki bazası daha da
möhkəmləndirilmiş və şəhərdə 480
yerlik "Mil", 480 yerlik "Azərbaycan", 580 yerlik
"Şirvan", 560 yerlik "Çinar", 800 yerlik
"Goran" sanatoriyası tikilmişdir.
Naftalan şəhəri unikal müalicəvi
əhəmiyyətə malik olan "Naftalan" nefti ilə
məşhurdur. Belə ki, Naftalan nefti
müxtəlif xəstəliklərin müalicəsində
istifadə olunur. Eləcə də,
müalicəvi əhəmiyyətə malik olan bu neftin
dünyada analoqu yoxdur. Xüsusən
Naftalan neftinin hərəkət-istinad, nervoloжi, damar, uroloжi, ginekoloжi, dəri və ürək-damar sistemi
xəstəliklərinin müalicəsində böyük
əhəmiyyəti vardır.
Naftalan şəhərinin tabeliyində heç
bir kənd və qəsəbə yoxdur.
Naftalan şəhərində Azərbaycan
Respublikası Prezidentinin müvafiq Fərmanına
əsasən, 1999-cu ildən hal-hazıra kimi bir
bələdiyyə fəaliyyət göstərir. Bələdiyyə üzvlərinin sayı isə 11
nəfərdən ibarətdir. Naftalan
Bələdiyyəsi şəhərin ictimai həyatında
yaxından iştirak edir və sosial problemlərin
həllində şəhər əhalisinə köməklik
göstərir.
Naftalan şəhər iqtisadiyyatının
əsasını kurort-sanatoriya xidməti təşkil edir.
Çünki Naftalan kurort şəhəri kimi
tanınır. Lakin müəyyən
səbəblərə görə artıq 17 ildir ki, kurort
fəaliyyət göstərmir. Belə ki, 6 sanatoriyadan
ibarət Naftalan kurortunun 5 sanatoriyasında hazırda 3000
nəfərdən çox məcburi köçkün
məskunlaşmışdır.
Hal-hazırda isə iş adamları tərəfindən
şəhərdə ümumilikdə tutumu 350 nəfər
olan sağlamlıq-turizm mərkəzləri inşa
olunmuşdur.
Şəhərdə 1991-ci ildən etibarən
"Naftalan" ictimai-siyasi qəzeti nəşr olunur və
qəzet ayda bir dəfə buraxılır.
Şəhər ərazisi 305 ha olduğuna
görə heç bir kənd təsərrüfatı bitkisi
əkilmir.
Naftalan şəhərində qoruq
olmamışdır. Şəhərin
ərazisindən heç bir magistral avtomobil və dəmir
yolu keçmir. Naftalan şəhəri
1967-ci ilə kimi Goranboy və Yevlax rayonlarının
tərkibində qəsəbə kimi fəaliyyət
göstərmişdir. Lakin 28 aprel 1967-ci
ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana
Respublika tabeli şəhər statusu verilmişdir.
Hazırda 1941-1945-ci il Böyük Vətən
Müharibəsində, 20 Yanvar faciəsində, Xocalı
soyqırımında şəhid olanların xatirəsinə
ucaldılmış abidələr, eləcə də
N.Gəncəvinin heykəli, N.Nərimanovun və S.Vurğunun
büstləri şəhərin park və meydanlarında
qorunub saxlanılır.
Naftalan şəhəri ilə Dağlıq Qarabağın
ərazisi arasında olan məsafə hava yolu ilə 6-8 km-dir.
- Musa müəllim, 1993-cü ildən üzübəri respublikamızda
abadlıq, quruculuq işləri geniş vüsət
almışdır. Şəhərə ayaq
basanda dediklərimizin şahidi olduq. Bu
barədə ətraflı məlumat verməyiniz də
maraqlı olardı. Qoyulmuş investisiya
və daxili imkanlar hesabına 1 aprel 2006-cı ildən 1 aprel
2007-ci ilədək, yəni bir ildə Naftalan
şəhərində görülmüş təmir, tikinti
və abadlıq işləri haqqında
danışmağınızı xahiş edərdik.
- Şəhərdə Heydər Əliyev adına
park tikilib istifadəyə verilmiş və parka 11,200 kv.m. tamet döşənmişdir. Parkda Heydər
Əliyevin 3,5 m hündürlüyündə
heykəli ucaldılmışdır. Parkın
ərazisində 61,40 kv.m. ərazisi
olan Heydər Əliyev adına muzey tikilib istifadəyə
verilmişdir.
Şəhərin S.Vurğun, N.Nərimanov və Nizami adına parkları tam
abadlaşdırılmış, parklara 12,900 kv.m. tamet və 3,900 p/m səki daşı
döşənmiş, şəhərin küçə
və səkilərinə isə 4000 kv.m. tamet
döşəmə qoyulmuşdur. Şəhərin
küçələrinə 80 ədəd yeni
səkkizguşəli elektrik dirəkləri qoyulmuş, 90
ədəd elektrik dirəklərinə yeni küçə
işıqlandırıcıları
quraşdırılmış, müxtəlif
ərazilərdə 6 min metr kabel xətti yenisi ilə
əvəz edilmiş, 2 min metr elektrik hava xətti yenidən
çəkilmiş, 3 ədəd yeni transformator alınaraq
istismara verilmiş, 6 ədəd transformator əsaslı
təmir edilmişdir.
22,5 km uzunluğunda Tərtər-Naftalan su
kəmərində cari təmir işləri aparılmış
və şəhər əhalisinin içməli su ilə
təminatı yaxşılaşdırılmışdır.
Naftalan su anbarından şəhərin
girişinə qədər olan 1300 metr uzunluğunda su
xəttinin dəyişdirilməsi davam etdirilir. Şəhərin Ş.Qurbanov
küçəsində və Şirvan prospektində 30,000
kv.m. asfalt örtüyü
qoyulmuşdur. Şəhər üzrə 31
çoxmərtəbəli yaşayış binasından
27-nin dam örtüyü əsaslı təmir edilmişdir.
Belə ki, 9650 kv.m. sahədə
azbest sement, 17.980 kv.m. sahədə isə
şüşə ruberoit dam örtüyü
dəyişdirilmişdir. Şəhərin
çoxmərtəbəli yaşayış binalarındakı
yararsız vəziyyətdə olan və 15 ildən artıq
işləməyən 3 ədəd lift əsaslı təmir
edilmişdir.
Şəhərin girişində və
daxilində ulu öndərimiz Heydər Əliyevin
sözlərini əks etdirən plakatlar, eləcə də
ulu öndərimizin və hörmətli prezidentimizin 24
ədəd portreti qoyulmuşdur.
Şəhərdə şəhid
ailələrinə, Qarabağ müharibəsi
əlillərinə kommersiya obyekti tikmək üçün
60 kv.m. torpaq sahəsi
ayrılmışdır.
2006-cı ilin 9 ayı ərzində 65 yeni, 177
müvəqqəti iş yeri açılmışdır,
2007-ci ilin birinci rübündə inşası davam
etdirilən şənlik evində, "İstirahət və
sağlamlıq mərkəzi"ndə, "Şəfa
Vannaları"nda, "Möcüzəli Naftalan"da,
Əlillərin Bərpa Mərkəzində, parkların
təmirində, şəhərdaxili su kəmərinin
çəkilişində 125 müvəqqəti, 7 daimi iş
yeri açılmışdır. 100 çarpayı yerli
"Möcüzəli Naftalan", 60 çarpayı yerli
"Şəfa Vannaları", "İstirahət və
sağlamlıq mərkəzi"nin 40 çarpayılıq
yeni binası, 25 çarpayılıq yeri olan Dövlət
Proqramında nəzərdə tutulmuş Əlillərin
Bərpa Mərkəzində cari ildə tikintilər başa
çatacaq, 180 nəfərə kimi şəhər sakini yeni
iş yeri ilə təmin olunacaqdır.
Şəhərin yaşayış massivində
və parklarında 95 ədəd oturacaq qoyulmuşdur. Şəhər İcra Hakimiyyətinin inzibati
binası əsaslı təmir edilmişdir. Şəhər İcra Hakimiyyəti aparatında
vətəndaşların qəbulu qrafikinə uyğun olaraq
hər gün şəhər icra hakimiyyətinin
başçısı və şöbələri
tərəfindən vətəndaşların qəbulu
keçirilir. Aparılan təhlillər
göstərir ki, vətəndaşların
tələbləri təmin edildikcə müraciətlərin
də sayı azalır.
Şəhərdə elektrik və qaz abonentləri 100%
sayğacla təmin edilmiş, su abonentlərinə isə 500
sayğac quraşdırılmışdır, bu sahədə
işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 27.02.2007-ci il tarixli kurortların inkişafı ilə
əlaqədar sərəncamından sonra Naftalan Sanatoriya
Kurort Birliyində də yenidənqurma və bərpa
işlərinə başlanmışdır.
Mövcud yanacaqdoldurma məntəqəsi
müasir standartlara uyğun olaraq yenidən tikilib
istifadəyə verilmiş və hazırda 6 nəfər daimi
işlə təmin olunmuşdur. Tikintisi
yarımçıq qalmış 5 mərtəbəli 35
mənzilli yaşayış binası sahibkar
tərəfindən alınmış və hazırda
istifadəyə verilmə ərəfəsindədir.
Şəhər Əhalinin Sosial Müdafiə
Mərkəzinə, Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun şəhər
şöbəsinə, "Sukanal" İdarəsinə
və Qarabağ (Tərtər) Hidrometeorologiya İdarəsinin
Naftalan şöbəsinə yeni inzibati binaların tikintisi
üçün torpaq sahələri
ayrılmışdır.
Şəhərin Nizami adına parkında
veteranlar üçün istirahət mərkəzi
tikilmişdir.
Şəhər İcra Hakimiyyətinin
təşəbbüsü ilə
"Dövlətqaçqınkom"un
vəsaiti hesabına məcburi köçkünlərin
məskunlaşdığı 14 nömrəli korpus
əsaslı təmir edilmişdir. Şəhər
əhalisi və məcburi köçkünləri
tərəfindən qeyri-qanuni zəbt edilmiş 15 ha ərazi
təmizlənərək yararlı vəziyyətə
salınmışdır.
Şəhərdə 200 yerlik müasir iclas
zalı əsaslı təmir edilmiş və yeni
avadanlıqlarla təmin olunmuşdur.
Şəhərdə məscid tikintisinə
başlanmış və hazırda tikinti başa çatmaq
ərəfəsindədir.
Şəhərdə ümumilikdə 3
mindən artıq ağac əkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarının sərəncamı ilə Naftalan
şəhərinin sosial-iqtisadi inkişafı
üçün 1 milyon manat vəsait ayrılmış, onun
500 min manatı abadlıq işlərinə sərf
edilmiş, 500 min manatlıq işin isə 80%-i yerinə
yetirilmişdir.
- Maraqlı şəhər haqda maraqlı söhbətə
görə minnətdarıq.
Ekspress.- 2007.- 14-16 iyul.- S. 18.