Bağır R.

 

Elnurun rənglər dünyası

 

Bu günlər V.Səmədova adına sərgi salonunda gənc rəssam Elnur Rəsulovun rəngkarlıq, qrafika əsərlərindən ibarət sərgisi nümyiş etdirilir. Hərarətli düyğular və əlvan boyalarla zəngin olan rəsmləri seyr edənlər rənglər aləminin cazibəsinə düşür, heyranlığını gizlədə bilmir. Kətan üzərində dil açıb danışan görüntülər həssas rəssam qəlbinin döyüntüləri, gənc sənətkar təfəkkürünün bədii məhsuludur.
Elnur Rəsulov Vətənin füsunkar təbiətini, yurddaşların psixoloji durumunu kətana köçürərkən övlad borcunu ödəməyə çalışır. Öz təmiz hisslərini, mənalı düşüncələrini adi rənglərin minlərlə çaları ilə ifadə edir. Sərgidə ən çox nəzəri cəlb edən fədakar, namuslu Azərbaycan qızlarının səciyyəvi gözəlliyi, münis baxışlarıdır. “Lənkəranlı qız”, “Nigar”, “Nərminə”, “Kəbirə”, “Dünya” və digər portretlərdəki simalarla üz-üzə dayanmaqdan, onların bir-birinə bənzəməyən dupduru gözlərinə baxmaqdan yorulmursan.
Bu ecazkar tablolara tamaşa edərkən xəyal zirvələrinə ucalır, təfəkkürün dərin qatlarına baş vurur, gözəlliyin çəkisizliyində üzürsən. Rəssamın kətan üzərində düsturlaşdırdığı hikmət və əsrarəngizliyi başa düşmək özü də hünər istəyir — rənglər aləmini bir baxışda anlamaq mümkün deyil. Onu yalnız duya-duya, sevə-sevə gözünə, ürəyinə hopdurub cismən anlaya bilirsən. “Bar” əsərində narla dolu səbətlər elə təsvir edilib ki, onu dərən, qablaşdıran, sonra oturub dincələn ər və arvadın yanaqları nar ilə simmetriya yaradır. Onların üzündə yorğunluq deyil, sabaha ümid görünür. Zəhmətin bəhrəsi elə nar qədər şirindir.
Elnur təxəyyülünü həyatla bağlamaq üçün istinad axtarır, fırçanı kətanın hansı nöqtəsinə qoyursa, o nöqtəni tapmış olur. “Yuxu” əsərində körpəsini yatırtmaq istəyən gənc ananın özünün körpə ətrindən məst olub yatması, uşağın da uyuması tamaşaçının qəlbini riqqətə gətirir. Rəssamın seçdiyi rənglər mənzərəni romantikləşdirir.
Gənc rəssam qırmızı rənglərdən yetərincə istifadə edir. Bu rəngin öz estetik çalarları var: bayraq, qan, yanaq, don... “Şəhidlər bulağı” əsərindəki qırmızı şəhid qanının rəmzi çalarıdır. Bulaq başında bir dəstə qız-gəlininin baş-başa verib dərdləşməsi şəhid anasının, bacısının yaralı ürəyinin üzə çıxan rəngidir. Bu göynərtinin məhz “Şəhidlər bulağı”nda verilməsi daha qabarıqdır. Azərbaycan qadınları balacanlıdır, qardaşcanlıdır, ərcanlıdır... Canlarından qopub əbədiyyətə qovuşan əzizlərinin xatirəsi onların intizar qəlbində unudulmayan kədər, sonsuz öyüncdür.
Azərbaycanın təbiəti başdan-başa əsrarəngiz mənzərədir. İllah da dağlar, çaylar, ormanlar... “Fındıqlıq”, “Eldar şamı”, “Çay”, “Ağcaqayınlar” kimi tablolar təbii sənət əsərləridir. Elnurun rəsmləri uydurma deyil, həyatın bir parçasıdır. “Xalça yuyanlar” əsərində yaraşıqlı bir xanım, sanki, özünü unudub, zərif ilmələrdən yaranmış, təkrarsız sənət əsərinin sehrinə dalıb.
Rəssamın akvarel, pastel, kömür və karandaşla yaratdığı əsərlərin məziyyətlərindən çox danışmaq olar. Əsası odur ki, boya ilə o, rəssamlıq sənətinin daha dərin qatlarına baş vura bilir. Elnur Rəsulov gəncdir, bu, onun ilk sərgisidir. Qarşıda onu daha böyük yaradıcılıq uğurları gözləyir.

Xalq qazeti.-2007.-5 iyul.-S.7.