Yusifli R.
Azərbaycanda turizm
sektoru iqtisadiyyatın proritet sahəsindən birinə
çevrilir
Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi turizm sektorunda da son illər inkişaf tendensiyası qabarıq şəkildə özünü göstərir. Xatırlatmaq yerinə düşər ki, dünyada odlar diyarı kimi tanınan ölkəmizdə bu sahənin tərəqqisi üçün geniş potensial imkanlar mövcuddur. Və 11 iqlim qurşağından 9-u respublikamızda yerləşib. O da bir faktdır ki, bir sıra ölkələrdə turizm sənayesi iqtisadiyyatda aparıcı faktora çevrildiyindən bu sahədən dövlət büdcəsinə daha çox vəsait daxil olur. Hazırda ölkəmizdə də bu istiqamətdə dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahəyə diqqət göstərildiyini vurğulayaraq demişdir: "Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir. Bizim çox gözəl təbiətimiz var. Bəlkə nadir ölkələrdən biriyik ki, burada istənilən təbii şərait, istənilən iqlim var". Bəli, bu gün Azərbaycanda turizmin inkişafı xarici vətəndaşların ölkəmizə cəlb edilməsi, bölgələrdə əmək məşğulluğunun artması və yeni iş yerlərinin açılması və bir sözlə iqtisadiyatımızın daha da güclənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Artıq yay mövsümünün girməsi ilə əlaqədar həm də respublikamızda turizm mövsümü başlamışdır. Son illərin statistikası göstərir ki, xarici vətəndaşların ölkəmizə axını ildən-ilə çoxalır. Məsələn, 2006-cı ildə başqa ölkələrdən respublikamıza gələnlərdən 900 mini yalnız turistlər olub. Mütəxəssislərin fikrincə hər bir turist həftə ərzində Azərbaycanda 700-900 ABŞ dolları pul xərcləyir. Bütün bunların nəticəsidir ki, ötən il dövlət büdcəsinə bu sahədən gələn gəlir əvvəlki illərə nisbətən xeyli çoxalmışdır.
Ölkəmizdə turizm sənayesinin inkişaf mərhələsi bir çox sahələrin yenidən qurulması və xüsusən bölgələrdə infrastrukturun yaradılması ilə xarakterizə olunur. Turizm iqtisadiyyatımızın bir hissəsi olmaqla, kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır. Təsadüfi deyildir ki, respublikamızda lisenziya almış 240-dan çox turizm firması yeni iş yerlərinin yaradılmasına, regionlarda infrastrukturun formalaşması üçün əlverişli şərait yaradır. Bütün bunlar regional inkişafa dair Dövlət Proqramının və yoxsulluğun aradan qaldırılması Proqramının əsas müddəalarına cavab verir. Xatırladaq ki, regional inkişaf Proqramında (2004-2008-ci illər) 30 tədbir məhz turizm sahəsinə həsr olunmuşdur. Artıq bir sıra bölgələrdə infrastrukturun yaradılması istiqamətində müəyyən işlər görülüb. Bu sahədə Quba, Xaçmaz, Lənkəran, Qax, Şəki rayonlarında həyata keçirilən tədbirlər təqdirəlayiqdir.
Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə kəskin şəkildə azaldılır, işsizlərin sayı minimuma endirilir. Bu vəzifə üç il bundan əvvəl qarşıya qoyulmuşdu və həıin müddət ərzində bu sahədə görülən işlər sübut edir ki, bizim ölkəmiz düzgün istiqamətdə inkişaf edir. İstehsal proseslərinin canlı şəkildə inkişaf etdirilməsi və turizm sənayesinin inkişafı ilə bağlıdır. Son üç ildə iqtisadi inkiaf səviyyəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İkinci mühüm məqam, Azərbaycan çox sürətlə dünya birliyinə inteqrasiya edir. Ölkəmizin 2001-ci ildən ümumdünya Turizm Təşkilatının həqiqi üzv olması da buna bir sübutdur. Bu mötəbər təşkilatın Baş katibi Françesko Francialli iki dəfə Azərbaycanda olub və ölkəmizin daxili imkanlarını çox yüksək qiymətləndirib.
Bizim ölkəmiz hər il keçirilən nüfuzlu turizm sərgilərində iştirak edir və beynəlxalq bazarda özünün turizm məhsullarını nümayiş etdirir. Turizm sahəsində ölkənin müsbət işinin formalaşmasında İTF beynəlxalq turizm sərgisinin çox böyük rolu vardır. Bu sərgi dünyanın tanınmış xarici biznesmenlərini və turizm sənayesinin görkəmli nümayəndələrini ölkəmizə cəlb edir.
Azərbaycanda olmuş çoxlu sayda turistlər də regionlarda yerli əhali tərəfindən onlara göstərilən qonaqpərvərlikdən razılıqla danışırlar.
Bölgələrdə yaşayan həmvətənlərimiz yaxşı bilir ki, xarici turistləri necə qarşılamaq lazımdır, onlar nəyi görmək istəyir, hansı adət-ənənələrlə tanış olmaq istəyirlər, milli mətbəximizin hansı yeməklərini daha çox xoşlayırlar, necə istirahət edirlər.
Azərbaycanın turizm bazarında artıq almanlar, ingilislər və türklər iştirak edirlər. Onların birgə fəaliyyətinin nəticəsində yeni otellər tikilir.
Müqayisə üçün deyək ki, altı il bundan əvvəl respublikamızda 4 motel və 2 digər təyinatlı obyekt də daxil olmaqla cəmi 86 mehmanxana mövcud idi. 2006-cı ildə isə artıq 143 mehmanxana, 23 motel, 122 müxtəlif profilli obyekt fəaliyyət göstərib.
Bu səbəbdən turistlərin və qonaqların yerləşdirilməsi üçün yerlərin sayı da artıb. Əgər 2001-ci ildə yerlərin sayı 9403 idisə, 2006-cı ildə bu rəqəm 24706-ya çatıb. Otel biznesindən gələn gəlir hesabına büdcəyə köçürmələr də çoxalıb. 2002-ci ildə ödənilən verginin miqdarı iki milyon beş yüz min manat idisə, ötən ilin hesabatında bu rəqəm 9,5 milyon manat olub.
Turizm fəaliyyətinə uyğun olan regionlar artıq müəyyənləşdirilib. Xarici iş adamlarının fikrincə, bu layihələr daha böyük maraq doğurur. Məsələn, dövlət başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Qusar qış xizək kompleksinin yaradılması layihəsi hazırlanıb.
Bu layihə üzərində fransız və avstraliyalı ekspertlər yerli mütəxəssislərlə birgə işləyib. Gələcək perspektivdə Xəzərin sahili boyu yeni infrastrukturunun yaranması üçün böyük investisiyalar cəlb olunacaq.
Hazırda Azərbaycan ərazisində 7 milli park yaradılıb. Artıq turist dəstələrinin istirahəti və dincəlməsi üçün istirahət zonaları da müəyyənləşdirilib.
2006-cı ildə Mədəniyyət və
Turizm Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikası
İqtisadi İnkişaf
Nazirliyi Sahibkarlığın
İnkişafına Yardım
Milli Fondundan 32 kiçik və orta sahibkara kiçik otellər və istirahət zonaları tikmək üçün 6,5 milyon manat vəsait ayrılıb. Cari ilin 5 ayı ərzində 5 turizm obyektləri 1,7 milyon manat
vəsait alıb.
Azərbaycanda keçirilən beynəlxalq
simpoziumlar və digər tədbirlər ölkəyə çoxlu
sayda xarici alimlərin və mütəxəssislərin cəlb
edilməsinə səbəb
olur. Yeni turist marşrutlarının
fəaliyyətə başlaması
ölkəmizdə gözəl
ənənələrə malik olma tətbiqi
incəsənət növlərinin
dirçəlməsinə müsbət təsir göstərir. Turizm regionlarında
yaşayan ustalarda milli sənət növləri, əldə
düzəldilən suvenir
və əşyaların
istehsalı ilə məşğul olmaq həvəsi yaranıb.
Bir məsələni
də qeyd edək ki, turizm
sahəsi üçün
kadrların hazırlanması
işində də nəzərəçarpacaq irəliləyişlər
var. Ötən il Turizm İnstitutu yaradılmış,
bu il həmin
təhsil ocağına
qəbulun sayı
300-ə çatdırılmışdır.
Hazırda Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən turizm sektorunun inkişafı ilə bağlı 10 illik dövrü əhatə edən Dövlət Proqramı layihəsi hazırlanır. Təbii ki,
bu proqramın icrasına başlandıqdan
sonra ölkəmizdə
turizmin inkişafı
keyfiyyətcə yeni mərhələyə daxil
olacaqdır. Beləliklə, respublikamıza daha çox turistin gəlməsi üçün
hər cür şərait təmin olunacaq və dövlət büdcəsində
turizm sektorundan daxil olan vəsaitin
həcmi də artacaqdır.
Respublika.- 2007.- 8 iyul.- S. 1.